• cümə axşamı, 18 aprel, 20:54
  • Baku Bakı 21°C

Özəl məktəblər yeni tədris ilinə necə hazırlaşır?

23.07.20 17:58 3460
Özəl məktəblər yeni tədris ilinə necə hazırlaşır?
Kaspi Təhsil Şirkətinin direktoru Elnur Əliyev: "İnanıram ki, tezliklə məktəblərdə şagirdlərin dərslərə davam etdiyinin şahidi olacağıq”

Artıq yeni tədris ili yaxınlaşmaq üzrədir və valideynlər, şagirdlər, təhsil müəssisələri adəti üzrə yay ərzində yeni tədris ilinə hazırlaşırlar. Ancaq bu il vəziyyət bir az daha fərqlidir. Məlum pandemiya təhsil sahəsində də işlərin gedişatına ciddi təsir göstərir. Görəsən, özəl liseylər bu situasiyada yeni tədris ilinə necə hazırlaşır?
Müsahibimiz Kaspi Təhsil Şirkətinin, o cümlədən Kaspi liseylərinin direktoru Elnur Əliyevdir.

- Dərslər bu il sentyabr ayının 15-dən etibarən əvvəlki qaydada başlayacaq, yoxsa yenə distant olaraq davam edəcək? Bu gün ölkəmizdə bir çox insanı bu sualın cavabı maraqlandırır. Siz nə düşünürsüz?

- Əksər Azərbaycan vətəndaşları kimi, mən də səbirsizliklə dərslərin normal şəkildə başlayacağını nikbincəsinə gözləyirəm. Düşünürəm ki, əksər ölkələrdə bu sualın cavabı maraqla gözlənir.
Bu məsələdə Nazirlər Kabineti və Təhsil Nazirliyi rəsmilərinin cavabı həlledicidir. Həmçinin nazirlik rəsmiləri qeyd edirlər ki, yeni tədris ilinə hazırlaşırlar. Təbii ki, onlar da istəyirlər ki, vaxtında əvvəlki qaydada dərslərə başlaya bilsinlər. Amma insanların sağlamlığını diqqətdə saxlamaq daha önəmlidir.
Mən düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın həyata keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri də bu yayın sonunadək pandemiyanın yayılmasının qarşısının alınması, yoluxmanın minimuma endirilməsi, nəhayət sentyabr ayınadək elə bir şəraitin yaradılmasıdır ki, müəyyən olunmuş qaydalar çərçivəsində həyat tədricən öz əvvəlki axarına qayıtsın, o cümlədən məktəb, bağça və universitetlərdə tədris başlasın. Təbii ki, dərslərin yenidən başlaması üçün pandemiya ilə əlaqədar dövlət qurumları tərəfindən yeni qaydalar da işlənib hazırlanmalıdır və təhsil müəssisələri, valideynlər, şagirdlər bu qaydalara əməl etməlidirlər ki, insanların sağlamlığı və təhlükəsizliyi riskə atılmasın. Hər halda inanıram ki, ölkəmizdə pandemiya ilə mübarizədə son zamanlar əldə olunan nəticələr və görülən tədbirlər deməyə əsas verir ki, bu gedişatla biz bu il məktəblərdə dərslərə müəyyən qaydalar çərçivəsində ənənəvi formada davam edə biləcəyik.

- Növbəti tədris ilində pandemiya ilə əlaqədar karantin davam edərsə, bu istiqamətdə hansı hazırlıqlar görürsünüz?

- Qısaca olaraq qeyd etmək istəyirəm ki, komandamız tərəfindən keçən 5 ay ərzində distant təhsil istiqamətində əhəmiyyəti iş görülüb. Kaspi distant Youtube kanalında bu işlər yerləşdirilib. Misal üçün, Zoom tətbiqi üzərindən şagirdlərimizə keçirilmiş təxminən 15.000-dək dərs, 8000-dək xüsusi hazırlanmış müxtəlif fənlər üzrə videodərs, 10.000-dək tapşırıq, 9000-dək konspekt, 100-dək müxtəlif müsabiqə və yarışlar təşkil olunmuş və Youtube kanalımıza yüklənib, hər kəsin istifadəsi üçün açıqdır. Kaspitest.com portalı aktiv şəkildə istifadəyə verilib ki, şagirdlərimiz bu portal vasitəsilə müxtəlif imtahanlarda iştirak edə bilərlər.
Vurğulamaq istəyirəm ki, Kaspi liseyləri həm ənənəvi təhsil prosesinə hazırlaşır, həm də intensiv şəkildə distant təhsil istiqamətində hazırlıqlarını davam etdirir. Kaspi liseylərində komandamız tərəfindən həm texnoloji istiqamətdə, həm müəllim heyəti hazırlığı baxımından, həm də tədris materialları istiqamətində ciddi hazırlıqlar görülməkdədir.

- Pandemiya ilə əlaqədar məcburi şəkildə baş verən distant təhsil prosesi respublikamızda təhsil sahəsində hansı müsbət və mənfi dəyişikliklərə səbəb oldu?

- Düşünürəm ki, şagirdlərin uzun müddət məktəbdən uzaq qalması həmişə pisdir və cox ciddi mənfi fəsadlara gətirib çıxara bilər. Qlobal səviyyədə məktəblərdə uzun fasilə, ümumilikdə, bəşəriyyətin inkişafına ciddi ziyan vurur. Savadsızlıq, təhsilsizlik bəşəri bir problemdir. Bu cür hadisələr uzun müddət izi qalacaq yaralar qoya bilər.
Ölkəmizin bir çox ucqar rayonlarında, kəndlərində distant təhsilin imkanlarından istifadə imkanları kəskin aşağıdır, ailələrdə internet, kompyuter və ya planşet yoxdur, yaxud bu texnologiyaları istifadə edə biləcək kifayət qədər müəllim heyəti olmaya bilər. Övladına bu şəraitdə lazımi dəstək verə biləcək valideynlərin sayı da çoxluq təşkil etmir. Bu da həmin bölgələrdəki uşaqların təhsilinə daha mənfi təsir edir. Ancaq müsbət tərəfdən baxsaq görərik ki, həm müəllimlər, həm də şagirdlər distant texnologiyalardan istifadə etməklə məsafədən təhsil üzrə geniş təcrübə qazandılar. Şagird, müəllim və valideynlərin informasiya texnologiyalarıyla işləmə vərdişləri artdı. Şagirdlərimizin gələcəkdə məsafədən təhsil imkanları vasitəsilə dünyanın ən yaxşı təhsil proqramlarına çıxış imkanı artdı.
Məncə, distant təhsil ənənəvi təhsilə bir alternativ olmasa da, əlavə təhsil vasitəsi kimi gələcəkdə daha geniş istifadə olunacaq. Həmçinin distant təhsil texnologiyalarından gələcəkdə ənənəvi təhsil prosesində istifadə olunacaq ki, bu da tədrisin keyfiyyətini, səmərəliliyini artırmaq imkanı verəcək. Kaspi Liseyi olaraq biz bu istiqamətdə ciddi hazırlaşırıq.

- Özəl liseylərdəki şagirdlərin valideynlərini düşündürən suallardan biri də təhsil distant formada olarsa, təhsil haqlarının necə hesablanması ilə bağlıdır. Valideynlər hesab edirlər ki, distant tədrisdə təhsil haqları daha aşağı olmalıdır. Sizin liseydə bu məsələyə münasibət necədir?

- Mən də düşünürəm ki, normal məktəb təhsili ilə distant təhsil həm keyfiyyət, həm məzmun, həm də təhsil haqqı hesablanması baxımından fərqlənir. Bəli, distant formada həyata keçirilən təhsil əvvəlcədən düzgün və vaxtında planlaşdırılmaqla daha aşağı xərclərlə təşkil oluna bilər.
Kaspi liseylərinə gəldikdə, 2020-2021 tədris ilində əgər dərsləri distant olaraq təşkil etmək məcburiyyətində qalarıqsa, distant tədris müddətində təhsil haqları bütün Kaspi liseyləri şagirdlərinə 30% endirimlə hesablanacaq.
Düşünürəm ki, çətin vəziyyətdə həm valideynlər övladlarının təhsil aldığı liseyə, həm də lisey valideynlərə dəstək olmalıdır. Çünki ümumi məqsədimiz şagirdlərimizin daha keyfiyyətli təhsil ala bilməsidir.

- Kaspi liseyləri tanınmış təhsil müəssisələrindən biridir. Liseyinizin nəticələri haqda nə deyə bilərsiz?

- Kaspi liseyləri, DİM-in keçirdiyi 9-cu və 11-ci sinif şagirdlərinin buraxılış imtahanları nəticələrinə əsasən, keçən iki il ərzində ardıcıl olaraq 2 dəfə özəl liseylər arasında ən yüksək nəticə göstərib. Ümumilikdə, Kaspi Liseyi ardıcıl olaraq iki il respublika məktəbləri arasında bu imtahan nəticələri əsasında hazırlanmış reytinq siyahısında ilk onluqda qərar tutub. Bu nəticəmizi daha da yüksəltməyi hədəfləyirik.
Bundan başqa, həm yerli olimpiadalarda, həm də beynəlxalq layihə olimpiadalarında Kaspi Liseyi şagirdləri hər il aktiv iştirak edir və dəfələrlə medallar qazanmışlar. Hər il bir çox Kaspi liseyi məzunu beynəlxalq TOEFL, İELTS, SAT imtahanlarında və yerli imtahanlarda yüksək nəticə toplayaraq nüfuzlu xarici və yerli universitetlərə qəbul olunurlar. Bu il də bizim məzunların arasında ABŞ, Niderland, Almaniya, Türkiyə, Böyük Britaniyanın tanınmış universitetlərinə daxil alan tələbələrimiz var.
Bildirməliyəm ki, Kaspi Liseyi şagirdləri akademik nəticələrlə bərabər, idman və incəsənət sahəsində də həm şəhər və respublika səviyyəli yarışlarda aktiv iştirak edirlər. Kaspi Liseyi idman komandaları futbol, voleybol, basketbol, tennis və sair idman növləri üzrə şəhər çempionatlarında dəfələrlə ilk yerləri qazanmışlar. Həmçinin şagirdlərimizin əl işləri respublika incəsənət sərgilərində nümayiş edilib, mükafatlar qazanıb.

- Özəl lisey olaraq valideynlər sizdən daim yeniliklər gözləyir. Bu il Kaspi liseyləri hansı yeniliklər etməyi planlaşdırır?

- Verdiyimiz təhsilin keyfiyyətini artırmaq, şagirdlərimiz üçün daha münbit öyrənmə şəraiti formalaşdırmaq, şagirdlərimizi gələcək həyata daha yaxşı hazırlamaq məqsədilə liseyimiz daim araşdırır, inkişaf etməyə çalışır. Liseyimizdə tədris proqramları, məktəblərimizin infrastrukturu daim yenilənir və təkmilləşdirilir, texniki baza gücləndirilir, kitabxanalarımızın kitab bazası daha da zənginləşdirilir.
Valideyn-məktəb münasibətlərinin səmərəli təşkili şagirdlərin daha effektiv öyrənməsi istiqamətində vacib məsələlərdəndir. İstəyirik ki, liseydə tədrisin keyfiyyətinə ictimai nəzarəti daha effektiv etmək üçün valideynləri də bu prosesə aktiv qoşaq. Düşünürük ki, bu məqsədlə liseyin nəzdində valideyn assosiasiyaları, valideynlərin aktiv iştirak etdiyi ictimai şuralar təsis edək.
Şagird və valideynləri sevindirəcək digər vacib yeniliklərimiz də var. Hal-hazırda liseyimizdə xarici dil olaraq rus və ingilis dilləri tədris olunur. İnanırıq ki, qloballaşan dünyada xarici dilləri bilməyin əhəmiyyəti böyükdür. Bu səbəbdən bu tədris ilindən 6-cı sinifdən etibarən şagirdlərimiz seçim əsasında əlavə bir xarici dil də öyrənə biləcəklər.
Daha bir yenilik Kaspi-də informatika fənninin tədrisi ilə bağlıdır. Artıq 1-ci sinifdən etibarən şagirdlərimiz informatikanı qabaqcıl beynəlxalq tədris proqramı əsasında öyrənəcək, həmçinin informatika ilə yanaşı, şagirdlərə robotika da tədris olunacaq.

- Qısa müddət ərzində Kaspi liseyləri bir çox uğurlar qazanıb, qabaqcıl təhsil müəssisəsidir. Kaspi Liseyi buna necə nail olub?

- Kaspi liseyləri Azərbaycan təhsil məkanında təxminən 15 ildir uğurla fəaliyyət göstərən Kaspi Təhsil Şirkətinin bir hissəsidir. İlk olaraq bu uğurun arxasında geniş təcrübənin durduğunu düşünürəm. Liseyimizin uğurunun arxasında zəhmətkeş və peşəkar komanda, o cümlədən peşəsini sevərək icra edən müəllim kollektivimiz, müəllimlərin əziyyətini itirməyən və müvəffəqiyyət qazanan minlərlə tələbələrimiz, bizimlə çox sıx və səbrlə çalışan valideynlərimiz durur.

- Elnur müəllim, yeni tədris ilində sizə uğurlar arzu edirik. Ümid edirəm ki, qarşıya qoyduğunuz yüksək hədəflərə çatacaqsınız.

- Çox sağ olun. Mən də bütün Azərbaycan xalqına sağlamlıq, ölkəmizə və bəşəriyyətə sülh, əmin-amanlıq arzulayıram. Arzu edirəm ki, tezliklə dünyamız daha təhlükəsiz və sağlam olsun.
Bütün təhsil müəssisələrinə, şagirdlərə, müəllimlərə yeni tədris ilində müvəffəqiyyət arzulayıram. İnanıram ki, tezliklə biz məktəblərdə şagirdlərin xoşbəxt şəkildə dərslərə davam etdiyinin şahidi olacağıq.

Murad
banner

Oxşar Xəbərlər