Zərərli vərdişlər beyin xəstəliyidir… - Araşdırma
Çox vaxt normal zənn etdiyimiz və fərqində
olmadığımız vərdişlər həyatımızda əsaslı dəyişikliklər yarada bilir. İlk günlər
həzz verən vərdişlər bir müddətdən sonra bizi incitməyə başlayır. Psixoloqlar
hesab edir ki, heç bir vərdiş doğulmur. Yaşadığımız müddətdə meydana gəlir və həyatımızı
ələ alır.
Bəs istəmədən qazandığımız zərərli vərdişlərdən
xilas ola bilərikmi?
"Vərdişini
tanı, qəbul et və onunla mübarizə apar”
Türk psixoloq
Sərhat Yabancıya görə,
vərdişdən qurtulmağın ilk yolu onun zərərli olduğunu qəbul etməkdir: "Çox vaxt
hansısa vərdişə meyilli olan insanlar onu problem kimi qəbul etmir və inkar
edirlər. Məsələn, "İstədiyim vaxt bundan imtina edə bilərəm”, "Mən bu vərdişdən
əyləncə üçün istifadə edirəm” kimi düşüncələrlə özlərini aldadırlar. O sizə, elə
gəlir ki, istədiyiniz vaxt illərdir etdiyiniz vərdişi ata bilərsiniz. Axı, o
illərdir sizinlədir və bunu rahatlıqla tərk edə bilməzsiniz. Bu səbəbdən problem
olduğunu qəbul edib, həll yollarını düşünməlisiniz. Vərdişini tanı, qəbul et və
onunla mübarizə apar”.
"Zərərli vərdişlər
bizə həzz verir”
Psixoloq
Orxan Oruc bizimlə
söhbətində bildirdi ki, zərərli vərdişlər orqanizmə mənfi təsir etsə də, beyinə
yanlış həzz siqnalları ötürməklə insanın özünü yaxşı hiss etməsinə səbəb olur:
"Əslində bizə həzz verən vərdişlərimiz çoxdur, amma bunların bir qismi zərərlidir.
Amerika Tibb dərnəyinin açıqlamasında zərərli vərdişlər beyin xəstəliyi kimi
qiymətləndirilir. Çox təəssüf ki, hər bir insanın zərərli vərdişinin olması
ehtimalı həmişə var. Çünki insan beyninin həzz nöqtələrini aldatmaq mümkündür.
Zərərli vərdişlərin yaranması da insanın əli çatan imkanlar daxilində olur. Məsələn,
ailədə siqaret çəkən varsa, uşaq bir iki dəfə cəhd edib gizlicə istifadə edir.
Bir müddət sonra bu, zərərli vərdişə çevrilir. Digər vərdişlər də təxminən eyni
qaydada, ilk dəfə alınan həzzin axtarışında olmaqla başlayır və davam edir. Bəzi
zərərli vərdişlər isə hər hansı kənar vasitəylə deyil, insanın bioloji
imkanları daxilində formalaşır. Məsələn, dırnaqyemə, barmaq sümüklərinin səs
çıxaracaq şəkildə hərəkət etdirilməsi və s”.
"Vərdişinizin
sizə vurduğu maddi zərəri hesablayın”
Psixoloq hesab edir ki, bu vərdişlərə başlamaq nə qədər
asandırsa, ondan qurtulmaq da bir o qədər çətindir: "Bu, tamamilə psixoloji
prosesdir. Zərərli vərdişdən xilas üçün öncə
bu vərdişin necə, nə zaman, hansı vəziyyətdə yarandığını insan şəxsən
özü və ya mütəxəssisin köməkliyi ilə analiz etməlidir. Məsələn, insan hansı vəziyyətlərdə
daha çox spirtli içki içmək ehtiyacı hiss etdiyini anlayarsa, bu, qismən də
olsa zərərli vərdişlə mübarizə aparmağa köməklik edir. Daha sonra zərərli vərdişlə
bağlı siyahı tutmaq olar. Məsələn, gündə neçə dəfə siqaret çəkdiyini, hansı
saatlarda, istəyin yaranma səbəblərini qeyd etməklə, bu zərərli vərdişin tərgidilməsinə
köməklik etmək olar. Həmçinin zərərli vərdişin günlük, aylıq və ya illik nə qədər
maddi zərəri olduğunu da qeydlər vasitəsilə hesablamaq olar. Bu kiçik görünən rəqəmlərin
yaratdığı böyük rəqəmlər ətrafında insanın zərərli vərdişini tərgitməsi üçün əlavə
iradi təsirin yaranmasına köməklik edə bilər. Məsələn, gündə siqaret üçün 5
manat pul xərcləyən adam, bir ayda 150 manat, bir ildə 1800 manat pul xərcləmiş
olur. 1800 manatla başqa nələr etmək olar sualına cavab tapıb, bunu zərərli vərdişdən
qurtulmaq üçün motivasiya kimi istifadə etmək olar. Məsələn, 1800 manata hər
hansı bir ölkəyə 1 həftəlik səyahət mümkündür. Bu kiçik motivasiya uzun müddət
formalaşmış zərərli vərdişdən xilas üçün yaxşı vasitədir”.
Psixoloq deyir ki, zərərli vərdişi birdən tərgitmək
də doğru deyil. Onun sözlərinə görə, bunu hissə-hissə və ya başqa bir zərərsiz
vasitəylə əvəz etmək daha doğrudur: "Məsələn, gündə bir qutu siqaret çəkən adam
hər gün bir siqaret azaltmaqla zərərli vərdişdən daha asan qurtula bilər. Beynin
həzz mərkəzini birdən bundan mərhum etmək başqa psixoloji problemlər və ya zərərli
vərdişlərlə nəticələnər. Həmçinin, bir neçə zərərli vərdişə malik adamın qəfildən
bütün vərdişlərindən azad olması da doğru deyil. Çox yaxşı olar ki, zərərli vərdişlərin
təngidilməsi üçün ardıcıllıqla az zərər verəndən çox zərər verənə doğru
gedilsin. Bundan əlavə, zərərli vərdişlərdən uzaqlaşmaq üçün şərait imkanlarını
dəyişdirmək də məsləhətdir. Məsələn, hər axşam dostlarla görüş zamanı içki qəbul
edilirsə, bu görüşlərin vaxtını və məkanını dəyişməklə zərərli vərdişin icrası
üçün yaranmış şəraitə mane ola bilərsiniz. Ümumiyyətlə, zərərli vərdişdən xilas
üçün, insan əvvəlcə bunu istəməlidir və istəməsi üçün bir neçə konkret səbəbi olmalıdır”.
"Zərərli vərdişlərdən
qurtulmağın ən gözəl yolu idmandır”
Məşqçi Elnur
Rzayev isə deyir
ki, zərərli vərdişlərdən xilas olmağın ən gözəl yolu idmandır. Müsahibimizin
sözlərinə görə, idman xüsusilə gənclərdə məsuliyyət duyğusunu artırır,
hissləri idarə edə bilmə qabiliyyətini gücləndirir və çevikliyi təmin edir:
"İdman etmək diqqət dağınıqlığını aradan qaldırır. İdmanla məşğul olan uşaqlar
enerjilərini idmanda sərf etdikləri və yorulduqları üçün başqa alışqanlıqlara
vaxtı qalmır. İdmanla məşğul olmaq sağlamlıqdır. Belə insanlar içkidən də,
siqaretdən də uzaq olurlar”.
15 ildir
idmanla məşğul olan Nicat İbrahimxəlilov da hesab edir ki, idmanın hər bir insanın həyatında
olması vacibdir: "İlk növbədə sənin sağlamlığın idman etməyənlərlə müqayisədə
qat-qat yaxşı vəziyyətə olur. İkinci növbədə, gücün yerində olur. Üçüncüsü,
görünüş, dördüncüsü isə həyatın rejimə düşür. İdman edən insan düzgün
qidalanır. Vaxtında yeyir və vaxtında yatır. İdman insanın həyatını qaydaya
salır. Hər kəs idmandan faydalansa, bunun xeyrini görüb əl çəkməyəcək. Sağlam cəmiyyət
üçün sağlam gənclik lazımdır. İdman edən zaman, həqiqətən, zərərli vərdişlərə
yiyələnməyə vaxt qalmır”.
Aygün ƏZİZ