• cümə axşamı, 18 aprel, 04:22
  • Baku Bakı 15°C

Özbəkistan Avropaya çıxışı necə əldə edəcək?

31.03.17 10:00 1863
Özbəkistan Avropaya çıxışı necə əldə edəcək?
Özbəkistanın yeni rəhbərliyi ölkənin iqtisadi cəhətdən inkişafına nail olmaq üçün hər cür addımlara əl atır. Əvvəlki rəhbərlikdən fərqli olaraq, regional və beynəlxalq əməldaşlığa böyük önəm verən yeni administrasiya bu sahədə ciddi addımlar atmaqdadır. Məsələn, əksəriyyət hesab edirdi ki, yeni prezidenti Şövkət Mirzoyev ilk səfərini qonşu dövlətlərə deyil, Rusiyaya edəcək. O isə bu proqnozları rədd edərək, prioriteti qonşu dövlətlərə, konkret olaraq Türkmənistan və Qazaxıstana yönəltdi. Ardınca da Azərbaycan və Gürcüstana özbək nümayəndə heyətləri göndərilib. Konkret olaraq, Tbilisidə səfərdə olan Özbəkistan parlamenti spikerinin müavini Sadık Safayev Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə görüşdə ticarət-iqtisadi, o cümlədən regional infrastruktur layihələrini müzakirə ediblər. Özbəkistan üçün xüsusi maraq doğuran hal Qafqaz nəqliyyat dəhlizidir. Bu dəhliz özbək yüklərinə Qara dənizin limanlarına, eləcə də Türkiyənin Mersin limanına, oradan isə Avropaya çıxış imkan verir. Tbilisiyə qədər isə Özbəkistan parlamentinin nümayəndə heyəti Bakıda səfərdə olub. Məqsəd Özbəkistan, Azərbaycan və Gürcüstanla nəqliyyat-kommunikasiya əməkdaşlığı qurmaqdır. Əvvəllər analoji razılaşma Özbəkistan baş nazirinin birinci müavini Rüstəm Əzimovun bu ilin martın 1-də Ankaraya səfəri zamanı əldə olunub. Özbəkistan öz mallarının Avropaya çıxarmaq üçün istənilən imkanları nəzərdən keçirir. Bu məhsullar təbii qaz, pambıq, uran, əlvan metallar, sement, avtomobillər və tərəvəz məhsullarıdır.

Məşhur özbək iqtisadçısı Bəxtiyar Erqaşevin qənaətinə görə, əsas məsələ bütün Qafqaz marşrutu boyu vahid tarif sisteminin formalaşdırılması və həyata keçirilməsidir. "Söhbət Özbəkistandan Türkmənistanın Türkmənbaşı limanına kimi nəqliyyat-tranzit magistralının formalaşdırılmasından gedir. Ən əsası, sonra bu xəttin Bakı, oradan isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstana, oradan isə Türkiyənin Aralıq dənizi sahilindəki Mersin limanına uzanmasına nail olmaqdır. Bu isə o deməkdir ki, Yaxın Şərq, Şimali Afrika, Avropa, hətta Birləşmiş Ştatlara çıxış əldə ediləcək”, - deyə B. Erqaşev bildirib. Ekspert xatırladıb ki, 2017-ci martın 18-də Daşkənddə Azərbaycan, Gürcüstan, Özbəkistan dəmir yolları rəhbərlərinin birinci üçtərəfli görüşü keçirilib. Görüş zamanı tərəflər yükdaşımalar sahəsində problemlərin operativ həlli məqsədilə hər bir ölkənin ayrı-ayrılıqda dəmir yolu nümayəndəliklərinin açılması barədə razılıq əldə ediblər. Üstündən bir həftə keçəndən sonra Bakı və Tbilisidə artıq konkret danışıqlar start götürüb. Ötən gün də özbək parlamentariləri Gürcüstanın Anakliya limanını nəzərdən keçiriblər. Bu liman Gürcüstanın dəniz qapılarına və "Böyük İpək yolu” layihəsinin bir hissəsinə çevrilməlidir. Bu da Qafqaz marşrutu ilə yüklərin daha bir daşınma variantıdır. Özbəkistan hazırda yeni tərəfdaş axtarışındadır. "Mənim qənaətimcə, hazırda ən aktual məsələlərdən biri yaxın qonşularla münasibətlərin intensifikasiyasıdır”, - deyə ekspert Sadık Safayev bildirib.

Təsadüfi deyil ki, Özbəkistan prezidenti Şövkət Mirzoyevin birinci səfəri də məhz Türkmənistana olub. Aşqabadda nəqliyyat-tranzit sahəsində, o cümlədən Türkmənistan və Özbəkistanın dəmir yolu idarələrinin əməkdaşlığı ilə bağlı saziş imzalanıb. İki ölkənin liderləri Amudərya üzərindən yeni avtomobil və dəmir yollarının açılışını həyata keçiriblər. "Beləliklə, Özbəkistan öz mallarını Türkmənbaşıya çıxarmaq barədə imkan əldə edib”, - deyə Erqaşev bildirib.

Yeri gəlmişkən, Aşqabad nəqliyyat-kommunikasiya sahəsinin inkişafı ilə bağlı Türkmənbaşı limanının yenidən qurulması ilə bağlı 2 milyard dollarlıq layihə həyata keçirir. Bu işlər sahəsində limanının yükburaxma qabiliyyəti il ərzində 15 milyon tona çatacaq. Onun sözlərinə görə, bu, yeni nəqliyyat layihəsi deyil, "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi” ideyası isə TRASEKA layihəsi çərçivəsində reallaşır. "Türkiyə-Gürcüstan-Azərbaycan-Türkmənistan-Özbəkistan xətti bu yolun bir hissəsidir. Çin-Qırğızıstan-Özbəkistan nəqliyyat dəhlizi ilə bağlı işlər başlandıqdan sonra bu layihənin loqistik davamı olacaq. Çin-Qırğızıstan-Özbəkistan nəqliyyat dəhlizi ilə bağlı təklif hələ 1996-cı ildə səslənmişdi. O zamandan bəri də bu barədə çox danışılır. Hətta onun texniki-iqtisadi əsaslandırılması həyata keçirilib. Lakin hələ də praktiki cəhətdən reallaşmayıb”, - deyə Erqaşev vurğulayıb. Məsələ ondadır ki, Moskva Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin inşasına qarşı çıxır. Rusiyalı ekspertlər bildirirdilər ki, əgər xətt inşa olunarsa, onda Rusiyanın Qırğızıstanda hərbi, iqtisadi və mədəni iştirakına son qoyulacaq. Yol həm də Rusiyanın təhlükəsizliyinə problem olacaq. "Nəqliyyat dəhlizləri arasında rəqabət hər zaman olub və olacaq da. Hər bir ölkə nəqliyyat axınının məhz öz ölkəsinin ərazisindən keçməsinə çalışır. Rusiya da hər zaman Çin və Avropa arasında yüklərin öz ərazisindən daşınmasında maraqlı olub. Lakin bizim barəsində danışdığımız layihə 20 illik tarixə malikdir. Artıq onun böyük bir hissəsi inşa edilib, test rejimində ilk teplovozlar da keçib. Hazırda yüklərin daşınması ilə bağlı prosedur məsələləri müzakirə olunur - tariflər, qiymət, malların növləri, nomenklaturası və s. Bundan əlavə bu müddət ərzində vəziyyət də dəyişib”, - deyə Bəxtiyar Erqaşev bildirib. Onun qənaətinə görə, Çin-Rusiya yaxınlaşması çərçivəsində Rusiyanın Mərkəzi Asiyada və Çinin İpək yolu iqtisadi qurşağı təşəbbüslərini sinxronlaşdırmaq gərəkdir. Belə olan halda, Çin və Rusiya arasında razılaşma əldə oluna bilər və layihə tezliklə reallaşar: "Çünki, bu olmadan, hazırda bizim bəhs etdiyimiz Avropa-Qafqaz-Asiya layihəsi başa çatmayacaq”.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər