• cümə, 29 Mart, 10:30
  • Baku Bakı 5°C

Özəlləşdirilən obyektlərin fəaliyyət göstərməsi önəmlidir

10.01.17 11:30 1589
Özəlləşdirilən obyektlərin fəaliyyət göstərməsi önəmlidir
Ötən ilin sentyabr ayından açıq hərraclar vasitəsilə dövlət əmlakının özəlləşdirməsi prosesi həyata keçirilir. Hər həftə demək olar ki, hərrac olacağı ilə bağlı mətbuatda məlumatlar gedir. İlkin mərhələdə kiçik və orta müəssisələrin özəlləşdirilməsi aparılırdı. Bəs indi vəziyyət necədir?
Hazırda özəlləşdirilən obyektlərin sayı ilə bağlı statistika varmı? Əsasən hansı obyektlər özəlləşdirilir? İş adamları hansı obyektlərə maraq göstərirlər? Özəlləşdirilən obyektlərin sonrakı fəaliyyətləri ilə bağlı monitorinq aparılırmı? Ümumiyyətlə, özəlləşdirilən müəssisələrə dövlət nəzarəti olmalıdırmı? Yazıda bu və ya digər suallara cavab tapmağa çalışacağıq.
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov qəzetimizə açıqlamasında bildirdi ki, ötən ilin sentyabrından başlayaraq dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı açıq hərraclar keçirilir. İndiyə qədər 13-dən çox hərrac keçirilib və ümumilikdə 700-ə yaxın dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb.
Həm izləyici, həm də sahibkar kimi hərracda iştirak etmək olar
Q.Xəlilov dedi ki, hərraclar açıq şəkildə və şəffaf keçirilir. İstənilən şəxs həm izləyici, həm də sahibkar kimi bu prosesdə iştirak edə bilər: "Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün hərraclar açıqdır. Eyni zamanda hər bir vətəndaş izləyici və ya sahibkar kimi bu prosesdə iştirak edə bilər. Əgər kimsə özəlləşdirmədə sahibkar kimi iştirak etmək istəyirsə, iştirakçı statusu əldə edib, qatıla bilər. Hər hansı bir əmlakı özəlləşdirmək kifayət qədər rahat üsulla həyata keçirilir. Hərracın keçirilməsinə 3 bank günü qalmış sifariş verməklə əmlakın dəyərinin 10 faizini istər elektron qaydada, istərsə də bank vasitəsi ilə ödəməklə hərracda iştirakçı statusu əldə etmiş olurlar. İstənilən hüquqi və fiziki şəxs tam şəffaf şəkildə hərraca qatılıb əmlak sahibi ola bilir”.
Q.Xəlilov deyir ki, sentyabr ayından indiyə qədər hər həftə hərrac təşkil olunur. Hər dəfə də 100-ə yaxın dövlət əmlakı hərraca çıxarılır. Bu müəssisələr sırasına həm Bakıda, həm də regionlarda yerləşən dövlət əmlakları daxildir: "Hərraca çıxarılan əmlaklar iqtisadiyatın müxtəlif sahələrini əhatə edir. Səhmdar cəmiyyətlərinin səhmləri, kənd təsərrüfatı, nəqliyyat, emal sənayesi, rabitə, tikinti, maşınqayırma sahəsindəki səhmdar cəmiyyətlər, eyni zamanda Bakıda və respublikanın digər bölgələrində yerləşən kiçik dövlət müəssisə və obyektləri. Bunlar ictimai iaşə, ticarət, xidmət və digər sahələri əhatə edir. Müxtəlif istiqamətdə olan obyetləri kiçik, orta və iri sahibkarlar öz investisiya portfellərinə uyğun olaraq hərraclarda iştirak edib ala bilirlər”.
Özəlləşdirmənin yalnız bir üsulunda sahibkarlara şərt qoyulur
Q.Xəlilov bildirdi ki, iş adamları müxtəlif səpkili obyetlərə maraq göstərirlər. Konkret hansısa bir istiqamətdə olan müəssisə və obyektlərin maraq dairəsində olduğunu demək olmaz. Onun sözlərinə görə, özəlləşdirmə vasitəsilə müəssisə və obyekt sahibi olmaq sahibkarlar üçün bir neçə cəhətdən sərfəlidir: "Birincisi, bu obyektlər müxtəlif çeşidlidir, həm Bakı, həm də respublikanın digər rayon və şəhərlərində yerləşir. Bölgələrin də sahibkarlığın inkişafı ilə bağlı böyük potensialı var. Digər tərəfdən, hərraca tam infrastrukturlu, müvafiq bazarı olan obyektlər çıxarılır. Biri var sahibkar hansısa obyekti sıfırdan tikməyə başlasın, bir də var özəlləşdirilmədə infrastrukturla təmin olunmuşunu əldə etsin. Eyni zamanda, dövlət tərəfindən mülkiyyət hüququ ilə tam təmin olunan obyektlərdir”.
Özəlləşdirilən obyektlərin sonrakı fəaliyyətinə nəzarətin olub-olmamasına gəlincə, Q.Xəlilov bildirdi ki, özəlləşdirmənin bir neçə üsulu var, nəzarət isə yanlız bir üsulda tətbiq olunur: "Özəlləşmənin bir neçə üsulu var. Onlardan biri də "İnvestisiya müsabiqəsi”dir. Bir sıra obyektlər bu üsulla özəlləşdirilir. Bu zaman investorlar qarşısında müxtəli səpkili şərtlər qoyulur. Həm sosial, həm müəssisəyə yatırılan investisiyanın həcmi, həm də gələcəkdə müəssisənin inkişafı ilə bağlı şərtlər müəyyənləşdirilir. Bu üsulla özəlləşdiriləndə onların üzərində investisiya təkliflərinə uyğun olaraq şərtlərin yerinə yetirilməsi istiqamətində nəzarət həyata keçirilir. İndiyə qədər keçirilmiş hərraclarda 700-ə yaxın müəssisə özəlləşməyə çıxarılıb və hər dəfə də özəlləşdirilməyə çıxarılan müəssisələrin özəlləşdirilməsi həyata keçirilib. Bu əmlaklar özəlləşdirildikdən sonra investisiya yatırılır və həmin əmlaklar işləyən obyektlərə çevrilir. "İnvestisiya müsabiqəsi” ilə hərracda satılan əmlakların fəaliyyətinə nəzarət mexnizmi var. Amma belə ümumilikdə, sahibkarlar hansısa bir əmlakı özəlləşdirirlərsə, onu fəaliyyətsiz saxlamaq üçün almırlar. Təbii ki, əmlaklar özəlləşdirildikdən sonra fəaliyyət göstərirlər”.
Q.Xəlilov qeyd etdi ki, obyektlərin özəlləşdirilməsindən əldə olunan gəlir dövlət büdcəsində kəsirin bağlanması üçün büdcəyə ödənilir: "Komitə də bu sahədə fəaliyyətini geniş davam etdirir ki, obyetklərin hərraca çıxarılmaqla özəlləşdirilməsi təmin olunsun”.
Q.Xəlilov onu da bildirdi ki, özəlləşdirməyə çıxarılan bütün obyektlər barədə, onların iqtisadi göstəriciləri, maliyyə göstəriciləri, ünvanı, sahəsi, hərrac qiymətləri və sair, eləcə də fotoşəkilləri komitənin privatization.az saytında yerləşdirilir. Hərrac vasitəsi ilə əmlak almaq istəyənlər bu sayta daxil olub obyektlər barədə məlumat əldə edə bilərlər.
"İri özəlləşdirmə prosesinə başlanılmayıb”
İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, hələ ki kiçik və orta müəssisə və obyektlərin özəlləşdirilməsi prosesi gedir: "Bizim monitorinqləri, eyni zamanda komitənin elanlarını təhlil etsək, demək olar ki, hələlik satışa daha çox kiçik müəssisələr çıxarılır. Baxmayaraq ki, Azərbaycanda kiçik və orta müəssisələrin kütləvi özəlləşdirilməsi başa çatıb. Amma hazırda özəlləşməyə kiçik və orta müəssisələr, nisbətən iri səhmdar cəmiyyətlərinin səhmlərinin dövlətdə qalan hissəsinin çıxarılması müşahidə olunur. O baxımdan, hələlik ötən ilin əvvəllərində müzakirə edilən iri özəlləşdirilmə prosesinə başlanılmayıb. Kiçik və orta müəssisələr üzrə özəlləşdirmə prosesi davam edir. Güman olunur ki, növbəti mərhələdə prosesə nisbətən iri müəssisələr cəlb olunacaq. Xüsusilə energetika, kommunal xidmətlərin göstərilməsi sahəsində müəssisələrin özəlləşdirilməsi və idarəetməyə verilməsi gözləniləndir. Çünki bununla bağlı Strateji "Yol Xəritəsi”ndə də xüsusi qeydlər var”.
V.Bayramov deyir ki, özəlləşdirmə vacib amildir. Amma önəmli məqamlardan biri də özəlləşdirilmiş müəssisələrin sağlamlaşdırılmasıdır: "Məsələn, bağça, kitabxana kimi müəssisələrin özəlləşdirildikdən sonra müəyyən müddət profillərinin dəyişməməsi ilə bağlı öhdəlik var. Amma xidmət sektorunda müəssisə özəlləşdirilirsə, həmin müəssisənin necə fəaliyyət göstərməsi ilə bağlı sahibkarın öhdəliyi yoxdur. Qaydalara əsasən sahibkar istəsə, müəssisənin fəaliyyətini davam etdirməyə də bilər. Amma biz digər ölkələrin, eləcə də Şərqi Avropa ölkələrinin təcrübəsinə diqqət yetirsək, görərik ki, həmin müəssisələrin sağlamlaşdırılmasının həyata keçirilməsi çox vacibdir”.
"Müəssisələrin sağlamlaşdırılması vacibdir”
İqtisadçı onu da bildirdi ki, özəlləşdirililən müəssisələrin fəaliyyətlərinin effektiv olması üçün dövlət dəstəyinə ehtiyac var: "Müəssisənin özəlləşdirilməsi məsələnin bir tərəfidir. Digər tərəfdən, özəlləşdirmədən sonra ən vacib məqam fəaliyyətlərinin davam etdirilməsidir. Bunun üçünsə dövlətin dəstəyinin arrırılmasına ehtiyac var. Müəssisələrin sağlamlaşdırılması vacibdir. Həmin müəssisələrin sahibləri üçün xüsusi təlimlərin keçirilməsi, onların sağlamlaşdırılması üçün istər biznes planlarının yazılması, istər investisiyanın cəlb edilməsi, eləcə də digər istiqamətlərdə onların bilik və bacarıqlarının artırılmasına ehtiyac var. Yeni özəlləşmiş müəssisələrin maliyyə resurslarına çıxış imkanlarının artırılması üçün həmin müəssisələrə güzəştli kreditlərin ayrılması, eləcə də digər maliyyə resurslarına çıxış imkanlarının gücləndirilməsi vacibdir. Təcrübə göstərir ki, adətən yeni özəlləşdirilmiş müəssisələr üçün əsas problemlərdən biri həmin müəssisələrin maliyyə imkanlarının zəif olması, maliyyə dayanaqsızlığıdır. Əgər həmin müəssisələrin güzəştli kredit imkanlarına, maliyyə mənbələrinə çıxışları genişlənərsə, sözügedən özəlləşmiş müəssisələr real sektora daha çox töhfə verə bilərlər”.
"Pambıq tədarükü dövründə görülən işlər nəticəsini göstərəcək”
MKT İstehsalat Kommersiya Məhdud MəsuliyyətliCəmiyyəti hərracda iştirak edərək pambıqçılıqla bağlı 14 müəssisəni özəlləşdirib.Cəmiyyətin baş hüquqşünası İlqar İbrahimov bizimlə söhbətində bildirdi ki, həmin müəssisələr "Salyan Pambıq” ASC, "Saatlı Pambıq” ASC, "Qarabağ Pambıq” ASC, "Ağcabədi Pambıq” ASC və pambıqçılıqla bağlı digər səhmdar cəmiyyətləridir: "Həmin müəssisələrin 30 faizi dövlətin idi. Dövlət tərəfindən həmin 30 faiz satışa çıxarıldı. Müəssisələrin bəzilərini "İnvestisiya müsabiqəsi” yolu ilə aldıq. Pambıqçılıq respublikada inkişaf etməmişdi deyə, həmin müəssisələrin fəaliyyəti dayanmış vəziyyətdə idi. Ötən ildən kənd təsərrüfatı, xüsusilə pambıqçılıq sahəsində işlər görülməyə başlanılıb. Bizim şirkət tərəfindən həmin ASC-lər alınaraq investisiya qoyulması, orada yeni iş yerlərinin açılması, pambıqçılığın inkişaf etdirilməsi üçün müəyyən işlər planlaşdırılıb. Bizim cəmiyyət respublikada xam pambığın istehsalı, tədarükü ilə məşğul olan müəssisələrdən biridir”.
"İnvestisiya müsabiqəsi” yolu ilə alınan müəssisələrlə bağlı özəlləşdirmədə müəyyən tələblər var. İ.İbrahimov deyir ki, investisiya qoyulması və müəssisələrin fəaliyyətə başlaması kimi öhdəlikləri var: "Öhdəliyə əsasən, nəzərdə tutulan investisiya həmin ASC-lərə ayrılacaq. Ən əsası, dövlət tərəfindən nəzarət ediləcək məbləğdən az qoyulmayacaq ki, artıq olacaq”.
İ.İbrahimov bildirdi ki, artıq işlərə başlanılıb, bu il pambıq tədarükü dövründə görülən işlər öz nəticəsini göstərəcək.
"İşə başlamaq üçün müəyyən maliyyəyə ehtiyac var”
Aşixara Kaykan Karate Federasiyasının prezidenti, əməkdar idman xadimi Maarif Bağırov Gəncə şəhərində bir-birinə yaxın iki mağazanı özəlləşdirib. Onlardan birində Aşixara Kaykan Karate Federasiyasının Gəncə klubu 15 ildən çoxdur fəaliyyət göstərir. Digərində isə hələ ki işə başlamayıblar. Planlaşdırma aparılır və həm də işə başlamaq üçün müəyyən maliyyəyə ehtiyac var: "Mağazada tam işlərə başlamaq üçün müəyyən maddiyyat tələb olunur. Hamısını bir dəfəyə etmək olmur. Hələ ki yeni almışıq, həmin mağazanın hansı istiqamətli bir yer olacağına qərar verməliyik. İdmanla əlaqəli də nəsə etmək olar. Trenajor zalı, fitness klub da ola bilər. Hələ ki tam qərar verilməyib”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər