• cümə, 26 Aprel, 22:42
  • Baku Bakı 22°C

Zaza Vaşakmadze: “Qonşu Azərbaycanla radikalizmə qarşı birgə mübarizə aparacağıq”

27.11.16 09:01 847
Zaza Vaşakmadze: “Qonşu Azərbaycanla radikalizmə qarşı birgə mübarizə aparacağıq”
"Qonşu Azərbaycanla radikalizmə qarşı birgə mübarizə aparacağıq. Bu mübarizəyə həmişə dəstək verməyə hazır olduğumuzu bildiririk. Gürcüstan dövləti radikal qüvvə və təriqətlərin güclənməsinə izn verməyəcək və şərait yaratmayacaq”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) noyabrın 26-da keçirilən ənənəvi hesabat yığıncağında Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze bildirib.
Z. Vaşakmadze Gürcüstan dövlətinin müsəlmanlara qayğı ilə yanaşdığını bildirib: "Pravoslav dinindən sonra Gürcüstanda müsəlman dini ikinci yerdədir. Müsəlmanların bir arada, yəni iki məzhəb daşıyan qardaşların bir yerdə olması modeli dünyada yoxdur. Və dünya bu modeldən nümunə götürməlidir. Ölkəmizdə gürcü, çeçen, kistin, şiə və sünni müsəlman qardaşların bir yerdə ibadət etməsi ən layiqli bir modeldir. Düşünürəm ki, Gürcüstanda olan tolerantlıq bəlkə də dünyada yoxdur. Buna görə də dövlət müsəlmanlara qayğı ilə yanaşır. GMİ-nin dövlət və din sahəsində xüsusi rolu olub. Mən GMİ-nin müstəqil dini qurum olmasına çalışacağam. Dövlət GMİ-nin tam formalaşması üçün qayğısını daha da artıracaq”.
Dövlət Agentliyinin rəhbəri yaxın gələcəkdə "Din haqqında ” Qanun qəbul olunduqdan sonra dini abidələrin müsəlmanların ixtiyarına veriləcəyini bildirib: "Hələlik 130 məscid qeydiyyatdan keçib və bu davam edir. Məscidlərin texniki, hüquqi problemləri, sənədləşmə problemləri var və bu məsələlər mərhələ-mərhələ həll olunacaq”.
Z. Vaşakmadze Gürcüstanda ənənəvi dinlərin inkişafına maddi qayğı göstərilməsinin son üç ildə artdığını bildirib. Onun sözlərinə görə, Gürcüstanda sovet totalitar rejimi zamanı ənənəvi dinlərə maddi dəstək 2014-cü ildən başlanıb. 2014-cü ildə GMİ-yə dövlət tərəfindən 1 mln. 100 min lari, 2015-ci ildə 2 mln. 100 min, 2016-cı ildə 2 mln. 750 min lari məbləğində dəstək ayrılıb. Qeyd edim ki, Gürcüstan dövləti belə bir maddi dəstəyi digər dini konfessiyalara da göstərir”, - agentliyin rəhbəri qeyd edib.
banner

Oxşar Xəbərlər