• cümə, 19 Aprel, 14:09
  • Baku Bakı 25°C

Özbəkistan Avrasiya İqtisadi İttifaqına qoşulur?

11.10.19 17:24 656
Özbəkistan Avrasiya İqtisadi İttifaqına qoşulur?
Özbəkistanda regional təşkilatlarla qarşılıqlı münasibətlərin yenidən formatlanması prosesi gedir. Bunu ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü imkanlarını şərh edən Senatın sədr müavini Sadiq Safayev bəyan edib. Onun qənaətincə, bu məsələdə Daşkəndə hər hansı təzyiqdən söhbət gedə bilməz. "Özbəkistan təzyiq göstərilə bilən dövlət deyil”, - deyə o, Rusiya Federasiya Şurasının sədri Valentika Matviyenko ilə birgə keçirdiyi mətbuat konfransından sonra bəyan edib. V.Matviyenko bəyan edib ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkənin Aİİ-yə qoşulması məsələsi ilə bağlı qərar qəbul edib və bu da ikitərəfli münasibətlər üçün yeni imkanlar açacaq: "Belə ki, dövlətlərarası münasibətlərdə sədlər və baryerlər aradan qaldırılacaq”. O, ümidvardır ki, razılaşma prosesi uzanmayacaq. Artıq həm Rusiya, həm də Özbəkistan tərəfindən işçi qruplar yaradılıb. V.Matviyenko bildirib ki, Mirziyoyev ölkənin Aİİ-də iştirakının vacibliyini başa düşür: "Lakin ona hansısa bir qərar qəbul etməzdən öncə bütün mümkün riskləri nəzərə almaq gərəkdir”.
Rusiyalı senator, Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Farit Muxametşin isə Daşkəndə səfərinin yekunları ilə bağlı bildirib ki, ola bilsin fevral ayında Özbəkistan Aİİ-də müşahidəçi statusu əldə etsin. Məsələ, Mirziyoyevin Rusiyaya səfəri zamanı da müzakirə olunacaq.
Yeri gəlmişkən, rusiyalı nümayəndələrin Özbəkistanın regional inteqrasiya birliyinə mümkün qoşulması barədə fikirləri ölkədə qızğın müzakirələrə səbəb olub. Sadik Safayev xatırladıb ki, Özbəkistanın Aİİ-yə üzvlüyü məsələsini ilk dəfə prezident parlament deputatları qarşısında iyunun 24-də qaldırıb. "Keyfiyyətli məhsul istehsal etmək kifayət deyil. Ən çətini məhsulu çıxarmaq üçün bazar gərəkdir. İstədik, istəmədik – Rusiya və Aİİ bizim üçün əsas tərəfdaş ölkədir. Bunlar bizim əsas tərəfdaşlardır, bizim ticarətin 70 faizi onlarla bağlıdır”, - deyə özbək lider vurğulayıb. Prezident ölkənin qarşısında duran çağırışlar barədə də danışıb: "Özbəkistan sərhədləri açmalı olacaq. Lakin bu zaman özbək müəssisələri Aİİ-nin tələblərinə cavab verməyə imkan tapmamış bağlanmaq təhlükəsi ilə üzləşə bilər. Bizim qonşular xeyli qabağa gedib. Çox tezliklə məhsulların markirovkasına başlayacaqlar. Bizim məhsullar bu bazarda markirovka olmadan uduzacaq. Biz düzgün yol tapmalıyıq. Hər şeyi analiz etməliyik, 10 dəfə ölçüb bişdikdən sonra qərar qəbul etməliyik”. Safayev onu da deyib ki, 2019-cu il avqustun 1-də Minskdə Belarus tərəfi ilə müvafiq bəyanat qəbul edilib. Tərəflər Belarus təcrübəsi tədqiq edilməklə Özbəkistanın Aİİ ilə əməkdaşlığı perspektivlərini müzakirə ediblər. Yəni, hər hansı yeni və rezonans doğuracaq bir hal baş verməyib: "Bizim prezident güclü və müstəqil liderdir və sırf Özbəkistanın maraqlarından çıxış etməlidir. Məhz bu səbəbdən də üç il bundan əvvəl xarici siyasətin yenilənməsinə başlanılıb. Bu siyasət daha açıq, praqmatik, daha az siyasiləşmiş, ideallaşdırılmış və rasional olmalıdır”. Senatorun qənaətincə, bu səbəbdən də əməkdaşlığın yeni formatının işlənib hazırlanması zərurəti ortaya çıxıb. Lakin S.Safayev bildirir ki, bu məsələdə Özbəkistana hər hansı bir təzyiq olmayıb.
Xatırladaq ki, Özbəkistanın xarici siyasəti müstəqillikdən sonra iki baza prinsipi üzərində qurulub. Bunlardan birincisi, dünya güc mərkəzlərindən kənar balanslaşdırılmış bərabərlik, ikincisi isə çoxtərəfli inteqrasiya birliklərindən imtina və ikitərəfli əlaqələrə üstünlük verilməsidir.
Mano tədqiqatlar təşəbbüsünün direktoru Bəxtiyar İrqaşov isə "Vestnik Kafkaz”a müsahibəsində deyib ki, Özbəkistan sənaye malları, xüsusən də avtomobillərin ixracı məsələsində ciddi çətinliklər yaşayır. Aİİ-yə üzv olmaqla özbək istehsalçıları bu geniş bazara (əsasən də Qazaxıstan və Rusiya) bərabər hüquqlu giriş əldə edəcəklər. Tərəvəz istehsalçıları, özbək toxuculuq və ayaqqabı istehsalçıları da bu addımla qabağa düşəcəklər. Onlar üçün daha əlverişli şərait yaradılacaq. Bir faktı da qeyd edək ki, müsbət dinamika ikitərəfli əməkdaşlıq məsələlərində hiss olunur. Daşkənd və Moskva artıq özbək məhsullarının ixracı üçün yaşıl dəhliz açılması barədə razılıq əldə ediblər. Ekspertlər diqqəti ona da yönəldirlər ki, Özbəkistan Aİİ-yə üzv olduqdan sonra əmək miqrantları üçün də vəziyyət yaxşılaşacaq. Rusiyada təqribən 2,5 mln. özbək miqrant işləyir. Bu insanlar işə qəbul zamanı müəyyən üstünlüklər və güzəştlər əldə edəcəklər, ölkə isə pul axını əldə edəcək. Özbəkistan Mərkəzi Asiya ölkələri arasında bu göstərici üzrə liderdir. Eləcə də, Rusiya investisiya resurslarına və texnologiyalarına giriş əldə olunacaq. Hələ ki, bu sahə üzrə əsas lider Özbəkistan və Çindir. Lakin minuslar da var. Rusiya mallarının ölkəyə güclü axını baş verəcək. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 4 mld. dollardan bir qədər yuxarıdır. Özbəkistandan Rusiyaya ixrac 1 mlrd. dolları keçmir. Belə bir disbalans Qazaxıstanla ticarətdə də var. Aİİ isə bu prosesi daha da gücləndirəcək. B.Erqaşovun qənaətincə, mümkün variantlardan biri Aİİ-Özbəkistan azad ticarət zonasının yaradılması ola bilər.
Bundan əlavə, ciddi bir problem özbək milli pulu – somla bağlıdır. Ölkə somu üzən məzənnəyə buraxmağa hazırlaşır. Bildirilir ki, Özbəkistanın Mərkəzi Bankı milli valyutanın məzənnəsini kənar faktorların müəyyən etməsini istəyir. Özbəkistan Mərkəzi Bankı bəyan edib ki, "iqtisadi zərurətə görə məzənnə bundan sonra yalnız alıcılar və satıcılar arasındakı mübadiləyə əsaslanacaq”.
Özbəkistan da qonşusu Tacikistan kimi Rusiyada işləyən miqrantların vətənə göndərdikləri pullardan asılıdır. Bu, hər iki ölkəni Rusiya rublunun kursundan asılı vəziyyətə salır. Tacikistan da milli valyutanın məzənnəsini sərbəstləşdirib. Artıq bir müddətdir ki, Özbəkistanın bütün kommersiya bankları müştərilərə xarici valyutanın satışına başlayıb. Mərkəzi Bank bildirib ki, somun məzənnəsi qeyri-sabitdir və hökumət bu məzənnəyə kənar faktorların təsirinin yumşaldılması üçün tədbirlər görəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər