• cümə, 29 Mart, 06:12
  • Baku Bakı 5°C

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulmağa hazırdır

30.04.18 20:16 615
Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulmağa hazırdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfər edib. Üçgünlük səfərlə bu ölkəyə gələn Ərdoğan özbək həmkarı Şavkat Mirzoyeyevlə təkbətək və daha sonra geniş çərçivədə görüşlər keçirib. Onun Oliy Məclisdə (parlamentdə) çıxışı da olub. "Ankara Daşkəndlə ticarət dövriyyəsini 5 mlrd. dollara çatdırmağa hazırdır”, - deyə Ərdoğan özbək həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, iki ölkənin iqtisadi potensialı bu məqsədə qısa müddətdə nail olmağa imkan verir. Əlavə edib ki, Ankara Özbəkistanın turizm sektorunun inkişafına kömək etməyə hazırdır. Bundan əlavə, Ankara bu ölkədə humanitar layihələri reallaşdırmaq üçün 60 mln. dollar ayırmağa hazırdır.
Özbək lider isə əlavə edib ki, Daşkənd Ankara ilə münasibətlərin dərinləşməsində və genişləndirilməsində maraqlıdır. İlin əvvəlindən bəri iki ölkə arasında ticarət dövriyyəsi 20 faiz artıb. Onun sözlərinə görə, səfər zamanı 50 layihə ilə bağlı razılaşma əldə olunub. Tərəflər arasında Əfqanıstan məsələsi də müzakirə olunub. İslamın terrorla eyniləşdirmək cəhdlərinin yolverilməz olduğunu dilə gətirən özbək prezident "islam bizləri sülh və əmin-amanlığa çağırır”, - deyib. O əlavə edib ki, Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulmağa hazırdır. Ardınca bildirib ki, Özbəkistan qurumun Bişkekdə keçiriləcək iclasında iştirak edəcək. Onun sözlərinə görə, Özbəkistanın qapıları dostlar üçün açıqdır.
Səfərin sonuncu günü iki ölkənin aparıcı bankları, şirkət və firmalarının rəhbərlərinin iştirakı ilə biznes forum keçiriləcək. Ərdoğanı bu səfərdə 150-yə yaxın türk iş adamı müşayiət edir. Səfərin sonunda ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə birgə bəyanata, eləcə də bir sıra sazişlərə imza atılacaq. Qeyd edək ki, Türkiyə prezidenti buradan Cənubi Koreyaya yollanacaq.
Beləliklə, Türkiyə ilə Özbəkistan arasında 20 ilə yaxın müddətdə davam edən soyuq münasibətlər nəhayət ki, düzəlməkdədir. Danışıqlarda kimya, əczaçılıq, qida, toxuculuq, avtomobil, kənd təsərrüfatı və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. "Vestnik Kafkaza” yazır ki, Türkiyə Şərqdə 90-ı illərin sonundan itirdiyi mövqeləri sürətlə bərpa etməkdədir. Türk ekspertləri hesab edirlər ki, Ankara Avropa İttifaqına üzvlüklə bağlı qiymətləndirmələrdə yanlışlığa yol verib. O zaman türk xarici siyasəti bu planın reallaşmasına yönəlmişdi. Ankara Avropanın qapılarını uğursuz formada döydüyü vaxt, əvəzində Mərkəzi Asiyada mövqelərini xeyli zəiflətdi. İndi də müsəlman dünyasında mövqelərini bərpa etmək üçün İran və Səudiyyə Ərəbistanı ilə region uğrunda mübarizəyə start verib. Ərdoğanın Daşkəndə ilk səfəri 2016-cı ilin noyabrında baş tutub. O zaman ekspertlər bu səfəri iki ölkə arasında münasibətlərdə ciddi bir dönüş kimi qiymətləndirmişdilər. Türkiyə çox gözəl anlayır ki, Özbəkistan və Qazaxıstan Mərkəzi Asiyanın iki əsas və başlıca dövlətidir. Əgər Qazaxıstanla iqtisadi və siyasi münasibətlər çoxdan formalaşıbsa, Daşkəndlə bağlı bunu demək olmur. 2018-ci ilin fevral ayında iki ölkə arasında vizasız rejim qüvvəyə minib. "Özbəkistan və Türkiyə bir-biri ilə həm dini, tarixi, adət-ənənələri, həm də soykökü eyni olan xalqlardır. Türklər müasir Özbəkistanın ərazisini əcdadların vətəni adlandırırlar. Bundan əlavə, Türkiyə Özbəkistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Əcnəbi dövlətlərin Daşkənddə açdıqları ilk xarici diplomatik nümayəndəlik də məhz türklərin olub”, - deyə özbək eksperti Əbu-Əli Niyazmatov bildirib. Onun sözlərinə görə, Özbəkistan müstəqillik əldə etdikdən sonra öz iqtisadiyyatının inkişafı məqsədilə məhz "türk modeli”ni seçib. Bundan sonra türk biznesinin çoxsaylı nümayəndələri Özbəkistana sürətli axın etməyə başladılar. Özbəkistanda çoxsaylı türk məktəb və liseyləri açıldı. Ölkənin birinci prezidenti İslam Kərimov 1991-1998-cu illərdə dörd dəfə Türkiyəyə səfər edib. Cavab səfərləri ilə Özbəkistanda Turqut Özal (1993), Süleyman Dəmirəl (1996-1999), Əhməd Necdət Sezər (2000) və Rəcəb Tayyib Ərdoğan (2016) olublar. Lakin müxtəlif səbəblər üzündən 90-cı illərin sonlarından etibarən münasibətlər durğunluq mərhələsinə daxil oldu. Yalnız Şavkat Mirzoyeyevin hakimiyyətə gəlməsindən sonra Türkiyə ilə münasibətlər köklü şəkildə dəyişməyə başladı. Ötən ilin oktyabrında Mirzoyeyevin Ankaraya səfəri reallaşdı, parlamentlərərası dostluq qrupu formalaşdı. "Türkiyə Özbəkistanın iri xarici ticarət tərəfdaşıdır. Xarici ticarət münasibətlərində Rusiya, Çin, və Qazaxıstandan sonra dördüncü yerdə qərarlaşıb. 2017-ci ilin nəticələrinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 1,5 mlrd. dollar təşkil edir. Lakin ölkələr arasında ticarət potensialı tam şəkildə reallaşmayıb. Hesab edirəm ki, perspektivdə ikitərəfli münasibətlər Özbəkistanda Mirzoyeyev tərəfindən və bütün sahələr üzrə gedən liberallaşma fonunda sürətlə inkişaf edəcək”, - deyə özbək eksperti Əbu-Əli Niyazmatov bildirib. Onun sözlərinə görə, Ərdoğanın Daşkəndə səfərindən sonra türk investisiyasının Özbəkistan iqtisadiyyatına daxil olmasının güclənəcəyini gözləmək olar. Bir sözlə, türk liderinin Daşkəndə səfərindən gözləntilər yüksəkdir.

Azər
banner

Oxşar Xəbərlər