• cümə, 19 Aprel, 00:58
  • Baku Bakı 18°C

Özəl teatrların özəl problemləri

22.01.20 10:30 2663
Özəl teatrların özəl problemləri
"Bu gün yaranan və özünü qoruyub saxlaya bilən özəl teatrların direktorları fədaidir”

Teatr sevgi və zəhmət işidir. Əgər ortada sevgi varsa, yaranan bütün əngəlləri aşmaq daha asan olur. Bu baxımdan, özəl teatr yaratmaq, onu ayaq üstə saxlamağı bacarmaq yaradıcı heyətdən sevgi, diqqət, zəhmət, əsəb, stress, yuxusuz gecələr tələb edir. Burada çalışan aktyorlar heç bir məvacib almadan, sadəcə sevgisinə görə nələrsə etməyə çalışma çabaları ilə sadəcə alqışa layiqdir.
Sevindirici haldır ki, artıq dövlət teatrları ilə bərabər, özəl teatrlarımız da fəaliyyət göstərir. Di gəl ki, onların qayğıları, üzləşdikləri problemlər teatrın rəhbərlərini ruhdan salmaq üçün sanki mübarizə aparır. Biz də özəl teatrlarla əlaqə saxlayıb, onların üzləşdikləri problemləri xəbər almağa çalışdıq. Öyrəndik ki, bütün problemlərin başında diqqət, qayğı və maliyyə məsələləri dayanır.

"Bizdə təşkilatçılıq işləri çox zəifdir”
"Ol” teatrının təsisçisi, rejissor Namiq Ağayev qeyd etdi ki, özəl teatr yaratmaq üçün ilk növbədə onun PR işi güclü qurulmalıdır: "Yeni teatr yaradılanda, ilk iş onun PR menecerinin tapılması olmalıdır. Bəzən Kukla Teatrına "valyuta teatrı” deyirlər, çünki çox gəlirli sahədir, ancaq təəssüf ki, bizdə bu sahədə ixtisaslaşan PR meneceri yoxdur. Biz bu teatrı ayaqda saxlamaq üçün çox çətinliklərlə üzləşdik. Ümumiyyətlə sənət adamları kövrək qəlbli və bir o qədər də qürurlu olur. Onlar qapı ağzında görünmək, gözləmək, kiminsə minnətini götürmək, nazını çəkmək, aylarla məktub yazmaq, ona cavab gözləmək kimi məsələlərdə o qədər də səbirli ola bilmirlər. Mən teatrın daha çox yaşaması üçün bu proseslərlə bir qədər məşğul oldum və bir dəfə cəhd etdikdən sonra yaranan vəziyyəti görüb, geri çəkildim. Teatrın əsas direktoru və bədii rəhbəri Ramin Asimoğlu idi. Biz onunla birlikdə teatrı öz vəsaitimizlə saxlamaqdan yorulduq. Nəticədə teatrı bağlamaq qərarına gəldik. Mən bu teatrı ayaq üstə saxlaya bilmədim. Bu gün yaranan və özünü qoruyub saxlaya bilən özəl teatrların direktorları fədaidirlər. Çünki onlar çox böyük əziyyətlərdən keçirlər. Özəl teatrı saxlayan insanların normal sənət cameəsindən 3 dəfə artıq aktiv olması vacibdir. Yəqin ki, mən bir az yaşlanmışam. Enerjim ancaq yaradıcılıqla məşğul olmağa çatır. Təşkilatçılıq işlərinə qaçmağa gücüm qalmayıb. Bizdə təşkilatçılıq işləri çox zəifdir”.

"Özəl teatrlar arasında lazım olmayan rəqabət var”
ƏSA teatrının rəhbəri və rejissoru Nihat Qulamzadə bizimlə söhbətində özəl teatrların bu gün ən böyük problemlərindən birinin məşq etməyə məkanın olmaması olduğunu vurğuladı: "Şəhərin mərkəzinə yaxın bir yerdə icarəyə ofis götürmüşük, tamaşalarımızın məşqlərini orda edirik. Reallıq budur ki, tamaşadan əldə etdiyimiz gəlir icarə haqqını ödəməyə çatmır. Ümumilikdə götürsək, özəl teatrların təşviqat baxımından, xüsusən də bilet satışı ilə bağlı bir çox problemləri var. Bu baxımdan, özəl teatrların PR-na hesablanmış layihələrin hazırlanmasına ehtiyac var. ƏSA teatrının problemlərinə gəldikdə isə, ən böyük çətinliyimiz daimi məkanımızın olmamasıdır. Düzdür, artıq ayda bir dəfə dövlət teatrının səhnəsində tamaşa nümayiş etdirmək imkanı əldə etmişik. Ötən il mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət ünvanlayaraq ƏSA teatrı kollektivinin teatr səhnələrində tamaşa oynamasında çətinliklər yarandığını qeyd etmişdim. Məktubuma operativ şəkildə nazirlikdən cavab gəldi və hər ay bizə bir dəfə dövlət teatrının səhnəsində oynamaq üçün teatr səhnəsi həvalə olundu. Fəaliyyətimizdə tamaşanın məşqləri, heyətin yetişdirilməsi ilə bağlı da çətinliklərimiz olur”.
N.Qulamzadə özəl teatrların günü-gündən artmağa başladığını və bunun gözəl bir hal olduğunu qeyd etdi: "Bəzən deyirlər ki, "hər yerindən duran teatr yaradır”. Əslində bu, normaldır və bunun qarşısı alınmamalıdır. Nə qədər çox özəl teatr yaradılsa, bir o qədər də Azərbaycan teatrı gündəmə gələcək. Sadəcə olaraq, özəl teatrlar yaranandan sonra pərakəndə şəkildə dağılmamalı, bir-biri ilə ünsiyyət qurmağı bacarmalı və daimi münasibətdə olmalıdırlar. Tamaşaların PR-ında, təbliğatında da bir-birlərinə dəstək olmalıdırlar. Bundan sonra rahat deyə bilərik ki, yaxşı ki, özəl teatrlar yaranıb və bir-birinə dəstək olurlar. Təəssüf ki, hazırda özəl teatrlar arasında lazım olmayan rəqabət var. Özəl teatrlar bir-biri ilə münasibət qurmağı bacarmasa, təbii ki, onların yaranma zəmini şübhə altına düşəcək və onların ömrü o qədər də uzun çəkməyəcək. Bu gün özəl teatrlar da bir-birindən fərqlənir, belə ki, plastika, kukla, zirzəmi teatrlarının üslubları fərqlidir. Özəl teatrlar öz güclərini birləşdirsələr, daha yaxşı olar. Mən ƏSA teatrının rəhbəri olaraq digər teatrlara müraciət etmişəm. Ancaq görürəm ki, hər kəs çalışır, öz qınına çəkilib nəsə etsin. Ancaq heç biri bilmir ki, çəkilməyə bir qınımız yoxdur. Yaradıcılıq cəhətdən, təbii ki, hər birimizin spesifik xüsusiyyətlərimiz var, ancaq PR və reklam işində bir araya gələ bilərik. Bu gün özəl teatrlar hətta bir-birləri ilə tamaşaçılarını da bölüşməyi bacarmalıdırlar. Bu gün ƏSA teatrı müstəqil teatrlar arasında özəl teatrlardan gələn dəstəyə ehtiyacı olmayan teatrdır. Sadəcə, teatrla məşğul olan bir şəxs kimi istərdim ki, özəl teatrlar daha aktiv olsun və bağlanmasınlar, böyüsünlər və fəaliyyət göstərsinlər”.

"Eksperimentləri müstəqil teatrlar həyata keçirir”
"Rebus” teatrının bədii rəhbəri və rejissoru Ceyhun Dadaşov qeyd edir ki, teatrı yaratmaqda əsas problemlər gəlib maddiyatın üzərində dayanır: "Tamaşanın nümayişində əsas rol oynayan geyim, rekvizit, afişa, bilet - bunların hamısı maliyyənin üzərində dayanan məsələlərdir. Əvvəllər özəl teatrlar tamaşa oynamaq üçün məkan problemi ilə üzləşirdi. 2019-cu ilin sonunda Mədəniyyət Nazirliyi tərəfindən bu problem həll olundu. Özəl teatrlara ödənişsiz olaraq ayda bir dəfə tamaşa göstərmək üçün məkan verildi. Tamaşa nümayiş etdirmək üçün məkan məsələsi həll olunsa da, tamaşanın məşqi üçün məkan problemi hələ də mövcuddur. Bundan başqa, özəl teatrlarda işləyən aktyorlar məvacib almır, onlar bu işdən zövq aldıqları üçün işləyirlər”.
C.Dadaşov deyir ki, özəl teatr yaradan insan ilk növbədə yuxusuzluğu, istirahətsizliyi gözə almalıdır: "Özəl teatrda məşq prosesi rəsmi işlərdən sonra başlayır. Belə ki, aktyor rəsmi olaraq harada işləyirsə, işdən sonra teatra gəlib burada məşğul olur”.
Aktyor bildirir ki, Azərbaycanda SSRİ dağıldıqdan sonra özəl teatrların yaranması prosesi özünü doğrultdu və bir neçə özəl teatr yaranmağa başladı: "Həmin illərdə Pantomima, Gənclər, Kamera, Yuğ, İlham Miniatür teatrları yarandı. Bu gün sözügedən teatrlardan bir neçəsi artıq dövlət statusu alıb. Eksperimentləri həmişə müstəqil teatrlar həyata keçirir. Onların uğursuzluğu qlobal deyil. Hansısa gənc rejissorun bu gün Akademik Milli Dram Teatrında eksperiment edib, nəyisə yoxlaması məqsədəuyğun deyil. Ancaq müstəqil teatrlar bunu edirlər və az da olsa teatrın inkişafına təkan vermiş olurlar. Özəl teatrlar dövlət teatrına təkan verir. Müstəqil teatrlar yaxşı tamaşalar qurmasalar da, peşəkar aktyor heyəti təşkil edə bilməsələr də, tamaşaçı olmadıqda, yaşaya bilirlər. Dövlət teatrlarını isə dövlət maliyyələşdirir, onsuz da onlar məvacib alırlar və bu da teatrın mövcudluğunu davam etdirir. Ancaq özəl teatr 2 və ya 3 uğursuz tamaşadan sonra məhv olmağa məhkumdur. Bu baxımdan, özəl teatrların risk alma ehtimalı daha çoxdur”.

"Bilet satışından gəlir əldə etmək özəl teatr üçün real deyil”
Şah Mat teatrının direktoru və rejissoru Mir Qabil Əkbərov deyir ki, özəl teatrların ən böyük problemi məkan və tamaşa göstərmək üçün səhnənin olmamasıdır: "Artıq Mədəniyyət Nazirliyi tərəfindən ayda bir dəfə özəl teatrlara yer ayrılıb. Amma real danışsaq, ayda bir dəfə əldə olunan gəlirlə nəsə etmək mümkün deyil. Onun üçün hesab edirəm ki, hər teatrın özəl binası olmalıdır. Biz zirzəmi teatrı olaraq tamaşa göstərdiyimiz məkanlarda müəyyən problemlər yaşadığımız üçün tez-tez məkanı dəyişirik. Təbii ki, bu artıq aktual problem olaraq mövcuddur. Özəl teatrın öz ayaqları üzərində durması üçün ilk növbədə çalışqan, istedadlı və möhkəm kollektivə ehtiyac var. Teatrın yaranmasında isə əsas məsələlərdən biri maliyyə dəstəyinin olmasıdır. Yaranan hər bir özəl teatrın özünəməxsus üslubu mütləqdir və o üsluba uyğun tamaşaçı kütləsinə ehtiyac var. Ümumiyyətlə, teatr üç şey üzərində qurulur - aktyor, dramaturq və tamaşaçı. Hər şeydən əvvəl yaradılan üslub tamaşaçıya maraqlı gəlməlidir. Bunun üçün ilk növbədə düzgün teatr üslubu seçib, o üsluba uyğun tamaşaçı kütləsi toplamaq lazımdır. Bilet satışından gəlir əldə etmək, təbii ki, özəl teatr üçün əlçatan deyil. Maliyyə dəstəyi olmadığı üçün biletdən gələn gəlirin üzərinə pul qoyub, yeni tamaşaların hazırlanması üçün vəsait yaradırıq. Bu vəsaiti tamaşaların reklamı, afişası və biletinə xərcləyirik. Teatrın kollektivi, içi mən qarışıq, tamaşadan gələn gəlirə əl vurmur. Çünki gələn gəliri aktyorlar arasında bölsək, yerdə heç nə qalmayacaq. Maliyyəsiz isə heç nə hazırlana bilməz. Mən də iki il əvvəl bu zirzəmi teatrını yaratdım. Bu illər ərzində məkan, reklam, maliyyə sarıdan bir çox çətinliklərimiz oldu. Maliyyəmiz olmadığı üçün kirayə məkan götürə bilmirik və bunun üçün də kiminsə kölgəsində işləmək məcburiyyətindəyik. Teatr ilk növbədə reklam olunmalıdır, reklam üçün isə maliyyə lazımdır. Tamaşanın keyfiyyətli alınmasında maliyyənin rolu böyükdür. Nə qədər yaxşı rejissor və aktyor olsa da, maliyyə olmadıqda tamaşa zəif alınır”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər