• şənbə, 20 Aprel, 16:45
  • Baku Bakı 23°C

Özəl orta məktəblərdə ağlasığmaz qiymətlər... Araşdırma

07.11.13 12:15 3151
Özəl orta məktəblərdə ağlasığmaz qiymətlər... Araşdırma
Bir çox valideynlər özəl məktəblərin yalnız adını eşidib desək, səhv etmərik. Burada keçmişdən gələn pulsuz təhsil vərdişinin də rolu böyükdür. Yaxşı orta təhsilin gələcək üçün layiqli məslək sahibi yetirmənin təməl daşı olduğunu hamımız bilirik, amma bu dəyərin nə qədər baha başa gəldiyini çox vaxt unudurlar.
Əksər həmvətənlərimiz adlı-sanlı məktəblərdə təhsil haqqının baha olmasından çəkinərək övladlarının həmin təhsil ocaqlarında oxumasına maraq göstərmirlər. Həqiqətən də bu cür məktəblərin ad-sanına layiq təhsil qiymətləri, necə deyərlər, əl yandırır. Belə ki, nüfuzlu beynəlxalq məktəbdə illik təhsil haqqı Bakıda birotaqlı mənzilin qiymətilə müqayisə oluna bilər. Nəticədə, valideyn üçün övladın orta təhsili uzunmüddətli ipoteka kimi bir şeyə çevrilir. Məlum məsələdir ki, bu yükü hər ailə də daşıya bilməz.
Uşaqlarımızı adi, yoxsa pullu məktəbə verək?
Azərbaycan valideynlərinin qarşısına son illərdə çıxan bu sualın cavabı onlar üçün hələ də tam çözülməyib. O da sirr deyil ki, Azərbaycanda hər kəsin pulsuz təhsil ala bilməsi arzuları bazar gerçəkliyi qarşısında artıq xam xəyala çevrilərək ərşə çəkilib. Təhsil almaq üçün pul lazımdır. Nüfuzlu, üstəlik də xarici universitetin diplomu isə bəri başdan, yəni ibtidai təhsil çağından etibarən yatırım istəyir. Amma nüfuzlu xarici universitetə daxil olmaq artıq nağıl deyil. Düzdür, hələlik beynəlxalq səviyyəli təhsil şəhadətnaməsi verən təhsil müəssisələri ölkəmizdə o qədər də çox deyil. Özəl təhsil ənənəsinin əsrlərlə tarixə malik olduğu Qərb ölkələrindən fərqli olaraq Azərbaycanda belə məktəblər keçən əsrin 90-cı illərinin ortalarında - bazar iqtisadiyyat yoluna çıxdığımız ilk vaxtda, ölkəyə ilk xarici neft şirkətləri qədəm basandan açılmağa başladı. Belə ki, 1996-cı ildə ölkəmizdə TİSA (The İnternational School of Azerbaijan) məktəbi ilk özəl məktəb kimi fəaliyyətə başladı. Çətin, amma gələcək vəd edən bu yola ilk qədəmlərini basan həmin təhsil ocağı valideynlər arasında paytaxtın ən səviyyəli və eyni zamanda, ən bahalı məktəbi kimi ad çıxardı. Məktəb rəhbərliyinin bildirdiyinə görə, ilkin olaraq burada BP və başqa neft-qaz şirkətləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşlarının övladları təhsil almalı idilər. Bu gün də 24 min manatadək illik təhsil haqqı olan məktəbin 700 şagirdinin əksəriyyəti əcnəbilərdir. Bir qədər sonra beynəlxalq təhsilə imkanlı azərbaycanlılar maraq salsalar da, TİSA, British School kimi təhsil ocaqlarında yerli uşaqların sayı hələ də arzuolunan səviyyədə deyil.
Beynəlxalq standartlar
Yerli şagirdlərin sayı və valideynlərin rəyi nəzərə alınsa, son vaxtlar XXI Əsr Beynəlxalq Təhsil Mərkəzi nüfuza minib. Belə ki, burada yerli uşaqlar şagirdlərin 70 faizini təşkil edir, həm də, mərkəz direktoru Lümunət Kərimovanın dediyinə görə, beynəlxalq səviyyəli şəhadətnamə verildiyi bu təhsil müəssisəsində illik təhsil haqqı da nisbətən sərfəlidir – 10 min manat. Halbuki oxşar məktəblərdə bu rəqəm 14 min manatadək dəyişir. Mərkəzin artan nüfuzunun səbəbini, habelə qiymət mexanizmini Lümunət xanım açıqlamaq istəmədi. Əlbəttə ki, təhsildə güclü rəqabət olduğunu unutmamaq lazımdır.
Ümumiyyətlə, araşdırmamızın bir daha ortaya qoyduğu gerçəklik var: beynəlxalq məktəblərdə yerli şagirdlərin sayı təhsil haqqı səviyyəsindən birbaşa asılıdır. Məsələn, TİSA-da oxuyan 40 millətin nümayəndələri arasında azərbaycanlılar 50 faizdən də azdır. Yerli şagirdlərin 70 faizinədək hissəsini təşkil etdiyi “Baku Oxford School”, “XXI Əsr Mərkəzi”ndə isə təhsil haqqı təqribən yarıbayarı azdır – 10-14 min manat.
Onu da qeyd etmək lazımdır ki, beynəlxalq səviyyəli şəhadətnamə amili təhsil haqqını dəfələrlə artırır. Bu gün Azərbaycanda cüzi də olsa ABŞ və Böyük Britaniya tədris-təlim sisteminə əsaslanan məktəblər var və təhsildəki özəl bölmənin mövcud inkişaf meyli bu sayın artacağına ümid verir. Sözügedən məktəblər orta təhsil şəhadətnaməsilə yanaşı beynəlxalq səviyyəli şəhadətnamə də verir ki, həmin sənədlə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinə daxil olmaq mümkündür.
Beləliklə, xarici təhsilli məktəblərin üstünlüyü nədədir? Baku Oxford School-un direktoru Ceffrey Vord sualımıza belə cavab verdi: “Sözsüz ki, əvvəla, beynəlxalq şəhadətnamə verilməsində. Belə ki, məzunlarımız beynəlxalq imtahan vermək üçün vaxt və qüvvə sərf etmirlər. Həm də əlbəttə ki, Oxford School-dakı təhsil mühiti də çox əhəmiyyətlidir. Buradakı təhsil sistemi şagirdləri Qərb universitetlərindəki mühitə tədricən uyğunlaşdırmağa yönəlib. Yəni əcnəbi təhsil sistemli məktəblərin məzunları qarşısında xarici universitetlərin qapıları bəri başdan açıqdır”.
Bəs adi orta məktəbin məzunu necə, xarici ali təhsil müəssisəsinə qəbul oluna bilərmi? Baku Oxford School-un timsalında belə nümunələr var, hərçənd beynəlxalq səviyyəli şəhadətnamə sahiblərinin şansı, əlbəttə ki, daha çoxdur. Bu gün beynəlxalq şəhadətnamələr verən məktəblər əksər həmvətənlərimiz üçün ağlasığmaz görünən qiymətlərilə cüzi sayda yerli vətəndaşın, həmçinin əcnəbilərin ixtiyarındadır. Bununla yanaşı, orta təbəqə üçün də özəl məktəblər var ki, burada illik təhsil haqqı 5-6 min manatdır. Adətən övladına “sıradan” özəl məktəb seçən valideyni başlıca olaraq tədrisin, xüsusilə də xarici dil tədrisinin səviyyəsi narahat edir.
Üstün və əksik cəhətlər
Bəs adi özəl məktəblər şagirdlərə nə verir? Beynəlxalq səviyyəli təhsil şəhadətnaməsi verməyən belə məktəbdənsə, uşağı pulsuz təhsilli dövlət məktəbində oxutmaq daha sərfəli olmazmı? Bu suala birmənalı cavab vermək bir qədər çətindir. Lakin hər halda tələbat varsa, təklif də var.
Son on il ərzində özəl təhsil sistemimizdə Türkiyə təhsil müəssisələrinin daha çox nüfuz qazanması göz qabağındadır. Türk liseyləri həm Bakıda, həm də başqa şəhərlərdə açılaraq xeyli sayda şagird cəlb edir. İngilisdilli məktəblərdən fərqli olaraq türk məktəbləri şagirdləri həm xarici, həm də yerli universitetlərdə oxumaq üçün hazırlayır. Burada şagirdlərə 10-cu sinifdə dörd ixtisas qrupundan birini seçmək təklif olunur. Elə türk lisey məzunlarının ali məktəbə yüksək faizlə qəbul olunmasının başlıca səbəbi də tədrisin son iki ili ərzində uşaqldrın bir neçə əsas fəndən güclü hazırlıq keçərək müəyyən bir ixtisası əsas götürməkdir. Göründüyü kimi, hər şey çox sadədir. Bizcə, bu təcrübədən yararlanmağa da dəyər.
Lakin türk liseylərinin nöqsanları da yox deyil. Məsələn, lazımi danışıq mühiti olmadığından şagirdlərin şifahi ingilis dilini bilməsi ürəkaçan səviyyədə deyil. Ümumiyyətlə, türk təhsil sistemi şagirdə verdiyi müəyyən biliklər arasında bir qisminin həyatda gərəksiz olması nöqteyi-nəzərdən köhnə sovet təhsil sisteminə çox bənzəyir. Akademik fənlərin birtərəfli çatdırılmasına əsaslanan türk təhsil sistemində əldə edilən bilikləri dərindən qavramaq, işlətmək, müstəqil olaraq genişləndirmək mexanizmləri nəzərdə tutulmayıb. Halbuki ingilisdilli məktəblərdə müstəqil düşüncə və qavrayış, bəsit məsələlərin sıradankənar yolla həll etmək kimi Qərb təhsil modelinə xas tədris üsullarından istifadə olunur. Burada şagird tədris təlim prosesinin sadəcə obyekti yox, fəal subyekti kimi təsəvvür edilir. Üstəlik məktəb sırf təhsil məqsədlərinin ziyanına da olsa belə sosial vəzifələri də öz üzərinə götürür.
Sözsüz ki, hər bir təhsil modelinə xas üstün və əksik cəhətlər var. Hər halda seçim imkanının mövcudluğu özü də mühüm məsələdir.
Bu gün ölkəmizdə türk liseləri və ingilisdilli məktəblərin Azərbaycan və rus dillərində təhsil verən özəl məktəbləri getdikcə sıxışdırdığını qətiyyətlə söyləmək olar. Əslində həmin məktəblərdəki dərs proqramı dövlət məktəblərindəkindən o qədər də fərqlənmir. Belədə həmin məktəblər ingilis dilinin üstün tədrisi, həmçinin müxtəlif fənlərə dair fakültativlərin təşkili kimi mütərəqqi üsullar vasitəsilə valideynlərin diqqətini cəlb edir.
Tamilla Xəlilova
banner

Oxşar Xəbərlər