• cümə, 29 Mart, 15:09
  • Baku Bakı 14°C

Özəl teatrların kadr problemi

21.04.20 19:14 1558
Özəl teatrların kadr problemi
"Peşəkar aktyorlar bu işdən qonorar almağın mümkünsüz olduğunu bizdən daha yaxşı bilirlər”

Bu gün ürək açıqlığı teatrlardan bəhs edəndə, özəl teatrlarımızın fəaliyyəti ilə də öyünürük. Adından da məlumdur ki, özəl teatrlar öz maliyyələrinin hesabına var olublar. Ancaq bölgə teatrlarından peşəkar aktyorlar uzaq düşdüyü kimi, bu teatrlarda da sözünü demiş peşəkar aktyorlara çox az rast gəlinir. Xalq və əməkdar artistlər isə özəl teatrlarda çalışmağa dırnaqarası baxırlar. Bəzən də elə bir məbləğ istəyirlər ki, özəl teatrın təkcə bir tamaşası həmin məbləğə başa gəlir. Belə olduğu halda, özəl teatrlar gənclərin ümidinə qalır. Özəl teatrlar kadr problemini necə həll edirlər? Aktyoru heç bir məvacib ödəmədən teatra cəlb etməyi necə bacarırlar?

"dOM" Teatrının rəhbəri Tərlan Rəsulov deyir ki, aktyorların özəl teatrlarda çalışmağa kifayət qədər marağı var: "Aktyorları teatrlara cəlb edən teatrın adı deyil, onlara təklif olunan materialın keyfiyyəti və pyesin aktuallığıdır. Danılmaz faktdır ki, bu gün aktyorları işin maddi tərəfi daha çox maraqlandırır. Aktyorlar özəl teatrdan təklif aldıqda, əsas bu aspektləri nəzərə alırlar. Peşəkar aktyoru özəl teatra cəlb etmək dedikdə elə anlaşılmasına ki, özəl teatra qeyri-peşəkarlar cəlb edilir. Peşəkar aktyor rahatlıqla hansısa seriala çəkilir və bəzən çəkildiyi serialın keyfiyyətinə deyil, maliyyəsinə baxır. Serialların keyfiyyəti haqqında söhbət etmək istəmirəm. Həmin aktyor ondan peşəkarlıq baxımından qat-qat zəif biri ilə çalışır və ona edilən təkliflərlə razılaşır. Bu, peşəkarlıq deyil, işin maddi tərəfinin faydasıdır. Nəinki peşəkar, sıravi həvəskar aktyorların cəlb edilməsi də eyni faktorlar əsasında baş tutur. Özəl teatrlar aktyorlara serialların verdiyi qədər pul ödəyə bilmir. Təkcə Azərbaycanda deyil, hər yerdə belədir. Aktyor üçün teatr gəlir mənbəyi deyil. Aktyor üçün teatr özünü inkişaf etdirmək, uğur qazanmaq cığırı və öz bazasını doldurmaq üçün ideal məkandır".

"Reburs" Teatrının yaradıcısı və rəhbəri Ceyhun Dadaşov bildirir ki, hər teatrın özünün bir siyasəti var və ona uyğun şəkildə hərəkət edir: "Reburs” Teatrı 4 aktiv aktyordan ibarətdir - Elnur İsmayılov, Əli Əlizadə, mən və Nazlı Abbasova. Tamaşalarda əlavə aktyora ehtiyac olduqda isə, kənardan dəvət edirik. Elə aktyorlar var ki, onlar teatra maliyyə üçün getmirlər. Onlara maraqlı olan tamaşalarda iştirak etmək istəyidir. Biz onlara bu şansı yaratmış oluruq. Mənəvi dünyasını zənginləşdirmək üçün bizimlə çalışan həmin aktyorlar heç bir maddi maraq güdmürlər. Çalışırıq ki, o aktyorları mövzu ilə maraqlandıraq. Bəlkə çalışdıqları teatrlarda edə bilməyəcəkləri plastikanı, performansı bizim teatrda etmək imkanı əldə edirlər. Burda istək daha çox yer alır".

C.Dadaşov "Reburs" Teatrında yaşlı nəslin aktyorları ilə çalışmadığını qeyd edir: "Hələ ki işləmədiyim aktyorlar barədə danışmaq istəmirəm. Ancaq sənətdə sözünü demiş aktyorlar var ki, söhbət əsnasında ehtiyac varsa, bizə kömək edə biləcəklərini söyləyiblər. Gənclərlə işləmək onlara maraqlıdır. Özləri anlayır ki, inkişaf etmək və yeni nələrsə öyrənmək üçün bu mütləqdir. Yaşlı nəslin aktyorlarının bizimlə işləməsi xeyrimizədir. Həm də onun xeyrinədir ki, gənclərlə çalışdıqda, başqa bir baxış bucağından da fərqli bir iş görmüş olur. Bir də vicdan deyilən bir şey var. Bu tamaşanı oynayıb, pul götürürəmsə, mənim həmin aktyora pul ödəməməyim vicdansızlıqdır. Hamı bilir ki, gəlir tamaşaya sərf etdiyimiz detallara xərclənir. Tamaşadan əldə etdiyimiz o cüzi gəliri sabahkı tamaşaya xərcləyirik".

Şah Mat Teatrının rəhbəri Mir Qabil deyir ki, onlar fəaliyyətə başlayanda 2 nəfərdən ibarət olsalar da, zamanla teatrın yaradıcı heyətinin sayı artmağa başlayıb: "Hər teatrın özünəməxsus bir üslubu var. Biz çalışdıq ki, yaratdığımız teatrın üslubuna uyğun olan aktyorları cəlb edək. Gənclər arasında təklifimizi qəbul edənlər daha çox oldu. Belə ki, onlardan bəziləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları idi. Onların özlərini gördükləri üslub bizə yaxın olduğu üçün birlikdə çalışırıq. Özlərini daha çox bu istiqamətdə inkişaf etdirə bildilər. Əvvəllər biz gənc aktyorları dəvət edirdiksə, indi özləri bizimlə çalışmaq üçün müraciət edirlər. Yaradıcı heyətimizin sayı günü-gündən artır".
Mir Qabil qeyd edir ki, yaşlı nəslin aktyorları ilə iş birlikləri olmayıb: "Peşəkar aktyorlar filmlərdə və seriallarda belə risk edib istəyə bilmədikləri qonorar tələb edirlər. Ancaq mən heç zaman özəl teatrdan qonorar istəyən peşəkar yaşlı aktyorla qarşılaşmamışam. Yəqin ki, onlar bu işin nə qədər çətin və məşəqqətli olduğundan xəbərdardırlar. Bu işdən qonorar almağın mümkünsüz olduğunu bizdən daha yaxşı bilirlər. Hətta bizim tamaşalara gələn bir neçə görkəmli aktyorumuz "sizə əlimdən gələn dəstəyi göstərməyə hazıram" deyiblər. Düzdür, indiyə qədər heç bir peşəkar, yaşlı aktyora obraz təklif etməmişəm. Əvvəl mən də düşünürdüm ki, onlara tamaşamızda hər hansı obraz təklif etsəm, qəbul etməzlər. Amma sonra fikirlərimdə yanıldığımın şahidi oldum. Onlar bizim tamaşalarımıza gəlməklə belə dəstəyin ən bariz nümunəsini təqdim etmiş olurlar. Artıq bundan sonra tamaşalarımızda yaşlı nəsil aktyorlara da müraciət edəcəyik".
Rejissor qeyd edir ki, bir aydan sonra məşqlərinə başlayacağı Hüseyn Cavidin "İblis" əsərində gənc nəslin nümayəndələri ilə birlikdə yaşlı nəslin aktyorları da yer alacaq.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər