AZE | RUS | ENG |

Özəl sektorun sənaye sahəsində rolu artırılır

Özəl sektorun sənaye sahəsində rolu artırılır
Ekspertlər deyir ki, bu proses mərhələli şəkildə həyata keçirilməlidir

Bu günlərdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov  Trend-ə verdiyi müsahibədə  Azərbaycanda fəaliyyət göstərən sənaye parkları ilə bağlı bəzi vacib  məqamları qeyd edib. O bildirib ki, beynəlxalq təcrübəyə əsasən, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatında ixracın həcminin çoxalması, idxalı əvəz edən məhsulların istehsalının və məhsulların rəqabət qabiliyyətinin artması, məşğulluğun təmin edilməsi, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir: "Bu baxımdan yanaşıldığında ölkəmizdə yaradılan sənaye parkları da yuxarıda qeyd edilən məqsədlərə xidmət etməkdədir. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini nəzərdə tutan siyasətin bir hissəsidir”.
Nazir müavininin sözlərinə görə, hazırda ölkənin qarşısında duran əsas çağırışlardan biri iqtisadiyyatın ixrac yönümlülüyünün təmin edilməsi və idxalın əvəzlənməsidir: "Ölkəmizdə yaradılan sənaye parklarının da bu məqsədlərə xidmət edəcəyi nəzərdə tutulur. Sənaye parklarında istehsal olunan məhsulların ölkənin tələbatını ödəməklə yanaşı, gələcəkdə ixrac olunması da nəzərdə tutulur ki, bu da öz növbəsində, ölkənin xarici ticarət balansına öz müsbət töhfəsini verəcək”.
N.Səfərov həmçinin qeyd edib ki, "Strateji Yol Xəritəsi”nin tədbirlər planında ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə regionlarda sənaye zonalarının yaradılması nəzərdə tutulub: "Sözügedən sənədə əsasən, Azərbaycanda mövcud olan sənaye zonaları dövlət tərəfindən dövlət vəsaiti hesabına yaradılıb. Bununla əlaqədar olaraq, gələcəkdə xüsusi iqtisadi zonalar, sənaye parkları və məhəllələrinin infrastrukturunun özəl sektor tərəfindən özəl kapital hesabına yaradılması təşviq ediləcək”.
Sənaye parklarının yaradılması prosesinə özəl sektorun cəlb edilməsi hansı perspektiv vəd edir?  
Millət vəkili Aydın Hüseynov deyir ki, sənaye parklarının sayının artırılması çox mühümdür: "Hal-hazırda sənaye parkları üçün dövlət tərəfindən ilkin olaraq şərait yaradılıb. Binaların tikintisi, müəyyən qurğuların quraşdırılması  və digər infrastruktur tədbirləri dövlət tərəfindən həyata keçirilir və orada müxtəlif  özəl şirkətlər fəaliyyət göstərir. Növbəti dövrlərdə belə  infrastruktur layihələrini şirkətlər özləri də inşa edəcəklər.  Bu baxımdan, hesab edirəm ki, bu, xeyli effektiv bir addımdır. Yəni bundan sonra dövlət ilkin olaraq sənaye parklarının yaradılması üçün uyğun şərait yaradacaq və şirkətlər orada öz fəaliyyətlərini davam etdirəcəklər. Artıq bir müddət sonra  bütün xərclərin özəl şirkətlər tərəfindən həyata keçiriləcəyi gözlənilir ki, bununla da dövlətin üzərinə düşən yük xeyli azaldılacaq. Qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından ən effektiv sahələrdən biri də sənaye sahəsidir. Ona görə də strategiyaya uyğun olaraq, bir çox yerlərdə, yəni iri şəhərlərdən başqa, digər regionlarda da sənaye parklarının yaradılması xeyli  məqsədəuyğundur. Sənaye məhəllələri və parklarının genişləndirilməsi böyük zərurətdən irəli gəlir. Gələcəkdə onların sayının artacağı təqdirdə ÜDM-in  tərkibində özəl sektorun payının hətta  85 faiz olacağı gözlənilir”.
İqtisadçı-alim Vüqar Bayramov bildirdi ki, özəl sektorun təşviqi çox vacib məsələdir: "İqtisadiyyatın sənayeləşməsi, yəni iqtisadiyyatda aqrar sektorla yanaşı, sənaye sahəsinin də inkişafı və təşviq edilməsi sənaye məhsullarının ixrac imkanlarının genişləndirilməsi və  daha dayanıqlı məhsul istehsalı deməkdir. Beləliklə, nəticə etibarilə Azərbaycanda istehsal olunacaq sənaye məhsullarının ixrac imkanları genişlənəcək. Bu baxımdan, sənaye parkları indi dövlət tərəfindən yaradılır və təşviq edilir. Amma eyni zamanda bu parkların yaradılmasında özəl sektorun təşviqi də çox vacibdir. Dövlət infrastruktur mühiti yaradır. Amma eyni zamanda, özəl sektorun da burada iştirakına, investisiya qoyuluşunda  payının artırılmasına ciddi ehtiyac var. Düşünürəm ki, özəl sektorun payının artırılması praktiki olaraq sənaye parklarının əhəmiyyətinin artırılması baxımından vacibdir. Bu həm də imkan verəcək ki, özəl sektor sənaye parklarının yaradılmasında və müəssisə istehsalında daha yaxından iştirak edə bilsin.  Özəl sektor üçün sənaye parklarının mövcudluğu güzəştlərdən istifadə imkanları deməkdir. Özəl sektor nə qədər aktiv olarsa və  nə qədər çox investisiya qoyuluşu həyata keçirərsə, iqtisadiyyat üçün o qədər çox əlavə dəyərin yaradılmasına imkan yaranır. Özəl sektorun sənaye parklarında iştirakı həm də özəl sektorun sənaye məhsullarındakı payının artmasına gətirib çıxaracaq. Sənaye məhsullarının həcmində və bu kontekstdə müxtəlif artımların olacağı gözlənilir. Növbəti dövrlərdə özəl sektorun sənaye parklarında istehsal edilən ümumi məhsulun yarısına və daha sonra üçdə iki hissəsinə qədər artımı nəzərdə tutulur. Özəl sektorunun iştirakı mərhələli şəkildə həyata keçiriləcək”
 
Millət vəkili Vahid Əhmədov hesab edir ki, sənaye parkları qeyri-neft sektorunun mühüm hissəsini təşkil edir: "Azərbaycanda xeyli sayda sənaye məhəllələri və parkları yaradılıb.  Bu parkların yaradılmasına sərmayə dövlət tərəfindən qoyulur.  Amma sənaye parklarının gəlirləri haqda danışmaq üçün hələlik bir qədər tezdir. Bu, yəqin ki,  cari ilin axırında bəlli olacaq. Sözügedən sahədə çox ciddi işlər görülüb, bölgələrdə bir çox işlər başa çatdırılıb. Amma hesab edirəm ki, özəl sektoru bura cəlb etməzdən əvvəl, diqqətli olmaq lazımdır. Çünki sənaye parklarının inkişafında əsas məqsəd qeyri-neft sektorunun inkişafıdır. Sözügedən sahələr qeyri-neft sektorunun əsas qollarından biri hesab olunur. Ona görə də düşünürəm ki özəl sektorun bu sahəyə vəsait qoyuluşunun təşviqi iqtisadiyyata xeyli müsbət təsir göstərə bilər. Amma bu məsələ zamanla öz həllini taparsa, daha yaxşı olar. Hələlik bu sahəyə nəzarət dövlətin əlindədir”.
 
Şəbnəm Mehdizadə

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000