Zamanın tələbi: Peşə təhsilinin yenidən təşkili və populyarlaşdırılması
"Azərbaycanda peşə məktəblərinin
yaradılması prosesi daha da sürətlə getməlidir”. Ölkə rəhbəri İlham Əliyevin
Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində
səsləndirdiyi bu fikir yenidən
diqqəti peşə təhsili sahəsindəki proseslərə yönəltdi. Prezident kadr hazırlığı məsələlərinin böyük əhəmiyyət daşıdığını vurğulayaraq
növbəti illərdə peşə hazırlığının Azərbaycanda geniş vüsət almalı olduğunu və
buna böyük ehtiyac yarandığını qeyd etdi: "Peşə məktəblərinin yaradılması
prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi
inkişafı ilə uzlaşmalıdır. Biz iqtisadi inkişafımızı planlaşdırırıq. Bizim
regional inkişaf proqramlarımız dərc olunur. Yəni biz öz beşillik fəaliyyət
planımızı tərtib edirik və eyni zamanda, sənaye, kənd təsərrüfatı və digər
sahələrlə bağlı proqramlar bizə yol göstərir. Ona görə peşə hazırlığı buna
uyğun şəkildə aparılmalıdır”.
Dövlət başçısı kənd təsərrüfatı, sənaye
və turizm sahələrində ixtisaslaşmış peşə məktəblərinin yaradılmasına böyük
ehtiyacı bu sahələrin bundan sonra da ölkədə sürətlə inkişaf edəcəyi ilə əsaslandırıb:
"Kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar və bu peşələr üzrə kadrlar
hazırlanmalıdır. Biz gəncləri bu sahəyə cəlb etməliyik, stimullaşdırmalıyıq ki,
onlar da bilsinlər, peşəkar olandan sonra onların yaşayış səviyyəsi böyük
dərəcədə yaxşılaşacaq. Bu istiqamətdə işlər keçən il görülüb və bu il də davam
edəcək”.
Ölkə başçısının 2016-ci il 20 aprel tarixli Fərmanı
ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması
bu sahənin ölkə iqtisadiyyatının inkişafı üçün önəmindən xəbər verir. Bəs keçən müddət ərzində bu sahədə hansı addımlar atılıb?
Əmək bazarının
tələblərinə uyğun
Fəaliyyətində ilk
peşə-ixtisas təhsilinə ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı
sahələrdən biri kimi yanaşan Peşə Təhsili üzrə Dövlət Agentliyi hesab edir ki, dövlət səviyyəsində peşə təhsilinin inkişafına
istiqamətlənən tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək
bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır. Peşə
Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili müəssisələrinin idarəedilməsi,
keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiriAmil Əlili "Kaspi”yə açıqlamasında ölkə başçısının sərəncamından
irəli gələrək ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının
səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların
hazırlanmasını təmin etmək məqsədi ilə Agentliyin öz fəaliyyətini bu sahədə dövlət siyasətinin həyata keçirilməsi və
əlaqələndirilməsi istiqamətində qurduğunu bildirdi. O cümlədən, əmək bazarının
dəyişən tələblərinə müvafiq ilk peşə-ixtisas təhsili müəssisələrinin
fəaliyyətinin təşkili, idarəedilməsinin təkmilləşdirilməsi, işəgötürənlərlə
əməkdaşlıq və iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun olaraq kadr
hazırlığına nail olunması istiqamətində işlər görülür: "Ölkə başçısının da qeyd
etdiyi kimi, peşə təhsili və təlimi sahəsindəki prioritetlərin əsas
məqsədi digər mühüm sektorlarda tətbiq olunan prioritetlərin dəstəklənməsi üçün
səriştəli işçi qüvvəsinin təmin edilməsi və həmin sektorların potensialının tam
reallaşdırılmasına təkan verməkdir”.
Bu məqsədlə
dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkəmizdə əmək bazarının tələblərinə
uyğun ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi
sahəsində ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə "Azərbaycan
Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”
təsdiq edilib. Belə ki, Strateji Yol
Xəritəsində qarşıdakı dövrdə peşə təhsili və təlimi sektoru üzrə normativ
hüquqi, iqtisadi və informasiya bazasının təmin edilməsi, peşə-ixtisas
təhsilinin yeni pozitiv imicinin formalaşdırılması, peşə təhsili sisteminin
özəl sektor üçün cəlbediciliyinin artırılması, müasir infrastruktur,
maddi-texniki və tədris bazasına malik peşə-ixtisas təhsili müəssisələrinin formalaşdırılması
məsələləri yer alıb. Həmçinin sənəddə peşə-ixtisas təhsili sistemində əmək
bazarının tələblərinə cavab verə bilən mühəndis-pedaqoji kadrların
hazırlanması, peşə-ixtisas təhsili müəssisələrinin məzunlarının işlə
təminatının yüksəldilməsi kimi strateji məqsədlərə nail olunması nəzərdə tutulub.
Eyni zamanda, "Peşə təhsili haqqında” Qanun layihəsinin hazırlanması üzrə Milli
Məclisdə bir çox deputatların və müvafiq
strukturların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb ki, onun formalaşdırılmasında həm yerli, həm də
beynəlxalq təcrübədən istifadə ediləcək.
Yeni peşə təhsili mərkəzlərinin yaradılması
A.Əlilinin
bildirdiyinə görə, carı tədris ilində ilk dəfə olaraq Bakı və Gəncə
şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu "ASAN Peşə” layihəsi
çərçivəsində həyata keçirilib: "ASAN Peşə” layihəsinin tətbiqində əsas məqsəd
şagirdlərin qəbulu prosesində şəffaflığın təmin edilməsi, subyektiv amillərin
aradan qaldırılması, peşə təhsilinin
əlçatanlığının artırılması və vətəndaşların rahatlığının təmin olunması olub”.
Yeni peşə təhsili mərkəzlərinin yaradılmasına diqqət çəkən nazirlik rəsmisinin
sözlərinə görə, peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması
prosesi bu müəssisələrin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə
ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə həyata keçirilir:
"Həmin təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması
dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin mövcud vəziyyətini araşdıraraq,
onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji heyətinin
potensialı qiymətləndirilərək və əldə olunan nəticələrə istinad edilərək
aparılır. Optimallaşdırma prosesi, ilk növbədə, iri sənaye mərkəzləri olan Bakı
və Gəncə şəhərlərində yerləşən, paralel kadr hazırlığını həyata keçirən təhsil
müəssisələrinin birləşdirilməsi ilə başlayıb”.
Şöbə
müdirinin bildirdiyinə görə, Bakı şəhərində 26 təhsil müəssisəsinin bazasında
11, Gəncə şəhərində 6 təhsil müəssisəsinin bazasında 2 Dövlət Peşə Təhsil
Mərkəzi yaradılıb. Ümumilikdə isə cəmi 32 ilk peşə-ixtisas təhsili
müəssisəsinin bazasında 13 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb: "Yaxın
gələcəkdə regionlarda bu istiqamətdə işlər davam etdiriləcək”. Şöbə müdiri
hesab edir ki, peşə təhsilinə marağın artırılması üçün peşə-ixtisas təhsilinin
yeni pozitiv imicinin formalaşdırılması və peşəyönümü işinin effektiv şəkildə
qurulması prioritet istiqamətlər kimi müəyyən olunub: "Statistikaya
nəzər salsaq, hazırda orta təhsil məzunlarının yalnız 11%-i peşə təhsilinə
müraciət edirlər ki, bu da peşə təhsilinə marağın dünya ölkələri ilə müqayisədə
çox aşağı olduğunu göstərir. Qarşıya qoyulan hədəflərimizdən biri də peşə
təhsilinə cəlb olunanların səviyyəsinin 25%-ə qaldırılmasıdır ki, bu məqsədlə,
geniş spektrdə peşəyönümü tədbirləri aparılacaq. Peşə təhsilinin imicinin
yüksəldilməsi üçün xüsusi yerli, regional və beynəlxalq səviyyəli yarışmaların
təşkili, eləcə də yaşlılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, qızlar,
işsizlər və digər həssas əhali qruplarının təhsilə cəlb olunması üçün müvafiq
təhsil mühiti və şəraitinin yaradılması nəzərdə tutulub”.
A.Əlilinin sözlərinə görə, həmçinin
ümümtəhsil məktəblərində şagirdlərin peşə təhsili ixtisasları ilə
praktiki qaydada tanışlığını təmin etmək üçün müxtəlif tədbir və müsabiqələr,
peşə təhsili müəssisələrində "Açıq qapı” günləri mütəmadi təşkil ediləcək: "Həmçinin
kadr hazırlığı prosesinin müasirləşdirilməsi, peşə təhsili və təlimi
müəssisələrində mühəndis-pedaqoji heyətin hazırlığı prosesinin
təkmilləşdirilməsi, peşə təhsili və təlimi sistemində özəl sektorun iştirakınin
stimullaşdırılması, işəgötürənlərin tələbatına uyğun kadr hazırlığının təşkili
istiqamətində görüləcək işlər peşə təhsili müəssisələrinin imicinin
artırılmasına xidmət edəcək. Cünki dəyişən əmək bazarının tələblərinə çevik
uyğunlaşan müvafiq peşə təhsili proqramları ilə işəgötürənlərin təlim tələblərinin
vaxtında qarşılanması və kadrların yenidən hazırlanması müasir peşə təhsili
müəssisələrini səciyyələndirən əsas xüsusiyyətlərdəndir”.
Əmək bazarının tələbatının daha dolğun təmin
edilməsi ilə əlaqədar 2016-2017-ci tədris ilində mövcud ilk peşə-ixtisas
təhsili müəssisələrində ölkə iqtisadiyyatının prioritet istiqamətlərinə və
işəgötürənlərin sifarişlərinə əsasən 15 yeni ixtisas üzrə kadr hazırlığına başlanıb. Belə ki, "Suvarma sistemlərinin operatoru”, "Soyuducu
qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator”, "Tədbir və
mərasimlərin təşkilatçısı”, "Bağban-dekorator”, "Ağac nəqqaşı”, "Quru
inşaat və suvaq işləri ustası”,
"Daşdoğrayan maşın operatoru”, "Oteldə konsiyerj” (qonaqlara məlumat verən və
xidmətlərin satışını təşkil edən əməkdaş), "Bitkiçilik mütəxəssisi”,
"Aqroservis mütəxəssisi”, "Heyvandarlıq mütəxəssisi” - belə ixtisaslardandır.
Eyni zamanda, 2016-2017-ci tədris
ilindən regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı və
kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədilə uzun illər tədris
olunmayan "Pambıqçı”, "Baramaçı”, "Tütün ustası” kimi ixtisasların tədrisinə də
başlanılıb.
İlk peşə-ixtisas
təhsilinin inkişafı
Təhsil üzrə ekspertlər də peşə təhsilinin inkişaf
etdirilməsini iqtisadiyyatın inkişafında mühüm amil kimi dəyərləndirirlər.
Təhsil Şurasının
sədri, professor Əjdər Ağayev ilk peşə-ixtisas təhsili və ya texniki peşə
təhsili mərhələsinin daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu bildirir: "Hazırda
ölkədə iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən sənayenin və kənd
təsərrüfatının hərtərəfli inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var”. Pofessorun
sözlərinə görə, bu ehtiyacı ödəmək üçün regionlarda mərkəzləşdirilmiş peşə
təhsili müəssisələri yaradılır, amma bu sahələr üzrə kadrlar da hazırlanmalıdır:
"Bu sahələr üzrə peşələrin inkişafı və ixtisaslı kadrların hazırlanması
iqtisadiyyatın inkişafına təkan verəcək. İxtisaslı mütəxəssislər ilk peşə
təhsili üzrə aldıqları bilikləri praktikada tətbiq edəcək və bunun nəticəsində
əkin sahələri genişlənəcək. O cümlədən qeyri-neft sektoru hesabına ölkə
iqtisadiyyatı yüksələcək. Bu inkişaf meyvə-tərəvəzin daha çox istehsalına
gətirib çıxaracaq. Yəni artıq bizim xaricdən geni dəyişmiş məhsullar almağa
ehtiyacımız qalmayacaq. İqtisadiyyatın inkişafı həm də yerli məhsullar hesabına
sağlamlığın təminatına səbəb olacaq”. Gənclərin peşə təhsilinə həvəslənməsinə
gəlincə, Ə.Ağayev hesab edir ki, bu məsələdə gənclərin düzgün
istiqamətləndirilməsi mühüm rol oynaya bilər: «Gənclərin həmin sahələrdə
çalışan insanlarla münasibətində nizamlanma olmalı, onlara yüksək qayğı
göstərilməlidir ki, bu sahəyə rahatlıqla üz tutsunlar”.
İnsan kapitalı
üçün əhəmiyyətli töhfə
Professor Şahlar
Əsgərov da peşə təhsilinin daha da inkişaf etdirilməsinə
ehtiyac olduğunu bildirir. Xüsusən kənd təsərrüfatı sahəsində bir sıra peşələrin
– üzümçülük, pambıqçılıq, maldarlıq və s. sahələrlə bağlı peşə təhsilinin
inkişafına, o cümlədən kadrların hazırlanmasına ehtiyac var. Bu baxımdan,
rayonlarda həmin sahələr üzrə peşələr tədris olunmalıdır. Professorun fikrincə,
peşə məktəblərinin inkişafı insan kapitalının inkişafı üçün əhəmiyyətli töhfə
ola bilər: "Dövrün tələbatına uyğun gələn peşələr maraqlıdır. Hazırda sənaye
məktəbləri açırlar. Həmin məktəblərin yanında peşə kursları da olmalıdır ki,
şagirdlərə öyrətsinlər». Ş.Əsgərovun fikrincə, peşə məktəblərində tədris edilən
peşələrlə bağlı gənclər arasında təbliğat olmalıdır: "Bu, gənclərin gələcək
yoluna işıq tutar. Yəni onlar həmin sahəni öyrənəndən sonra gələcəkdə işlə
təmin olunacaqlarını və kifayət qədər yaxşı məvacib alacaqlarını da bilməlidirlər.
Bu da onlarda həmin sahələrə, ümumən peşəyə stimul yaradar”.
Təranə Məhərrəmova