• çərşənbə axşamı, 19 mart, 09:30
  • Baku Bakı 8°C

Zamanın yaşanmadığı məkan...

23.01.17 10:52 3876
Zamanın yaşanmadığı məkan...
Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində absurd dramaturgiyanın banisi sayılan Ejen İoneskonun məşhur "Stullar” əsərinin eyniadlı tamaşasının seyrindəyik. Təqdimat:
Tamaşanın bədii rəhbəri – Xalq Artisti Azər Paşa ZƏFƏR oğlu
Quruluşçu rejissoru - İlkin Mehdiyev
Qarı - Həmidə Ömərova (Xalq artisti)
Qoca - Rafiq Əzimov (Xalq artisti)
Natiq - Hacı İsmayılov (Xalq artisti)
Ejen İonesko deyir ki, "Mən həyatım boyu ənənəvi olandan qaçdım”. Hamı kimi olmaqdan, hər kəs kimi yaşamaqdan, sonucda kütləvilikdən... etalondan... O üzdən də İonesko absurdun atasıdır. Absurd özü nədir? Məntiqsizlik, qeyri-normal olan, sağlam insan düşüncəsinə əks olan... Ol səbəbdən də absurd haqqında məntiqli nə danışmaq olur, nə də yazmaq...
Biz indi tamaşada nəyə baxırıq? Gəmidə iki ahıl yaşlı insan yaşayır. Təklikdə, kimsəsizlikdə, sanki hətta gəmidə deyil, suyun dibində... Həyatda məkanlarını, yerlərini tapmayan Qoca və Qarı. Qarşımızda iki uğursuz insanın həyat tərzi, yaşam tarixçəsi canlanır. Yazıçı qələmində bu pyesin qəhrəmanları bu iki qoca deyil, məhz stullardır. Boş stulların əsasında duran mütlət boşluqdur. Mütləq boşluq da mövcud olan iki insanın təkliyi, əlacsızlığıdır.
Boşluq varsa, mövcudluq ola bilməz. Xəyalların qəhrəmanı olan bu iki qoca da reallıqda yaşamır, uğursuz həyatlarına rəng qatmaq istəyində çırpınırlar. Tamaşa müddətində səhnədə saysız-hesabsız stullar dayanır. Heç kəsin əyləşmədiyi stullar bir predmet deyil, tamaşanın qəhrəmanına çevrilir. Məhz tamaşanı canlı edən də bu stullardır. Tənhalıqlarını unutmaq üçün bu iki qoca bir oyun fikirləşirlər və hər gün evlərinə xəyali qonaqlar dəvət edirlər. Qonaqlarla dialoq qurur, onların mənsub olduğu həyatı xəyalən yaşamağa can atırlar.
Qoca kişi (xalq artisti Rafiq Əzimov) bəyan etmək istəyir ki, onun yaşadıqları uğursuzluq deyil, bir anlaşılmazlıqdır, bəxti sadəcə gətirməməkdir. Və bu gün o sözünü deyəcək, bununla da hər şey anlaşacaq, yəni o bu günə qədər deyə bilmədiyini bu gün deyib, bizləri-gələcəyi xilas etmək istəyindədir. Qoca insanın bütün gücünü vahid bədənində cəmləməyə çalışıb, səhnədə çıxış edən aktyor oyununda görünən bu ki, o, İoneskonun qəhrəmanını deyil, sadəcə "qızıl balıq gözləyən balıqçı”, marşalı ifa edir. O, stullara sadəcə predmet, rekvizit kimi yanaşır, məlum həqiqətin məhz bu stullardan ibarət olduğunu danır. Qoca qadın (xalq artisti Həmidə Ömərova) isə daha maraqlı oyun sərgiləyir ki, burada o, daha canlıdır, hiss və emosiyalarının hədəfi aydındır. Tamaşa müddətində qoca qadın və stullar dialoqu daha yaxşı işlənib, təqdim olunur. Həmidə xanımın (Semiramida) oyun taktı digər həmkarlarından daha surətli idi. Ol səbəbdən də sanki onun oyunu vahid ansambl kimi anlaşılırdı.
Onların bu səssizlikdən və süstlükdən xilas olmaq üçün bir yolları var. Oyunu başlatmaq... Oyun qonaqların xəyali gəlişi və Kralın təşrifi ilə davam edir. Bu oyun uşaqların oyunundan heç nə ilə fərqlənmir. Evcik deyilən uşaq dövrümüzün ən yaddaqalan oyunu kimi... Sadəcə hədəflər fərqlidir. Uşaqlar xəyallarında qurub gələcəyə aparmaq istədikləri həyatı, qocalar isə keçmişdə xəyal edib qura bilmədikləri həyatı təsvir edirlər.
Natiqin (xalq artisti Hacı İsmayılov) səhnəyə gəlişi finala doğru sonu ifadə etsə də, ancaq tamaşanın kulminasiya nöqtəsi idi. Bu qədər gözlənilən natiq danışmır, laldır. Onun da deməyə sözü yoxdur. Maraqlıdır, natiq nə deməli idi ki? Və ya kimə deməli idi? Tamaşanın natiqi son gəlişdir, o həm lal natiqdir, həm də əzrayıldır. Ölümdür... Daha onun da, "Natiq”ində deməyə sözü yoxdursa, ölməkdən başqa çıxış qapısı yoxdur.
Rejissor seyrici üçün açıq suallar yaradıb, daha doğrusu buna nail olub. Rejissorun səhnə oyununda bu iki qoca boş stullara çevrilib. Lal insanlar, görünməz insanlar, təcrid olunmuş məkanlar... Dünyada nə qədər belə insanlar, nə qədər məkanı bilinməyən belə yerlər var. Qocalar isə son nöqtəyə çatsalar da, ümidlərini itirmirlər. Bir gün olsa da yaxşı həyat təsəvvvür etmək istəyində bulunan qocalar sonda Natiqdən də əllərini üzürlər.
Tamaşanın stullardan ibarət olan canlı ansambla gəlincə, onlar mövcud olmayan qonaqları xəyali qəbul etməkdən çəkinmədilər. Üzərində heç kəsin oturmadığı stullar lazımsız olduqlarını, daha böyük anlamda içində İnsanın olmadığı hər nə varsa, əşyavilikdən, predmetlilikdən başqa bir şey deyildir fikrini aydın şəkildə çatdıra bildilər. Bizlərə qalan hisslər isə qocalara - onlarla buna bənzər həyatın şahidi olduğumuz ahıl yaşlı insanlara acımağımız, heyfslənməyimiz və nəhayətində bu da bir sonucda məhv olan həyatın hekayəsi-oyunu və tamaşasıdır...
Azərbaycan Teatr Xadimləri İttifaqının anlamca böyük, məkan etibarilə kiçik olan Mustafa Mərdanov zalında baş tutan bu tamaşa çox dəyərli bir xatirədir. Səhnə ə görün biz kimləri görürük. Rafiq Əzimov, Həmidə Ömərova, Hacı İsmayılov... Sənətkarın hər yaşında, yaradıcılığının istənilən dövründə ruhən yaşaması vacibdir. Onları yaşadan isə səhnədir. Kiçik və ya böyük olmasından asılı olmayaraq...
Qeyd: Tamaşanın prodüsseri – Xalq Artisti Rafiq Əliyev, səhnə müdiri Zaur Abasov, səs rejissoru Nazim Kərimli, işıq üzrə rəssam Əlivahinbaba Məmmədhəsənov, rəqs quruluşu Raulya Türkkan Aylindir.
Aygün Süleymanova
teatrşünas
banner

Oxşar Xəbərlər