• çərşənbə, 24 Aprel, 03:26
  • Baku Bakı 14°C

Zamanın fövqündə duran şəxsiyyət

10.12.18 18:12 1150
Zamanın fövqündə duran şəxsiyyət
Vitali İqnatenko: "Onu xatırladıqda, böyük xoşbəxtlik hissi keçirirsən ki, haçansa sənə bu dahi şəxsiyyətin yanında olmaq səadəti nəsib olub”
Leonid Kravçuk: "Heydər Əliyev həmişə Azərbaycan haqqında danışırdı. Özünü ölkəsi olmadan təsəvvür edə bilmirdi”

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 15 illiyi ilə bağlı Rusiyanın "Moskva-Baku” portalında silsilə yazılar dərc olunur. Bu dəfə İTAR-TASS agentliyinin sabiq baş direktoru Vitali İqnatenko xatirələrini bölüşüb. O, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin insanlara olan sevgisini, səmimiliyini və özünə qarşı xeyirxahlığı qiymətləndirmək qabiliyyətini yüksək dəyərləndirib.Onun sözlərinə görə, Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir və onu xatırladıqda, böyük xoşbəxtlik hissi keçirirsən ki, haçansa sənə bu dahi şəxsiyyətin yanında olmaq səadəti nəsib olub. "Şəxsiyyətinin miqyası çox nəhəng olan Heydər Əliyev özünün yüksək mədəniyyəti, cazibəsi, güclü iradəsi, geniş intellekti sayəsində çox şeyə qadir idi. Heydər Əliyev Azərbaycan xalqının taleyüklü məsələləri ilə bağlı çox mühüm işlər görüb. Hər bir insanın taleyinə töhfə vermiş bu dahi şəxsiyyətin xatirəsi ildən-ilə yeni keyfiyyətlərlə zənginləşərək, daim yaşayacaq. Digər tərəfdən, biz hamımız onun necə gözəl ata, baba, ömür-gün yoldaşı, silahdaşları üçün dost və yoldaş olduğunu xatırlamalıyıq. Düşünürəm ki, onun bu keyfiyyətləri hər zaman yaddaşlarda qalacaq. Heydər Əliyev ətrafdakılar üçün çox dərin düşüncəyə malik və əhəmiyyətli bir insan idi. O, gələcək nəsillərə çox vacib miras qoyub. Heydər Əliyevi əvəz edən nəslin nümayəndələri onun şəxsiyyətinin miqyasının böyüklüyünü daim nəzərdən keçirməli, öyrənməli və lazımınca qiymətləndirməlidir. Yolunun onunla kəsişdiyi ən xoşbəxt insanlardan biri də mənəm. Əlbəttə, həyatda qismətimiz olan xidməti mövqe, vəzifə baxımından mən onun yanında deyildim. Lakin biz bir neçə dəfə görüşmüşük. Bu görüşlər məndə və ailə üzvlərimdə böyük təəssüratlar doğurub”, - deyə keçmiş baş redaktor vurğulayıb.
V.İqnatenko daha sonra bildirib ki, vaxtilə Prezident Administrasiyasında işlədiyi vaxt ona yay mövsümü üçün xidməti bağ evi təklif ediblər. "Böyük, gözəl və rahat bağ evi idi. Mən ona baxdıqdan və ən kiçik detalları nəzərdən keçirdikdən sonra elə təəssürat yarandı ki, sanki evin sahibi harasa çıxıb və indi qayıdacaq. Mən burada kimin yaşadığını soruşdum. Cavab verdilər: "Əliyev. O, indi xəstəxanadadır və bu bağ evinə qayıtmayacaq”. Doğrusu, mən bundan çox pis oldum. Nəticə olaraq, bağ evindən imtina etdim. Məni gözləməyə məcbur etdilər və uzun müddət heç nə vermədilər...İllər ötdü, mən bu hadisəni unutdum. Bağ evinin xidmətçilərindən biri bu əhvalatı Heydər Əliyevə danışıb. Uzun illər sonra Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Biz qəbulların birində görüşdük və o, həmin hadisəni mənim jurnalist həmkarlarıma danışdı. Onun bu əhvalatı xatırlaması məni çox mütəəssir etdi”, - deyə V.İqnatenko bildirib.
"İnsanı həmişə kiçik detalların prizmasından qiymətləndirmişəm. Bu, onun çox yüksək vəzifə daşıdığı vaxt daha da mühümdür. Belə ki, onda insanlara sevgi hissi, səmimilik və hər zaman köməyə çatmaq kimi keyfiyyətlər üzə çıxır. Əgər bütün bunlar mövcuddursa, onda başa düşürsən ki, qarşındakı böyük şəxsiyyətdir. Onda heç bir zaman "başgicəllənmə” olmayacaq və bütün vəziyyətlərdə insani keyfiyyətləri ön planda tutacaq, böyük işlər haqqında düşünəcək və onları həyata keçirəcək. Fikirləşirəm ki, bütün bunlar sonradan kollektivə, şəhərə və ölkəyə sirayət edir. Son nəticədə isə ona gətirib çıxarır ki, ölkənin daxilində və ətrafında tamamilə fərqli mühit yaranır. Yalnız qeyri-adi taleyə və zəngin daxili mədəniyyətə malik olan şəxsiyyət bunu etməyə qadirdir. Heydər Əliyev mənim üçün məhz bu cür şəxsiyyət idi”, - deyə rusiyalı keçmiş baş direktor fikrini tamamlayıb.
Yeri gəlmişkən Ukraynanın ilk prezidenti Leonid Kravçuk da portala Heydər Əliyevlə bağlı xatirələrini danışıb. Kravçuk Heydər Əliyevi ilk dəfə Sovet İttifaqı Kommunist Partiyasının qurultayında gördüyünü bildirib: "O çıxış edən zaman mən də zalda idim. Heydər Əliyev çox parlaq və emosional çıxış edirdi. Onda mən həmkarlarımdan soruşdum. "Heydər Əliyev buna qədər nə işləyib?” Mənə təhlükəsizlik xidmətində işlədiyini dedilər. Təəccübləndim, çünki bir qayda olaraq KQB-də işləyən insanlar parlaq natiqlər olmurdu, onlar kölgədə işləməyə alışmışdılar. Əliyev isə belə bir səhnəyə, qurultaya, insanlarla dolu olan zala çıxmışdı və zal ona qulaq asırdı. Zalda 4 mindən çox insan olanda auditoriyanı ələ almaq çox çətin olur. Qarşında 20 adam varsa, onları rahat görə bilirsən, amma 4 mində bunu etmək o qədər də asan deyil. Amma Heydər Əliyev bunu bacardı. Bu, Heydər Əliyevlə bağlı ilk xatirəm idi”.
Kravçuk Heydər Əliyevlə şəxsi tanışlığından da danışıb: "Bu, Moskvada, MDB dövlət başçılarının görüşündə oldu. Görüşü Boris Yeltsin aparırdı. Görüş vaxtı Heydər Əliyev ona bir neçə məsələdə Azərbaycana yardım etmək üçün müraciət etdi. Xatırladığım qədər bu, ərzaq yardımı və MDB məkanının ümumi təhlükəsizliyinin təmin olunması məsələsi idi. Yeltsin isə ona cavab verdi ki, biz hələ bu suala cavab verə bilmərik, çünki bütün bunlar Rusiyanın çiyinlərinə düşəcək, onlar isə buna hazır deyil. Onda mən şəxsən Heydər Əliyevi dəstəkləmək istədim və dedim: Boris Nikolayeviç, Əliyev düzgün məsələyə toxunub. Ukraynanın da bu cür sualları var. Biz bu sual qoyulduğu üçün minnətdar olmalı və məsələnin həllinə başlamalıyıq. "Yaxşı. Əgər Ukrayna da dəstəkləyirsə, o zaman yaxşı” – Yeltsin cavab verdi. Daha sonra fasilə elan olundu. Mən Əliyevlə görüşdüm və o mənə dəstəyə görə minnətdarlığını bildirdi. Mən isə ona bildirdim ki, qoyduğu sual doğru idi, buna görə də mən təbii olaraq onu dəstəklədim.
Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti, öz ölkəsinin oğlu idi. Artıq nəsə demək lazım deyil. Mənimlə söhbətində Heydər Əliyev həmişə Azərbaycan haqqında danışırdı. Özünü ölkəsi olmadan təsəvvür edə bilmirdi.
Heydər Əliyev Sovet İttifaqına rəhbərlik edəcəyi təqdirdə fərqli bir şey olub-olmayacağını indi söyləmək çətindir. Partiyada, xüsusilə Rusiyada kadr məsələləri çox çətin həll edilir. Respublikadan olan bir şəxsin ümumittifaq vəzifəsinə çıxması çox çətindir. Nadir hallarda onlar partiyanın, Şuranın, Rəyasət Heyətinin yüksək pilləsinə yüksəlirlər. İkinci, üçüncü rol ola bilər, amma birinci olmaq həddən artıq çətin idi. Hətta Heydər Əliyevi Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib və ya baş katib seçsəydilər, nəsə dəyişəcəkdi, yoxsa, yox... Əlbəttə, ola bilərdi. Heydər Əliyev boş yerə danışan adam deyildi. O, az, amma dəqiq danışırdı. Mixail Qorbaçov isə boş danışmaqla ad qazanmışdı, o bunu bacarırdı. İnsanları başına yığır, onlarla danışır, belə demokratik rol oynayır, həmişə söz verir və həmişə də tapşırıqları dəyişirdi. Fikirləşirəm ki, onun yerinə Əliyev olsaydı, hər şey çox sakit və ciddi şəkildə inkişaf edərdi”.
Yeri gəlmişkən, rusiyalı politoloq, Dövlət Dumasının sabiq deputatı Sergey Markov da ümummilli lider barəsində fikirlərini bölüşüb. "Trend” açıqlamasında politoloq bildirib ki, Azərbaycan məhz Heydər Əliyevin sayəsində Cənubi Qafqazın ən mühüm ölkəsidir. Onun sözlərinə görə, heç şübhəsiz ki, ulu öndər Heydər Əliyev postsovet məkanının ən böyük liderlərindən biri olub: "Heydər Əliyev Azərbaycan iqtisadiyyatının sürətli və səmərəli inkişafını təmin edib. Ona qədər Azərbaycan aqrar ölkə idi. Heydər Əliyev əmək məhsuldarlığının sürətli artımını təmin edə və bunun hesabına Moskvada Azərbaycanın sənaye potensialının inkişafına investisiyalara yol aça bildi. Elm və mədəniyyətin inkişafına böyük həcmli investisiyalar qoyuldu və bununla da Azərbaycan sürətlə inkişaf etməyə və ölkədə müasir iqtisadi, sosial sistem formalaşmağa başladı”. S.Markov qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyev Xalq Cəbhəsinin qeyri-peşəkar və radikal siyasəti nəticəsində yaranmış vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı: "Diplomatik istedadı sayəsində Heydər Əliyev Dağlıq Qarabağda müharibəni dayandıra bildi. O, siyasi sabitliyi təmin etdi və Azərbaycan xalqının bu günə qədər yararlandığı sabit siyasi rejimi qurdu. O, unikal siyasi sistem yaratdı”. Politoloq vurğulayıb ki, Heydər Əliyev bir tərəfdən dini ənənələrə hörməti, digər tərəfdən isə istənilən radikalizm təzahürünün sərt şəkildə qarşısının alınmasını nəzərdə tutan model yaratmaqla radikalizm problemini həll etdi: "Heydər Əliyev qeyri-dini və dövlət qurumları ilə İslam dininin qarşılıqlı fəaliyyət sistemini əsas götürdü və bu da Azərbaycana bir sıra ciddi problemlərdən qaçmağa imkan verdi”. Azərbaycanın neft-qaz sektorunun inkişafında ümummilli liderimizin rolundan danışan S.Markov bildirib ki, Heydər Əliyev ölkədə karbohidrogen hasilatı və neft-qaz yataqlarının işlənməsi üçün əlverişli şərait yaratdı, böyük həcmdə xarici investisiyaların cəlb olunmasına imkan verən "Əsrin müqaviləsi”nin bağlanmasını təmin etdi: "Bununla eyni vaxtda Azərbaycanın enerji ehtiyatlarının Avropa bazarlarına nəqlinin əsası qoyuldu”. S.Markov deyib ki, Heydər Əliyev bu möhtəşəm sistemi İlham Əliyevə ötürə bildi: "Prezident İlham Əliyev atasının işini davam etdirərək müasir multikultural cəmiyyətin formalaşması daxil olmaqla, bir sıra vacib tarixi tapşırıqları yerinə yetirdi: "Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur və siyasi baxımdan həssas dönəmdə dövlət postunu bu cür böyük siyasətçinin tutması xalqın böyük uğuru və xoşbəxtliyidir. Məhz buna görə də hazırda Azərbaycan Cənubi Qafqazın ən mühüm ölkəsidir”.

Azər
banner

Oxşar Xəbərlər