• şənbə, 20 Aprel, 15:09
  • Baku Bakı 23°C

Zelenski Saakaşvili ilə işləməyə üstünlük verdi: Tbilisi ilə Kiyev arasında gərginlik yarandı

08.05.20 17:11 808
Zelenski Saakaşvili ilə işləməyə üstünlük verdi: Tbilisi ilə Kiyev arasında gərginlik yarandı
Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın etiraz və narazılığına baxmayaraq, bu ölkənin eks-prezidenti Mixail Saakaşvilini hakim komandasına daxil edib. Düzdür, Saakaşvili baş nazirin müavini yox, İslahat Məsələləri üzrə Ukrayna Milli Şurası İcraiyyə Komitəsinin rəhbəri kimi hökumətdə təmsil olunacaq, lakin bu post da onun üçün mühümdür. Tək bir faktı qeyd edək ki, payızda Gürcüstanda parlament seçkilərdir və eks-prezident də fəaliyyətini çox güman, bu istiqamətdə quracaq. Bir sözlə, bu vəzifə onun üçün bir vasitə rolunu oynaya bilər.
Beləliklə, artıq Saakaşvili yenidən Ukraynada vəzifə başındadır. Zelenski bildirib ki, Saakaşvilinin bu təyinat münasibətilə ürəkdən təbrik edir və onun suranın işinə yeni təkan verəcəyinə və ölkə həyatında mühüm dəyişikliklərin reallaşdırılmasına köməklik göstərəcəyinə ümid bəsləyir. Saakaşvilinin müavini postuna "Internet Invest Group”, "Imena.ua” və "Mirohost” holdinqinin rəhbəri Aleksandr Olşanski təyin edilib. RBK Ukrayna agentliyi bildirir ki, İslahat Məsələləri üzrə Milli Şura 2014-cü ildə yaradılıb və prezident yanında xüsusi məşvərətçi orqandır. Bir faktı da qeyd edək ki, Saakaşvilinin daşıyacağı post Ukrayna cəmiyyətində elə də xüsusi rezonans doğurmayıb. Onun ən məşhur və qalmaqallı iclası 2015-ci ilin dekabrında olub. Həmin iclas Odessa qubernatoru Mixail Saakaşvili ilə daxili işlər naziri Arsen Avakov arasında dava ilə yadda qalıb. Hətta az qala əlbəyaxa davaya çevriləcəkdi. O ki qaldı Saakaşvilinin yeni təyinatına münasibətinə, sosial şəbəkə vasitəsilə bildirib ki, məsələ ilə bağlı prezidentlə görüşü olub: "Mənə onun əhval-ruhiyyəsi gözəl təsir etdi. Təyinatım ondan xəbər verir ki, o, hər cür addımlar atmağa hazırdır”. Onun sözlərinə görə, Ukraynanı bataqlıqdan çıxarmaq gərəkdir və bunu ancaq prezident edə bilər: "O, heç zaman oğru olmayıb və heç vaxt da olmayacaq. Onun ambisiyası Ukrayna tarixində xalq üçün və hər bir ukraynalı üçün nəsə bir iş görmüş bir prezident kimi qalmaqdır”. Dərhal da Gürcüstandan reaksiya daxil olub. Gürcüstan hökumətinin qərarı ilə ölkənin Ukraynadakı səfiri Teymuraz Şareşenidze Tbilisiyə çağırılacaq. Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib. Onun sözlərinə görə, buna səbəb Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmasıdır. XİN başçısı qeyd edib ki, Gürcüstan Ukrayna ilə diplomatik münasibətləri dayandırmağı və ya strateji tərəfdaşlıq münasibətlərini nəzərdən keçirməyə hazırlaşmır: "Lakin strateji tərəfdaşın, Gürcüstan məhkəmə sistemi tərəfindən məhkum edilən və axtarışa verilən şəxsin vəzifəyə təyin etməsi suallar doğurur və ikitərəfli münasibətlərə mənfi təsir göstərir”. Xatırladaq ki, Saakaşvilinin Ukraynada baş nazirin müavini təyin olunacağına dair xəbərlər yayılandan sonra Tbilisi keçmiş prezidentin ekstradisiyası barədə məsələni yenidən qaldırmış və Kiyevdən izahat gözlədiyini bəyan etmişdi. Gürcüstanda keçmiş prezident Saakaşviliyə qarşı bir neçə cinayət işi qaldırılıb və o, qiyabi olaraq azadlıqdan məhrum edilib. Baş nazir Georgi Qaxariya bildirmişdi ki, əgər Saakaşvilini vəzifəyə təyin olunarsa, Gürcüstan Ukraynadakı səfirini, ən azı, məsləhətləşmələr üçün geri çağıracaq. Prezident Salome Zurabişvili isə bununla bağlı bəyanat da vermişdi. Lakin məsələ ondadır ki, Saakaşvili baş nazirin müavini yox, islahatlar üzrə Şura sədri olub. Gürcüstan baş nazirinin müşaviri İrakli Çikovani deyib ki, Saakaşvilinin dövlətin idarəetməsi prosesində iştirakının nəzərdən keçirilməsi onlarda təəssüf doğurur. "Biz hadisələrin inkişafını gözləyəcəyik və lazımi reaksiyanı verəcəyik”, – deyə o bildirib. Onun qənaətincə, Mixail Saakaşvili keçmişin siyasətçisidir və o, nə Gürcüstan, nə də Ukraynaya xeyir gətirəcək.
Saakaşvilinin son təyinatına Moskva şərh vermək istəməyib. Rusiya Ukraynada Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə vəzifə verilməsini şərh etmir. Bu barədə RİA Novosti"yə Kremldəki mənbə danışıb. O deyib ki, təyinat Kiyevin daxili işidir: "Bizim Saakaşviliyə münasibətimiz bəllidir. Biz onu hələ Gürcüstandan tanıyırıq. Həmçinin Ukraynanın keçmiş hakimiyyətində onun hansı problemlərinin olduğunu bilirik. Bu şəxsiyyət, olduqca mürəkkəb və qalmaqallıdır. Onun hər hansı müsbət nələrisə gətirəcəyini söyləmək çətindir. Amma bu, yenə də Ukraynanın daxili işidir və şərh etmirik”.
Yeri gəlmişkən, Ukraynanın daxilində Saakaşviliyə müansibət birmənalı deyil. Məsələn, Ali Radanın "Həyat üçün Müxalifət Platforması” fraksiyasından olan deputatı İlya Kiva deyib ki, əgər ölkədə lider olmasa, Ukrayna əhalisini məhv və ölüm gözləyir. "Ölkəni bir araya gətirə biləcək lider peyda olmayana qədər, biz məhv olacağıq. Lider gərək nizam yaratsın və o, ukraynalıların maraqlarına uyğun hərəkət etmək üçün dəqiq motivasiyaya sahib olmalıdır”, – deyə o bildirib. Kiva Qərbin Ukraynaya ekspansiyasının ikinci mərhələsinin başladığını söyləyib: "Qərb öz kadrlarını Ukrayna hakimiyyətinə salmağa cəhd edir. Bu nümunələrdən biri də eks-prezident Mixail Saakaşvilidir. Bu, Ukraynanın kredit alması üçün şərtlərdən biridir. Vladimir Zelenski xarici təsirə müqavimət göstərmək imkanında deyil. Məhz buna görə, lobbizm hakimiyyətin bütün qolların sıxır”. Ukrayna mediasında da Saakaşvilinin təqdimatına müxtəlif cür yanaşılır. Bildirilir ki, Zelenski əvvəllər nümayişkaranə şəkildə Saakaşvilidən uzaq gəzməyə çalışırdı, bir dəfə isə ünvanına dolayısı ilə tənqid də səsləndirdi. Hazırda Zelenskinin qəfildən Saakaşviliyə hökumətdə çalışmaq təklifi etməsinin səbəbləri barədə müxtəlif versiyalar dolaşır. Bir versiya budur ki, Ukrayna hökuməti özünü Qərbin gözündə kiçildib. Böhran dövründə Kiyevə pul gərək olacaq. Saakaşvilinin isə Birləşmiş Ştatların müəyyən dairələrində nüfuzu qalır. Yəni asanlıqla onlardan pul ala bilər. Digər səbəb də o ola bilər ki, Zelenski və komandasının reytinqi sürətlə aşağı düşür. Vəziyyəti xarizmatik lider, Ukraynada qüvvələr balansını bilən, KİV-lə və ekspertlərlə münasibətlər qurmağı bacaran şəxs dəyişə bilər. Saakaşvilinin də namizədliyi uyğun gəlir. Başqa bir versiya odur ki, Zelenski Saakaşvilini islahatlara məsul təyin etməklə tənqidləri özündən uzaqlaşdırır. Hazırda hər hansı bir islahat mümkün deyil - nə resurs var, nə də bunun vaxtı deyil. Bütün məsuliyyət də Saakaşvilinin üstünə düşəcək. Hakimiyyət də vaxt udacaq.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər