• cümə, 26 Aprel, 23:40
  • Baku Bakı 22°C

Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi qeyd olunub - Fotolar

13.12.17 18:16 3635
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi qeyd olunub - Fotolar
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açaraq, yubilyarın yaradıcılığından, Azərbaycan elmi və jurnalistikası qarşısında xidmətlərindən danışıb. Bildirib ki, Esmira Cavadova öz həyatını jurnalistikaya, araşdırmaya, elmi tədqiqata həsr etmiş alimdir.

Yubilyarın hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı olduğunu diqqətə çatdıran millət vəkili deyib ki, Esmira xanım gənclik illərində hansı həvəslə, şövqlə yaradıcılığa başlayıbsa, indi də o ruhda yaradıcılığını davam etdirir: "Şəkidə anadan olan, Bakıda böyüyən, paytaxt şəhərimizdə ali təhsil alan, gənclik illərində bir çox kitabxanalarda işləyən Esmira xanım 1920-ci ilə qədər olan Azərbaycan jurnalistikasının zəngin kartotekasını hazırlayıb. 1980-ci ildən etibarən araşdırma ilə məşğul olmağa başlayıb. Onun yaradıcılığının əsas hissəsini Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığı ilə bağlı araşdırmalar təşkil edir. Esmira xanımın elmi işi də məhz Həsən bəy Zərdabi ilə bağlı olub. "Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti” mövzusunda fundamental araşdırma ortaya qoyub. Bu müddətdə bir sıra sanballı məqalələrlə çıxış edib. Bu məqalələr yalnız Azərbaycan daxilindəki mətbu orqanlarda deyil, keçmiş SSRİ-də, ümumittifaq səviyyəsindəki media qurumlarında, elmi jurnallarda işıq üzü görüb. Onun elmi işi də Belarusda müdafiə olunub. Bununla yanaşı, Esmira xanım Həsən bəy Zərdabinin 1897-1907-ci illərdə Bakı Dumasındakı fəaliyyəti ilə əlaqədar də fundamental araşdırma aparıb. Həmin əsərdə Zərdabinin Dumada qaldırılan məsələlərə münasibəti öz əksini tapıb. Həmin dövrdə Zərdabi xalqımızın taleyüklü məsələlərini, o cümlədən elm və təhsillə bağlı qayğılarını, müxtəlif problemlərdən dolayı narahatlıqlarını dilə gətirib. Esmira xanım Həsən bəy Zərdabinin elmi köməkçi bioqrafik göstəricilərini hazırlayaraq çap etdirib. Mətbuat Şurası Esmira xanımın yaradıcılıq fəaliyyətini, öz araşdırmaları ilə Azərbaycan jurnalistikasına xidmətlərini yüksək qiymətləndirib, onu Ali Media Mükafatına layiq bilib. Bu gün isə Mətbuat Şurası Esmira xanımı yubileyi münasibətilə xüsusi diplomla təltif edir. Biz ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq”.

"Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva da tədqiqatçı Esmira Cavadovanın Həsən bəy Zərdabinin həyat və yaradıcılığı ilə bağlı sanballı araşdırmalar, əsərlər, elmi məqalələr ortaya qoyduğunu dilə gətirib. Bildirib ki, E.Cavadova öz araşdırmalarında H.Zərdabini olduğu kimi kəşf edib: "Zərdabinin dərdi-səri Azərbaycan xalqının məişətini göstərmək deyildi. Əslində, o, bu kimi üsullardan yararlanaraq, Azərbaycan milli mətbuatının əsası sayılan "Əkinçi” qəzetini yaratdı. Bununla da Azərbaycan xalqının maariflənməsinə, milli şüurun oyanmasına, millətin mədəni yüksəlişinə öz töhfəsini verdi. Bu mənada Həsən bəy Zərdabinin yaradıcılığı, fəaliyyəti böyük bir məktəbdir. Bütün bunları Esmira xanım çox dəqiqliklə duya bilib, öz araşdırmalarında ortaya çıxarıb və elmi məqalələr, kitab halında nəşr etdirərək, geniş oxucu auditoriyasına çatdırıb. Esmira xanım alim, əlində qələm olan yaradıcı şəxs, sözə vəfalı ziyalıdır. Yubileyi münasibətilə onu təbrik edir, gələcək fəaliyyətində də uğurlar arzulayıram”.

Sonra S.Vəliyeva Esmira Cavadovaya "Kaspi” qəzetinin diplomunu təqdim edib.

Professor Cahangir Məmmədli H.Zərdabinin ruhunun dolaşdığı və yaşadığı yerlərdən birinin də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi olduğunu vurğulayıb. Deyib ki, fakültədəki Mətbuat tarixi kafedrasında klassiklərimizin, o cümlədən H.Zərdabinin həyat və yaradıcılığı, fəaliyyəti dərindən tədqiq olunur, gələcək nəsillərə, jurnalistika ixtisası üzrə ali təhsil alan tələbələrə öyrədilir: "Klassiklərimizi dərindən öyrənərkən Qərbdən götürdüyümüz yeni demokratik ənənələrə diqqət etdik. Gördük ki, Qərb özü həmin demokratik ənənələrə bu gün sahib çıxmır. Sonra təkrar geriyə baxdıq və gördük ki, bizim klassikamız, klassiklərimiz Qərbin qeyd etdiyim demokratik dəyərlərindən qat-qat artıq fikir və ideyaları bizlərə miras qoyub gediblər. Klassiklərimizin çox dəyərli, demokratik prinsipləri var. Bu sırada olan şəxslərdən biri də Həsən bəy Zərdabidir. Sevindirici haldır ki, Zərdabini tədqiq edən, ümumilikdə klassikaya müraciət edən insanların sayı xeyli artıb. Esmira Cavadova da Zərdabi həyat və yaradıcılığını dərindən tədqiq edən, Zərdabişünaslıq məktəbinin ön sıralarında gedənlərdən biridir. Esmira xanımı Jurnalistika fakültəsinin indiyə qədər olan məzunları, həmçinin hazırda bu ixtisas üzrə ali təhsil alan tələbələrin hər biri tanıyır, onun imzasına çox böyük hörmətlə yanaşırlar”.

Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, milli mətbuatımızın banisi H.Zərdabi tədqiq olunduqca, öyrənildikcə, onun yalnız jurnalist deyil, eyni zamanda siyasətçi, pedaqoq, kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxs olması üzə çıxır. Millət vəkilinin sözlərinə görə, Esmira Cavadova kimi alimlərimizin H.Zərdabi yaradıcılığını bu cür dərindən tədqiq etməsi, gələcək nəsillərə çatdırması hər birimiz üçün dəyərli olan tarixi şəxsiyyətlərimizin daha yaxşı tanıdılmasına xidmət edir. H.Babaoğlu deyib ki, həmin tarixi şəxsiyyətləri öyrənməklə gələcəyimizi inşa etmiş olarıq: "Akademiya səviyyəsində hər hansı tədqiqatçının elmi işi, nailiyyəti kiçik bir icma üçün bəlli olur, tanınır. Eləcə də ali təhsil müəssisələrində aparılan tədqiqatlar bəlli auditoriyaya məlum olur, onlar üçün əlçatan olur. Təqdirəlayiq haldır ki, Esmira xanımın sanballı elmi tədqiqatı akademiya və ali təhsil müəssisələri ilə yanaşı, bu tədbirlərlə həm də geniş auditoriyaya çatdırılır. Tarixi şəxsiyyətlərimizin öyrənilməsi, tanıdılması baxımından bu tədbir həm təbliğatdır, həm də təşviqat. Esmira Cavadova kimi tədqiqatçılarımıza verilən dəyəri geniş ictimaiyyət görür və gələcək tədqiqatçılar üçün bu, stimul rolunu oynayır”.

Tədbirdə Bakı Humanitar Kollecinin hazırda təqaüddə olan müəllimi Mehparə Qədirova, fəlsəfə elmləri doktoru İzzət Rüstəmov, Zərdabişünas Eldəniz Həsənov, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, jurnalist Tahir Aydınoğlu və başqaları da çıxış edərək, tədqiqatçı alim Esmira Cavadovanın elmi fəaliyyətindən söhbət açıb, yubiley münasibətilə onu təbrik ediblər.

Tədbirin sonunda çıxış edən Esmira Cavadova ona göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər