“Zamanla kişilər də qəbul edəcək ki, qadınlar bu işi bacarar” - Uğur hekayəsi
Bir
vaxtlar səhv hesab etdiyi nüanslar həyatının ən böyük uğurlarına vəsilə olub.
Deyir ki, təhsili ilə bağlı verdiyi qərarlardan ilk vaxtlar narazı olsa da, bu
gün peşman deyil. Düşünür ki, gördüyü işə yox, nəticəyə foksulanmaq onu gücləndirir
və məqsədinə çatdırır.
Müsahibimiz kibertəhlükəsizlik sahəsində müstəqil
ekspert, İT mühəndisi, Azərbaycan Respublikası Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində Elektron Təhlükəsizlik Xidmətində- CERT -də (Computer Emergency Response Team)
baş məsləhətçi işləyən Leyla Əliyevadır.
Həmsöhbətimiz
2006-2010-cu illərdə Bakı Dövlət Universitetində Tətbiqi riyaziyyat və
kibernetika fakültəsində bakalavr təhsili alıb. Daha sonra Azərbaycan Neft Akademiyasında
iqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və kompyuter riyaziyyatının əsasları
üzrə idarəetmə fakültəsi üzrə magistr dərəcəsinə yiyələnib. İkinci magistr dərəcəsini
isə Koreyada Soongsil Universitetində informasiya elmləri üzrə alıb. SINAM MMC-də Proqramlaşdırma şöbəsində tətbiq üzrə mütəxəssis, MilliByte MMC-də İT üzrə təlimçi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində İnformasiya Təhlükəsizliyinin Sistem Təminatı şöbəsində mühəndis kimi çalışıb.
- Leyla xanım, sizdə İT sahəsinə maraq necə
yarandı?
- IT sahəsinə
olan marağım 15 yaşımdan başlayıb. Onda 9-cu sinifdə oxuyurdum. İnformatika fənnini
çox sevirdim. Sonra universitetə qəbul oldum və bu ixtisası seçdim. Universitet
illərində də kibertəhlükəsizliklə bağlı fənlər daha çox diqqətimi cəlb etdi. Həmin
vaxtdan qərara gəldim ki, nə proqramlaşdırma, nə də buna bənzər sahələr mənlikdir.
Mən şəbəkə təhlükəsizlik sistem administrasiyası kimi sahələrə daha çox maraq
göstərirəm. Magistr təhsilimi kompüter təhlükəsizliyi üzrə aldım. İlk dəfə
magistratura dissertasiyasından iki gün sonra SOCAR-da informasiya təhlükəsizliyi
sistem təminatı şöbəsində işləməyə başladım. Bununla yanaşı, Azərbaycanda
"Linuks” üzrə ilk bloq yazıları yazırdım. "Linuks” informasiya təhlükəsizliyinin
təmin olunması üçün istifadə olunan əməliyyat sistemlərini və proqram təminatlarını
özündə əks etdirir. "Linuks”dakı fəaliyyətimlə bağlı olaraq, hazırda işlədiyim
elektron təhlükəsizliyi xidmətinə təklif aldım və burada işləməyə başladım.
- Uşaqlıqdan kompyuter ixtisaslarına maraq göstərmisiniz.
Niyə məhz digər sahələr yox, kibertəhlükəsizliyi seçdiniz?
- Həmişə
insanlara kömək etməyə çalışıram. Tanıdım, tanımadım fərq etməz. İnsanları
qorumağı çox sevirəm. Bu sahənin məqsədləri xarakterimə çox uyğun gəlir. Həm də
informasiya təhlükəsizliyi universaldır. IT-nin bütün sahələrini - sistem
administratorluğu, şəbəkə administratorluğu, proqramlaşdırma, menecment, siyasətin
hazırlanması və s. sahələri özündə birləşdirir. Bəlkə də mənim ona görə
marağımı cəlb etdi ki, burada daha çox təhlükələrin qarşısını almaq, baş verən
hadisələrin nəticələrini aradan qaldırmaq kimi məqamlar olur. Mənə həmişə
proqramlaşdırma çox sıxıcı gəlib. Fikirləşirdim ki, insanlar necə ola bilər ki,
saatlarla kompüter arxasında kod yaza bilər, yaxud saatlarla eyni işi görə bilər.
Bu cəhətdən kibertəhlükəsizliyin çoxsahəli olması məni cəlb edib və daha çox
maraq göstərdim. Bu sahədə bütün biliklərimi tətbiq edir, sadəcə bir istiqamətdə
yox, bütün sahələrdə inkişaf edə bilirəm.
- Bu sahədə xanımlar çox azdır. Həmkarlarınızın
daha çox qarşı cins olmasının çətinlikləri nələrdir?
- Mənfi
tərəfləri çoxdur. Qadınlar daim bəylər tərəfindən demotivasiya olur. İşə
götürülərkən qadınların analıq məzuniyyətinə çıxması, toy məsələləri nəzərə
alınır. Fasiləsiz işləyəcək adam axtardıqlarına görə, adətən bəylərə üstünlük
verirlər. Ən əsası isə bəylərin bu sahədə daha savadlı olduqlarına inanırlar. Sanki
qadınlar bu işi bacarmayacaq kimi
mühakimə edirlər. Düzdür, müəyyən insanlar var ki, bu sahə üzrə
qadınların da kişilərdən geri qalmadıqlarını bilirlər. Özümü tək hiss etməkdən
yoruluram. Bəzən tədbirdə 50 nəfər bəy olur, bir xanım. Bu, mənə təsir edir.
Düzdür, qadın az olduğu üçün həmcinslərin arasında lider olmaq şansın daha
çoxdur. Sən tək qadınsan və diqqət sənin üzərində olur. Amma öz sahəndə tək
olmaq, özünü tək hiss etmək insanı demotivasiya edir.
- Bəs demotivasiya olduğunuz zaman özünüzü necə
motivasiya edirsiniz?
- Adətən
çalışıram ki, nəticələrə fokuslanım. Elə olur ki, oxuyuram sonra fikirləşirəm
ki, onsuz da bəylər məni olduğumdan aşağı səviyyədə göstərib bu işə qəbul etməyəcəklər.
Müsahibədən qadın olduğum üçün keçmək şansım yoxdur. Sonra nəticəyə baxıram.
Düşünürəm ki, bu sertifikatı alsam, çox qadınlara stimul ola bilərəm. Onları da
bu sahədə irəli getməyə stimullaşdıra bilərəm.
- Nə üçün kişilər düşünür ki, bu sahəni qadınlar
bacarmaz? Bəlkə də əksər qadınlar da kişilərlə həmfikirdir... Həqiqətənmi
qadınlar bu sahədə çətinlik çəkirlər?
- Hesab
edirəm ki, qadınlar daha dəqiq və detallara diqqət edən olduğu üçün bu sahə onlarda
daha yaxşı alınar. Kişilər həmişə özlərini qadınlardan güclü hesab ediblər. Əvvəllər
qadınların avtomobil sürməsini, sürücülüyünü də bəyənmirdilər. Amma indi qəbul
etdilər. Düzdür, indi də belə düşünənlər az deyil. Amma dəstək olanların da
sayı çoxalıb. Eynilə kibertəhlükəsizlik də belədir. Qadınlar bacarmayacaq deyə
bir məsələ yoxdur. Zamanla bunu qəbul etməyən kişilər də qəbul edəcəklər.
- Deyirlər, müasir uşaqları ailələr deyil, onlayn
aləm böyüdür. İnternetdə mavi balina kimi oyunlar intihara sürükləyir. Azərbaycan
belə problemlər varmı və hansısa tədbirlər görülürmü?
- Azərbaycanda
uşaqlara qarşı təhlükə digər ölkələrlə müqayisədə çox azdır. Amma hər ehtimala
qarşı bu sahədə kifayət qədər tədbirlər görülür. Məsələn, orta məktəblər dövlət
tərəfindən filtrlənmiş internetlə təmin edilib. Uşaqlar onların tərbiyəsinə, əxlaqına
ümumiyyətlə təhlükəsizliyinə qarşı yönəlmiş veb saytlara daxil ola bilmirlər.
Sadəcə, onlar üçün məhdudlaşdırılmış çərçivədə saytlara baxa bilirlər. Bəzən elə
olur ki, uşaqlar daxil olmasa belə, əxlaqa zidd olan saytlar çıxır. Həmin
saytlarla üzləşməmələri üçün məktəblərdə filtrlənmiş internetlə təmin olunur
ki, bu da ən uğurlu layihələrdən biridir. İkincisi, hər il Azərbaycanda uşaq ayı
keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məktəblərdə
layihələr həyata keçirilir. Xüsusilə internet təhlükəsizliyi ilə bağlı tədbirlər
çox uğurludur.
- Azərbaycanda kibercinayətkarlığın daha çox hansı
növləri yayılıb?
- Son
zamanlarda qarşılaşdığımız əsas problemlər sosial şəbəkə hesablarının
sındırılması məsələləridir. Amma bu da əslində istifadəçilərin özündən
asılıdır. İstifadəçilər təhlükəsizlik qaydalarına kifayət qədər riayət etsələr,
heç bir problemlə üzləşməzlər. Amma təəssüflər olsun ki, təhlükəsizlik
qaydalarına riayət etmirlər. Məsələn, təhlükəsizliklə bağlı xüsusi verilmiş
funksiyalardan istifadə etmirlər. Nəticədə şikayət edirlər ki, niyə hesablarım
sındırıldı. Ən çox qarşılaşdığımız problemlərdən biri də "Fişinq” adlanır.
"Fişinq” istənilən növ parolların, istifadəçi adlarının və şifrələrinin ələ
keçirilməsi üçün istifadə olunan metoddur. Məsələn, "Facebook.com” sözünü başqa
domendə açırlar, "Facebook”un səhifəsinə çox oxşayır amma əslində saxta səhifə
olur. Sizə göndərirlər və deyirlər ki, sən bu linkə daxil olsan sənin üçün
hazırladığım videonu görə bilərsən. İnsanlar aldanırlar və öz login parollarını
daxil edirlər. Bununla da, bütün sosial şəbəkə məlumatlarını qarşı tərəfə
ötürürlər. Kibercinayətkarlıqla bağlı digər məsələlərdən biri veb saytlara olan
hücumlarla bağlıdır. Veb saytlara digər ölkələrdən gələn hücumlar nəticəsində
Azərbaycana qarşı təxribat xarakterli məlumatlar yerləşdirilir.
- Deyirlər səhvlər nəticə çıxarmaq üçündür. Sizin
hansısa səhvləriniz olubmu və o səhvlər karyeranıza necə təsir edib?
- Bəli, səhvlərim
olub. Mən uşaqlıqdan rəssam-dizayner olmaq istəyirdim. Amma riyaziyyatı yaxşı
bildiyim üçün anam məni məcbur edib ki, istiqamət üzrə təhsil alım. Hətta deyib
ki, dizayner olsan, haqqımı halal etmərəm. Onu da anlayıram. İstəmirdi mən çox
güclü olduğum sahəni gözardı edim. Həmişə düşünürdüm ki, tətbiqi riyaziyyat
fakültəsində təhsil almaqla səhv etmişəm. Çünki o sahəyə qəbul olmaq da, oxumaq
da çox çətindir. Çox oxumalı və çalışmalı olurdum. Bəzən anam da deyirdi ki, bəlkə
fikrini dəyişəsən? Elə öz sahənə - dizaynerliyə keçəsən? Mən həmişə deyirdim
ki, bunun üçün artıq çox gecdir. Bu qədər zəhmət çəkmişəm buna qarşılıq olaraq,
gərək bitirim və ixtisasıma sahib çıxım. Həmişə səhv etdiyimi düşünə-düşünə
ixtisasıma davam edirdim. Amma indi heç peşman deyiləm. Sevinirəm ki, belə gözəl
ixtisas seçmişəm. Həyatımın ən gözəl uğurları elə bu ixtisasla bağlıdır.
- Ağıllı adamlar adətən məqsədlərini gizlədirlər. Hətta
ən yaxın dostlarına da danışmırlar. Bu prinsip sizin üçün keçərlidirmi?
- Əksinə,
paylaşıb, məsləhət almağı sevirəm. Həm də insanların motivasiya etməsi məni
ruhlandırır. Amma bəzən də onlardan dəstək ala bilməyəcəyimi bildiyim üçün gizlədirəm.
Daha doğrusu, gözləyirəm məqsədimə çatım, sonra bu barədə hamıya deyim.
- Uğur sirriniz nədir?
- Məqsədlərini
unutmamaq, daim öz üzərində çalışmaq, heç vaxt məqsədə gedən yolun çətinliyinə
fokuslanmamaq və daim nəticəni düşünmək. Çünki nəticədən çox, ona çatmaq üçün
getdiyimiz yolun çətinliyinə fokuslananda ruhdan düşürük. Amma nəticəyə
fokuslanmaq və gələcəkdə bu nəticənin faydalı olduğunu düşünmək bizi gücləndirir
və daha çox çalışmağa başlayırıq.
Aygün
ƏZİZ