• cümə, 29 Mart, 09:19
  • Baku Bakı 5°C

Özəl kredit büroları yaradılacaq

21.05.16 13:20 1668
Özəl kredit büroları yaradılacaq
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Dünya Bankının Maliyyə sektoru və bazarlar üzrə praktika meneceri Rolf Behrndtin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə əsasən Dünya Bankının Azərbaycanda həyata keçirdiyi Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin gedişi ətrafında müzakirələr aparılıb.
Azərbaycanda özəl kredit bürolarının yaradılması barədə qanun layihəsinin hazırlandığını söyləyən R.Behrndt Dünya Bankı Qrupunun ölkəmizə aqrosığortanın inkişafı üzrə dəstək göstərməyə hazır olduğunu bildirib. O qeyd edib ki, istehlakçıların hüquqlarının qorunması və maliyyə savadlılığının artırılması layihəsi üzrə texniki dəstəyin müddəti bu ilin oktyabr ayına qədər uzadılıb.
Dünya Bankı ilə yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası arasında çox səmərəli və işgüzar əlaqələr qurulduğunu bildirən R.Aslanlı özəl kredit bürolarının yaradılmasında maraqlı olduqlarını və gələcəkdə bu bürolarda toplanacaq məlumatların bank sektorunun səmərəli tənzimlənməsinin həyata keçirilməsinə dəstək olacağını qeyd edib.
Bəs ölkəmizdə problemli kreditlərin gündəmdə olduğu bir dönəmdə özəl kredit bürolarının yaradılması nəyə xidmət edəcək? Ümumiyyətlə, bizə o qədər də tanış olmayan özəl kredit bürosu nə deməkdir? İşi nədən ibarət olacaq? Kreditləşmə məsələsində büronun fəaliyyəti hansı əhəmiyyətə malik olacaq? Bu kimi suallarımıza cavab tapmaq üçün iqtisadçı Samir Əliyevlə əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında bildirdi ki, özəl kredit büroları dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Onların fəaliyyəti müştərinin borc öhdəlikləri barədə dəqiq məlumat verməkdir.
İqtisadçı deyir ki, bizdə bunun alternativi 2005-ci ildə Mərkəzi Bankın nəzdində yaradılan Mərkəzləşdirilmiş Kredit Reyestridir. Hazırda bu xidmət Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib: "Bu reyestrin əsas funksiyası ondan ibarət idi ki, kredit götürən şəxslərin tarixçələri orada öz əksini tapırdı. Tutaq ki, müştəri kredit üçün banka müraciət edir. Bank ondan başqa bankda kreditinin olub-olmadığını, zamin durub-durmadığını soruşur. Bəzi insanlar yalandan "yoxdur” deyirlər. Banklar reyestrə müraciət edib həmin şəxs haqqında məlumat alırlar. Hansı bankda nə qədər krediti var? Ən əsası, ödənişi necədir? Vaxtında ödəyirmi? Gecikmələri olurmu?
Çünki bəzi insanlar bir bankda krediti ödəyə bilməyəndə başqa bankdan pul götürüb onu ödəməyə çalışırlar. Ona görə də reyestr uzun müddət banklara kömək etdi. Təbii ki, bu reyestr əhali üçün açıq deyildi. Düzdür, əhali də müraciət edə bilərdi. Amma burada xidmət pullu idi”.
S.Əliyev deyir ki, reyestr bank, palata üçündür. Amma bir sıra ölkələrdə reyestrlə yanaşı, özəl kredit büroları da fəaliyyət göstərir: "Bu bürolar nə dövlətə məxsus olur, nə də banklara. Özəl bir qurum olur. Burada təkcə kredit ödənişi deyil, kommunal xidmətlər, yazılan cərimələrlə bağlı ödəmə qabiliyyəti, müştərinin davranışı barədə məlumatlar olur. Bu büro vasitəsilə şəxsin nə dərəcədə ödəmə cəhətdən məsuliyyətli olmasını müəyyən etmək olur”.
İqtisadçının sözlərinə görə, Azərbaycanda özəl kredit bürolarının yaradılmasına ehtiyac var: "Dünya Bankı hər il ölkələrin biznes səviyyəsi ilə bağlı hesabatını dərc edir, reytinq təyin edir. Orada Azərbaycanda kreditə əlçatanlıq bölməsi həmişə aşağı olub. Səbəblərdən biri də bizdə özəl kredit bürolarının olmamasıdır. Özəl kredit büroları Azərbaycanın bank sektorunun yüksək reytinq alması üçün tələb olunan amillərdən biri kimi qiymətləndirilir”.
S.Əliyev bildirdi ki, bir ölkədə bir yox, bir neçə özəl kredit bürosu ola bilər. Amma bunun müsbət və mənfi tərəfləri var: "Ən azı Azərbaycanda bir kredit bürosunun yaradılmasına ehtiyac var. Bir neçə büro olanda aralarında rəqabət yaranır. Amma biz digər ölkələrin təcrübəsindən görürük ki, bəzən problemlər də yaranır. Bir-biriylə məlumatları bölüşmürlər, eyni adam haqda fərqli məlumatlar olur. Bu baxımdan bir az problemlər yaradır. Müsbət tərəfi isə rəqabət formalaşdırmasıdır. Amma büronun sayının önəmi yoxdur. Ümumilikdə büronun yaradılması lazımdır”.
İqtisadçı onu da bildirdi ki, büronun yaradılması kredit götürən müştərilərin düzgün qiymətləndirilməsi cəhətdən önəmlidir. Bu da problemli kreditlərin yaranmasının qarşısını almağa kömək edəcək. Amma Azərbaycanda kreditlərin verilməsi çətinləşdiyi üçün müştərinin məsuliyyətli olması ona kredit verilməsinə tam dəlalət etmir: "Məlumatları əldə edən banklar kredit götürənlərin nə dərəcədə məsuliyyətli olmalarını öyrənəcəklər. Bunun əsasında həmin müştəriyə kredit verəcəklər. Bizdə Maliyyə Bazarlarına Nəzarət Palatasının son qərarları bir az büroların əhəmiyyətini aşağı salır. Tutaq ki, bank müştəri üçün büroya müraciət etdi və məlumata görə müştəri məsuliyyətlidir, gecikməsi olmur, vergidən tutmuş kommunal xərclərə qədər hər şeyi vaxtında ödəyir. Bu insanlar banklar tərəfindən müsbət dəyələndiriləcək. Amma necə dəyərləndiriləcək? Əgər həmin şəxsin maliyyə imkanı, aylıq gəliri kredit almağa imkan vermirsə, nə dərəcədə məsuliyyətli olmasından asılı olmayaraq kənarda qalacaq. Maaşı çox, məsuliyyətsiz insan ondan çox kredit ala biləcək. Bu gün kreditlərin şərtləri ağırlaşdığından nümunəvi müştərilər bank sektorunda kreditdən kənarda qalır. Belə hallar büronun əhəmiyyətini azaldır. Amma buna baxmayaraq, məncə, bürolar olsa, yaxşıdır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər