• şənbə, 20 Aprel, 07:54
  • Baku Bakı 14°C

Zərurətdən doğan addım

31.07.18 12:38 1285
Zərurətdən doğan addım
Tarif Şurasının 30 iyul tarixində keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik müəyyən edilib. Bununla yanaşı, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda nəqliyyat xidmətlərinə görə qiymətlər 10 ilə yaxın müddətdə dəyişdirilməmiş qalıb. Hətta ümumdünya iqtisadi böhranı baş verən zamanlarda və ondan sonrakı illərdə bir çox ölkələrdə kəskin bahalaşma baş versə də, bu bahalaşma sərnişindaşımaya təsir etsə də, Azərbaycanda metro və avtobuslarda gediş haqqı artırılmayıb.

Bir qədər konkretləşdirsək, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib. Halbuki, bu müddət ərzində nəqliyyat infrastrukturu yenidən qurulub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb. İqtisadiyyatda rentabellik anlayışından xəbərdar olan hər kəsə yaxşı məlumdur ki, azad iqtisadiyyatda, sahibkarlıq fəaliyyətində gəlirlər çəkilən xərcləri artıqlaması ilə ödəməlidir. Yalnız belə şəraitdə sahibkar daha keyfiyyətli məhsul istehsal etməyə, daha keyfiyyətli xidmət göstərməyə maraqlı olar. Gəlirlər xərcləri ödəmədiyi halda isə yaradılan və qurulanlar qısa zamanda sıradan çıxar, keyfiyyət deyil, kəmiyyət amili özünü göstərər. Loru dildə desək, hər hansı marşrut xəttini işlədən sahibkar göstərdiyi xidmət müqabilində qanuni qazanc əldə etməsə, onun öz işini inkişaf etdirməsinə heç bir marağı olmaz.

Bu maraq olmayanda 90-cı illərdə olduğu kimi sınıq-salxaq avtobuslar sərnişindaşımada istifadə ediləcək. Çünki sahibkar gəlir əldə etmədiyindən daha keyfiyyətli xidmət göstərməyə, yeni, müasir avtobuslar alaraq marşrut xəttinə daxil etməyə maraq göstərməyəcək. Onsuz da gəlirlər dolanışığı güclə ödəyir prinsipi əsas tutulacaq, Nuh əyyamından qalma və ya yenilənsə də zaman keçdikcə tökülüb-itən, servis xidməti görməyən nəqliyyat vasitələrində sərnişin daşınması davam etdiriləcək.
Yəni, vətəndaşın rahat, müasir avtobuslarda mənzil başına çatdırılması, ona keyfiyyətli xidmət göstərilməsi üçün zaman-zaman daşıma xərclərinə də nəzər salınması zəruridir. Məhz bu zərurətdən irəli gələrək, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə "BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciətlər olunub. Qaldırılan məsələlər Tarif (qiymət) Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq Şuranın iclasının gündəliyinə daxil edilib.

Bundan başqa, hər bir marşrut xəttində sahibkar da daxil olmaqla, onlarla sürücü, texniki heyət çalışır. Hər bir marşrut xəttində minimum 20 nəfərin daimi işlə təmin olunduğunu nəzərə alsaq, bu, 20 ailənin, ən azı 60-70 nəfərin dolanışığı deməkdir. Sərnişin daşıma xərcləri aşağı olanda sahibkarın əldə etdiyi gəlir istifadə olunan yanacağın və zəruri ehtiyat hissələrinin pulunu ancaq ödəyir, avtobuslar yenilənmir, işçilərin maaşlarında gecikmələr və sair problemlər özünü göstərir. Sərnişindaşıma sahəsində meydana çıxan belə problemləri həll etmək üçün dövlət məcbur olur ki, hər il büdcədən əlavə pullar xərcləsin, dotasiya hesabına bu məsələni həll etsin. Dövlət büdcəsinin bu kimi qayğılarla yüklənməsi hər il üçün nəzərdə tutulan, ölkə vətəndaşlarının sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək layihələrin reallaşdırılmasını gecikdirə bilər. Ən əsası, büdcənin yükünün zamanla artması dövlətin öz sosial öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməsini çətinləşdirə, maaş və pensiyaları gecikdirə bilər.

Bu məntiqi anlamaq üçün professor, yaxud güclü iqtisadçı olmağa ehtiyac yoxdur. Baş verənləri anlamaq üçün bəzi klaviatura "qəhrəmanlarının” analitik düşüncəyə əsaslanmayan, çayxana səviyyəsindəki iddialarını bir kənara qoyub həyata real gözlə baxmaq kifayət edər. Bu yerdə onu da xatırlatmaq yerinə düşər ki, yeni tarif dəyişiklərindən sonra belə, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı səviyyədədir. Misal üçün, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.

Azərbaycanda isə indiyə qədər ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclər dəfələrlə artsa da, avtobus parkları yenilənsə də, nəqliyyat vasitələrinin istismara saz vəziyyətdə saxlanılması üçün ehtiyat hissələri və yeni avtobuslar xarici valyuta ilə alınıb ölkəyə gətirilsə də dövlət yalnız dünən sərnişin daşımasında qiymətlərə yenidən baxıb, 5-10 qəpik arası qiymət artımı edib. Əminliklə deyə bilərik ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tarif dəyişikliyi nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsi, onun maliyyə təminatının yaxşılaşdırılması, ən nəhayət, ölkə vətəndaşlarına keyfiyyətli xidmət göstərilməsi üçün atılan addımdır. Bu addımla xidmət səviyyəsi davamlı olaraq yüksəldiləcək, nağdsız ödəniş sisteminin tətbiqi daha da genişləndiriləcək, sərnişindaşımada dövlət büdcəsindən asılılığı azaldacaq.

Alpər TURAN



banner

Oxşar Xəbərlər