Özəl universitetlər təhsil haqlarını aşağı saldı
Bəzi özəl
ali təhsil müəssisələri bu il təhsil haqlarını endiriblər. 20-30, hətta 50 faizə qədər endirimlər edənlər
var. Bunu təhsil haqlarının ötən il daha yüksək olması ilə də bağlamaq
olar.Çünki 2016-2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə
qəbul üçün yerlər ayrılmış 43 ali məktəbdən 39-da plan yerləri tam dolmamışdı.
Məsələn, Odlar Yurdu Universitetində yerlərin cəmi 11.33%-i (ən aşağı göstəricidir),
Qərb Universitetində 25.05%-i, Azərbaycan Kooperasiya Universitetində 36.07%-i,
Azərbaycan Universitetində 45.38%-i, Bakı Avrasiya Universitetində 49.22%-i,
Bakı Biznes Universitetində isə 59.50%-i dolmuşdu.
Endirimlər
var…
"Universitetlər
bunu fərqli səbəblərlə əlaqələndirirlər. Azərbaycan Universitetinin ictimaiyyətlə
əlaqələr şöbəsindən "Kaspi”yə bildirildi ki, onlarda da müəyyən ixtisaslarda
endirim edilib. Belə ki, bu il 14 ixtisas üzrə qəbul aparılacaq. Onlardan
ikinci qrup ixtisasların yalnız 4-də təhsil haqqı 3000 manatdan 2500-ə
endirilib. Digər 10 ixtisas üzrə təhsil haqqı eyni olaraq qalır. Ölkə üzrə qəbul
statistikasının aşağı olmasını nəzərə alaraq, təhsilin stimullaşdırılması üçün
qiymət endirimlərinə gedildiyi bildirildi.
AzərbaycanKooperasiya Universitetinin mətbuat xidmətinin
rəhbəri Tamerlan Əkbərov bildirdi ki, təmsil etdiyi təhsil müəssisəsində nəzərəçarpacaq
dərəcədə endirimlər olacaq: "18 ixtisas üzrə tələbə qəbulu aparılacaq, onların
hər birində endirimlər gözlənilir. 300 manatdan 1500 manata qədər, hətta daha
çox endirimlər ola bilər. Amma hələ ki tam təsdiqlənmədiyi üçün dəqiqliklə
açıqlama verə bilmirik”.
Qərb
Universitetinin KİV-lə əlaqələr şöbəsinin əməkdaşı Vüsal Məmmədovun sözlərində
görə, universitetdə bütün fakültələr üzrə illik təhsil haqları aşağı salınıb:
"Hazırda təhsil haqları 1500-2000 manat arasındadır. Hazırda Qərb Universiteti
infrastrukturun müasirləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi
istiqamətində iş aparılır. Nəhəng kompleks tikilir. Yeni binalar və müasir
kampusun tikintisini həyata keçirir. Bununla əlaqədar qəbulunun artacağını nəzərə
alaraq, belə bir addım atılıb. Bu prosesə universitetin Qəyyumlar Şurası da dəstək
verir. Bütün bunlar təhsil haqlarının aşağı salınmasına imkan verir”.
Təhsil
haqlarını 30% aşağı salan Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev "Xəzər
Xəbər”ə açıqlamasında bildirib ki, bunun başlıca səbəbi valyutanın məzənnəsində
olan dəyişiklik və universitetin nəzərdə tutulan tələbə qəbulu planının
doldurulmasıdır.
Təhsil haqını endirən digər
bir təhsil ocağı Bakı Avrasiya Universitetindən isə bildirilib ki, ötən il
universitetin qəbul planında 50% yer boş qalıb. Bunu nəzərə alan universitet
rəhbərliyi bu il təhsil haqlarını 300-400 manat aşağı salıb.
Dövlət
universitetlərində endirim gözlənilmir
Bəs dövlət
universitetlərində belə bir endirim gözlənilirmi? Bakı
Dövlət Universiteti rektorunun
maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov qəzetimizə
açıqlamasında bildirdi ki, universitetdə qiymətlər stabil olaraq
qalır, hər hansı endirim gözlənilmir. Onu da qeyd etdi ki, BDU artıq büdcədən
maliyyələşmir, korporativ idarəetməyə keçib.
Azərbaycan
Dövlət Pedaqoji Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov deyir ki,
hazırda universitetdə bütün fakültələrdə təhsil haqqı 1320 manatdır. Təhsil
haqlarının artırılıb, yaxud azaldılacağı ilə bağlı hələ ki heç bir rəsmi məlumat
yoxdur.
Azərbaycan
Texniki Universitetini mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bildirdi ki,
təmsil etdiyi təhsil müəssisəsində ödənişli əsaslarla oxuyan tələbələr üçün təhsil
haqqı ixtisaslar üzrə müvafiq olaraq 1600-1700 AZN təşkil edir: "Mövcud vəziyyətdə
bu məbləğ digər dövlət ali təhsil müəssisələri ilə müqayisədə kifayət qədər
münasibdir. Nəzərinizə çatdırmaq istərdim ki, AzTU-da təhsil haqı əvvəlki illərdə qaldırılmayıb, sosial-iqtisadi
vəziyyət nəzərə alınaraq, hər kəsin gücü çata biləcək səviyyədə saxlanılıb. Buna
görə də təhsil haqlarının növbəti qəbul ili üçün aşağı salınması hazırda
müzakirə mövzusu deyil. Universitetimizdə son illər yaradılan təhsil mühiti,
maddi-texniki baza, kadr potensialı və ödənişli əsaslarla təhsil alan tələbələr
üçün münasib məbləğ zənnimcə, abituriyentlərin AzTU-nu seçməsinə səbəb olacaq”.
"Universitetin
də fəaliyyəti ödənişlərdən asılıdır”
Qiymətlərdə
endirim olmasının səbəblərini qəzetimizə şərh edən təhsil eksperti Nadir İsrafilov bildirdi ki, universitetlərimizdə təhsil
haqları elə bir məbləğdədir ki, əhalinin böyük hissəsinin onu ödəmək
iqtidarında deyil: "Bu gün müxtəlif statistika səslənir. Ötən il belə bir
statistika açıqlandı ki, 1000 nəfər tələbə bir tədris ilində ali məktəbə yüksək
balla daxil olub, ödəniş imkanı olmadığı üçün təhsilini yarımçıq qoyub. Sonra
başqa bir fikir səsləndirildi ki, 10 minə qədər tələbənin ödənişlə əlaqədar təhsilini
davam etdirmək imkanı yoxdur. Bu gündəmdə olan ən aktual məsələdir.
Statistikadakı rəqəmin dəqiq olub-olmamağından söhbət getmir. Amma fakt odur
ki, əhalinin böyük hissəsinin həmin məbləğləri
ödəmək imkanları yoxdur. Buna görə də şübhəsiz ki, təhsildən kənarda
qalırlar”.
N.İsrafilov
deyir ki, ödəniş olmadan isə universitetlərin fəaliyyəti çətinləşir: "Dünya təcrübəsində
bu, müxtəlif şəkildə həyata keçirilir. Məsələn, elə ölkələr var ki, onlarda
dövlət təhsil müəssisələrində ümumiyyətlə, ödəniş yoxdur. Özəl məlum, amma bizdə
dövlət təhsil müəssisələrində də 80 faiz təhsil ödənişlidir. Bu, şübhəsiz ki,
plan yerlərinə də öz təsirini göstərir. Bu mənada ayrı-ayrı universitetlər güzəştə
getməli olurlar. Çünki universitetin də fəaliyyəti ödənişlərdən asılıdır. Bu
gün bəzi universitetlər tələbələrin ödənişlərini birinci il birdəfəlik tələb etsələr də, növbəti illərdə müəyyən güzəştlər
verilir, hissə-hissə ödəyirlər. Bəzi universitetlərdə elə problemlər yaranır
ki, tələbələrin bəziləri imkanları olmadığı üçün 2-3 il ödəniş edə bilməyiblər.
Tələbələrin 4-5 milyon manata qədər borcu qalıb. Universitetlərin müəllimlərinin
əmək haqları, tələbələrin təqaüdləri və digər xərclər bu ödənişlər vasitəsilə
formalaşır. Əgər o ödənişlər yığılmırsa, universitet öz müəlliminə əmək haqqı
verməyəcək. Ona görə də bu, problemli məslədir”.
"Təhsil
kreditləri ilə bağlı qanun yaxın illərdə vacib olacaq”
Ekspertin
sözlərinə görə, bu məsələnin ortaq nöqtəsi dünya təcrübəsində təhsil kreditləridir:
"Dünya təcrübəsində təhsil haqlarını ödəmək imkanı olmayan tələbələrə aşağı
faizlə, uzunmüddətli kreditlər verilir. Məsələn, 4-5, yaxud 6 faizlə. Tələbə
universiteti bitirib işləyən zaman isə əməkhaqqından o krediti ödəyir. Bizdə də
tələbələrə təhsil krediti verilməsi məsələsi dəfələrlə gündəmə gəlib. Amma
banklarımız bu faizlə kreditə getmirlər, eyni zamanda bankların təminatı yoxdur
ki, tələbələr universiteti bitirəndən sonra iş tapıb nə vaxtsa borcu qaytara
biləcəklər. Biz bu prosesdə keçid dövrünü yaşayırıq. Boloniya prosesinə
qoşulmuşuq. İndi bəzi universitetlərdə təhsil haqqını ödəyə bilməyən tələbələri
imtahana buraxmırlar. Sonra o təhsil haqqını ödəyir, amma yenidən imtahana girmək
üçün kredit pulu ödəyir. Bu cür problemlər var. Ötən il kömək məqsədilə "Maarifçi" Tələbə Kredit Fondu yaradıldı. Onlar hardasa 200-ə qədər tələbəyə
kredit verməklə, köməklik edirlər. Milli Məclisdə dəfələrlə Təhsil Krediti
haqında qanun qəbul olunması gündəmə gəlib. Bu məsələ gündəmə gətirilsə də, hələ
də qalıb. Hesab edirəm ki, bu, yaxın illərdə vacib detala çevriləcək. Çünki tələbənin
xərci təkcə təhsil haqqı deyil axı.
Rayondan gələnlərin hələ digər xərcləri də çox olur”.
"Güzəştə getməyənlər
də güzəştə getməli olacaqlar”
N.İsrafilov
qeyd etdi ki, tələbə üçün təhsil almaq mühiti rahat olmalıdır: "Dünyada daha
yüksək reytinqdə olan universitetlərin elə uğurlu olmasının sirri bilirsiniz nədir?
Ona görə ki, onlarda kampus sistemidir. Tələbə yataqxana, tədris materialı,
kitabxana digər məişət problemlərindən azaddır. Onların vəzifəsi ancaq
oxumaqdır. İdman zalı, kafe, yatmaq yerləri də ordadır, tıxaca düşmürlər. Orda
tələbələrin işləyə biləcəyi müxtəlif iş yerləri də var. Bizim tələbələr isə
ancaq sosial problemlərlə əlləşirlər. Ona görə də təhsil istədiyimiz səviyyədə
olmur. Şübhəsiz ki tələbələrin təhsil kreditləri məsələsi həll olunmalıdır. Ödənişlər
əhalinin sosial vəziyyətinə adekvat deyil. 1500 manat olan təhsil haqqını belə
ödəmək iqtidarında olmayanlar var. Hesab edirəm ki, bu məsələ üzərində iş gedir,
ayrı-ayrı universitetlər müəyyən güzəştlər edirlər. Güzəştə getməyənlər də güzəştə
getməli olacaqlar. Çünki universitetin fəaliyyəti tələbədən asılıdır”.
Aygün Asimqızı