• cümə, 29 Mart, 11:25
  • Baku Bakı 5°C

Özbaşınalıq edən avtobus sürücülərinə qarşı ictimai “müharibə”

13.10.14 14:48 954
Özbaşınalıq edən avtobus sürücülərinə qarşı ictimai “müharibə”
Avtobus dayanacaqlarını zəbt edən, eləcə də sərnişin avtobuslarını idarə edərkən özbaşınalıqlara yol verən sürücülərin müvafiq qurumlar tərəfindən inzibati məsuliyyətə cəlb edilməsi ilə yanaşı, onların ictimai qınaq obyektinə çevrilməsi üçün də geniş tədbirlər görüləcək.
Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, NİİM ictimai nəqliyyat vasitələrində qaydaları kobud şəkildə pozan, eləcə də avtobus dayanacaqlarını zəbt edən sürücülərin fotoşəkillərini kütləvi informasiya vasitələrində yaymağa başlayıb. Məqsəd belə sürücülərə qarşı daha ciddi ictimai qınaq formalaşdırmaqdır.
Ş.Mehmanqızı qeyd edib ki, bu tədbirlər bundan sonra daha geniş formada aparılacaq: “Bəzi sürücülər siqaret çəkərək və ya telefonla danışaraq avtobus idarə edirlər. Bu sürücülər sərnişinlərə narahatlıq törətməklə yanaşı, onların həyatını da təhlükləyə atırlar. Bundan başqa, minik avtomobillərini vətəndaşlar üçün nəzərdə tutulmuş avtobus dayanacaqlarının az qala düz içində saxlayan və oranı zəbt edən sürücülər də var. Belə olduqda həmin dayanacaqda adamlar dayana bilmirlər. Biz həmin sürücülərin və avtomobillərin şəkillərini yaymaqla, düşünürük ki, bəlkə bu yolla onlar cəmiyyətdə ictimai qınaq obyektinə çevrilsinlər, utansınlar, abır-həya etsinlər. Mərkəzdə hər gün 20-30 belə şəkil qeydə alınır. Əslində isə belə faktların sayı dəfələrlə çox olur. Biz bu istiqamətdəki işləri bundan sonra da davam etdirəcəyik ki, bəlkə həmin sürücülər ətrafındakı insanlardan, dostlarından, ailə üzvlərindən utanıb belə qanunsuz və ikrah hissi doğuran əməllərindən əl çəksinlər”.
banner

Oxşar Xəbərlər