• cümə axşamı, 28 mart, 16:14
  • Baku Bakı 16°C

Zamanın sınağından üzüağ çıxan telekanal

26.08.17 10:30 1446
Zamanın sınağından üzüağ çıxan telekanal
Ölkə teleməkanında özünəməxsus yeri olan İctimai Teleradionun yaranmasından 12 il ötür. Azərbaycan tamaşaçılarının dərin hörmətini qazanan bu telekanalın kollektivi hər kəsin üəryincə olan verilişləri təqdim etməyi özünün dəyişməz və sınanmış fəaliyyət kredosu hesab edir.
Ölkəmiz müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə stabilliyə nail olundu və demokratik cəmiyyətin əsas atributlarının yaranmasına start verildi. Azərbaycanda mətbuat azadlığının real təminatı üçün "Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun qəbul olunması ilə cəmiyyətin yeni bir demokratik instituta – İctimai televiziyaya ehtiyacı məsələsi də gündəmə gəldi. "İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu uzun müzakirələrdən sonra qəbul edildi. Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də Azərbaycan cəmiyyətinin və xalqımızın arzu və istəklərinin ifadəsi kimi "İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə fərman imzaladı.
Beynəlxalq standartlara uyğun bu cür hüquqi baza formalaşdıqdan sonra Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına rəvac verildi. Ölkə başçısı cənab İlham Əliyev yeni televiziyanın rəmzi düyməsini basmaqla, Azərbaycanda İctimai Televiziya və Radio yayımına xeyir-dua verdi və beləliklə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə dövlətimizin seçdiyi demokratik inkişaf yoluna, söz və mətbuat azadlığı prinsiplərinə sədaqətini növbəti dəfə təsdiqləmiş oldu. Xatırladaq ki, bu tarixi hadisə 2005-ci il avqustun 29-da gerçəkləşdi.
Ötən illər İctimai Teleradionun həyatında bir sıra yaddaqalan hadisələrlə zəngin olub. Kollektiv bacarıqlı, səriştəli kadrlarla komplektləşdirilib, texniki təchizat yaxşılaşdırılıb, yeni texnologiyaların tətbiqi sürətlənib. Yaradıcı heyət, texniki personal verilişlərin bədii-estetik keyfiyyətinin yaxşılaşdırılması, yayım arealının genişləndirilməsi üçün səylərini əsirgəməyib.
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin keçdiyi inkişaf yoluna qısaca nəzər saldıqda, bu reallıq bir daha öz təsdiqini tapır ki, müasirləşməyə, yeniləşməyə, beynəlxalq təcrübənin tətbiqinə günün əsas tələbi kimi bütün dövrlərdə diqqət yönəldilmiş, uğurların davamlılığı yeni hədəflər üçün stimulverici amil olmuşdur.
Bir qələm sahibi, eyni zamanda tamaşaçı və dinləyici kimi vurğulamaq istərdim ki, ən böyük siyasət görülən işlər, real məsələlərdir. Zaman hər günün qarşısına yeni tələb qoyursa, deməli, qarşıdakı dövrün tələblərinin və uğurlarının miqyası da daha geniş və müxtəlif olacaq. Sabahlarını "Yeni gün”lə açan tamaşaçıların görüşünə məhz bu proqramla gələn, milyonları salamlayan İctimai Televiziya hər zaman səy göstərir ki, ilin 365 günündə bir-birindən əhəmiyyətli proqramları, layihələri ilə ictimaiyyətin gözləntilərinə yüksək səviyyədə cavab versin.
Biz hər birimiz yaxşı başa düşürük ki, İctimai Televiziyanın əsas qayəsi öz fəaliyyətində azərbaycançılığı, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, rəngarəng, mədəni irsimizi qorumaqdır. İctimai-siyasi məsələlərin daha da geniş əhatə olunması, elmin, təhsilin inkişafı ilə bağlı yeni layihələrin reallaşdırılması, müxtəlif mədəniyyət, incəsənət proqramlarının hazırlanması, ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqların fəaliyyəti ilə əlaqədar yeni verilişlərin təqdimi, ölkəmizdə keçirilən beynəlxalq musiqi və idman yarışlarının tamaşaçılara yüksək səviyyədə çatdırılması həmişə bu kollektivin diqqət mərkəzində olub.
Ölkəmizdə baş verən ictimai-siyasi proseslərin, iqtisadi islahatların, mədəniyyət və incəsənət sahəsində nəzərəçarpan yeniliklərin tamaşaçıya vaxtında və hərtərəfli təqdim olunmasında "Carçı” xəbərlər proqramının rolu əvəzsizdir. Bir jurnalist kimi bu proqramın ölkə həyatının geniş spektrdə işıqlandırılması sahəsində zəngin təcrübəyə malik olduğu qənaətindəyəm.
İctimai-siyasi proqramlar departamentinin hazırladığı verilişlər də bir izləyici kimi məni razı salır. Yeri gəlmişkən, bu proqramların adlarını xatırlatmaq istərdim: "Aktual mövzu”, "Həftənin yekunu”, "Media və zaman”, "İqtisadiyyat”, "Diqqət mərkəzi”, "Regional inkişaf”, "Qarabağ həqiqətləri”, "Qarabağ: real tarix”, "Qarabağ sərvətləri” kimi verilişlərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması, ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı atılan addımlar, mədəniyyət, mətbuat, incəsənət sahəsində qazanılan uğurlar, əhalinin sosial güzəranının yaxşılaşdırılması, elm və təhsildə nəzərəçarpan nailiyyətlər və digər məsələlər şərh olunur, uğurlarımız və problemlərimiz diqqətə çatdırılır.
İctimai Televiziyanın "Yeni gün” səhər proqramı özünəməxsusluğu və orijinallığı ilə seçilir. Cəmiyyətin bütün təbəqələrinin marağını əks etdirən bu proqram öz auditoriyasını maarifləndirmək, mədəniyyətimizi, tariximizi təbliğ etmək missiyasını layiqincə yerinə yetirir. Bu proqramda maraqlı insanlar, siyasətçilər, elm xadimləri prioritet mövzular ətrafında müzakirələr aparır, mədəniyyət və incəsənət ustaları yaradıcılıq sahəsində qazandıqları uğurları tamaşaçılara çatdırırlar. Proqramın böyük uğur qazanmasının səbəblərindən biri də xarici qonaqlara, ölkəmizdəki səfirlərə, diplomatik korpus nümayəndələrinə geniş yer ayırmasıdır.
Bu yazını hazırlayarkən İctimai Televiziyanın demək olar, bütün verilişlərini diqqətlə izləmişəm. Açığını deyim ki, "Salam, əsgər”, "Açıq dərs”, "Biri var imiş, biri yox imiş”, "Din və Cəmiyyət”, "Bioloji təbabət”, "Ozan məclisi” və digər proqramlar İctimai Televiziyanın geniş auditoriya qazanmış verilişlərdəndir. Milli qəhrəmanlarımızın döyüş yolundan bəhs edən "Heç kim unudulmur, heç nə yaddan çıxmır” proqramı gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynayır.
İTV-nin böyük nüfuz qazanmış, tamaşaçılar tərəfindən razılqıla qarşılanan proqramları sırasında "Yadigarlar”, "Muğam sədası”, "Oberton”, "Telemizan”, "Caz saatı”, "Klassik musiqi” və digər verilişlərin adlarını çəkmək istərdim. Bu proqramlar tamaşaçı zövqüünn formalaşmasında, intellektual səviyyəsinin yüksəlməsində böyük rol oynayır.
İTV-nin uğurlu fəaliyyətindən bəhs edərkən son illər tamaşaçılara təqdim edilən "Qarabağnamə” teleserialının adını xüsusilə qeyd etmək lazımdır. Ekran əsəri tarixi epopeyalar olan "Qarabağnamələr”in motivləri əsasında lentə alınıb. Teleserial üç film olmaqla, beş hissədən ibarətdir. "Carçı Film” yaradıcılıq birliyinin istehsalı olan "Hərbçi sədaqəti”, "Zamansız rənglər”, "Danışan tarix”, "Bura vətəndir”, "Qan yaddaşımız”, "Xocalı yanğısı”, "Vurğun ocağı” və digər filmlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
İctimai Radionun kollektivi də insanları maarifləndirmək, dinləyiciyə həyatımızın müxtəlif sahələrinə dair informasiya çatdırmaq missiyasını uğurla həyata keçirir. Verilişlərdə Azərbaycan tarixinin ayrı-ayrı səhifələri, mühüm əhəmiyyətə malik tarixi hadisələr, görkəmli şəxsiyyətlər, milli qəhrəmanlar, Azərbaycanın məşhur alimləri, bəşəriyyətin tərəqqisində böyük rolu olan kəşflər, təhsilin aktual problemləri, ölkənin idman həyatı barədə söhbətlər əsas yer tutur. Yaradıcı kollektiv Azərbaycan ədəbiyyatının klassik və müasir simalarını tanıtmaq, aşıq sənətini, poeziya nümunələrini geniş dinləyici auditoriyasına çatdırmaq sahəsində əvəzolunmaz xidmət göstərir. Efirdə səsləndirilən musiqi əsərlərinin, mahnıların seçimində professionallıq və elitarlıq əsas meyar hesab olunur.
Mən bu qısa qeydlərimdə İTV-nin yaradıcı kollketivinin uğurlarından bəhs etdim. Əlbəttə, istər texniki yenilənmə, istərsə də yaradıcılıq sahəsində həllini gözləyən məsələlər də var. Amma hər vaxt hiss etdiyimiz bir məqam bizi bir tamaşaçı və dinləyici kimi çox sevindirir. Dövlətin qayğısını və cəmiyyətin sevgisini əldə əsas tutan İTV kollektivi tamaşaçı və dinləyicilərin arzu və istəklərinin daha yüksək səviyyədə reallaşdırılması üçün yaradıcılıq axtarışlarını genişləndirir, cəmiyyətin bu telekanala bəslədiyi ümidləri doğrultmağa çalışır. Bu yolda İctimai Teleradionun rəhbərliyinə və hər bir əməkdaşına uğurlar və can sağlığı arzulayırıq.
Qərənfil Dünyaminqızı
BDU-nun dosenti, Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər