AZE | RUS | ENG |


Zərərçəkən: “MTN-də şərikimin həbs olunmaması üçün 150 min manata razılaşdıq”

Zərərçəkən: “MTN-də şərikimin həbs olunmaması üçün 150 min manata razılaşdıq”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayorElçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin cinayət işi üzrə mayın 4-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs Sahib Qurbanov da ifadə verib.
 
APA-nın məlumatına görə, S. Qurbanov bildirib ki, hədə-qorxu yolu ilə ondan külli miqdarda pul alıblar. Zaur Əzimov və Amil Yusifovla birlikdə siqaret satışı ilə məşğul olduğunu deyən zərərçəkən 2015-ci ilin yanvarında MTN-in Xəzər rayon şöbəsində Amil Yusifova məxsus siqaretlərin müsadirə edildiyini bildirib: "Onun cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı danışıq aparmaq üçün həmin şöbəyə getmişəm.

Orada Heydər İslamov adlı MTN əməkdaşı ilə görüşəndə o, mənim də cinayət məsuliyyətinə cəlb olunacağımı bildirdi və 40 min manat  istədi. Ertəsi gün ona 40 min dollar verdim”.
 
Zərərçəkmişin sözlərinə görə, 2015-ci ilin fevralında Rafiq Səfərovun rəhbərlik etdiyi əməliyyat tədbirləri nəticəsində Zaur Əzimovla Amil Yusifova məxsus 100 qutu siqaret saxlanılaraq, MTN-in Binəqədi rayon şöbəsinə aparılıb: "Şöbənin əməkdaşı Heydər Hacıyev zəng edərək, məndə olan 60 qutu siqareti də qısa müddətdə şöbəyə təhvil verməyimi tələb etdi, əks təqdirdə həbs olunmaqla hədələdi. Siqaretlərdən 55 qutusunu şöbəyə apardım”.
 
Sahib Qurbanov qeyd edib ki, şöbənin həyətində Heydər Hacıyev və Rafiq Səfərovla görüşüb: "Onlar həm siqareti müsadirə edirdilər, həm də əlavə pul istəyirdilər. Heydər Hacıyevə əlavə pul verə bilməyəcəyimizi dedik. Bununla bağlı Daxili İşlər Nazirliyində idarə rəisi işləmiş general Vidadi Rzayevlə görüşdük. O, bu məsələni Eldar Mahmudovla görüşüb həll edəcəklərini dedi. Sonradan Vidadi Rzayev şöbəyə getdi və Rafiq Səfərovla görüşdü. Zaur Əzimovun cinayət məsuliyyətinə cəlb olunmamasını Rafiq Səfərovla 150 min manata razılaşdıq”.
 
Sahib Qurbanov deyib ki, Heydər İslamovla görüşüb və pul barədə söhbət edib: "Kənardan bizim söhbətimizi videoya çəkdirdim. Söhbət zamanı mənə Heydər İslamov 10 min manat verdi. Mən də həmin pulu işi aparan müstəntiqə verdim ki, əl-barmaq izi götürsünlər, məndən vaxtı ilə pul almayıbsa, nəyə görə bu qədər pulu mənə verib”.
 
Sahib Qurbanov istintaqa verdiyi ifadəsində göstərib ki, Heydər İslamov və Rafiq Səfərovdan verdiyi pulları və siqareti tələb edib: "Onlar da məndən aldıqları pulu və siqareti Eldar Mahmudovun əmisi oğlu olan Vüqar Mahmudova verdiklərini bildiriblər. Pulları və siqareti ondan tələb etməyini söylədilər. MTN-in hospitalına getdim və orada Vüqar Mahmudovla görüşdüm. Görüş zamanı Vüqar Mahmudovun Rafiqlə Heydəri tanıdığını desə də, siqaretlərin və pulun alınmasından xəbərsiz olduğunu bildirdi. Vüqarla görüşdən bir neçə gün sonra mənə zəng vurdu və dediklərini araşdırdığını, onun bu məsələlərə aidiyyətinin olmadığını bildirdi”.
 
İstintaqa şahid qismində ifadə verən Heydər İslamov bildirib ki, 2015-ci ilin mart ayınadək MTN-in Xəzər rayon şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, mühüm işlər üzrə əməliyyat müvəkkili, bölmə rəisi işləyib.
 
O, daha sonra MTN-in Binəqədi rayon şöbəsinə rəis müavini təyin edilib: "Sahib Qurbanovu 2015-ci ilin noyabr ayından tanımışam. Həmin vaxt Naib adlı şəxsin mənə zəng vuraraq görüşmək istədi. Oraya sonradan adının Sahib olduğunu bildiyim şəxs də gəldi. Görüş zamanı Sahibin pulunun guya mənim aldığımı bildirdi. Mən də Naibə Sahibi tanımadığımı, ondan hər hansı məbləğdə pul almadığımı bildirdim”.
 
Qeyd edək ki, Heydər İslamov vəzifəsindən azad edilib. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7069
GBP 1 İngilis funt sterlinqi 2.1810
TRY 1 Türk lirəsi 0.4864
KWD 1 Küveyt dinarı 5.6340
SEK 1 İsveç kronu 0.2099
EUR 1 Avro 2.0003
CHF 1 İsveçrə frankı 1.7563
USD 1 ABŞ dolları 1.7009