• cümə, 19 Aprel, 06:11
  • Baku Bakı 13°C

“Özəl sektorun inkişafına dövlət dəstəyi sahibkarlığın inkişafını stimullaşdırır”

19.11.14 16:28 1272
“Özəl sektorun inkişafına dövlət dəstəyi sahibkarlığın inkişafını stimullaşdırır”
Bu gün Masallıda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların iştirakı ilə "Aqrar-sənaye kompleksinin rəqabətqabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər" mövzusunda növbəti müzakirələr keçirilib.
Tədbirə sahibkarlarla yanaşı, İqtisadiyyat və Sənaye (İSN), Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) nümayəndələri iştirak ediblər.
İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, müzakirələrdən əvvəl tədbir iştirakçıları Lənkəran iqtisadi rayonunda istehsal edilən kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olublar. Maraqla qarşılanan sərgidə 30-dan çox sahibkarlıq subyektinin ixracyönümlü və rəqabətqabiliyyətli 100-dən çox çeşiddə məhsulları nümayiş etdirilib.
Sonra müzakirələrdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, yaradılmış əlverişli biznes və investisiya mühitinə uyğun olaraq regionlarda yeni və yerli resurslara əsaslanan müasir müəssisələrin yaradıldığını, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndiyini və ixrac imkanlarının artdığını qeyd edib. Nazir müavini qeyri-neft sektorunda istehsal olunan ixracyönümlü yerli məhsulların ənənəvi bazarlarla yanaşı, bir sıra yeni xarici bazarlara da ixrac edildiyini vurğulayıb. Bununla belə, ixrac imkanlarının daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Özəl sektorun inkişafına kompleks dövlət dəstəyi, dövlət proqramlarının icrası, sahibkarların güzəştli kreditlər hesabına maliyyələşdirilməsi, biznes inkubatorların yaradılması və sair kimi tədbirlər sahibkarlığın inkişafını stimullaşdırır, ixrac imkanlarını daha da artırır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallıda da infrastruktur təminatının yaxşılaşdığını, sahibkarlıq fəaliyyətinin genişləndirildiyini, rayonda özəl bölmənin sürətlə inkişaf etdiyini, dövlət dəstəyi ilə yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını diqqətə çatdırıb. İcra başçısı Masallıda yüksək keyfiyyətli, rəqabətə davamlı və ixracyünömlü məhsul istehsalının daha da genişləndirilməsi üçün həyata keçirilən tədbirlərdən bəhs edib.
Çıxışında Azərbaycanda aqrar sahənin inkişafına böyük önəm verildiyini qeyd edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bu sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri barədə məlumat verib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini Lənkəran iqtisadi rayonunda, o cümlədən Masallıda istehsal olunan kənd təsərrüfatı məhsullarının geniş ixrac imkanlarına malik olduğunu, bununla belə keyfiyyətli məhsul istehsalının, beynəlxalq standartlara uyğun markalanmanın və qablaşdırmanın bu sahədə vacib məsələlərdən olduğunu diqqətə çatdırıb.
Tədbirdə Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycan İnvestisiya Şirkətinin, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və AZPROMO-nun nümayəndələri biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın dəstəklənməsi və inkişafı, güzəştli maliyyə vəsaitlərinə çıxış imkanları, regionların inkişafına dəstək, ölkədə istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixracının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.
Tədbir sahibkarların suallarının cavablandırılması və sahibkarları maraqlandıran məsələlər ətrafında müzakirələrlə davam etdirilib.
Çıxış edən sahibkarlar ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib, yaradılmış əlverişli biznes mühitindən istifadə edərək məhsul istehsalının və ixracın artırılması istiqamətində görüləcək işləri diqqətə çatdırıblar.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər