• çərşənbə axşamı, 16 aprel, 22:57
  • Baku Bakı 18°C

Zərif ola bilərik, ancaq zəif deyilik - Fotolar

23.05.18 09:30 1934
Zərif ola bilərik, ancaq zəif deyilik - Fotolar
Qadın anadır, qadın incədir, qadın kövrəkdir, qadın zərifdir, ancaq zəif deyil. Azərbaycan xanımlarının şücaətini, mərdliyini, qatlaşdığı çətinlikləri görəndə, buna bir daha əmin oluram.

Ötən gün sosial şəbəkədə "Milliart dizayn” adlı bir məkanda iki xanımın kişi işi gördüyünü, evlərin, obyektlərin təmiri ilə məşğul olduğunu öyrəndim. Şüarları müasir milli dəyərləri özündə əks etdirmək olan xanımlar yaşlarının az olmasına baxmayaraq, yeri gələndə usta, yeri gələndə dizayner kimi evləri sıfırdan götürüb, onu təmir edir və ən son standartlara uyğun şəkildə dizayn edirlər.

Onlarla tanış olmaq qərarına gəldik. "Milliart dizayn” şirkətinin ofisinə daxil olduqda, onların xanımlardan ibarət bir komanda olduğunu gördük. Əsas işi isə Sevinc Sultan və Arzu Rzazadə görür. Onlarla söhbətdə çalışdıqları peşənin çətinliklərindən danışdıq. Sevinc Sultan dizayn proqramlarını yaxşı mənimsədiyini və bu sahədə özünə rəqib görmədiyini deyir:
- Çoxdandır ki, tikinti sahəsində çalışırıq. Arzu ilə birlikdə şirkətin yaranmasında böyük rolumuz var. İkimiz bir nöqtəyə vururuq. Mən başqa bir şirkətdə 4 il icraçı direktor olaraq fəaliyyət göstərmişəm. Müştəri ilə danışmaq, onun zövqünü oxşamaq kimi bacarığa sahibəm. Bunu işimin bir parçası hesab edirəm. 4 il böyük bir şirkətdə dizayn məsələlərinə cavabdeh idim. Yaranan gərginlik, işlərin çoxluğundan sıxıldığımı hiss etdim və özümə yeni bir səhifə açmaq qərarına gəldim. Düşünürdüm ki, həyatımda yeni nələrsə olmalıdır. Arzu ilə birlikdə "Milliart”ı yaratdıq.
- Bəs ali təhsil?
- Rəssamlıq Akademiyasının Memarlıq-dizayner ixtisasını bitirmişəm. Hazırda aspiranturada təhsil alıram. Açığını desəm, bakalavriatda oxuyarkən əvvəlcə modelyer-dizayner olmaq istəyirdim. İkinci kursdan hiss etdim ki, bu, mən deyiləm. Xarakterimdə bir az kişilik, sərtlik var. İstiqamətimi dəyişdim. Dizayner kurslarına getdim və oradakı müasir proqramları mənimsədim. Qollarımı çırmalayıb işə girişdim. Passiv oturmaq, kresloda əyləşib rahat işdə çalışmaq mənlik deyil. Yaradıcı işləri çox sevirəm və istəyimin arxasınca getdim. Çox şükür ki, atdığım hər addımda arzuma, istəyimə bir pillə yaxınlaşıram. Belə ki, bu gün Arzu ilə bizim əl işlərimiz Azərbaycanda seçilir, tanınır. Hazırda tikintidə xanımların azlıq təşkil etdiyini, hətta olmadığını görürük. İnsanlar elə düşünürlər ki, xanımlar saat 9-dan 6-ya kimi kompyuter arxasında oturub işləməli və işi bitdikdən sonra evinə getməlidir. Ya da xanımlar ancaq yüngül işləri görə bilərlər. Lakin zərif məxluqların nələrə qadir olduqlarını qəbul etməkdə bir az çətinlik çəkirlər. Biz onların yanıldıqlarını göstərdik. Heç bir xanım qum, sement, tikinti materialları ilə işləməz. Xanımlarımız bir az titizdir, toz-torpağa girmək istəmirlər. Biz isə o toz-torpaqla nəfəs alırıq. Təmir işlərinin hamısının məsuliyyəti bizim üzərimizdədir.Biz daha çox evlərdə, ofislərdə, şirkətlərdə, villalarda əl işləri, sənət əsərləri yaradırıq. Bunu yalnız sənətdən, əl işlərimizdən anlayışı olan müştərilər üçün edirik. Divarda rəsm əsərləri, barelyeflər yaradırıq. Bizdən başqa, Bakıda bunu edən ikinci bir dizayner yoxdur.
- Ancaq kənardan baxanda siz incə, baxımlı xanımlarsınız. Sizi tikinti işində təsəvvür etmək bizə bir az çətindir.
- Onu hamı elə deyir (gülürük). Bu, kənardan elə görünür. Ancaq heç kim necə çalışdığımızı görmür. Yeri gələndə sement daşıyırıq, kafel, divar kağızı vururuq. Artıq öyrənmişik. Biz xanım-xatın geyimdə çalışmağa da öyrəşmişik. Məsələn, mən bu dırnaqlarla heykəl düzəldirəm. Bunun texnikasını bildiyimiz üçün rahatdır. Tikintidə xanım olmalıdır. Briqadir anlayışını bir az dəyişmək istəyirik. Ev geyimdən daha üstündür. Sən gününün çoxunu burada keçirirsən deyə, burada rahatlıq tapmalısan. Hər hansı bir sifariş qəbul edəndə 5 yaşlı uşaqdan soruşuruq ki, böyüyəndə nə olmaq istəyirsən? Dizayner elə bir şeydir ki, o sənin daxili dünyandır.
Söhbəti Arzu Rzazadə davam etdirir:
- Memarlığa dair bütün proqramları, qayda-qanunları bilirik. Materiallar, onların tərkibi, hansı materialdan necə istifadə olunmasından xəbərdarıq. Biz bunların hamısını biliriksə, başqa adama niyə ehtiyac olsun ki? Universitetin tələbələrini götürüb onları yenidən öyrədirik. Onların beyni ağ kağız kimidir, hər şeyi özümüz öyrədirik. Onlara istədiyimiz kimi yön veririk.
- Xanım olduğunuzu görüb, sizə kələk gəlmək istəyənlər olubmu?
- Biz gedib ustalara nəyisə göstərəndə, deyirlər ki, nə çox bilirsiniz? Heç bir usta, satıcı bizi aldada bilməz. Çünki işin texnikasından xəbərdarıq, naşı deyilik. Yeri gələndə evin alçipanına qədər özümüz qalxıb vururuq. Elə anlar olub ki, neçə ilin ustalarına işi öyrətmişik (gülürük). Xanım olduğumuza görə kələk gəlmək istəyənlər istəklərinə nail ola bilməyiblər. Bəzən olub ki, dizayn edəcəyimiz obyektə dikdaban ayaqqabı ilə getmişik və o qədər toz-torpağın içində dikdabanla çalışmışıq.
- Dikdaban və bu uzun dırnaqlarla işləmək çətin deyil ki?
- Artıq öyrəşmişik. Çünki bu bizdə vərdiş halını alıb. Bir də işin texnikasını biləndən sonra heç də çətin olmur. Gələn ay "Milliart”ın iki yaşı tamam olacaq. Biz buranı açanda qarşımıza məqsəd qoymuşduq ki, Azərbaycan qadınının hər şeyə qadir olduğunu göstərəcəyik. Zərif ola bilərik, ancaq zəif deyilik. Göstərməyə çalışdıq ki, bu, kişi sənətdir deyib qadınları uzaqlaşdırmaq lazım deyil. İşləmək ayıb deyil. Biz hər cür çətinliyə qatlaşaraq, ən çətin işlərin belə öhdəsindən gəlirik. Gecə-gündüz çalışaraq alın tərimizlə pulumuzu qazanırıq. Hərdən deyirlər ki, ikiniz də xanım-xatın, gözəl qızlarsınız, tikintidə nə işiniz var? Hər ikimiz də hörmətli ailənin qızlarıyıq. İşimizi götürüb təhvil verdikdən sonra biz onları sosial şəbəkələrdə paylaşırıq. Şərhlərdə yazırlar ki, halal olsun sizi yetişdirən valideynlərə. Bu bizim üçün hər şeydən üstündür.
- İki ildə nələr əldə etmisiniz?
- İki ildə bir çox şeylərə nail olmuşuq. Ətrafımıza kifayət qədər müştəri cəlb etmişik. Özümüzü reklam etdirməmişik. Ay ərzində ən azından 3-4 layihə təhvil veririk. Müştərinin təbiətini seçirik. İdeyalarımız çoxdur. Biz rəssamıq. İşdən qorxmuruq. Başqa işlərin dəst-xəttinə baxan kimi onun kimə məxsus olduğunu bilirik. Hətta bizim ideyalarımızı oğurlayanları da görmüşük. Ancaq nə qədər oğurlasalar da, o xırdalıqları edə bilmirlər. Ona görə işlərimizi çox paylaşmırıq.
Hamımızın evində təmir olub. Biz sıfırdan götürüb, hər şeyi hazır edib təhvil veririk. İlk olaraq gedib ölçüləri götürür, onun kəsimlərini edirik. Görüntüsünü çəkib sonra nələr edəcəyimizi ev yiyəsinə söyləyirik. Reklamsız öz çevrəmiz var. Müştəriyə pul gözü ilə baxmırıq, onların zövqünü oxşamağa çalışırıq. Qiymətləri də elə qoymuşuq ki, hər insanın cibinə uyğundur. Xaricilər üçünsə bir qədər bahalı işləyirik.
- Əl işlərinizə nəzər yetirdikdə, onlara bir xanım əli dəydiyi hiss edilir? Dizaynlar sizə, yoxsa müştərilərə məxsusdur?
- Gördüyümüz obyektləri öz zövqümüzlə dizayn edirik. Təmir elə bir şeydir ki, onu hər il etmək mümkün olmur. Bir dəfə edirsiniz, bu nə üçün zövqlü olmasın? Bəzən görürük ki, evləri çox baha qiymətə təmir ediblər, divara çəkilən "oboy”lara, görülən işlərə baxırıq, zövq almaq mümkün olmur. Bahalı olmaq o demək deyil ki, zövqlüdür. Adi ucuz elə bir material alırıq ki, ondan çox gözəl bir sənət əsəri düzəldirik. İsraf nəyə lazımdır? Material nə qədər bahalı olursa-olsun, əl işi hər şeydən daha gözəldir.
- Nə üçün adını "Milliart” qoydunuz?
-Müasir milli dəyərlər anlamında işimizə millilik qatmışıq. Biz milli brend olaraq tanınmaq istəyirik. Hər nə qədər müasir, klassik, avanqard üslublarda çalışsaq da, onlara xırda da olsa milli atributlar əlavə edirik. Yaxud da müştəri xarici bir brendi öz otağında görmək istəyirsə, ona istədiyini hazırlayırıq, ancaq milliləşdirərək. Həm onun istədiyi olur, həm də bizim... İncəsənəti interyerə gətirmək istəyirik.
- Bəzən görürük ki, adi ustalar belə özlərini dizayner kimi qələmə verir.
- Zövqü olan hər kəs özünü dizayner saya bilər. Ancaq elə şeylər var ki, onlar dizaynerin işlədiyi o incəliyi görə bilmir. Dizayn sahəsində özümüzə əminik və bizim əl işimiz də seçilir. Seçdiyimiz rənglərdə də fərqliliyə üstünlük veririk. Biz daha çox yaradıcılığı divarlara, evlərə köçürürük. Sosial şəbəkədə gündəlik paylaşımlarımızı edirik. Amma ciddilik qorunması üçün onun hamısını paylaşa bilmirik.
- Ev sahibləri sizhin paylaşımınızdan narahat olduqlarını bildirirlərmi?
- Əsla. Əksinə, hətta yeni paylaşımlar edəndə köhnə müştərilər zəng edirlər. Əl işlərimizə qiymət verirlər. Bizim işimiz ünsiyyətdən yaranır. Müştərilərimizin güvənini qazanmaq hər şeydən önəmlidir. Müştəri müştəri gətirir. Artıq adımız çıxıb. İki xanım – bir sarı, biri qara - tikintidə meydan oxuyurlar. Bu da ajiotaj yaradır.
- Əvvəllər evlərin divarlarından xalçalar asılırdı.
- İndi o xalçalar dəbə gəlir. Rayonlarda ikitaylı qapılar 4 ildən sonra dəbdə olacaq. Təktaylı qapılardan istifadə edilməyəcək. İndi bağların çoxunda yerə tamet, kafel döşəyirlər. Amma sən bağa gedəndə ayağın quma dəymədisə, o nə bağdır? Bəzən də dəbdəbəli 4-5 mərtəbəli villalar tikdirirlər, heç kim də yaşamır. İnsan hər şeyi öz rahatlığı üçün etməlidir. Xalçaların da öz gözəlliyi var. Kilimlərə elə gözəl dekorlar veririk ki, hər kəs istər-istəməz baxır. İndi foto "oboy”lar, 3d "oboy”lar dəbdədir.
Xəyalə Rəis





banner

Oxşar Xəbərlər