• cümə axşamı, 28 mart, 17:24
  • Baku Bakı 16°C

Zərif bir eşq şeiri

29.01.18 13:30 5792
Zərif bir eşq şeiri
Əslində, şair ilə aşiq eynimənalıdır. Təsadüfi deyil ki, Şərq ədəbiyyatında şairlər ağlı göylərdə, tilsimlənmiş adlandırıblar. Məhz buna görə də böyük şairlərin hər zaman üçün bəlakeş sevgi həyatları olub. Çox az istisna var ki, evlənmiş, ailə həyatları ömürlərinin sonlarına qədər davam etmişdir. Cahid Zərifoğlu da bu istisnalardan biridir: Berat xanımı sevib, onunla evlənən bir istisna....
Berat xanım Cahid Zərifoğlu ilə evliliyini və həyat yoldaşının ona yazdığı yeganə şeirin hekayəsini OT-a danışdı.
Mən Van müftisinin qızıyam. Bizim ev mədrəsəyə bənzəyirdi: onlarla tələbə var idi və qonaqsız bir günümüz keçməzdi. Rasim Özdənörən də gəlib-gedənlər arasındaydı. Xanımıyla birgə Cahit bəyə həyat yoldaşı axtaran zaman məni görüb bəyənmişdilər. Beləcə Cahit bəylə tanış olduq və ailə qurduq.
Atam Cahit bəyi Nəcib Fazil Qısakürəkdən soruşmuşdu. Ustad da "ona nikah şahidi olacaq qədər kəfiləm” söyləmişdi.
Mənə demişdilər ki, TRT-də işləyir və bir neçə kitab yazıb. Kitablarından birini alıb nə yazdığına baxmaq istəyirdim, amma Vanda tapa bilmədim. Sonra bir qohumuzun kitabxanasında sevənlərinin təkrar-təkrar oxuduğu "Yaşamaq” adlı kitabına rast gəldim. O zamanlar gənc bir qız idim, təbii ki, şeirlərini anlamamışdım. İllər sonra bunu Cahid bəyə danışanda çox gülmüşdü.
Cahid bəy ağıllı, mədəni, amma bir o qədər də fikirli biri idi. Məncə, tək mənfi cəhəti az danışmasıydı. Savadına, mədəni səviyyəsinə rəğmən elə davranardı ki, heç vaxt yanında özümü ondan zəif hiss etməzdim. Mənə "Berat xanım” deyə xitab edərdi. Mən də ona "Əfəndim” ya da "Əfəndicim” deyərdim. Ona "əfəndicim” deməyim çox xoşuna gələrdi. Kaş indi də deyə bilsəm...
Bir dəfə "Qadın-ailə” jurnalında bir anketi cavablandırmışdım. "Həyat yoldaşınızın xoşladığı yeməkləri bişirirsiniz?” , "Evdən ondan icazə alaraq çıxırsınız?” suallarına "bəli” cavabını işarələmişdim. Sonda da "çox yaxşı həyat yoldaşısınız” nəticəsi çıxmışdı. Cahid bəyə yemək hazırlayanda təsadüfən anketi görmüş "bir neçə suala yanlış cavab vermisən. Məsələn, evdən heç vaxt məndən icazə alıb çıxmazsan. Onsuz da buna ehtiyac yoxdur, sən nə edəcəyini bilirsən. Yeməklə bağlı cavab da yanlışdır. Mən qarşıma qoyulan hər yeməyi yeyirəm. Sən nə bişirsən, onu xoşlayıram. Bu cavabları dəyişdirirəm”. Cahid bəy cavabları dəyişdirəndən sonra "yaxşı həyat yoldaşı olmağa çalışın” nəticəsi çıxdı. Bu hadisəyə çox gülmüşdük.
Cahid bəy evdə yazardı. Yazı makinası həmişə bir kənarda olardı. "Masamı səliqəyə salma, gələndə nəyin harada olduğunu bilim” deyərdi. Uşaqlar balaca olduğundan kağızları cırıb atırdılar deyə üzərində işlədiyi bir şeir, ya da yazı bitəndən sonra son variantını başqa vərəqə köçürüb ağzıbağlı çəkməcəsinə qoyardı. Yazanda uşaq səsindən narahat olmaz, onlarla oynayar, sonra yenə masasına qayıdardı. Gecələri də yazır və mənə "qonşulardan soruş, gör, makinanın səsindən narahat olan varmı? Varsa, gecələr işləməyim” deyərdi.
Uşaqlara qarşı çox həssas idi. Onlara nağıllar danışır, "mənim ən gözəl dinləyicilərim uşaqlardır” deyirdi. Yazarkən uşaqlardan "bu hekayənin sonu necə bitsin?” soruşardı.
Çox təvazökardı. Geyiminə, səliqə-sahmanına önəm verər, amma brend məsələsini düşünməzdi. Uzun müddət eyni paltarı geyinə bilərdi. Ərdəm Bəyazid ən yaxın dostu idi. Rasim Özdənörən, M.Ruhi Şirinlə və digər dostları ilə də arası yaxşı idi.
Bir gün ona "Məndən savayı hamıya şeir yazmısan....” dedim. Bir az dayandı. "kağız, qələm gətir mənə” dedi. "yox” dedim, "ilham gələndə yaz, belə istəmirəm”. "Mən şairəm, yazaram. Gətir sən” cavabını verdi. "Berata” adlı bir şeir yazdı. Oxuyub "başından elədin məni” deyəndə "yox, çox gözəl şeir oldu” cavabını verdi. Daha sonra şeiri R.Özdenörenə verdim. "Cahit bəy mənə şeir yazıb, şeirdirmi bu?” sualıma "əməlli-başlı şeirdir ki” cavabını vermişdi.
Söhbətləşən: Ferzande Kaya
Türkiyə türkcəsindən uyğunlaşdıran: Aytac Quliyeva
banner

Oxşar Xəbərlər