• çərşənbə, 24 Aprel, 01:04
  • Baku Bakı 14°C

Zədənin də “sındıra” bilmədiyi çempion – Portret

08.04.17 11:00 3797
Zədənin də “sındıra” bilmədiyi çempion – Portret

İdman bəziləri üçün məşhurluq naminə vasitə, bəziləri üçün işdir. Bəzi insanlar üçün isə idman sadəcə, yaşam tərzidir. Bu gün söhbət açacağımız qəhrəmanımız da idmana, daha doğrusu məşğul olduğu karateyə adi iş kimi yox, həyatının bir parçası kimi, daha dəqiqi elə həyatı kimi yanaşır.
Atanın arzusu
Asiman Fətulla oğlu Qurbanlı 1992-ci il, avqustun 10-da hazırda işğal altında olan Zəngilan rayonunda dünyaya gəlib. Rayon işğal olunduqdan sonra Bakıya köçüblər. Kiçik yaşlarında çox dəcəl olan Asiman, bu xüsusiyyətinə rəğmən, məktəbdə müəllimləri, dostları arasında çox sevilən uşaq olub. Onda karateyə həvəs isə bu idman növü ilə məşğul olmuş atasından keçib. Atasının karateyə çox həvəsi olsa da, sovet dövründə bu idman növünün qadağan olması ona peşəkar karyera qurmağa mane olub. O, öz xəyallarını oğlu vasitəsilə reallaşdırmaq arzusu ilə Asimanı karateyə yazdırıb.

Ancaq Asiman karateyə yazılmamışdan öncə də, bu idman növünün əlifbasına yiyələnmişdi. Artıq 4-5 yaşından atası ona karatedəki əl, qol, ayaq hərəkətlərini öyrətmişdi. 9 yaşından isə Asiman karateyə yazılır. Bir gün atası ona zəng edir və Bakıxanov qəsəbəsindəki karate kursuna yazdırdığını bildirir. Atası sayəsində bu idman növünə böyük marağı yaranmış Asiman, xəbəri sevinclə qarşılayır. Onun ilk məşqçisi Seymur Xudaverdiyev olur. Əslində, Asiman karate ilə məşğul olmağa başlayanda həm özü, həm də ailəsi onun nə vaxtsa peşəkar olacağına inanmırdı. Sadəcə, hər bir oğlan uşağının özünü müdafiə edə bilməli olduğunu düşünən ata Qurbanlı, Asimanı bu idman növünə yazdırmaq qərarına gəlir.
Həyatı dəyişən tənqid
Lakin Asiman 12 yaşı olanda bu fikirlər alt-üst olur. 20 yanvar şəhidlərinin xatirəsinə təşkil olunmuş turnirdə məğlub olan yeniyetmə karateçi, məşqçisi Şamil Xudaverdiyev tərəfindən sərt tənqid olunur. Məhz bu məqam Asimanın karyerasında həlledici rol oynayır. Bundan sonra karate dərslərinə daha ciddi yanaşan Asiman, qatıldığı bütün yarışlarda uğurlu çıxışı qarşısına məqsəd qoyur. Gərgin məşqlər öz nəticəsini çox gözlətmir. 14 yaşında özündən iki yaş böyüklərin yarışında çıxış edir və turniri 2-ci pillədə başa vurur. Bir müddət sonra isə yeniyetmələr - öz yaşıdları arasında ölkə çempionu olur. Bu, Asimanın ilk ciddi uğuru idi. Bundan sonra ona zəng gəlir. Vaxtilə onu zəif çıxışa görə sərt tənqid edən məşqçisi Şamil Xudaverdiyev Asimanın yığmaya dəvət olunduğunu, yeniyetmələr arasında dünya kubokunda iştirak edəcəyini bildirir.

Özünü sübut etməsi üçün bu yarışda yaxşı nəticə qazanmaq vacib idi. Qurbanlı İsveçrədə keçirilən yarışda gözləniləndən də yaxşı nəticə qazanır. O, yarışı qızıl medalla başa vurur. Bu uğurdan sonra Asimanda öz gücünə inam bir az da artır.
"Məqsədə gedən yolda zədələnmək belə xeyirdir”
Ancaq idmançı həyatı keşməkeşlidir. Hər şey heç də planlaşdırdığın kimi getmir. Məğlubiyyətlər, zədələr, heyətdən kənarda qalmaq bütün idmançıların "qorxulu yuxusu”dur. Asiman da bu "qara zolaq”dan qaça bilmir.

O, ən böyük zərbəni "Baku Open” yarışında alır. Yarış zamanı dizindəki ön çarpaz bağları zədələnən Asiman, bir müddət tatamidən kənarda qalmalı olur. Həkimlər onun 6 ay idmandan kənarda qalmalı olduğunu deyir. Ancaq "hər işdə bir xeyir var”. Asiman da belə düşünənlərdəndi. O, ciddi zədədən sonra ruhdan düşmür. İndi də bu barədə danışarkən, zədənin ona ziyandan çox xeyir verdiyini deyir:"Məqsədə gedən yolda zədələnmək belə xeyirdir. Bunu yeni başa düşmüşəm. Əvvəllər çox şey istəyirdim. Uğur əldə etmək üçün çox tələsirdim. Lakin sonradan başa düşdüm ki, hər şeyin öz vaxtı var. Uğura doğru səbirlə irəliləmək lazımdı”.

Uzunmüddətli zədə onu idman yarışlarından kənarda qoysa da, gələcəkdə qazanılacaq daha böyük uğurlar üçün əsl "psixoloji terapiya” rolunu oynayır. Asiman zədəsini sağaltdığı müddətdə səbir etməyi öyrənir və qarşıdakı yarışlara psixoloji cəhətdən daha yaxşı hazırlaşır. Onun zədəsinin öhdəsindən gəlməsində Karate Federasiyası da əlindən gələni edir. Federasiya böyük perspektiv vəd edən idmançının tez sıraya qayıtması üçün onu Türkiyəyə, əməliyyata göndərir. Əməliyyatdan çıxan kimi həkim Asimana "bu gündən məşqə başlamalısan” deyir. Bu, gənc idmançı üçün ən yaxşı xəbər olur. Asiman bərpa məşqləri keçir, Bakıya qayıtdıqdan sonra reabilitasiya mərkəzində müalicəsini davam etdirir.

O, ən çətin zamanlarında belə öz yolundan dönmür və bu "qara zolaq”dan xilas olur. Bunda isə ən böyük rolu ailə dəstəyi oynayır. Əsasən, atasının böyük dəstəyi ilə əzmkarlıq nümayiş etdirən Asiman, cəmi 4 ay sonra tatamiyə qayıtmaq qərarına gəlir. Məşqçiləri onun bu qərarına şübhə ilə yanaşır. Lakin həkimlər onun 10 gün sonra yarışlara qatıla biləcəyini açıqlayırlar. Asiman planlaşdırılan vaxtdan 2 ay öncə tam hazır olur. Zədədən yeni qayıdan Qurbanlı, ilk yarışına Misirdə çıxır. Ən səviyyəli idmançıların qatıldığı Premyer Liqada iştirak edən Asiman, finala qədər irəliləyir. O, həlledici görüşdə yalnız yerli idmançıya məğlub olur.
Brus Liyə pərəstişlə keçən uşaqlıq və gitara həvəsi
Asiman idmanla yaşayır. O, idmandan kənar heç bir məşğuliyyəti olmadığını deyir. Asudə vaxtını daha çox dostları ilə keçirməyi xoşlayan Qurbanlı, son vaxtlar gərgin məşqlərlə əlaqədar, buna bir qədər ara verib.

Film izləməyi sevən Asimanın ən bəyəndiyi janr komediyadır. O, musiqini də çox sevir. Döyüşlərdən öncə həzin mahnıları dinləməyi sevdiyini deyir. Musiqidən söz düşmüşkən, gitaraya həvəsi olan Asiman, bu çalğı alətində ifa etməyi öyrənmək istəsə, hətta müəyyən müddət gitara dərsləri alsa da, sonradan vaxt azlığı ilə bağlı yarımçıq dayandırmalı olub. Özünün sözlərinə görə, gitarada bir neçə mahnı ifa etməyi bacarır.

Uşaq vaxt kumiri Brus Li olub. Asiman uşaq vaxtı hətta yuxularında da onu gördüyünü deyir. Azərbaycanda isə kumiri Rafael Ağayevdir. O, karyerası ərzində həmişə "karatenin brilyantı”nı özünə örnək bilib.
Medal kolleksiyası zəngin olan Qurbanlı
Asiman medal cəhətdən korluq çəkmir. Onun medal kolleksiyasında Azərbaycan çempionatının müxtəlif əyarlı medalları ilə yanaşı, Avropa çempionatının komanda və gənclər arasında fərdi yarışlarının "qızıl”ı da var. Bundan əlavə, onun kolleksiyasını müxtəlif beynəlxalq turnirlərin medalları da bəzəyir.

Asimanın əsas məqsədi böyüklər arasında Avropa və dünya çempionu olmaqdı. Lakin karatenin olimpiya oyunlarının proqramına salınması, onun gələcək arzularına yenisini əlavə edir - olimpiya çempionluğu. İlk hədəf isə mayda ölkəmizdə təşkil ediləcək İslam Həmrəyliyi oyunlarıdır:"24 yaşım var. Gənc sayılıram. Məqsədlərim var. İnşallah onlara nail olaram. Avropa, dünya çempionu olmaq istəyirəm. Karate olimpiya oyunlarının proqramına daxil edilib. Olimpiya oyunlarında iştirak etmək, orda qızıl medal qazanmaq ən böyük arzumdu. Qarşıdakı yarışlarda ilk məqsədim isə İslam Həmrəyliyi Oyunlarıdır”.

İslam Həmrəyliyi Oyunlarından söz düşmüşkən, Asiman artıq bir dəfə bu yarışda uğura sevinib. O, 2013-cü ildə, İndoneziyanın Palembanq şəhərində keçirilən yarışı qızıl medalla başa vuran Azərbaycan yığmasının heyətində yer alıb.
"Karate həyatımın bir hissəsi yox, elə bütün həyatımdı”
Karate doğulduğu Yaponiyada adi idman növü yox, yaşam tərzidir. İlk addımını atdığı vaxtlardan karate ilə məşğul olan Asiman üçün də bu idman növü həyatının bir parçası yox, elə həyatının özüdür. O, karatenin onun həyatını çox dəyişdiyini deyir: "Karate mənim həyatımı yaxşı mənada tam əksinə dəyişib Həyatı daha yaxşı anlamağı, pisliklərdən kənarlaşmağı, səbirli olmağı, çətinliyə dözməyi öyrədib mənə. Karate həyatımın bir hissəsi yox, elə bütün həyatımdı”.

Asiman "karate ilə nə qədər məşğul olmağı düşünürsən” sualına "nə qədər bacarıram, davam edəcəyəm” cavabını verir. Karyerasını bitirdikdən sonra da bu idman növündə qalmağı planlaşdıran Asiman, idmana yeni gələnlərə məqsədə çatmaq uğrunda mübarizədə ruhdan düşməməyi tövsiyə edir: "İdman sağlamlıqdı. Sağlamlıq da həyatda əsasdır. İlk növbədə idmanla buna görə məşğul olmalısan. O ki qaldı karyeraya, idmanda uğurlu karyera qurmağın əsas yolu heç vaxt ruhdan düşməməkdi. Bütün uğurların başında əzmkarlıq dayanır. Buna görə, idmana yeni gələnlərə heç vaxt ruhdan düşməməyi, əzmkar olmağı məsləhət görürəm”.
Portret

Uğura gedən yolu heç də hamar olmayan Asiman, bu kələ-kötür yolu çətinliklə də olsa, dəf etməyi bacarıb. Bunda isə onun əzmkarlığı, mübarizə əzmi müstəsna rol oynayıb. Hətta ağır zədədən belə özünə dərs çıxaran, bu uğursuzluğu məqsədə çatmaq yolunda vasitə halına gətirən Asiman, bir daha karatenin fəlsəfəsinə yiyələndiyini, bu idman növünün əsas prinsipi olan səbirli olmağı mənimsədiyini sübut etdi. Vaxtilə tez əsəbiləşən, haqsızlığa dözməyən idmançının bu xarakteri yaşa dolduqca əzmkarlıqla əvəzlənib. Bu gün Asiman karatedə əsas medal ümidlərimizdəndi. Bu günə kimi bir çox titullar qazanan Asimanın uğur yolu hələ yeni başlayır. Bütün yollar isə karatenin vətəni Yaponiyaya, Tokioya aparır...

banner

Oxşar Xəbərlər