• cümə, 29 Mart, 19:55
  • Baku Bakı 14°C

Özbəkistan ABŞ-ın “qara siyahı”sında

19.01.18 09:30 608
Özbəkistan ABŞ-ın “qara siyahı”sında
Rəsmi Daşkənd ABŞ Dövlət Departamentinin, Özbəkistanı sistematik olaraq vətəndaşların dini azadlıqlarının pozulduğu ölkə kimi qələmə verməsini anlaya bilmir. Özbəkistan hökuməti yanında dini işlər üzrə komitənin müşaviri Behzod Kadırov bildirib ki, Dövlət Departamenti hesabatını dərc etməkdə tələsib. Belə ki, "pozucular” barədə məlumatlar USCIRF-in (dünya ölkələrində vicdan azadlığı ilə bağlı komissiya) ilin yekunları ilə bağlı hesabatına uyğun təqdim edilir. Bu hesabat isə yalnız apreldə hazır olacaq. Özbəkistan Müsəlmanlar İdarəsi hesab edir ki, ölkənin "qara siyahı”ya salındığı hesabat əvvəlki illərin informasiyaları əsasında hazırlanıb. Qeyd edək ki, Dövlət Departamenti yanvarın 5-də hazırladığı hesabatda dini azadlıqların məhdudlaşdırıldığı ölkələrin siyahısını dərc edib. Bura postsovet məkanından üç ölkə - Türkmənistan, Özbəkistan və Tacikistanın adı salınıb.
Daşkənddə belə bir qiymətləndirilmə ilə qəti şəkildə razı deyillər. Qeyd edilir ki, bu sahədə ciddi və köklü dəyişikliklər mövcuddur. "Ötən il dini sahədə ciddi tədbirlər həyata keçirilib. Tək islamı əhatə edən səbəblər barədə danışacağam. Ötən il dövlət səviyyəsində Bəhai təriqətinin əsasını qoyan şəxsin 200 illiyi, Reformasiya hərəkatının 500 illiyi ilə bağlı tədbirlər keçirildi. Bu tədbirlərdə katolik və pravoslavlar, eləcə də ölkəmizdə akkreditə olunmuş ölkələrin səfirləri, o cümlədən ABŞ səfiri aktiv şəkildə iştirak etdilər. Daşkənddə olan patriarx Kirill qeyd edib ki, Özbəkistan dini tolerantlığın nümunəsi hesab edilə və bütün ölkələr üçün nümunə göstərilə bilər. Əvvəlki illərdə mən Dövlət Departamentinin bəyanatlarına ciddi reaksiya vermədim. Lakin ötən il bizim ölkəyə kimlər gəlmədi? Hamı öz gözləri ilə gördü ki, bizdə hansı proseslər yaşanır. Özləri monitorinq elədilər, insanlarla görüşdülər. Görüşlərinin sonunda müsbət dəyişikliklərdən danışdılar. İndi isə durub deyirlər ki, pozuntular mövcuddur”, -deyə Behzod Kadırov bildirib.
Yeri gəlmişkən, ötən il Özbəkistanda beynəlxalq missiyaların bir neçə heyəti olub – BMT insan haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn, BMT-nin insan haqları və dini azadlıqlar üzrə xüsusi nümayəndəsi Əhməd Şahid və USCIRF-in xüsusi nümayəndəsi Deniel Mark. B. Kadırov bildirib ki, Mark öz hesabatını dəqiqləşdirmək üçün Özbəkistan XİN-ə göndərib. Hesabatın mətni hələ dərc olunmayıb, Departament isə artıq siyahını dərc edib. Doğrudan da, Özbəkistanda dini azadlıqlarla bağlı vəziyyət müsbətə doğru dəyişir. Burada İslam Akademiyası yaradılır və tələbə qəbulu bu ildən aparılacaq. İslam Sivilizasiyaları Mərkəzi və imam Buxari və imam ət-Təbrizi adına Beynəlxalq Tədqiqat Mərkəzləri, əlavə olaraq regionlarda beş elmi məktəb açılıb. "Bütün bunlar islamın mahiyyətini gənclərə çatdırmaq, onları radikal ideyalardan uzaqlaşdırmağa yönəlib. Prezident Şavkat Mirzoyeyev dini sahədə liberallaşma tədbirlərini gücləndirmək məqsədilə qərarlar qəbul edib. İlk növbədə Həcc ziyarətinə gedənlər üçün kvota artırılıb - əvvəl bu rəqəm 5200 idisə, indi 7200-dir. Gələn ildən isə bu rəqəm 10 minə çatdırılacaq.
Ötən il dövlət başçısı həbsxanalarda olan 16 min dindarı əfv edib. Noyabr ayından başlayaraq, bütün ölkə boyu səsgücləndiricilər vasitəsilə azan səslənir. Bütün bunları BMT-nin xüsusi məruzəçisi Əhməd Şahid də etiraf edib. Özbək ekspert bildirir ki, ölkə üçün islamlaşma və radikallaşma təhlükəsi zəif də olsa, gənclər ən zəif halqadır. Onları ekstremizmdən qorumaq üçün ideya gərəkdir - bu isə maarifçilikdən keçir. Quranın tədrisini həyata keçirmək, nəyin pis, nəyin yaxşı olduğunu hər bir gəncə başa salmaq gərəkdir. Əsas diqqət Rusiya və Qazaxıstanda çalışan əmək miqrantlarına ayrılmalıdır. Məhz onların radikalların təsiri altına düşmək təhlükəsi güclüdür. Bizim ideya və maarifçiliyimiz sağlam fikirləri onlara çatdırmaqdır. Gənclərin bir hissəsini itirməyə yol vermək olmaz”,- deyə ekspert vurğulayıb.
Postsovet məkanı problemləri üzrə ekspert Zurab Toduanın sözlərinə görə, Özbəkistan radikallara qarşı mübarizədə böyük təcrübəyə malikdir. Və bu təcrübə Qərb ölkələrindən də tez toplanıb. Onun sözlərinə görə, "İslam Xilafəti”nə qarşı uğurlu əməliyyatları, eləcə də, 2005-ci ildə Əndicanda yaşananları misal çəkmək olar. "O zaman qonşu Qırğızıstandakı xaosdan istifadə edən radikallar Fərqanə vadisinə daxil olmuşdular. Əndicanda yaşanan hadisələr qan gücünə yatırılmışdı. Ən əsası, bu gün hakimiyyət sərt addımlarla yanaşı, dini rəhbərliyə də dəstək verir”, - deyə o, fikrini tamamlayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər