• cümə, 19 Aprel, 18:35
  • Baku Bakı 24°C

Zaman və məkan sənətinin 60 yaşlı adamı

15.01.16 11:09 1678
Zaman və məkan sənətinin 60 yaşlı adamı
Hər birimiz bu dünyaya öz bəlli missiyamızı icra etmək üçün göndərilirik. Kimimiz böyük, kimimiz kiçik... Hər kəsə gücünə uyğun, “ölçülərinə biçilmiş” işlər və məramlar gerçəkləşdirmək həvalə olunub. Bəzimiz öhdəmizə düşən bu işi bütün varlığımız və sevgi ilə, bəzimiz isə elə sadəcə iş xatirinə edirik.
Haqqında danışmaq istədiyimiz insan bütün varlığı ilə öz ixtisasına bağlı olan peşəkar mütəxəssislərdəndir. Bu günlərdə 60 yaşını qeyd edən, ömrünün 40 ildən artıq bir dövrünü yaradıcılığa həsr etmiş Rafiq Rəhimli sahib olduğu müsbət keyfiyyətləri, biliyi, istedadı, peşəkarlığı ilə çalışdığı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, eləcə də fərdi yaradıcılığı ilə mədəniyyət sahəsində yetərincə tanınmış simadır.
O, 3 yanvar 1956-cı ildə Lənkəran şəhərində anadan olub. 1989-cu ildə BDU-nun jurnalistika fakültəsini, 1994-cü ildə «MüstəqilRs» nəzdində ali rejissorluq kursunu bitirib, 1984-1993-cü illərdə Azərbaycan radiosunda, 1994-2000-ci illərdə dövlət televiziyasında müxbir və redaktor, 2000-2002-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında ədəbi-dram hissəsinin rəhbəri vəzifələrində çalışıb. 2002-ci ilin dekabr ayından isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi-hissə müdiri vəzifəsini icra edir.
“Rəfiq” ədəbi məcmuəsinin təsisçisi və baş redaktoru olan R.Rəhimlinin 2008-ci ilin iyun ayından “inter.az” (Rusiya) televiziya kanalında hər ay Azərbaycanın teatr sənətinə həsr olunmuş “Pərdəarxası” verilişi yayımlanır.
O, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Teatr Xadimləri İttifaqının üzvüdür. Müxtəlif müsabiqələrin (1985-ci il, tələbələr arasında oçerk və 1993-cü ildə radioesse), 2004, 2005-ci illərdə «XXI əsr ziyalıları» Beynəlxalq layihəsinin qalibi, 2005-ci ildə «Qızıl kitab» mükafatı laureatı olub.
Müəllifin Azərbaycan teatr sənətinin görkəmli nümayəndələri haqqında “Teatr kraliçası” (A.Pənahova haqqında), “Həmişə təravətli sənət” (S.Aslan haqqında), “Səhnə səadətimdir” (R.Əzimov haqqında), “Səhnə də bir həyatdır” (L.Əliyeva haqqında), eləcə də 90-cı il hadisələrinə həsr olunmuş “Efirin göz yaşları” adlı kitabları nəşr olunub, “Səhnəmizin eşq Leylası” (S.İsmayılova haqqında), “Bənövşə ətirli səs” (G.Əliyeva haqqında), “Kral təcəssümü” (N.Mehdixanlı haqqında), “Teatrımızın Lütfüsü” (L.Məmmədbəyli haqqında) və başqa kitabları isə çap üçün yaradıcılıq prosesindədir.
Teatr mövzusunda 1200 dəfədən çox mətbuatda çıxış edən R.Rəhimlinin müxtəlif TV kanallarında teatr mövzusunda 100-lərlə verilişi efirə gedib. Bəzi verilişləri Az.TV-nin, Azərbaycan radiosunun fondunda qorunur və bu gün də yayınlanmaqdadır.
Akademik Milli Dram Teatrında Rafiq Rəhimlinin səhnə redaksiyasında C.Cabbarlının “Ədirnə fəthi”, H.Cavidin “Şeyda” dramları, tərcümə edib səhnə redaksiyasını verdiyi Sofoklun “Şah Edip, yaxud Alın Yazısı”, J.Rassinin “Fedra” faciələri, “Estrada” Teatrında E.de Filipponun “Silindr və ya məhəbbət oyunu” komediyası tamaşaya qoyulub.
Müəllifin, Akademik Milli Dram Teatrında “Bahar xoş gəlibdir Azərbaycana”, “Novruz sərgüzəştləri”, “Gözəllik müsabiqəsi”, İrəvan Dövlət Azərbaycan Dram Teatrında “Yeni il”, Şuşa Teatrnda “Sevgi nağılı”, Lənkəran Teatrnda “Ağ kəlağayı”, Gəncə Teatrında “Qobustan əfasanəsi”, Mingəçevir Teatrında “Gizli məhhəbbət”, Salyan Dövlət Kukla Teatrında “Göyçək Fatma”, Dərbənd Azərbaycan Dövlət Dram Teatrında “Sönmüş talelər” və bir çox başqa teatr və teatr studiyalarında “Gözəlçə”, “...Maksi güman”, “Balqabaq”, “Kişidi bu”, “Məzhəkəçilər”, “Tənha qadın”, “Sənin izinlə”, “Həcər nənənin nağılı”, “Dost-dosta tən gərək”, “Gözəlçə Kupa” və s. pyesləri tamaşaya qoyulub. O, həm də bu tamaşalardan bəzilərinə quruluş verib.
R.Rəhimli həmçinin, bir sıra dövlət tədbirlərinin ssenari müəllifi və quruluşçu rejissoru olub. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 30 illiyinə həsr olunmuş rəsmi Dövlət tədbirinin ssenari müəllifi olan Rafiq Rəhimli, həm də Azərbaycan Sərhəd Xidmətinin yubiley tədbirini rejissor və müəllif kimi yüksək səviyyədə hazırladığına görə komandanlıq Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür məktubu ünvanlayıb.
Rafiq Rəhimli 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif edilib.
Bəs görəsən 60 yaşın tamamında olan bu sənət adamı haqqında birgə çalışdığı kollektivin üzvləri nə düşünürlər.
Suallarımızı Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidova ünvanladıq:
-Mübariz müəllim, Rafiq Rəhimli ilə tanışlığınızın Gənc Tamaşaçılar Teatrından daha əvvəllərə dayandığını bilirik. Bir qədər bu haqda məlumat verərdiniz.
-Rafiq Rəhimli ilə mənim şəxsi tanışlığım keçən əsrin 90-cı illərinə təsadüf edir. Ancaq bu tanışlığa qədər onun imzasına kütləvi informasiya vasitələrində tez-tez rast gəlirdim və dəsti-xəttindən bilirdim ki, teatr sənəti ona çox doğmadır. Sonra onunla şəxsən tanış olub yaradıcılığı ilə maraqlananda məlum oldu ki, o həqiqətən əsl teatr adamıdır. Yəni teatr sənətinin bir-biri ilə sıx və eyni zamanda ayrı-ayrı ən vacib komponentləri olan dramaturgiya, teatrşünaslıq və rejissura məhz Rafiq Rəhimlidə birləşmişdir. Bu komponentlər hər biri ayrı-ayrı xətt boyunca onun yaradıcılığında öz əksini tapıb.
-Rafiq Rəhimlinin yaradıcılığı haqqında danışarkən ən çox hansı nüansları vurğulamaq istərdiniz?
-Rafiq Rəhimlinin yaradıcılığı haqqında danışarkən ən çox dəyər verdiyim cəhət onun səhnə əsərlərində obrazların real olmaları, onların sanki həyatdan götürülüb səhnəyə gətirilməsi, müraciət etdiyi pyeslərin mövzu aktuallığı, səhnədə baş verən hadisələrin günümüzlə səsləşməsi və s. Bundan başqa, digər başlıca cəhətlərdən biri də onun uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rəhbərlik etdiyi sahə üzrə, ədəbi-dram hissə müdiri kimi teatra təqdim edilmiş ayrı-ayrı pyeslərə yazdığı peşəkar rəylərdir. Bura həm də Rafiq Rəhimlinin teatrın bədii şurasında müzakirə edilən yeni tamaşalar haqqındakı obyektiv fikirlərini də əlavə etmək istərdim. Bu fikirlər onun təkcə ədəbi dram hissə müdiri kimi yox, həm də peşəkar teatrşünas, istedadlı qələm sahibi olduğunun bariz göstəricisidir.
-Bu günlərdə səbəbkarın 60 illik yubileyi oldu. Rafiq Rəhimliyə yaşının bu çağında nə arzu etmək istərdiniz?
- 60 il ömür sürmüş yaradıcı şəxsə bu əlamətdar gündə ilk növbədə möhkəm can sağlığı, xəstəlikdən uzaq gəzməsini və şübhəsiz ki, yeni yaradıcılıq uğurları arzu edirəm. Çünki, yaradıcı insanın ömrü illərlə deyil, yazıb-yaratdığı əsərlərlə ölçülür. Qələm adamının yaratdığı əsərlər, əldə etdiyi uğurlar nə qədər çox olarsa bu onun ömrünün bir o qədər səmərəli, uğurlu keçdiyindən xəbər verir. Düşünürəm ki, Rafiq müəllim ömrünün bu gözəl çağında geriyə çevrilib baxsa peşman olmayacaq. Çünki, o ömrünün ən gözəl çağlarını sevdiyi və seçdiyi, zaman-məkan sənət növü olan teatra həsr edib. Onun yaradıcılıq həyatının səhifələri bir-birindən maraqlı və zəngin nümunələrdən ibarətdir. Rafiq Rəhimlinin keçdiyi mənalı həyat yolu və qazandığı nailiyyətlərin kökündə onun daxili sənət yanğısı, yaradıcılıq ehtirası, işləmək həvəsi durur. Düşünürəm ki, o hələ bundan sonra özünün ən gözəl əsərlərini qələmə alacaqdır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova:
-Teatrımızın direktoru Mübariz Həmidov məni işə qəbul edərkən söylədi ki, sizə kollektivimizin hörmətli, sadə, təvazökar, imanlı, təcrübəli, yaradıcı bir şəxsi olan ədəbi hissə müdiri Rafiq Rəhimlinin otağına yaxın bir otaqda çalışmağınızı tövsiyə edirəm.
Rafiq müəllim ilə ünsiyyətdə olduğum illərdə Mübariz müəllimin onun haqqında söylədiklərinin həqiqiliyinə əmin oldum. O, ədəbi hissə müdiri olaraq üzərinə düşən vəzifə ilə bərabər Azərbaycan teatr tarixi, teatrın görkəmli sənətkarları haqqında yorulmadan tədqiqat işi aparan yaradıcı insandır, neçə-neçə məqaləvə kitabın müəllifidir. Rafiq müəllimin ədəbi yaradıcılıq sahəsində fəaliyyəti də maraqlıdır. Onun yazdığı pyeslərin bir çoxu Azərbaycan teatr səhnələrində oynanılmaqdadır.
Hörmətli Rafiq müəllim, sizin 60 illik həyat yolunuz, maraqlı, mənalı və məhsuldar olmuş, sizi teatr aləminin tanınmış və hörmətli şəxslərindən etmişdir. Yubileyiniz münasibətilə sizi ürəkdən təbrik edir, daha böyük nailiyyətlər əldə etməyinizi arzulayıram.
Biz də öz adımızdan Rafiq Rəhimlini 60 illik yubileyi münasibətilə təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları, daha gözəl əsərlər yazmağı arzu edirik!
Hüsniyyə Mursaquliyeva
banner

Oxşar Xəbərlər