• cümə axşamı, 25 aprel, 12:27
  • Baku Bakı 23°C

Özbəkistanda namizədlər təbliğat kampaniyasına başlayıb

08.11.16 10:47 583
Özbəkistanda namizədlər təbliğat kampaniyasına başlayıb
Özbəkistanda dekabrın 4-də keçiriləcəkprezident seçkiləri ilə bağlı təbliğat kampaniyası start götürüb. Dövlət başçısıpostu uğrunda mübarizə aparan dörd namizəd arasında favorit prezidentsəlahiyyətlərini icra edən baş nazir Şövkət Mirzəyevdir. Onun namizədliyini Özbəkistan Liberal-Demokrat Partiyası irəli sürüb. Ardınca ölkə parlamentinin Aşağı Palatası sədrinin müavini Sərvər Otamuradov, Özbəkistan Xalq Demokrat Partiyasının sədri Xatamjon Ketmonov və "Ədalət” Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov gəlir. Namizədlər artıq proqramlarını açıqlayıb və seçicilərlə görüşlərə başlayıblar. Dekabrın 2-də başa çatacaq kampaniyanı ATƏT də izləyəcək. Hətta qurum prezident seçkilərini müşahidə etmək üçün paytaxt Daşkənddərəsmi ofisini də açıb. Peter Teylerin başçılıq etdiyi müşahidə missiyasına15 ekspert daxildir.
Bundan başqa, 20 nəfər seçkini uzunmüddətli, 250 nəfər isə qısamüddətli müşahidə edəcək. Heç kimə sirr deyil ki, seçkilərin favoriti Şövkət Mirzəyevdir. Əndicanda beş bənddən ibarət proqramını elan edən namizəd hesab edir ki, dövlət və ictimai idarəçilik sistemlərində təkmilləşdirmə işləri aparılmalıdır. Bunun üçün isə bir sıra qanun layihələrinin qəbulu gərəkdir. İkinci istiqamət – qanunun aliliyinin təmin olunması və məhkəmə-hüquq sistemində islahatların aparılmasıdır. Namizədin müəyyən etdiyi əsas xətt korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədir. Üçüncüsü - iqtisadi islahatlardır. Bu islahatlar makroiqtisadi sabitliyi və sabit inkişaf templərini müəyyən etməlidir. Dördüncü bənd isə sosial sferanın inkişafıdır. Ən sonuncu, beşinci istiqamət - təhlükəsizliyin təminatı, dini tolerantlığın və millətlərarası razılığın təmin edilməsidir. "Biz əmin edirik ki, ölkənin suverenliyinə və müstəqilliyinə qarşı yönəlik hər hansı bir cəhdin qarşını qətiyyətlə alacağıq”, - deyə prezidentliyə namizəd Şövkət Mirzəyev bildirib. O, xatırladıb ki, Özbəkistan hər hansı bir hərbi-siyasi bloklara qoşulmur, öz ərazisində hər hansı bir dövlətin baza və obyektlərinin yerləşməsinə yol verməyəcək. Eləcə də, xarici ölkələrin ərazisində özbək hərbçiləri olmayacaq.

Ş.Mirzəyevlə yanaşı, digər namizədlər də yerlərdə görüşlər keçiriblər. Məsələn, sosial-demokratların təmsilçisi, "Ədalət” Partiyasından namizəd Nəriman Umarov seçiciləri ilə Surxandarya vilayətində, namizədliyi "Milli Dirçəliş” Milli-Demokrat Partiyası tərəfindən irəli sürülmüş ölkə parlamentinin Aşağı Palatası sədrinin müavini Sərvər Otamuradov isə Xarəzmdə görüşlər keçirib.

Bəs ekspertlərin seçki prosesi ilə bağlı fikirləri necədir? "Növbədənkənar prezident seçkilərinin nəticələri indidən bəllidir. Buna baxmayaraq, proses ölkə daxili, həm də xarici tərəfdaşlar üçün vacib məsələdir”, - deyə Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyev bildirib. O qeyd edib ki, din və millətlərarası münasibətlərdə təhlükəsizliyin təmin olunması hər zaman rəsmi Daşkənd üçün prioritet olub: "Əminliklə bu xəttin bundan sonra da dövlət siyasəti kimi davam etdiriləcəyini demək olar. Ümumiyyətlə, Özbəkistanda sabitlik bütün region üçün vacibdir və Daşkənd hər zaman bu məsuliyyəti dərk edib”. Rusiyalı ekspertin sözlərinə görə, iqtisadiyyatla bağlı olan sosial sferanın inkişafı həm də sabitlik faktorudur: "Bu sahə üzrə planlaşdırılan yüksək göstəricilər, onların uğurlu icrası Özbəkistanın regional statusunu qaldıra bilər. Bəlli olduğu kimi, ölkədə mövcud olan iqtisadi model müəyyən mənada izolyasiyalı, qapalıdır. Bu səbəbdən də korrektələrə ehtiyac duyur. Lakin Mirzəyevin proqramında hər hansı bir inqilabi dəyişiklik yoxdur. Özbəkistanın dövlət idarəçiliyinin təkmilləşdirilməsinə gəldikdə - bu barədə çoxdan bəridir ki, söhbət gedir.
Əvvəlki illərdə də bu istiqamətdə dəyişikliklər aparılıb”. Bütövlükdə isə müşahidəçilər son iki ayda xarici və daxili siyasətdə aparılan dəyişikliklərə pozitiv yanaşırlar. İlk növbədə, oktyabr ayında özbək-qırğız komissiyası mübahisəli sərhəd məsələsi üzrə 49 bənd üzrə razılıq əldə edib. Halbuki bu məsələlər uzun müddət idi ki, "dondurulmuş” vəziyyətdə idi. Qırğızıstan və Özbəkistan vətəndaşları üçün sərhəddən keçmək qaydaları da xeyli sadələşdirilib. Tacikistanla da aktiv əlaqələr qurulub. Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov Düşənbədə olub və burada prezident Emomali Rahmonla görüşüb. "İctimai və rəsmi diplomatiya səviyyəsində aktiv işlər aparılır. Halbuki belə hal əvvəl yox idi. Bu, pozitiv siqnaldır. Ümid var ki, yaxın vaxtlarda sərhədyanı məsələlərin heç olmasa müəyyən qismi - sərhədlərin delimitasiyası ilə bağlı razılıq əldə olunsun. Pozitiv olan odur ki, tərəflər müzakirə aparmağa və kompromisə getməyə hazırdırlar”.
Azər

banner

Oxşar Xəbərlər