• cümə, 29 Mart, 03:31
  • Baku Bakı 7°C

Üzeyir bəyin sonuncu tələbəsi

30.07.13 09:14 2125
Üzeyir bəyin sonuncu tələbəsi
"İndi elə bil daha çox həvəsə gəlmişəm. Son vaxtlar bir neçə mahnı yazmışam. Vərdiş çox böyük işdir. Mən yazmağa vərdiş eləmişəm. Yazmasam, yaşaya bilmərəm". Bu sözlər görkəmli bəstəkar Şəfiqə Axundovanın yaradıcılıq epiqrafı idi. 89 yaşına çatsa da yazmaq, insanların qəlbinə gözəl musiqilər, həzin nəğmələr bəxş etmək həvəsindən heç nə əskilməmişdi. Bəstəkar illərin necə gəlib keçdiyindən xəbərsiz olduğunu, hətta yaşını ona xatırladanda inanmadığını deyirdi. Çünki gənclik eşqi, gənclik həvəsi onu heç vaxt tərk etməmişdi. Yenə də sevgidən, məhəbbətdən yoğrulan mahnıları dil açıb insanlara rahatlıq gətirirdi.
"Özümçün çox az yaşadım, bütün ömrümü sənətə, yaradıcılığa həsr etdim"- deyən sənətkarın həyat və yaradıcılıq yoluna nəzər saldıqda bu sözlərin həqiqiliyinə inanmamaq mümkün deyil.
Bu maraqlı həyat hekayətini isə illər öncə redaksiyamızda qonaq olarkən Şəfiqə xanımın öz dilindən eşitmişəm.
Uşaqlıq illərimin ən şirin anları
O, qədim tarixə malik Şəkinin mərkəzi hissəsi sayılan "Gəncəlilər məhəlləsi"ndə boya-başa çatmışdı. Həmişə doğulduğu şəhərə gələrkən ətrafı əhatələyən dağlara baxaraq gözəlliyi seyr edər, valehedici mənzərədən daha da fərəhlənər, sanki bu əsrarəngiz mənzərə ilə fəxr edərdi.
Bəstəkar uşaqlıq illərini xoş təəssüratla xatırlayırdı: “Hər səhər yuxudan durarkən pəncərənin önünə gələr, dağları seyr edərdim, gözəlliyə valeh olmuşdum, vurulmuşdum o dağlara... Dağlarda sanki musiqi sədaları dolanır, hər bir çiçəyi, ağacı, hətta yarpağı da həzin ahənglə səsləyir, səhərlər və ax-şamlar layla çalaraq bütün Şəkini kövrəkcəsinə oxşayırdı... Sanki evimizin qarşısındakı dağları dola-nan kövrək musiqi pəncərəmizdən evimizə daxil olur, məni dövrəyə alır, əzizləyir, bu gözəlliyə qoşulmağıma çalışırdı... Özümdən ixtiyarsız olaraq zümzümə edərək rəqs etməyimi anam dəfələrlə seyr etmiş, heyrətamiz Şəki təbiəti mənzərələrinin mənə gözəl təsir bağışladığını sezmişdi. Dağın lap yu-xarı hissəsində, zirvədə Pir görünürdü. Pirə gedib-gələnləri seyr etməyi həmişə xoşlayardım.
Küçədə hərəkət edən faytonların səsi də elə bil ki, at ayaqlarının tıqqıltısı ilə bərabər bu gözəlliyi da-ha da artırırdı. Bütün bunlar sanki bir ansambl təşkil edirdi...”
Sonrakı illərdə də Şəfiqə xanım hər il yayda ailə üzvləri ilə birlikdə Şəkiyə - doğma yurda gələr, ora-da istədikləri qədər qalarmış.
"Uşaqlıq illərimin ən şirin anları 50-ci illərlə bağlıdır"- deyə xatırlayırdı: Şəkidə bibimgildə qonaq idik. Saat 15-də Şəki radiosunun dalğalarından həzin bir musiqi sükutu pozdu. Oxuyan Şövkət xanım idi. Mən çox diqqətlə bu gözəl, şirin, həzin mahnını dinləyə-dinləyə pəncərədən dağlar qoynun-da öz gözəlliyi, naz-qəmzəsi ilə məni valeh edən Şəkini heyranlıqla seyr edirdim. Sanki Şəki bu mahnını, musiqini hər gün gözləyir, bu həzin melodiyadan həzz alırdı. Bu mahnını dinlədikcə kövrək bir hissin məni narahat edə-edə böyüdüyünü, belə gözəl musiqinin və sözlərin kim tərəfindən yazıldığı-nı tez bir zamanda öyrənmək arzusunun nə vaxt aydınlaşacağını tələb etdiyini duyurdum”.
Balaca Şəfiqədəki musiqiyə həvəs atası Qulamın heç xoşuna gəlmirdi. O, hər vəchlə uşağı musiqi-dən, incəsənətdən uzaqlaşdırmağa çalışırdı:
- Atama "bolşevik Qulam" deyirdilər. O, 1917-ci ildən 1920-ci ilə qədərki müddət ərzində Şəki qə-zasının birinci katibi vəzifəsində işləmişdi. Atam çox ciddi adam idi, danışıb-gülməyi, zarafat etmə-yi qəti xoşlamazdı. Doğrudur, atamda musiqiyə həvəs var idi, lakin ailə üzvlərimizin musiqi ilə məş-ğul olmasını sevmirdi. Evimizdəki pianinonu atam qıfıl vasitəsilə bağlı saxlayırdı ki, mən musiqi ilə məşğul olmayım. Hətta bir dəfə Konservatoriyaya gizli şəkildə getməyimdən xəbər tutaraq, məni qarlı-çovğunlu havada evə buraxmadı və qonşuda gecələməli oldum. Anam Züleyxa musiqini həd-dindən artıq xoşlayırdı və mən musiqi ilə məşğul olanda olduqca sevinirdi. O özü də qarmonda çox yaxşı çalırdı. Artıq 13 yaşımdan pianoda bir sıra mahnıları yaxşı ifa edirdim. Musiqiyə olan həvəsim getdikcə artırdı, heç kəs buna mane ola bilməzdi. Anamdan soruşduqda “qızın Şəfiqə nə ilə məşğuldur” - o cavab verərdi ki, əlləri ilə çalır, ayaqları ilə də oynayır...
Atam qorxurdu ki, əgər mən musiqiyə, incəsənətə meyl göstərsəm, gələcəkdə dolanışığım pis olar, maddi çətinliyim artar. Bunu dönə-dönə atam bizə - uşaqlara xatırladırdı. Çox qəribədir, illər keçdi, doğrudan da maddi çətinlik ucbatından ailəmin sosial vəziyyəti ağırlaşdı. Anam da mənim gələcək taleyimdən sanki qorxurdu: “ Allah ona pianinoda dınqıldatmağı veripdi ki, çörək qazansın. Mən ana kimi demək istəyirəm ki, Şəfiqə havayı yerə papağı günə yandırır”.
Üzeyir bəyin qayğısı
Şəfiqə Axundovanın ailəsi 1924-cü ildən Bakıya köçür. Balaca Şəfiqə Bakıda əvvəlcə 6 saylı mək-təbdə təhsil alır, sonralar isə 173 saylı orta ümumtəhsil məktəbini bitirir. Musiqiyə həddindən artıq aludə olduğundan, texniki fənlərə onun marağı çox az idi.
1940-cı il idi. Mirzə İbrahimov Mədəniyyət Nazirliyi İncəsənət İşləri İdarəsinin rəisi idi. O, Şəfiqə-nin istedadlı bir qız olması barədə Üzeyir bəyə zəng vuraraq məlumat verir:
- Üzeyir, yanıma qaragöz bir qız gəlib. Özü də musiqi bəstələyir.
- Göndər yanıma.
Bu hadisəni Şəfiqə xanım belə xatırlayırdı:
"Yaxşı yadımdadır, Üzeyir bəyin adını eşidən kimi mən bacım Zümrüdlə birlikdə həmin gün onun yanına getdik. Mən utana-utana pianino arxasına keçərək, ilk dəfə nota köçürdüyüm aşıq Mirzə Bayramovun sözlərinə bəstələdiyim "Bala" mahnısını dahi bəstəkar üçün həm çaldım, həm də oxu-dum. Çox həyəcanlı idim...
Üzeyir bəy sevinc dolu nəzərlərlə dedi:
- Sağ ol, qızım. Doğrudan da səndə istedad qığılcımları var. Elə etməlisən ki, o qığılcımlar sönməsin, alovlansın. Odu, atəşi Azərbaycan qızının işıqlı barmaqlarından süzülən nəğmələri öz hərarətilə gələ-cək nəsillərə çatdırsın. Öz üzərində yorulmadan işləməli, çalışmalısan.
Elə həmin illər Üzeyir Hacıbəyov Konservatoriya nəzdində hazırlıq kursları açmışdı. Musiqiyə aludə olanlar, istedada malik şəxslər bu kurslarda iştirak edə bilərdilər. O vaxtdan etibarən əvvəl tar şöbə-sində, sonra isə Üzeyir bəyin konservatoriyada açdığı hazırlıq kursunda oxumağa başladım. Mən Üzeyir bəyin sinfində kompozisiyanı və Azərbaycan xalq musiqisinin əsaslarını öyrənirdim. Yadım-dadır, müharibə illəri idi. Bir gün dərsdə müəllimim rəngimin solğun olduğunu görüb soruşdu: "Bəl-kə acsan?", "Yox" - deyə utanıb üzümü o yana çevirdim. O, özü üçün gətirdiyi yağ-çörəyi çıxarıb mənə verdi və üstəlik, çay da gətizdirdi.
Müharibə illərində Üzeyir müəllim öz qonorarından mənimlə Ağabacı Rzayevaya maddi yardım göstərirdi. Biz uzun illər Üzeyir müəllimin sayəsində yaxşı təqaüdlə təmin olunduq”.
1943-cü ilin martında gənc Şəfiqə çörək talonunu itirir və bundan xəbər tutan Üzeyir bəy təcili ola-raq Opera və Balet Teatrının direktoruna zəng çalaraq onun bu işə qəbul edilməsini xahiş edir, buna görə də Şəfiqə xanım neçə il teatrda suflyor vəzifəsində çalışır: “Yadımdadır, 1944-cü ildə Zaqafqaziya musiqi ongünlüyünə getməli idik. Bizim geyimimiz müəllimimizi düşündürürdü. Bir gün Ağa-bacı ilə onun kabinetinə getdik. Əynimizi görən kimi göstəriş verdi ki, bizi palto ilə təmin etsinlər. Bundan əlavə, kostyum tikmək üçün də atelyeyə göstəriş verildi və hətta tapşırıldı ki, o kostyumun fasonunu Şövkət Məmmədova seçsin. Elə də oldu. Üzeyir müəllim çox mehriban, səmimi, qayğıkeş, böyük ürəkli bir insan idi. O, olmasaydı mən də bəstəkar olmazdım”.
Müharibə illərində gənc Şəfiqənin ürəyi ancaq əsgərləri qələbəyə ruhlandıran mahnı və marşlar yaz-maq eşqi ilə çırpınırdı. Gənc Şəfiqə də "Röya", "Zəfər marşı", "Nə gözəl", "Yaşatdın elləri", "Lay-lay" və s. mahnıları ilə sanki düşmənə qarşı vuruşa başladı. Bülbül, Şövkət Məmmədova, Zəhra Rə-himova kimi sənətkarlar onun mahnılarının ən gözəl ifaçıları idilər. 1944-cü ildə qəbul edilən "Zəfər marşı" tez-tez efirdə səslənməklə hərbi hissələrdə də mütəmadi olaraq əsgərlər tərəfindən sevilərək ifa edilirdi. Müharibə illərində yaradılan və xalqı qələbəyə ruhlandıran bir çox əsərlər 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə musiqi xadimləri tərəfindən yüksək qiymətləndirilib.
Qaçaq Nəbinin Həcəri kimi
Şəfiqə Axundova opera janrında qələmini sınayan Şərqin ilk qadın bəstəkarı kimi tanınırdı. Xalq yazıçısı Süleyman Rəhimovun "Gəlin qayası" povesti əsasında İ.Coşqunun eyni adlı radio pyesinə musiqi yazan Şəfiqə xanım böyük şöhrət qazandığı həmin günləri belə yada saldı:
- 1962-ci ildə Süleyman Rəhimov povesti radioya təqdim etdi. Sonra da zəng edib arzusunu bildirdi ki, tamaşanın musiqisini mən yazım. Tamaşa hazır oldu. Mən o vaxta qədər çox tamaşalara musiqi yazmışdım. Süleyman Rəhimov bir gün zəng edib evimizə gəldi. Dedi: "Qız, mən belə qərara gəlmişəm ki, sən povestə opera yazasan". Dedim: "Bacarmaram, bu çox ağır işdir. İndiyə qədər heç bir qadın bəstəkar belə iş görməyib". Süleyman müəllim dedi ki, "Həcərə qədər heç bir qadın at belinə minib əri ilə bərabər döyüşə getməyib. Necə oldu? Həcər döyüşə bilmədi? Döyüşdü. Sən də yaza bilərsən. Daha orda nə qalıb? Radio tamaşasında əsas musiqini yazmısan. Ürəkli ol, işə başla".
Doğrudan da radio tamaşasının musiqisi uğurlu alınmışdı. Hətta həmin tamaşaya yazdığım bir mahnı sonralar dillər əzbəri oldu. Mən ürəklə opera üzərində işləməyə başladım. Lakin əzab-əziyyətim çox oldu. Operanı yazarkən düz 7 ay "ev dustağı" oldum. Yazıb qurtarandan sonra çox maneçiliklər tö-rətdilər. Çünki o vaxt muğamat üstündə əsər yazan bəstəkarları tənqid atəşinə tuturdular.
Operamın premyerasından sonra Süleyman Rəhimov "Sən Qaçaq Nəbinin Həcəri kimi atı minib bü-tün bədxahları qılıncladın" deyib, əlimi sıxdı”.
Ş.Axundovanı daha çox sevdirən onun ürəklərə süzülən mahnıları idi. “Bəlkə də saçlarımın sayı qə-dər mahnı yazmışam” deyirdi bəstəkar. Elə bir Azərbaycan müğənnisi yoxdur ki, Şəfiqə Axundova yaradıcılığına müraciət etməsin, onun mahnılarını oxumasın. Bəstəkarın “Nədən oldu” mahnısı ən məşhur türk müğənnilərinin də dilinin əzbəri idi. Mahnı yaradıcılığından söz düşəndə Şəfiqə xanım deyirdi: "Mənim üçün mahnı el-obadan qalan xatirələrdir, əsl insaniliyi yaşadandır. Mahnı hamının zövqünü oxşamalıdır. Əgər mahnı insani ləyaqətlərin xeyrinə olan ruhda bəstələnmirsə, belə bir nəğməni yaratmağın nə mənası var? Zəhmətimin bəhrəsinin, ürəklərə yol tapmasının şahidi olanda isə quş kimi qanadlanıb uçmaq istəyirəm”.
Şəfiqə xanım sevərək yazdığı və Flora Kərimovanın ustalıqla ifa etdiyi “Həyat, sən nə şirinsən” mahnısından danışmağı daha çox xoşlayırdı: “Eynilə yenə deyirəm, həyat, sən nə şirinsən! Ona görə ki, yaşa dolmuşam. Kim bilir nə olacaq? Adam bu gün var, sabah yox. Ona görə də deyirəm: “Həyat, sən nə şirinsən”.
Şəfiqə Axundova şirinliyinə vurulduğu bu dünyada da qəlbini qoyub getdi... Lap mahnısında dediyi kimi...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər