Zamanın bəlası - piylənmə
Azərbaycanda
piylənmə aşkar edilən uşaqların sayı açıqlanıb. Trend-in statistik göstəricilərə
istinadən verdiyi məlumata görə, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə
aşkar edilib. Əhalinin hər 100 000 nəfərinə bu göstərici 23 nəfər təşkil edib.
2016-cı ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə düşən bu xəstələrin sayı isə
51 nəfər olub. Ötən il piylənmə aşkar edilmiş uşaqların 46,8 faizi qız, 53,2
faizi oğlan olub. Piylənmə aşkarlanmış qızların 66,8 faizi 13 yaşına qədər,
33,2 faizi 14-17 yaşlarında olub. Oğlanlarda isə bu göstərici müvafiq olaraq
65,1 və 34,9 faiz təşkil edib.
Səhiyyə
Nazirliyinin apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycanda
qeyri-infeksion xəstəliklərin böyük əksəriyyətinin baş verməsi tütündən istifadə,
artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır. Piylənmədən
kişilərə nisbətən daha çox qadınlar əziyyət çəkirlər (müvafiq olaraq 16,4% və
27,2%). Bu risk amilinin yayılması 1980-2008-ci illər arasında dünya üzrə iki dəfə
artıb. Tədqiqatların nəticələrinə görə, Azərbaycanda əhalinin yalnız 6,4%-i məqsədli
şəkildə idmanla məşğul olur. Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə
məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir.
Yaş qrupları, cinslər arasında ciddi fərq olmadan əhalinin əksəriyyəti
(84,9%-i) gün ərzində ÜST tərəfindən tövsiyə edilən miqdardan az meyvə-tərəvəz
istifadə etdiyini bildirib. Ev təsərrüfatlarının yarıdan çoxunda (54%) doymamış
yağlardan istifadə edilir.
Artıq
çəki cəmiyyətin bütün yaş təbəqələri üzrə ciddi fəsadlar törətməyə başlayıb.
Lakin uşaqların piylənmədən əziyyət çəkməsi demək olar ki, cəmiyyət üçün faciədir.
Çünki uşaqlar bir millətin gələcəyidir. Statistik rəqəmlərə baxsaq, bir il ərzində
uşaqlarda piylənmənin iki dəfədən də çox artdığını görə bilərik. Bəs görəsən, uşaqlarda
piylənmənin qarşısını almaq üçün valideynlər nə etməlidir?
Elə
bu suallarla pediatr Vaqif Qarayevəmüraciət etdik. O, qəzetimizə açıqlamasında bildirdi ki, uşaqlarda piylənmənin həm tibbi, həm də tibbdən kənar səbəbləri
var: "Pediatr olaraq deyə bilərəm ki, əsas səbəblərdən biri uşaqların düzgün
qidalanmamasıdır. Valideynlər övladlarına yağlı yemək verməyə çox meyillidilər.
Bu isə qəti olaraq yolverilməzdir. Həmçinin piylənmənin səbəblərindən biri də
zamanın bəlası olan fast-foodlardır. Belə iaşə müəssisələrinə nə vaxt getsən,
orada uzun növbələrin olduğunu görərsən. Bu məhsullar piylənmə ilə yanaşı, uşaq
orqanizmində digər ciddi fəsadlar da törədir. Alimlərin son tədqiqatlarına əsasən,
hətta onkoloji problemlərin səbəblərindən biri kimi də göstərilir. Ona görə də
valideynlər bu məhsullardan qəti olaraq imtina etməlidirlər”
Pediatr piylənmənin digər əsas səbəblərindən biri kimi
uşaqların hərəkətsizliyini vurğuladı: "Xüsusən məktəb yaşlı uşaqlar saatlarla
kitabın qarşısında otururlar. Məktəb, hazırlıq kursları və s. uşaqları normal həyat
tərzindən uzaqlaşdırmış olur. Uşaqların gündəlik həyat və fəaliyyətində
dinamizm yoxdur. Təəssüflər olsun ki, bu gün bir çox uşağın gündəlik həyat fəaliyyəti
sadəcə olaraq kitablar və kompüterlərdən ibarətdir. Onların öz enerjilərini düzgün istiqamətdə paylamağa
imkanları olmur. Əgər uşaqlar idmanla məşğul olmurlarsa, mütləq açıq havada bir
neçə saat hərəkət etməlidirlər. Sonda isə deyə bilərəm ki, əgər piylənmənin
tibbi səbəbləri yoxdursa, uşaqlar düzgün qidalanmalı və aktiv həyat tərzi keçirməlidirlər”.
Uzman dietoloq Leyla Zülfüqarlı deyir ki, yaxın on il ərzində
bu rəqəmlərin daha da artacağı proqnoz edilir: "Piylənmənin əsas səbəblərindən
biri və birincisi uşaqların və yeniyetmələrin qeyri-düzgün qidalanmasıdır. Bizdə
şəkər yüklənməsi illərlə nəsildən-nəslə ötürülür. Bir çoxlarımız nənə-babalarımızın
etdiklərini yenidən təkrarlayırıq. Təssüf ki, köhnəlmiş stereotiplər belə
neqativ faktların çoxalmasına səbəb olur. Həmçinin geni dəyişdirilmiş, süni
qidalar da uaşqların piylənməsini artırır. Biz dəfələrlə tərkibində şəkərin çox
olduğu şirinçayın və şəkərli qidaların zərərli olduğunu desək də, bir çoxları
buna əhəmiyyət vermir. Hər kəs deyir ki, elə əvvəldən şirinçayla böyümüşük. Əslində
o dövrlə indiki arasinda xeyli fərq var”.
Dietolqun sözlərinə görə,
əvvəlki nəsillərdə kodlaşmış xəstəliklər indi gənc nəsildə sürətlə artır: "Bu,
nəsillərlə ötürülən metobolik xəstəliklərdir. Əgər 20 il öncə bu xəstəliklərin
qarşısını alsaydıq, bu gün belə problemlər yaşanmazdı. Əgər uşaqlarda aşırı dərəcədə
piylənmə varsa, bu, patologiyadır. Həmin uşaqlar böyüdükcə digər xəstəliklər də
qazanır. Həmin uşaqlar yeniyetməlik dövrünə çatdıqda, bir sıra ciddi sağlıq
problemləri yaşayırlar. Yenə qeyd etmək istərdim ki, bunun iki əsas səbəbi var.
İlk növbədə keçmişdən qalan qidalanma rejimində dəyişikliyin edilməməsi, ikincisi
isə, süni qidaların məişətdə çox istifadə edilməsi”.
Şəbnəm Mehdizadə