• çərşənbə axşamı, 19 mart, 06:48
  • Baku Bakı 8°C

Zərərli bilinirdilər, amma…

11.08.18 09:30 2395
Zərərli bilinirdilər, amma…
Uzun illər bəzi kənd təsərrüfatı məhsullarından çox istifadə etməyin zərərli olduğu, xüsusi ilə də bu qidaların sağlam insanlarda ürək-damar tıxanmalarına yol açdığı söylənilirdi. Bir çox həkimlər illər boyu bu qidalardan mümkün qədər az istifadə edilməsini məsləhət görürdülər. Ancaq maraqlı olan da o idi ki, az yeyilməsi məsləhət görülən bu qidalar - yumurta, kərə yağı, süd və süd məhsulları əslində, gündəlik həyatımızda çox istifadə elədiyimiz qidalardır. Bu qidaların ürək-damar xəstəliklərinə səbəb ola bilməsi onların tərkibindəki yüksək miqdarda doymuş yağ turşuları və xolesterinlə əlaqələndirilirdi. Ancaq bu iddialar səsləndirilərkən heç bir elmi araşdırma əsas gətirilmirdi. Son illərdə aparılan araşdırmalar həmin iddiaların doğru olmadığını göstərdi. Belə ki, süd və süddən hazırlanmış qidalar (qatıq, pendir, kefir, kəsmik və s.) zülallar, vitaminlər, kalsium, kalium kimi mineral maddələrlə olduqca zəngin qidalardır. Süd və süd məhsullarından çox istifadə etmək yoğun və düz bağırsaq xərçənginə tutulma riskini önəmli dərəcədə azaldır. Süddə ürək-damar sistemi üçün zərərli hesab edilən doymuş yağ turşularının çox olmasına baxmayaraq, araşdırmalar nəticəsində təzə və təbii (yəni istifadə müddətini uzatmaq məqsədi ilə hər hansı bir kimyəvi maddələrin əlavə edilmədiyi) süd içməyin, sağlam insanlarda həm ürək damar xəstəlikləri, həm də beyin-damar tıxanması riskini azaltdığını müəyyən edilib.
Eyni zamanda, süd və süd məhsulları ilə bağlı irəli sürülən iddialar yumurta üçün də söylənilirdi. Xolesterinin ən çox olduğu qida yumurtadır. Bir yumurta sarısında təqribən 200-270 milliqram xolesterin var. Yumurtanın içində karbohidrat, yəni şəkər çox azdır. Yeyildiyi zaman az kalori alınır və uzun müddət insanı tox saxlayır. Yumurtada ayrıca bol miqdarda protein, A, D, E və B vitaminləri, folat turşusu, dəmir, sink və yod kimi minerallar mövcuddur. Yumurta böyümə və inkişaf mərhələsindəki uşaqlar, hamilə və uşaq əmizdirən qadınlar üçün çox önəmli qidadır. Yumurta yeməyin, həm ürək-damar, həm də beyin-damar tıxanmasına (insult) səbəb olduğu uzun illər boyunca müzakirə mövzusu olub. Ancaq bütün araşdırmaların diqqətli və ətraflı şəkildə incələnməsi nəticəsində, gündə bir ədəd yumurta yeməyin nə ürək damar tıxanmasına, nə də insulta səbəb olmadığını aşkarladı. Hətta tam əksinə, mütəmadi olaraq, gündə bir ədəd yumurta yeməyin insult keçirmə riskini 12 faiz azaltdığı da müəyyən edildi. Bundan başqa, illər boyunca digər bir qida - kərə yağı yeməyin sağlamlığımız üçün təhlükəli olduğu, xüsusi ilə də ürək-damar tıxanmalarına səbəb olduğu söylənilirdi. Ancaq araşdırmalar nəticəsində təmiz və təbii kərə yağının sağlam insanlarda nə ürək-damar xəstəliklərinə, nə də beyin-damar tıxanmalarına səbəb olmadığını ortaya çıxardı. Hətta daha maraqlısı odur ki, kərə yağının şəkərli diabet riskini azaltdığı müəyyən edildi.
Son söz: Yumurta, kərə yağı, süd və süd məhsulları kimi, əslində gündəlik həyatımızda çox istifadə etdiyimiz və uzun illər ürək-damar tıxanmalarına səbəb olduğu iddia edilən qidaların, araşdırmalardan sonra faydalı olduğu müəyyən edildi. Bununla da, yumurta, kərə yağı, süd və süd məhsullarının üzərinə atılmış ‘’böhtana’’ da son qoyuldu.
Yalçın Velibey
Kardioloji uzmanı
banner

Oxşar Xəbərlər