• çərşənbə axşamı, 19 mart, 09:17
  • Baku Bakı 8°C

Zəhmətin bəhrəsini əyani şəkildə göstərən-HOBBİ

30.01.17 14:19 1857
Zəhmətin bəhrəsini əyani şəkildə göstərən-HOBBİ
Aldığı məhsulların çeklərini saxlayır. Çekləri yığıb, xərclənən məbləğlə bağlı nələr edə biləcəyini hesablayır və gələcəklə bağlı planlar qurur. Deyir ki, gedən pullara görə heyfsilənmir. Ona görə ki, insan özü üçün xərclədiyi pulun ardınca baxmamalıdır. "Hobbi” rubrikamızın qonağı "Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının mədəniyyət müxbiri Rövşən Əsədovdur.

"Çek yığmaqdan zövq alıram”

Rövşən iki ildən çoxdur ki, çek yığır. Əsasən böyük məbləğdə olan çekləri saxlayır. Hətta çeklər üçün pul miqdarı (məzənnə) də müəyyən edib: "Adətən, böyük məbləğdə olan çekləri saxlayıram. Yəni mağazadan çörək, su və s. xırda məhsullar alanda o çekləri az müddət saxlayıb, atıram. Amma iri məbləğdə, təxminən 10 AZN-dən daha çox olan çekləri saxlayıram”.
Həmsöhbətimiz deyir ki, pullarını necə qoruyursa, çekləri də xərclədiyi pullar qədər dəyərlidir: "Çek yığmaqdan zövq alıram. Hətta, yeni çek əldə edəndə onu digər çeklərin olduğu qutuya atmaq üçün səbirsizlənirəm. Pulqabıma, yaxud çantamdakı dəftərin arasına qoyub evə gətirirəm ki, əzilməsin”.

"Çek yığmaq vərdişə çevrildi”

Rövşən indi sevimli məşğuliyyəti olan hobbisinə əvvəllər o qədər də ciddi yanaşmayıb. Lakin çek yığmaq sonradan vərdişə çevrilib: "Açığını deyim ki, əvvəllər buna hobbi kimi yanaşmırdım. Sadəcə, bir müddət dövlət müəssisələrinə və digər mühüm yerlərə etdiyim ödənişləri saxlayırdım. Çünki sonradan müəyyən problemlər çıxırdı, bəzən ödənişlər qəbul edilmirdi. Mən də sübut etməkdə çətinlik çəkirdim deyə, məcbur olub çekləri saxlayırdım. Beləliklə, bu, bir vərdişə, daha sonra isə hobbiyə çevrildi. Artıq bundan xoşum gəlir və sevdiyim üçün yığıram”.

"Bu, mənim üçün şəxsi işdir”

Müsahibimiz deyir ki, onun belə hobbisi olduğunu ətrafında heç kim bilməyib: "Çek yığmaqla bağlı mənə heç bir söz deyən olmayıb. Çünki mən etdiyim və gördüyüm işlər, şəxsi işlərimlə bağlı heç kimə məlumat vermirəm. Bu, mənim üçün şəxsi işdir. Digəri üçün maraqsız və zövqsüz ola bilər. Ona görə də bəzən şəxsi olanlar gizli qalsa, daha yaxşı olar. Bu hobbim də gizlidir. İlk dəfədir ki, belə bir hobbimin olduğunu deyirəm və bunu də evdəkilər oxusa, ilk dəfə sizin qəzetdən və saytdan xəbər tutacaqlar”.
"Uşaq kimi bütün stressimi unuduram”

Həmsöhbətimiz çeklərə baxanda xərclədiyi pullara heyfi gəlmir: "Heyfim gəlmir, amma xeyli düşünürəm. Düşünürəm ki, hazırda bu məbləğ əlimdə olsaydı, nələr edərdim, hansı problemlərimi, çözərdim. Bilirəm ki, onların əksəriyyətini özüm üçün, yeməyim üçün xərcləmişəm. Özüm üçün xərclədiyim pullara heyfim gəlmir”.
Hobbinin insana nə verdiyinə gəldikdə, Rövşənin sözlərinə görə, hobbi insana ruh sakitliyi, zövq verir: "Hobbinin olması gözəldir. Amma bu o demək deyil ki, insan bütün işini, məşğuliyyətini atıb sırf hobbisinin arxasınca düşməlidir, xeyr. Bunu yaşamaq, paralel olaraq həyata keçirtmək lazımdır. Bu bir zövq, ruh sakitliyi məsələsidir. Məsələn, mən dəfələrlə oturub səbirlə o çekləri, çeklərdə olan pulları saymışam. Yazıb kənarda məbləği qeyd edirəm hətta. Evə əsəbi gələndə, yaxud stressli olanda, tez töküb çekləri sayıram. Çeklərdə olan pulları hesablayıram. Bu çox diqqət tələb edən bir məsələdir. Sayıb bitirəndə bir-iki manat yanlışlığa yol verəndə, ərinmədən bir də qarışdırıb, yenidən sayıram. Beləliklə, əsəblərim sakitləşir. Uşaq kimi bütün stressimi unuduram”.

"Öz zəhmətimin bəhrəsidir”

Rövşən vurğulayır ki, çekləri sayanda sakitləşir və bu, onu xoşbəxt etməyə bəs edir: "Mən çox sakitləşirəm o çekləri sayanda. Ən əsası, bilirsiniz məni xoşbəxt edən nədir? O pulları mən qazanmışam, yağışda, qarda, bəzən dona-dona küçə-küçə düşüb reportajlar hazırlamışam, üşüyə-üşüyə hər hansı baş vermiş hadisəni çəkməyə getmişəm və onun müqabilində halal maaşımı almışam. Bu xərclədiyim pullar da hamısı zəhmətimin bəhrəsidir. Yəni o çekləri sayanda vicdanım rahat olur. Zəhmətimin əsl bəhrəsidir deyib, sakitləşirəm. Bəzən ailəm də mənə müəyyən maddi köməklik göstərir, amma bunu heç vaxt o çeklərə daxil etmirəm. Kiminsə mənim hobbimə necə baxacağı, necə qəbul edəcəyi məni qəti şəkildə maraqlandırmır. Kimlər üçünsə gülünc, maraqsız görünə bilər. Sadəcə, mən bunu sevirəm, edirəm, zövq alıram, bir ev daxilində olsa da, özümü xoşbəxt hiss edə bilirəm. Mənim üçün bu zövq yetər”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər