• cümə, 29 Mart, 19:31
  • Baku Bakı 14°C

Özbəkistanda “Nəsimi ədəbiyyat günləri” keçiriləcək

15.02.19 12:08 620
Özbəkistanda “Nəsimi ədəbiyyat günləri” keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2019-cu il "Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Daşkənddə silsilə tədbirlərin təşkili nəzərdə tutulub.
"Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini əks etdirən əsərlərinin Özbək dilinə çevrilməsi əsas prioritet məsələlərdəndir.
Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığına Özbəkistanda da böyük maraq olduğunu qeyd edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov "Nəsimi ili” ilə əlaqədar Özbəkistanda "Nəsimi ədəbiyyat günləri”nin keçiriləcəyini bildirib. Diplomat bununla əlaqədar, Azərbaycan və Özbək alimlərinin, ədəbiyyatşünaslarının iştirakı ilə Daşkənddə "Mən əbədiyyət üfüqlərində doğan еşq günəşiyəm” adlı beynəlxalq elmi konfransın keçiriləcəyini söyləyib. O, Nəsiminin qəzəllərinin Özbək dilinə tərcüməsi və Daşkənddə nəşri, il ərzində İmadəddin Nəsimiyə həsr edilmiş "Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin keçirilməsinin də nəzərdə tutulduğunu bildirib.
Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları toplanılacaq. Toplanan əsərlər sonda vahid bir nəşrdə cəm edilərək hər iki dilə tərcümə olunacaq, kitab halında yayımlanacaqdır. Müsabiqənin yekununda iki ölkədən ən dəyərli 2 əsərə (ümumilikdə 4 nəfər) mükafatlar təqdim ediləcəkdir.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitəti, "Kitab dünyası” qəzetinin iştirakı ilə Daşkənddə "Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulmuş tədbirlərdəndir.
Qeyd edək ki, hazırda Azərbaycan Mədəniyyət Mərkəzi bu il Nəsimi irsinə dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, onların surətlərinin qarşılıqlı əsaslarla Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsi layihəsi üzərində çalışır.
banner

Oxşar Xəbərlər