Özəlləşdirilən obyektlərin fəaliyyət göstərməsi önəmlidir
Ötən ilin sentyabr
ayından açıq hərraclar vasitəsilə dövlət əmlakının özəlləşdirməsi prosesi
həyata keçirilir. Hər həftə demək olar ki, hərrac olacağı ilə bağlı mətbuatda
məlumatlar gedir. İlkin mərhələdə kiçik və orta müəssisələrin özəlləşdirilməsi
aparılırdı. Bəs indi vəziyyət necədir?
Hazırda
özəlləşdirilən obyektlərin sayı ilə bağlı statistika varmı? Əsasən hansı
obyektlər özəlləşdirilir? İş adamları hansı obyektlərə maraq göstərirlər?
Özəlləşdirilən obyektlərin sonrakı fəaliyyətləri ilə bağlı monitorinq
aparılırmı? Ümumiyyətlə, özəlləşdirilən müəssisələrə dövlət nəzarəti olmalıdırmı?
Yazıda bu və ya digər suallara cavab tapmağa çalışacağıq.
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya və ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov qəzetimizə açıqlamasında bildirdi ki, ötən ilin sentyabrından
başlayaraq dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı açıq hərraclar
keçirilir. İndiyə qədər 13-dən çox hərrac keçirilib və ümumilikdə 700-ə yaxın
dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb.
Həm
izləyici, həm də sahibkar kimi hərracda iştirak etmək olar
Q.Xəlilov dedi ki,
hərraclar açıq şəkildə və şəffaf keçirilir. İstənilən şəxs həm izləyici, həm də
sahibkar kimi bu prosesdə iştirak edə bilər: "Kütləvi informasiya vasitələrinin
nümayəndələri üçün hərraclar açıqdır. Eyni zamanda hər bir vətəndaş izləyici və
ya sahibkar kimi bu prosesdə iştirak edə bilər. Əgər kimsə özəlləşdirmədə
sahibkar kimi iştirak etmək istəyirsə, iştirakçı statusu əldə edib, qatıla
bilər. Hər hansı bir əmlakı özəlləşdirmək kifayət qədər rahat üsulla həyata
keçirilir. Hərracın keçirilməsinə 3 bank günü qalmış sifariş verməklə əmlakın
dəyərinin 10 faizini istər elektron qaydada, istərsə də bank vasitəsi ilə
ödəməklə hərracda iştirakçı statusu əldə etmiş olurlar. İstənilən hüquqi və
fiziki şəxs tam şəffaf şəkildə hərraca qatılıb əmlak sahibi ola bilir”.
Q.Xəlilov deyir ki,
sentyabr ayından indiyə qədər hər həftə hərrac təşkil olunur. Hər dəfə də 100-ə
yaxın dövlət əmlakı hərraca çıxarılır. Bu müəssisələr sırasına həm Bakıda, həm
də regionlarda yerləşən dövlət əmlakları daxildir: "Hərraca çıxarılan əmlaklar
iqtisadiyatın müxtəlif sahələrini əhatə edir. Səhmdar cəmiyyətlərinin səhmləri,
kənd təsərrüfatı, nəqliyyat, emal sənayesi, rabitə, tikinti, maşınqayırma
sahəsindəki səhmdar cəmiyyətlər, eyni zamanda Bakıda və respublikanın digər
bölgələrində yerləşən kiçik dövlət müəssisə və obyektləri. Bunlar ictimai iaşə,
ticarət, xidmət və digər sahələri əhatə edir. Müxtəlif istiqamətdə olan
obyetləri kiçik, orta və iri sahibkarlar öz investisiya portfellərinə uyğun
olaraq hərraclarda iştirak edib ala bilirlər”.
Özəlləşdirmənin
yalnız bir üsulunda sahibkarlara şərt qoyulur
Q.Xəlilov bildirdi ki, iş
adamları müxtəlif səpkili obyetlərə maraq göstərirlər. Konkret hansısa bir
istiqamətdə olan müəssisə və obyektlərin maraq dairəsində olduğunu demək olmaz.
Onun sözlərinə görə, özəlləşdirmə vasitəsilə müəssisə və obyekt sahibi olmaq
sahibkarlar üçün bir neçə cəhətdən sərfəlidir: "Birincisi, bu obyektlər
müxtəlif çeşidlidir, həm Bakı, həm də respublikanın digər rayon və şəhərlərində
yerləşir. Bölgələrin də sahibkarlığın inkişafı ilə bağlı böyük potensialı var.
Digər tərəfdən, hərraca tam infrastrukturlu, müvafiq bazarı olan obyektlər
çıxarılır. Biri var sahibkar hansısa obyekti sıfırdan tikməyə başlasın, bir də
var özəlləşdirilmədə infrastrukturla təmin olunmuşunu əldə etsin. Eyni zamanda,
dövlət tərəfindən mülkiyyət hüququ ilə tam təmin olunan obyektlərdir”.
Özəlləşdirilən obyektlərin
sonrakı fəaliyyətinə nəzarətin olub-olmamasına gəlincə, Q.Xəlilov bildirdi ki,
özəlləşdirmənin bir neçə üsulu var, nəzarət isə yanlız bir üsulda tətbiq
olunur: "Özəlləşmənin bir neçə üsulu var. Onlardan biri də "İnvestisiya
müsabiqəsi”dir. Bir sıra obyektlər bu üsulla özəlləşdirilir. Bu zaman
investorlar qarşısında müxtəli səpkili şərtlər qoyulur. Həm sosial, həm
müəssisəyə yatırılan investisiyanın həcmi, həm də gələcəkdə müəssisənin
inkişafı ilə bağlı şərtlər müəyyənləşdirilir. Bu üsulla özəlləşdiriləndə
onların üzərində investisiya təkliflərinə uyğun olaraq şərtlərin yerinə
yetirilməsi istiqamətində nəzarət həyata keçirilir. İndiyə qədər keçirilmiş hərraclarda
700-ə yaxın müəssisə özəlləşməyə çıxarılıb və hər dəfə də özəlləşdirilməyə
çıxarılan müəssisələrin özəlləşdirilməsi həyata keçirilib. Bu əmlaklar
özəlləşdirildikdən sonra investisiya yatırılır və həmin əmlaklar işləyən
obyektlərə çevrilir. "İnvestisiya müsabiqəsi” ilə hərracda satılan əmlakların
fəaliyyətinə nəzarət mexnizmi var. Amma belə ümumilikdə, sahibkarlar hansısa
bir əmlakı özəlləşdirirlərsə, onu fəaliyyətsiz saxlamaq üçün almırlar. Təbii
ki, əmlaklar özəlləşdirildikdən sonra fəaliyyət göstərirlər”.
Q.Xəlilov qeyd etdi ki,
obyektlərin özəlləşdirilməsindən əldə olunan gəlir dövlət büdcəsində kəsirin
bağlanması üçün büdcəyə ödənilir: "Komitə də bu sahədə fəaliyyətini geniş davam
etdirir ki, obyetklərin hərraca çıxarılmaqla özəlləşdirilməsi təmin olunsun”.
Q.Xəlilov onu da bildirdi
ki, özəlləşdirməyə çıxarılan bütün obyektlər barədə, onların iqtisadi
göstəriciləri, maliyyə göstəriciləri, ünvanı, sahəsi, hərrac qiymətləri və sair,
eləcə də fotoşəkilləri komitənin privatization.az saytında yerləşdirilir.
Hərrac vasitəsi ilə əmlak almaq istəyənlər bu sayta daxil olub obyektlər barədə
məlumat əldə edə bilərlər.
"İri
özəlləşdirmə prosesinə başlanılmayıb”
İqtisadçı
alim Vüqar Bayramovun sözlərinə görə, hələ ki kiçik və orta müəssisə
və obyektlərin özəlləşdirilməsi prosesi gedir: "Bizim monitorinqləri, eyni
zamanda komitənin elanlarını təhlil etsək, demək olar ki, hələlik satışa daha
çox kiçik müəssisələr çıxarılır. Baxmayaraq ki, Azərbaycanda kiçik və orta
müəssisələrin kütləvi özəlləşdirilməsi başa çatıb. Amma hazırda özəlləşməyə
kiçik və orta müəssisələr, nisbətən iri səhmdar cəmiyyətlərinin səhmlərinin
dövlətdə qalan hissəsinin çıxarılması müşahidə olunur. O baxımdan, hələlik ötən
ilin əvvəllərində müzakirə edilən iri özəlləşdirilmə prosesinə başlanılmayıb.
Kiçik və orta müəssisələr üzrə özəlləşdirmə prosesi davam edir. Güman olunur
ki, növbəti mərhələdə prosesə nisbətən iri müəssisələr cəlb olunacaq. Xüsusilə
energetika, kommunal xidmətlərin göstərilməsi sahəsində müəssisələrin özəlləşdirilməsi
və idarəetməyə verilməsi gözləniləndir. Çünki bununla bağlı Strateji "Yol Xəritəsi”ndə
də xüsusi qeydlər var”.
V.Bayramov deyir ki,
özəlləşdirmə vacib amildir. Amma önəmli məqamlardan biri də özəlləşdirilmiş
müəssisələrin sağlamlaşdırılmasıdır: "Məsələn, bağça, kitabxana kimi
müəssisələrin özəlləşdirildikdən sonra müəyyən müddət profillərinin dəyişməməsi
ilə bağlı öhdəlik var. Amma xidmət sektorunda müəssisə özəlləşdirilirsə, həmin
müəssisənin necə fəaliyyət göstərməsi ilə bağlı sahibkarın öhdəliyi yoxdur.
Qaydalara əsasən sahibkar istəsə, müəssisənin fəaliyyətini davam etdirməyə də
bilər. Amma biz digər ölkələrin, eləcə də Şərqi Avropa ölkələrinin təcrübəsinə
diqqət yetirsək, görərik ki, həmin müəssisələrin sağlamlaşdırılmasının həyata
keçirilməsi çox vacibdir”.
"Müəssisələrin
sağlamlaşdırılması vacibdir”
İqtisadçı onu da bildirdi
ki, özəlləşdirililən müəssisələrin fəaliyyətlərinin effektiv olması üçün dövlət
dəstəyinə ehtiyac var: "Müəssisənin özəlləşdirilməsi məsələnin bir tərəfidir.
Digər tərəfdən, özəlləşdirmədən sonra ən vacib məqam fəaliyyətlərinin davam
etdirilməsidir. Bunun üçünsə dövlətin dəstəyinin arrırılmasına ehtiyac var.
Müəssisələrin sağlamlaşdırılması vacibdir. Həmin müəssisələrin sahibləri üçün
xüsusi təlimlərin keçirilməsi, onların sağlamlaşdırılması üçün istər biznes
planlarının yazılması, istər investisiyanın cəlb edilməsi, eləcə də digər
istiqamətlərdə onların bilik və bacarıqlarının artırılmasına ehtiyac var. Yeni
özəlləşmiş müəssisələrin maliyyə resurslarına çıxış imkanlarının artırılması
üçün həmin müəssisələrə güzəştli kreditlərin ayrılması, eləcə də digər maliyyə
resurslarına çıxış imkanlarının gücləndirilməsi vacibdir. Təcrübə göstərir ki,
adətən yeni özəlləşdirilmiş müəssisələr üçün əsas problemlərdən biri həmin
müəssisələrin maliyyə imkanlarının zəif olması, maliyyə dayanaqsızlığıdır. Əgər
həmin müəssisələrin güzəştli kredit imkanlarına, maliyyə mənbələrinə çıxışları
genişlənərsə, sözügedən özəlləşmiş müəssisələr real sektora daha çox töhfə verə
bilərlər”.
"Pambıq tədarükü dövründə görülən işlər nəticəsini
göstərəcək”
MKT İstehsalat Kommersiya Məhdud MəsuliyyətliCəmiyyəti
hərracda iştirak edərək pambıqçılıqla bağlı 14 müəssisəni özəlləşdirib.Cəmiyyətin baş hüquqşünası İlqar
İbrahimov bizimlə söhbətində bildirdi ki, həmin müəssisələr "Salyan
Pambıq” ASC, "Saatlı Pambıq” ASC, "Qarabağ Pambıq” ASC, "Ağcabədi Pambıq” ASC
və pambıqçılıqla bağlı digər səhmdar cəmiyyətləridir: "Həmin müəssisələrin 30
faizi dövlətin idi. Dövlət tərəfindən həmin 30 faiz satışa çıxarıldı. Müəssisələrin
bəzilərini "İnvestisiya müsabiqəsi” yolu ilə aldıq. Pambıqçılıq respublikada
inkişaf etməmişdi deyə, həmin müəssisələrin fəaliyyəti dayanmış vəziyyətdə idi.
Ötən ildən kənd təsərrüfatı, xüsusilə pambıqçılıq sahəsində işlər görülməyə
başlanılıb. Bizim şirkət tərəfindən həmin ASC-lər alınaraq investisiya
qoyulması, orada yeni iş yerlərinin açılması, pambıqçılığın inkişaf etdirilməsi
üçün müəyyən işlər planlaşdırılıb. Bizim cəmiyyət respublikada xam pambığın istehsalı, tədarükü ilə məşğul olan
müəssisələrdən biridir”.
"İnvestisiya
müsabiqəsi” yolu ilə alınan müəssisələrlə bağlı özəlləşdirmədə müəyyən tələblər
var. İ.İbrahimov deyir ki, investisiya qoyulması və müəssisələrin fəaliyyətə
başlaması kimi öhdəlikləri var: "Öhdəliyə əsasən, nəzərdə tutulan investisiya həmin
ASC-lərə ayrılacaq. Ən əsası, dövlət tərəfindən nəzarət ediləcək məbləğdən az
qoyulmayacaq ki, artıq olacaq”.
İ.İbrahimov
bildirdi ki, artıq işlərə başlanılıb, bu il pambıq tədarükü dövründə görülən
işlər öz nəticəsini göstərəcək.
"İşə
başlamaq üçün müəyyən maliyyəyə ehtiyac var”
Aşixara
Kaykan Karate Federasiyasının prezidenti, əməkdar idman xadimi
Maarif Bağırov Gəncə şəhərində bir-birinə yaxın iki mağazanı
özəlləşdirib. Onlardan birində Aşixara Kaykan Karate Federasiyasının Gəncə klubu 15
ildən çoxdur fəaliyyət göstərir. Digərində isə hələ ki işə
başlamayıblar. Planlaşdırma aparılır və həm də işə başlamaq üçün müəyyən
maliyyəyə ehtiyac var: "Mağazada tam işlərə başlamaq üçün müəyyən maddiyyat
tələb olunur. Hamısını bir dəfəyə etmək olmur. Hələ ki yeni almışıq, həmin
mağazanın hansı istiqamətli bir yer olacağına qərar verməliyik. İdmanla əlaqəli
də nəsə etmək olar. Trenajor zalı, fitness klub da ola bilər. Hələ ki tam qərar
verilməyib”.
Aygün Asimqızı