• çərşənbə, 24 Aprel, 21:49
  • Baku Bakı 23°C

Zəfər qazanan ordudan zəfər qazanacaq orduya doğru

11.12.20 17:57 1394
Zəfər qazanan ordudan zəfər qazanacaq orduya doğru
Ekspertlərin fikrincə, bu parad Azərbaycanda ordu quruculuğunun bundan sonra da prioritet olacağını göstərir

Azərbaycanda keçirilən Zəfər Paradı bir daha dünyaya ölkəmizin gücünü, qüdrətini nümayiş etdirmiş oldu. Ermənistanın son 30 ildə Azərbaycana qarşı yürütdüyü çirkin siyasətin yanlış və ümumilikdə, dünya üçün zərərli olduğunu göstərdi. Ötən yüz il ərzində ermənilərin Azərbaycana qarşı torpaq iddiası davamlı olub. Şübhəsiz ki, məğlubiyyətə uğrayan Ermənistan bu çirkin niyyətini gizli də olsa, özündə qoruyub saxlayır. Təbii ki, bunun qarşısında duracaq müzəffər Azərbaycan ordusu var. Amma ordumuz daha da güclənməlidir ki, sabah alçaq düşmənin hər hansı bir təxribatına yenə də "dəmir yumruq”la cavab verə bilsin. Bəs Azərbaycan ordusunu daha da güclü və qüdrətli etmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlibildirdi ki, Azərbaycan Ordusunun tarixində, sonuncu parad nəzərə alınmaqla cəmi 14 parad keçirilib: "İlk parad Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu il mart ayının 22-də Gəncə şəhərində keçirilib. Ümumiyyətlə, Cümhuriyyət dövründə 7 parad baş tutub və bunlar müxtəlif tarixi hadisələrlə bağlı olub. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ilk parad 1992-ci ilin 9 oktyabr tarixində keçirilib. Daha sonra 2008, 2011, 2013-cü illərdə və nəhayət 2018-ci ildə iki parada şahidlik etmişik. Bu məsələ haqqında danışarkən, ilk növbədə onu vurğulayıram ki, sonuncu paradı nəzərə almasaq, Azərbaycanın hərb tarixində ən əlamətdar parad 2008-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında keçirilib. Çünki məhz 2008-ci ildən bu günə kimi Azərbaycanda ordu quruculuğu məsələsinə xüsusi diqqət yönəldilib. Yəni Azərbaycan Prezidenti şəxsən ordu quruculuğu məsələsini prioritet məsələ kimi daim ön sırada saxlayıb. Bu, yalnız sözdə olmayıb. Azərbaycan ordusunun maddi-texniki bazasının, döyüş hazırlığının gücləndirilməsi, hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması kimi işlər həyata keçirilib. Bütün işlər görülüb ki, Azərbaycan ordusu zəfər qazana bilsin. Azərbaycan ordusunu da gücləndirməkdə əsas məqsəd ölkənin milli maraqlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi idi. 2018-ci ildə keçirilən parad zamanı Azərbaycan Prezidenti qeyd etdi ki, biz ordumuzu daim gücləndiririk, bu ordu işğalçı üzərində qələbə qazanacaq, zəfər bayrağını Azərbaycana gətirəcəyik və Azadlıq Meydanında qələbə paradı keçirəcəyik. Nəhayət, bu gün biz artıq bu fikirlərin reallaşması ilə üz-üzəyik. Çox sevinirik ki, Azərbaycanın hərb tarixində ilk dəfə olaraq qələbə paradı keçirildi. Bu paradın istər hərbi, istər siyasi, itərsə də mənə-psixoloji baxımdan əhəmiyyəti çox böyükdür”.
İ.Rüstəmli qeyd etdi ki, Zəfər Paradı eyni zamanda bundan sonra da ordu quruculuğu məsələsinin prioritet olacağını göstərir: "İnanıram ki, bundan sonra da Azərbaycanda ordu quruculuğu məsələsi dinamik şəkildə davam edəcək. Çünki cənab Prezident hospitalda yaralı əsgərlərlə söhbət zamanı vurğuladı ki, hər bir əsgərin yanındadır. Yəni hər bir əsgər ordu deməkdir və dövlət başçısı ordunun yanında olduğunu bu sahədə lazımi işlərin aparılmasına diqqət yetiriləcəyini vurğuladı. Bundan sonra da ordunun maddi-texniki bazasının, döyüş hazırlığının, sosial şəraitin yaxşılaşdırılması istiqamətində prinsipial addımlar atılacaq. Çünki biz daim ordumuzu hazır vəziyyətdə saxlamalıyıq ki, bir daha müharibə olmasın, şəhidlər verməyək və ölkəmizin ərazi bütövlüyünə təhdid yaranmasın”.
Hərbi ekspert Ramil Məmmədli bildirdi ki, Zəfər Paradı Azərbaycan dövlətinin, ordusunun gücünü dünyaya bəyan etdi: "Bu gün beynəlxalq hüquq, gücün tərəfindədir və bu güc də ordudur. Hərbi güc olmadığı təqdirdə, hər hansı bir haqqın qorunmasından söhbət gedə bilməz. Necə deyərlər, silah olmayan yerdə sülh olmaz, ədalət bərqərar olmaz. Ermənistanın bundan sonra da ərazi iddialarına gəlincə, biz 100 ildən artıqdır ermənilərin ərazi iddialarından bir gün belə geri çəkilmədiyinin şahidiyik. Bu işğalçı niyyət, separatçılıq onların artıq gen quruluşunda var. Bunun qarşısı yalnız güc yolu ilə alına bilər. Hansı ki, sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Azərbaycan dövləti öz ordusu ilə Ermənistan ordusunun işğalçılıq niyyətini gözündə qoydu və onların ölkə ərazisindən çıxarılmasına nail oldu”.
Hərbi ekspert vurğuladı ki, Azərbaycan ordusu müharibədən qalib çıxdı: "Lakin silahlı qüvvələrin daha da güclənməsi, effektiv hala gəlməsi üçün müəyyən işlərin həyata keçirilməsinə ehtiyac var. Vətən Müharibəsi müsbət və mənfi tərəfləri açıq şəkildə göstərdi. Ali Baş Komandanın məhz bununla bağlı planları olacaq. Azərbaycan Silahlı Qüvvələrinin müharibədən sonra müəyyən tələb və təkliflərinin ortaya çıxacağını artıq bəlli etmək olur. Ümumiyyətlə, müharibədən sonra bir şey aydın oldu ki, silahlı qüvvələrin arsenalında çox vacib olan texnikalara ehtiyac var. Ordu quruculuğu ilə bağlı müəyyən dəyişikliklərə, yeniliklərə ehtiyac yaranır. Bunlar hansılardır? İlk növbədə bu müharibədə bəlli oldu ki, ordunun sürətli hücumunun həyata keçirilməsi və effektiv nəticələrin əldə olunması üçün mobil döyüş apara biləcək xüsusi təyinatlı qüvvələrin imkanları genişləndirilməlidir. Yəni onların şəxsi heyəti və texniki imkanları daha geniş olmalıdır. Bundan başqa, məlum oldu ki, ağır zirehli texnikalar sürətli döyüşün aparılması üçün o qədər də effektiv deyil. Əlbəttə, müəyyən döyüş əməliyyatlarında onlara ehtiyac duyulur. Bu, əsasən şəxsi heyətə atəş dəstəyi vermək və xüsusən də atıcı silahlardan müdafiə olunan xətlərin keçidini təşkil etmək üçün zirehli texnika olan tanklara və BTR-lərə ehtiyac var. Lakin artıq müharibənin, döyüşün formatı dəyişib. Zaman keçdikcə ölkələr daha çox havada üstünlük qazanmaq kimi niyyətlərini açıq şəkildə göstərəcəklər və istiqamət də buna yönələcək. Yəni bu müharibədən sonra əminəm ki, düşmən tərəfi, Ermənistan ordusu da bu addımları atmaq niyyətindədir. Yəni onlar pilotsuz uçuş aparatları, silahlı pilotsuz uçuş aparatları sahəsində imkanlarını gücləndirməyə çalışacaq. Həmçinin anti-PUA sistemlərinin əldə olunması üçün müəyyən cəhdlər edəcək”.
R.Məmmədlinin sözlərinə görə, Azərbaycan PUA-larla bağlı imkanlarını genişləndirəcək: "Ordunun daha da effektiv və minimum itki ilə uğur qazanması və sürətli hücumun həyata keçirilməsi, eləcə də hava üstünlüyü qazanması məqsədilə müəyyən satınalmalar və ölkə daxilində istehsal edilməsi üçün layihələrə dəstək veriləcək. Bu, daha güclü pilotsuz uçuş aparatlarının, silahlı pilotsuz uçuş aparatlarının alınması, yaxud da Azərbaycanda istehsaldır. Həmçinin buraya milli zirehli texnikanın istehsalı sahəsində layihələrin dəstəklənməsi daxildir. Düşünürəm ki, bunlar ən doğru istiqamətlərdir. Azərbaycan ordusunun daha da güclənməsi üçün peşəkar əsgərlərin sayının artırılmasına ehtiyac var. Burada söhbət 18-20 yaşında hərbi xidmətə cəlb olunanlardan daha çox, zabit və gizirlər istisna olmaqla, peşəkar hərbi qulluqçuların sayının artırılmasından gedir. Həmçinin qeyd etdiyim kimi, xüsusi təyinatlı qüvvələrin imkanları genişləndirilməlidir, hava hücumundan müdafiə sistemi daha da təkmilləşdirilməlidir, hərbi hava qüvvələri sahəsində yeni layihələrin icrasına başlanılmalıdır, yəni satınalmalar həyata keçirilməlidir. O cümlədən pilotsuz uçuş aparatları parkı, eyni zamanda silahlı pilotsuz uçuş aparatları parkı genişləndirilməlidir. Hesab edirəm ki, bu, ən vacib layihələrdən biri hesab olunmalıdır. Bütün bu sadaladıqlarım, ümumilikdə Azərbaycan ordusunun gücünün və qüdrətinin daha da artmasına, möhkəmlənməsinə şərait yarada bilər”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər