Zamanın sınağından üzüağ çıxan telekanal
Ölkə teleməkanında özünəməxsus yeri olan İctimai
Teleradionun yaranmasından 12 il ötür. Azərbaycan tamaşaçılarının dərin hörmətini
qazanan bu telekanalın kollektivi hər kəsin üəryincə olan verilişləri təqdim
etməyi özünün dəyişməz və sınanmış fəaliyyət kredosu hesab edir.
Ölkəmiz müstəqillik qazandıqdan sonra Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi ilə stabilliyə nail olundu və demokratik cəmiyyətin əsas
atributlarının yaranmasına start verildi. Azərbaycanda mətbuat azadlığının real
təminatı üçün "Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun qəbul olunması
ilə cəmiyyətin yeni bir demokratik instituta – İctimai televiziyaya ehtiyacı məsələsi
də gündəmə gəldi. "İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan
Respublikasının Qanunu uzun müzakirələrdən sonra qəbul edildi. Prezident İlham Əliyev
2004-cü il noyabrın 5-də Azərbaycan cəmiyyətinin və xalqımızın arzu və istəklərinin
ifadəsi kimi "İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan
Respublikasının Qanununun tətbiq edilməsi barədə fərman imzaladı.
Beynəlxalq standartlara uyğun bu cür hüquqi baza
formalaşdıqdan sonra Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin
yaradılmasına rəvac verildi. Ölkə başçısı cənab İlham Əliyev yeni televiziyanın
rəmzi düyməsini basmaqla, Azərbaycanda İctimai Televiziya və Radio yayımına
xeyir-dua verdi və beləliklə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə
dövlətimizin seçdiyi demokratik inkişaf yoluna, söz və mətbuat azadlığı
prinsiplərinə sədaqətini növbəti dəfə təsdiqləmiş oldu. Xatırladaq ki, bu
tarixi hadisə 2005-ci il avqustun 29-da gerçəkləşdi.
Ötən illər İctimai Teleradionun həyatında bir sıra
yaddaqalan hadisələrlə zəngin olub. Kollektiv bacarıqlı, səriştəli kadrlarla
komplektləşdirilib, texniki təchizat yaxşılaşdırılıb, yeni texnologiyaların tətbiqi
sürətlənib. Yaradıcı heyət, texniki personal verilişlərin bədii-estetik keyfiyyətinin
yaxşılaşdırılması, yayım arealının genişləndirilməsi üçün səylərini əsirgəməyib.
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin
keçdiyi inkişaf yoluna qısaca nəzər saldıqda, bu reallıq bir daha öz təsdiqini
tapır ki, müasirləşməyə, yeniləşməyə, beynəlxalq təcrübənin tətbiqinə günün əsas
tələbi kimi bütün dövrlərdə diqqət yönəldilmiş, uğurların davamlılığı yeni hədəflər
üçün stimulverici amil olmuşdur.
Bir qələm sahibi, eyni zamanda tamaşaçı və dinləyici
kimi vurğulamaq istərdim ki, ən böyük siyasət görülən işlər, real məsələlərdir.
Zaman hər günün qarşısına yeni tələb qoyursa, deməli, qarşıdakı dövrün tələblərinin
və uğurlarının miqyası da daha geniş və müxtəlif olacaq. Sabahlarını "Yeni
gün”lə açan tamaşaçıların görüşünə məhz bu proqramla gələn, milyonları
salamlayan İctimai Televiziya hər zaman səy göstərir ki, ilin 365 günündə
bir-birindən əhəmiyyətli proqramları, layihələri ilə ictimaiyyətin gözləntilərinə
yüksək səviyyədə cavab versin.
Biz hər birimiz yaxşı başa düşürük ki, İctimai
Televiziyanın əsas qayəsi öz fəaliyyətində azərbaycançılığı, milli-mənəvi dəyərlərimizi
təbliğ etmək, rəngarəng, mədəni irsimizi qorumaqdır. İctimai-siyasi məsələlərin
daha da geniş əhatə olunması, elmin, təhsilin inkişafı ilə bağlı yeni layihələrin
reallaşdırılması, müxtəlif mədəniyyət, incəsənət proqramlarının hazırlanması,
ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqların fəaliyyəti ilə əlaqədar yeni
verilişlərin təqdimi, ölkəmizdə keçirilən beynəlxalq musiqi və idman
yarışlarının tamaşaçılara yüksək səviyyədə çatdırılması həmişə bu kollektivin
diqqət mərkəzində olub.
Ölkəmizdə baş verən ictimai-siyasi proseslərin,
iqtisadi islahatların, mədəniyyət və incəsənət sahəsində nəzərəçarpan yeniliklərin
tamaşaçıya vaxtında və hərtərəfli təqdim olunmasında "Carçı” xəbərlər
proqramının rolu əvəzsizdir. Bir jurnalist kimi bu proqramın ölkə həyatının
geniş spektrdə işıqlandırılması sahəsində zəngin təcrübəyə malik olduğu qənaətindəyəm.
İctimai-siyasi proqramlar departamentinin
hazırladığı verilişlər də bir izləyici kimi məni razı salır. Yeri gəlmişkən, bu
proqramların adlarını xatırlatmaq istərdim: "Aktual mövzu”, "Həftənin yekunu”,
"Media və zaman”, "İqtisadiyyat”, "Diqqət mərkəzi”, "Regional inkişaf”,
"Qarabağ həqiqətləri”, "Qarabağ: real tarix”, "Qarabağ sərvətləri” kimi
verilişlərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, Azərbaycanın
həqiqətlərinin dünyaya çatdırılması, ölkənin müdafiə qüdrətinin artırılması ilə
bağlı atılan addımlar, mədəniyyət, mətbuat, incəsənət sahəsində qazanılan
uğurlar, əhalinin sosial güzəranının yaxşılaşdırılması, elm və təhsildə nəzərəçarpan
nailiyyətlər və digər məsələlər şərh olunur, uğurlarımız və problemlərimiz diqqətə
çatdırılır.
İctimai Televiziyanın "Yeni gün” səhər proqramı
özünəməxsusluğu və orijinallığı ilə seçilir. Cəmiyyətin bütün təbəqələrinin
marağını əks etdirən bu proqram öz auditoriyasını maarifləndirmək, mədəniyyətimizi,
tariximizi təbliğ etmək missiyasını layiqincə yerinə yetirir. Bu proqramda
maraqlı insanlar, siyasətçilər, elm xadimləri prioritet mövzular ətrafında
müzakirələr aparır, mədəniyyət və incəsənət ustaları yaradıcılıq sahəsində
qazandıqları uğurları tamaşaçılara çatdırırlar. Proqramın böyük uğur
qazanmasının səbəblərindən biri də xarici qonaqlara, ölkəmizdəki səfirlərə,
diplomatik korpus nümayəndələrinə geniş yer ayırmasıdır.
Bu yazını hazırlayarkən İctimai Televiziyanın demək
olar, bütün verilişlərini diqqətlə izləmişəm. Açığını deyim ki, "Salam, əsgər”,
"Açıq dərs”, "Biri var imiş, biri yox imiş”, "Din və Cəmiyyət”, "Bioloji təbabət”,
"Ozan məclisi” və digər proqramlar İctimai Televiziyanın geniş auditoriya
qazanmış verilişlərdəndir. Milli qəhrəmanlarımızın döyüş yolundan bəhs edən
"Heç kim unudulmur, heç nə yaddan çıxmır” proqramı gənclərimizin hərbi vətənpərvərlik
tərbiyəsində böyük rol oynayır.
İTV-nin böyük nüfuz qazanmış, tamaşaçılar tərəfindən
razılqıla qarşılanan proqramları sırasında "Yadigarlar”, "Muğam sədası”,
"Oberton”, "Telemizan”, "Caz saatı”, "Klassik musiqi” və digər verilişlərin
adlarını çəkmək istərdim. Bu proqramlar tamaşaçı zövqüünn formalaşmasında,
intellektual səviyyəsinin yüksəlməsində böyük rol oynayır.
İTV-nin uğurlu fəaliyyətindən bəhs edərkən son illər
tamaşaçılara təqdim edilən "Qarabağnamə” teleserialının adını xüsusilə qeyd etmək
lazımdır. Ekran əsəri tarixi epopeyalar olan "Qarabağnamələr”in motivləri əsasında
lentə alınıb. Teleserial üç film olmaqla, beş hissədən ibarətdir. "Carçı Film”
yaradıcılıq birliyinin istehsalı olan "Hərbçi sədaqəti”, "Zamansız rənglər”,
"Danışan tarix”, "Bura vətəndir”, "Qan yaddaşımız”, "Xocalı yanğısı”, "Vurğun
ocağı” və digər filmlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
İctimai Radionun kollektivi də insanları maarifləndirmək,
dinləyiciyə həyatımızın müxtəlif sahələrinə dair informasiya çatdırmaq
missiyasını uğurla həyata keçirir. Verilişlərdə Azərbaycan tarixinin ayrı-ayrı
səhifələri, mühüm əhəmiyyətə malik tarixi hadisələr, görkəmli şəxsiyyətlər,
milli qəhrəmanlar, Azərbaycanın məşhur alimləri, bəşəriyyətin tərəqqisində
böyük rolu olan kəşflər, təhsilin aktual problemləri, ölkənin idman həyatı barədə
söhbətlər əsas yer tutur. Yaradıcı kollektiv Azərbaycan ədəbiyyatının klassik və
müasir simalarını tanıtmaq, aşıq sənətini, poeziya nümunələrini geniş dinləyici
auditoriyasına çatdırmaq sahəsində əvəzolunmaz xidmət göstərir. Efirdə səsləndirilən
musiqi əsərlərinin, mahnıların seçimində professionallıq və elitarlıq əsas
meyar hesab olunur.
Mən bu qısa qeydlərimdə İTV-nin yaradıcı
kollketivinin uğurlarından bəhs etdim. Əlbəttə, istər texniki yenilənmə, istərsə
də yaradıcılıq sahəsində həllini gözləyən məsələlər də var. Amma hər vaxt hiss
etdiyimiz bir məqam bizi bir tamaşaçı və dinləyici kimi çox sevindirir. Dövlətin
qayğısını və cəmiyyətin sevgisini əldə əsas tutan İTV kollektivi tamaşaçı və
dinləyicilərin arzu və istəklərinin daha yüksək səviyyədə reallaşdırılması üçün
yaradıcılıq axtarışlarını genişləndirir, cəmiyyətin bu telekanala bəslədiyi
ümidləri doğrultmağa çalışır. Bu yolda İctimai Teleradionun rəhbərliyinə və hər
bir əməkdaşına uğurlar və can sağlığı arzulayırıq.
Qərənfil
Dünyaminqızı
BDU-nun dosenti, Əməkdar
jurnalist