• cümə, 29 Mart, 04:59
  • Baku Bakı 7°C

Özbəkistanın Müstəqillik Günü qeyd olunub - Fotolar

11.09.18 13:19 834
Özbəkistanın Müstəqillik Günü qeyd olunub - Fotolar
Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 27-ci ildönümü münasibətilə sentyabrın 10-da rəsmi qəbul təşkil edib. Rəsmi qəbulda Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov daxil olmaqla millət vəkilləri, ölkəmizdəki diplomatic korpusun nümayəndələri, ziyalılar, iş adamları, media işçiləri və b. iştirak ediblər.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev çıxış edərək ölkəsinin müstəqillik tarixindən, Özbəkistanda həyata keçirilən islahatların əhəmiyyətindən söhbət açıb, bu islahatların ölkənin inkişafına xidmət etdiyini vurğulayıb: "İyirmi yeddi il bundan öncə ölkəmizdə dövlət müstəqilliyi elan edilib. Qürurla bildirmək istərdim ki, qısa bir dövrdə Özbəkistan dünya ictimaiyyətində layiqli yer tapmasında, dövlətçilik və mənəvi dəyərlərinin, müqəddəs dinimizin, adət-ənənələrimizin dirçəldilməsində böyük uğurlar əldə edib. Hazırkı mərhələdə islahatların effektivliyinin artırılması, dövlət və cəmiyyətin sürətlə inkişafı üçün şəraitin yaradılması, ölkənin modernləşdirilməsi və həyatın bütün sahələrinin liberallaşdırılması məqsədilə, Özbəkistanda Prezident Şavkat Mirziyoyev tərəfindən irəli sürülmüş inkişafın beş prioritet istiqamətləri üzrə Fəaliyyət Strategiyasının həyata keçirilməsinə başlanılıb”. Səfir qeyd edib ki, 2021-ci ilədək nəzərdə tutulan Strategiyada ictimai və dövlət quruculuğunun təkmilləşdirilməsi, qanunun aliliyinin təmin edilməsi və məhkəmə-hüquq sisteminin islahatı, iqtisadiyyatın və sosial sahənin daha da inkişaf etdirilməsi, təhlükəsizliyin təmin edilməsi, millətlərarası həmrəylik və dini tolerantlıq, konstruktiv dialoq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan dərin düşünülmüş xarici siyasətin davam etdirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib”.

Səfir bildirib ki, Özbəkistanın xarici siyasətində, yaxın və uzaq xarici dövlətlərlə dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdən biridir. Bu kontekstdə Özbəkistanın xarici siyasətinin vacib istiqamətlərindən biri və başlıcası kimi Azərbaycanla qarşılıqlı səmərəli münasibətlərin inkişafı və möhkəmlənməsi əsas yer tutur: "Son illər ərzində bu əməkdaşlığın inkişafında keyfiyyətcə yeni mərhələnin şahidi oluruq. Demək olar ki, bütün səviyyələrdə və istiqamətlərdə fəallaşma müşahidə olunur. 2018-ci ilin yeddi ayının yekunlarına görə 129 faiz yüksələn əmtəə dövriyyəsinin artımı bunun əyani göstəricisidir. Şübhəsiz ki, sıx və etibarlı münasibətlərin qurulması və milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin yaxınlığı və bənzərliyi dərin tarixi köklərə əsaslanır. Əminəm ki, iqtisadiyyat, ticarət, nəqliyyat, humanitar sahələrdə əlaqələrin qurulmasında mövcud qarşılıqlı maraq, həmçinin gələcək ali və yüksək səviyyələrdə əlaqələr xalqlarımızı daha da yaxınlaşdıracaq və qardaşlıq münasibətlərimizi möhkəmləndirəcək”. Səfir Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına xoşbəxtlik, cansağlığı və davamlı tərəqqi arzulayıb: "Əminəm ki, mövcud həqiqi dostluq və sıx əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da davam edəcək, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə sülh, təhlükəsizlik və sabitlik naminə bundan sonra da inkişaf edəcəkdir”.

Rəsmi qəbulda çıxış edən Baş nazir Novruz Məmmədov əlamətdar bayram münasibətilə Azərbaycan Prezidenti və Hökuməti adından Özbəkistan xalqını təbrik edib. Ölkələrimiz arasındakı əlaqələrin milli mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlandığını söyləyən Baş nazir münasibətlərimizin belə möhkəm təməllər üzərində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin məmnunluq doğurduğunu vurğulayıb: "Ölkələrimiz arasında mövcud olan qarşılıqlı siyasi etimad və dialoq əməkdaşlığımızın daha da inkişafına və dərinləşməsinə zəmin yaradır”.

Əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının səmimi münasibətlərinin rolunu qeyd edən Novruz Məmmədov qardaş Özbəkistanın dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində, sosial-iqtisadi sahədə əldə etdiyi uğurların, onun beynəlxalq aləmdə artan nüfuzunun bizi sevindirdiyini söyləyib. Baş nazir ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın rolunu vurğulayıb.

Azərbaycanın öz tərəfdaşları ilə birgə bütün istiqamətlərdə böyük nəqliyyat və enerji infrastrukturu layihələrini həyata keçirdiyini söyləyən Baş nazir Asiyadan Avropaya yükdaşımalarda ən qısa yol olan Bakı-Tbilisi-Qars dəmir yolunun Özbəkistan üçün əlverişli imkan olduğunu vurğulayıb: "Azərbaycan-Özbəkistan əlaqələrinin genişlənməsi və dərinləşməsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan iqtisadi-ticari, humanitar, təhlükəsizlik, elm, təhsil, incəsənət gənclər və idman sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsində maraqlıyıq”.

Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında humanitar əlaqələrin inkişafında mühüm rolunu qeyd edən Novruz Məmmədov, bu baxımdan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə"sinin özbək dilinə tərcümə edilərək nəşr olunmasının əhəmiyyətini vurğulayıb. Baş nazir bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda da fəal qarşılıqlı dəstək nümayiş etdirirlər: "Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə nümayiş etdirdiyi dəstəyi yüksək qiymətləndiririk”.

Novruz Məmmədov ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.


banner

Oxşar Xəbərlər