• cümə, 29 Mart, 03:40
  • Baku Bakı 7°C

«Zaman» proqramı, Brejnevin çıxışları və «Qırğız hava proqnozu»

30.12.17 11:11 2087
«Zaman» proqramı, Brejnevin çıxışları və «Qırğız hava proqnozu»
Onu mübaliğəsiz «Epoxanın adamı» adlandırırlar. 2001-ci ildə bu titul ona rəsmən təqdim olunub. Əksər sovet adamları üçün İqor Krillov demək olar ki, yaxın qohum kimidir - o, hər gün insanların evinə daxil olub.
Əfsanəvi diktorun 85 yaşı, 30 il aparıcısı olduğu "Zaman” xəbərlər proqramının 50 yaşı tamam olur. Rusiya prezidenti Vladimir Putin onu təbrik edərək «məhz Kirillov ölkədə əfsanəvi diktor məktəbinin ənənəsini yaradıb» - deyə qeyd edib. İ.Kirillov dövlət mükafatına layiq görülüb, xalq artisti fəxri adını alıb.
Əfsanəvi diktorun səsinin intonasiyasına güvənərək ən vacib xəbərləri oxumağı ona etibar ediblər. Kosmosa ilk sovet adamının uçuşu münasibətilə Qızıl Meydandan mərasimi birbaşa yayımlayan o olub. Diktor bir neçə il Brejnevin əvəzinə sovet xalqını Yeni il bayramı münasibəti ilə təbrik edib. «Ən çətini Yeni il əhval-ruhiyyəsini çatdırmaq idi. Təsəvvür edin, hamı evində kolbasa doğrayır, salatı masaya qoymağı xahiş edir, biz isə şampan bakallarını doldururduq...” - deyə indi təbəssümlə xatırlayır.

Xəbərlər və «qocalıq»

- İqor Leonidoviç, efirə ilk çıxışınızı xatırlayırsınızmı?

- Belə şeyləri yaddan çıxarmaq olarmı? Operatorumuz Vladimir Jabçenkonun bir fotosu var. Həmin fotonu «Güllələnməyə bir saniyə qalmış» adlandırıram. O şəkildə mənim saçlarım dik durub, gözlərim isə bərəlib. Yaxşısı budur xatırlamayım (gülür).

- Leonid Parfyonov deyir: sovet televiziyasının bizə nümayiş etdirdiyi – xəbərlər deyildi, əsl «qocalıq» idi. O mənada ki, işıqlandırılan bütün hadisələr ideoloji prizmadan izah edilir, gecikdirilmiş və obyektiv olmurdu.

- Leonid çox ağıllı insandır, ona hörmət bəsləyirəm, amma bu fikri ilə əsla razı deyiləm. Düzdür, o zamanlar biz qərbli həmkarlarımızdan bir qədər geri qalırdıq, ona görə ki, bütünlükdə TASS-dan (Sovet Teleqraf Agentliyi) asılı idik. Hətta belə bir deyim də var idi: «TASS bizim fərmanımızdır». TASS hər hansı məlumatı və ya hadisəni təsdiq etməyənə qədər biz onu efirə çıxara bilməzdik. Bu mənada əlbəttə ki, indi azadlıqdır. Amma məlumat yalnız o zaman gerçək olur ki, hərtərəfli yoxlanılır.

- Yəqin elə vaxtlar olub, siz yoxlanılmamış məlumatı da efirə vermisiniz.

- Belə hadisələr də olub. 1983-cü ilin 1 sentyabrında Saxalin yaxınlığında səhvən Cənubi Koreyanın sərnişin təyyarəsi vurulmuşdu. Bu, fəlakət 269 sərnişinin və ekipaj üzvlərinin ölümü ilə nəticələnmişdi. Əvvəlcə düzgün olan məlumatı gətirdilər və efirə getdi. Amma ikinci efir çıxışıma az qalmış başqa bir mətnli kağızı gətirdilər. Əvvəlkini isə sadəcə mənim əlimdən dartıb aparmışdılar. TASS-ın ikinci xəbər məlumatında SSRİ-nin sərhədinin pozulması və qaydanı pozan təyyarənin sadəcə radarın ekranından itdiyi söylənilirdi.

- 50 il ərzində xəbər aparıcılarının manerası nə qədər dəyişib?

- Əlbəttə, hər şey əsaslı surətdə dəyişib. Ölkə yaxşı mənada dəyişib – əvvəllər abbreviaturada yalnız 3 hərf yazılırdı (SSR), indi isə yalnız ikisi (RF). «Zaman» proqramı bir qədər operativ və maraqlı olub. Başqa bir tərəfdən, istərdim ki, aparıcılar (hazırda bizim həmkarlarımız belə adlanır) bacarıqlarının daha da mükəmməlləşdirilməsi üzərində çalışsınlar. Mənə belə gəlir ki, televiziyada rus ədəbiyyatı və danışıq nitqində ümumiyyətlə, böyük problemlər var. Bizim bir çox aparıcılarımız sürətli danışmağa çalışırlar. Ona görə də söhbətin nədən getdiyini öyrənmək üçün qaçan sətirləri izləməli olursan. Hərdən isə aparıcı hansısa kədərli hadisəni və ya sevindirici xəbəri etinasız, laqeyd surətdə çatdırır. Sanki «diqqət, diqqət, Moskva-Berlin qatarı beşinci platformadan yola düşür» - xəbərini verir. Mənə elə gəlir ki, bu, Qərbin zərərli təsiridir – orada artıq çoxdan iti maneraya keçiblər – biz sizə məlumatı veririk, siz necə istəyirsiniz, o cür də reaksiya verin. Amma aparıcı canlı insandır. Buna görə də danışdığın fakt haqqında tamaşaçının qiymətləndirməsi olmalıdır.

30 il "Zaman”la

- Sovet vaxtlarında «Zaman» proqramını iki diktor aparırdı – qadın və kişi. Hansı səbəblərə görə?

- Böyük, ciddi xəbərlər proqramını təklikdə aparmaq çox çətindir. İki nəfərin aparması isə işi xeyli asanlaşdırır. Proqramda ona görə iki aparıcı var idi ki, gələn məlumatları ardıcıllıqla bir-birinə ötürmək asan olsun.
Axır vaxtlar yubiley ərəfəsində hansısa səbəbdənsə mənə daha çox müraciətlər olur. Amma demək istəyirəm ki, mən «Zaman» proqramının yeganə baş direktoru olmamışam. Orada müxtəlif gözəl insanlar çalışıblar. Viktor Balaşov, Yevgeniy Suslov, Yevgeniy Koçergin, Yuriy Petrov, Yevgeniy Arbenin, Yevgeniy Smirnov, Viktor Tkaçenko. Aparıcı qadınlarımızdan: Nonna Bodrova, Aza Lixitçenko, Anna Şatilova, Vera Şebexo, Qalina Zimenkova, Dina Qriqoryeva... Onların hər birinin parlaq fərdiliyi var idi. İş onlarla asan və yüngül başa gəlirdi.
Mən «Zaman»ın redaktorları, rejissorları, operatorları, səs rejissorları və bütün işçiləri qarşısında baş əyirəm. Və xüsusilə montajçıların işini qeyd etmək istəyirəm. O zamanlar televiziyanın texnikası indiki kimi mükəmməl deyildi. Ona görə də montajçılara möcüzə yaratmaq lazım gəlirdi. Məsələn, Leonid İliç Brejnev haqqında süjet hazırlayırdılar. Birdən məlum olurdu ki, ölkənin birinci şəxsi elə söz deməyib və yaxud bütöv bir cümlə buraxılıb. Montajçılar efirə sayılı dəqiqələr qalanda həmin fraqmentləri Brejnevin başqa nitqindən tapıb götürür, buraxılmış sözlərin və ya cümlələrin yerinə qoyurdular. Onlar bunu efirə 10-15 dəqiqə qalmış necə edirdilər, hələ də ağlıma sığışdıra bilmirəm.

- Sizin əsas diktorluq alətiniz çox tanınmış səsinizdir. Onu mükəmməlləşdirmək üçün xüsusi olaraq hansısa tədbir görürdünüz?

- Əlbəttə, onu qorumaq və ehtiyatla yanaşmaq lazımdır. Amma bunun üçün heç bir məxsusi tədbir görmürdüm. Bu səs məndə anadangəlmədir. Mən televiziyaya 1957-ci ildə gəlmişəm. Teatr aktyoru idim. Şepkin adına məktəbin məzunu kimi səhnəyə çıxırdım. Televiziyada əvvəlcə rejissor köməkçisi kimi çalışdım. Sonra müsabiqədən keçərək diktor seçildim.

«Gül, gül, gül, gicbəsər, gül»

- Yalnız studiyada işləyirdiniz, yoxsa sizə də «sahə»yə çıxıb reportaj hazırlamaq lazım gəlirdi?

- 60-cı illərin sonlarında reportajlarımdan birini yenicə istifadəyə verilmiş «Ostankino»dan aparmışam. Amma öz «Moskviç»imlə boş qalmış studiyaya avtoekskursiya etdim. O vaxta qədər telemərkəzin olduğu Şabalovkadan sonra mənə elə gəldi ki, başqa bir aləmə düşmüşəm.
Bizim məşhur Yuriy Fokinlə mən bir neçə dəfə müxtəlif hərbi vilayətlərdə 23 Fevrala aid reportajlar hazırlamışdıq. O vaxtlar bizə ilk dəfə reportajları videoplyonkaya çəkməyə icazə vermişdilər. Orada mən əsgərlərlə birgə hərbi dərslərə girməkdən, öyrədici hərbi hücumlara keçməkdən zövq alırdım. Tankda, hətta təyyarədə də oturmuşam, amma uçmamışam. Biz uçuşları təqlid edirdik.

- İnternetdə sizin «Zaporojes»i reklam etdiyiniz video dolaşır. «Düz deyilmi, gözəl maşındır? Müasirdir, eleqantdır» - siz deyirsiniz. Bu süjeti hansı hisslərlə xatırlayırsınız? Və sizə «Zaporojes»də gəzmək nəsib olubmu?

- Bu süjetin «Zaman» proqramı ilə heç bir əlaqəsi yoxdur. Bu reklam çarxı çıxan vaxtlarda hələ «Zaman» proqramı yox idi. Bu video 16 millimetrlik lentdə çəkilib. Və bu, sadəcə reportaj deyildi, sovet televiziyasında 8 dəqiqəlik ilk rəsmi reklam çarxı idi. Onu efirdə 15-20 dəfə göstəriblər. «Zaporojes» isə doğrudan da əlverişli qiymətli, o zamanlar üçün komfortlu avtomobil idi.

- Elə zamanlar olubmu ki, efirdə gülüb, yaxud ağlamısınız?

- Belə hadisə heç zaman olmayıb. Bizi öyrədirdilər: əgər sən efirdə və ya səhnədə gülmək istəyirsənsə, öz-özünə deməlisən: «Gül, gül, gül, gicbəsər, gül». Öz-özünə bunları təkrar edəndə gülüş keçirdi. Yadımdadır, mən bir dəfə tərəf müqabilim Nonna Bodrovanı pis vəziyyətdə qoymuşam. Biz onunla hava haqqında məlumatı oxuyarkən birdən mənim ağzımdan qaçdı ki, «qırğızlarda 25-27 dərəcə isti olacaq”, halbuki «Qırğızıstanda» deməli idim. Nonna özünü saxlaya bilməyib güldü. Mən bir neçə gündən sonra ezamiyyətə getməli idim deyə, həmin gün xüsusi əhval-ruhiyyəm var idi.
Əlbəttə, həyəcanlı hadisələr çox olub. Bir dəfə televiziyada radionu qabaqlamaq məqsədi ilə Çexoslovakiyada baş verən hadisəni çatdırmaq üçün studiyaya qaçdım və qovluğu götürdüm: boş vərəqlər – heç nə yoxdur. Məni soyuq tər basdı. Xəbərin sonluğu yazılan cümlələri studiyaya efir vaxtı gətirdilər. Ona qədər isə bütün gücümü sərf edərək demək olar ki, xəbəri bütünlüklə üslubuna görə oxumuşdum.

- Həyatda ən yaxşı gün hansı olub?

- Qaqarinlə görüş... Əlbəttə, ən böyük hadisə müharibə idi. O vaxt televiziyada «bir dəqiqə sükut» sözlərni oxuyanda nə barədə danışdığımı bilirdim. 9 may 1945-ci ildə Qızıl Meydanda şəxsən özüm də olmuşdum. Biz hələ uşaq idik, ancaq sərbəst olaraq Qızıl Meydana qaçırdıq. Meydan adamlarla dolu idi. Heç kəsi dəvət etməmişdilər, insanlar özləri gəlmişdi. Göz yaşları... indi də yadımdadır. Bunları söyləmək çox çətindir.

4 ilin tənhalığı

- Siz həyat yoldaşınızın ölümündən sonra yenidən ailə qurdunuz. Həyatınızdan razısınızmı?

- Həyat yoldaşım vəfat edəndən sonra 4 il tənhalıqda yaşadım. Asan deyildi. Səhhətim də o vaxt o qədər qaydasında deyildi. Tatyana Aleksandrovna ilə satıcı işlədiyi mağazada tanış oldum. O, mənim evimdən çox da uzaq olmayan yerdə işləyirdi. Mən hər gün onun yanından keçir və salamlaşırdım. Ona olan isti münasibətə eyni cavabı alırdım. O bir dəfə mənə ev işlərində kömək etməyi, məsələn, makaronu necə bişirmək lazım olduğunu öyrətmək istədi. Sonra isə özü çətinliyə düşdü. İşi ilə bərabər yaşayış yerini də itirdi. Mən evimdə ona sığınacaq verdim. Əvvəlcə Almaniyada yaşayan qızım Annanın çarpayısında yatırdı. Sonra isə aramızda münasibət yarandı, evləndik. Əgər bilsəniz, o necə dadlı yeməklər bişirir! Mənim sevimli yeməyim olan kələmlə yumurtanı çox dadlı hazırlayır. Bu qadına rast gəldiyimə görə taleyimə minnətdaram!

Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər