• cümə axşamı, 28 mart, 16:55
  • Baku Bakı 16°C

Özbəkistanda keçirilən Beynəlxalq Baxşi sənəti festivalında Azərbaycan nümayəndələri də iştirak edir

07.04.19 11:19 625
Özbəkistanda keçirilən Beynəlxalq Baxşi sənəti festivalında Azərbaycan nümayəndələri də iştirak edir
Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü, UNESCO-nun himayəsi ilə aprelin 6-dan 10-dək Qaşqadərya vilayətinin mərkəzi Termez şəhərində Beynəlxalq Baxşi (aşıq) sənəti festivalı keçirilir.
AZƏRTACxəbər verir ki, Özbəkistanda ilk dəfə keçirilən festivalın açılışında UNESCO və ISESCO-nun yüksəksəviyyəli nümayəndələri, Qırğızıstan Prezidentinin müşaviri, Qazaxıstan və Tacikistanın mədəniyyət nazirləri, həmçinin ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak ediblər.
Həmçinin Azərbaycandan şair, publisist Əkbər Qoşalı, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı Əli Şamilov, aşıq Samirə Əliyeva və aşıq Əli Quliyevin də qatıldıqları festivalda dünyanın 74-dən çox ölkəsindən 160-dan artıq baxşi, aşıq, akın, ozan, həmçinin folklorşünas alimlər, müxtəlif xalqların folklor qrupları iştirak edir.
Festivalı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev açaraq iştirakçıları təbrik edib, baxşı yaradıcılıq məktəblərinin yaradılmasının, bu sənətin daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb.
Beş gün ərzində müxtəlif xalqların musiqiləri təqdim olunacaq. Tacikistandan olan 90 yaşlı baxşi ustası Xatam aka Xakimov ən yaşlı, Malayziyadan gələn 9 yaşlı Kamarul Baixaki Bin Kamarul Baisaxun isə ən gənc iştirakçıdır.
Festival çərçivəsində "Dünya sivilizasiyasında baxşi sənətinin rolu” adlı Beynəlxalq elmi-praktik konfrans da keçiriləcək.

banner

Oxşar Xəbərlər