• cümə axşamı, 28 mart, 16:45
  • Baku Bakı 16°C

Zaman ölçüsündən uca həqiqət

12.06.19 11:00 1025
Zaman ölçüsündən uca həqiqət
"Nəsimi poeziyasında lay-lay mənalar və hər sözün nüvəsində bir başqa söz, onun da çəyirdəyində bir ayrı mətləb yerləşdirilib”
Rəfael Hüseynov
Dahi Azərbaycan şairi Nəsimi yaradıcılığı boyu ilahi və dünyəvi eşqi, məhəbbət və gözəlliyi, insanın əzəmətini tərənnüm edib. İnsan əqlinin, zəkasının və gözəlliyinin vəsfi bütünlükdə onun daxili enerjisinin izharı idi və yaradıcılığına, hətta həyatına belə hopmuşdu. O, bütün varlığı və şeirləri ilə azad ruhlu idi və bu ruhu da insanı daim azad görmək istəyini yaratmışdı. Bu istəkdən də bizə onun gözəl, təkrarsız, əzəmətli və bütün zamanların fövqündə duran ədəbi irsi qaldı...Şairin dərin məzmunlu fəlsəfi lirikası, Azərbaycan, fars və ərəb dillərində yazdığı şeirləri tədqiqatçılar tərəfindən araşdırılmaqda davam edir. Nəsimi istər yaradıcılığı, istərsə də şəxsiyyəti baxımından yalnız öz zamanının deyil, bu günün də fövqündədir. Bunu yazını hazırlayarkən müraciət etdiyim elm adamlarının fikirləri də əsaslı olaraq təsdiq edir.
"Nəsimi Azərbaycan ədəbi dilinin əsasını qoyub”
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qənbərova bildirdi ki, yazılı ədəbi dil tarixində İmadəddin Nəsimi yaradıcılığı xüsusi mərhələ hesab edilir. "Nəsimi Azərbaycan ədəbi dilinin əsasını qoyub. Bu mənada Nəsimi əvvəl dilçi, sonra şairdir. Yəni Nəsimi sözə əvvəl alim, sonra isə şair mövqeyindən yanaşır. Şairin nəzərində sözün elmi tutumu onun bədii qiymətini müəyyən edir. ”, - deyə Qüdsiyyə xanım qeyd etdi.
Müsahibim Nəsimi dilinin əsasında Şirvan dialektinin dayandığını da vurğuladı: "Nəsimi dialekt səviyyəsində tədqiq olunmayıb. Bütün ədəbi dillərin kökü məhz dialektik dildir. Dialekt olmasa, ədəbi dil yüksələ bilməz. Nəsimini oxuduqca Azərbaycan ədəbi dilinin bütün elmi prinsipləri aydın nəzərə çarpır”.
Qüdsiyyə xanım onu da qeyd etdi ki, Nəsimi özünün Azərbaycan dilində yazdığı qəzəlləri ilə Şərq poeziyasında fars dilinin qəzəl dili olması barədə verilən qəti hökmü "qüvvədən saldı”, ana dili olan Azərbaycan dilinin nəinki şeir dili, hətta fəlsəfi qəzəl dili ola bilməsini də isbat etdi.
"Nəsimi bu gün də asanlıqla başa düşülür”
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta Əsrlər Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı Nəsimiyə qədər Azərbaycan dilində poeziya, bədii yaradıcılıq nümunələrinin olduğunu qeyd etdi. Müsahibim dedi ki, Həsənoğlu Azərbaycan dilində bir çox əsərlər yazıb yaratsa da, hazırda onun bir neçə qəzəl nümunəsi qalıb. "Bundan sonra ədəbiyyat tariximizdə Qazi Bürhanəddin Azərbaycan dilində ilk divan müəllifi kimi məşhurdur. Lakin Nəsimi bu gün də çox asanlıqla başa düşülən, məna, məzmun etibari ilə demək olar ki, hər kəsə aydın olan ölməz qəzəllərin müəllifi kimi yeganə şairdir”, - deyə müsahibim bildirdi.
Bəs Nəsimini sözün zirvəsinə ucaldan nə idi?
"Adını çəkdiyim şairlərlə müqayisədə Nəsimi ona görə üstün mövqeyə malikdir ki, qəzəllərinin əksəriyyəti təmiz Azərbaycan dilində yazılıb. Doğrudur, onun da qəzəllərində ərəb, fars sözləri var. Amma özündən əvvəlki və özündən sonrakı şairlərə, hətta dahi Füzuliyə nisbətən onun şeirlərində ərəb, fars sözləri azlıq təşkil edir. Məsələn,
Üzünü məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!
...Çünki eşqin məskənidir könlümün viranəsi,
Həsrətə anı məkan etmək dilərsən, etməgil!
Hətta ədəbiyyatçı, filoloq olmayan sadə oxucu belə, 650 il öncə yazılmış bu sətirləri heç bir xüsusi izahı olmadan asanlıqla dərk edir. Bu qəzəl sanki cəmi 100 və ya 50 il bundan əvvəl yazılıb. Dünya xalqlarının ədəbiyyat tarixində bu cür nümunələr çox azdır. Təsəvvür edin ki, bu gün ingilislər Şekspiri müasir ingilis dilinə demək olar ki, tərcümə edib oxuyurlar. Nəsimi Şekspirdən xeyli əvvəl yaşayıb, yazıb-yaradıb”.
Müsahibim söylədi ki, qadın gözəlliyinin təcəssümü Nəsimi qəzəllərində fərqlidir, özünəməxsusdur.
"Səni bu hüsni-cəmal ilə, bu lütf ilə görüb,
Qorxdular həq deməyə, döndülər insan dedilər.
Nəsimi bunu sevdiyi gözələ deyir. Bütün klassik ədəbiyyatda, ümumiyyətlə, dünya ədəbiyyatında qadın gözəlliyinə belə münasibət çox azdır. Bu, Qurani-kərimdən gəlmə bir ayənin bədii yolla təcəssümüdür. Orada belə bir ayə var ki, Allah insanı özünə oxşar yaratdı”.
Müsahibimin fikrincə, Nəsimini sözün zirvəsinə ucaldan amillərdən biri də onun yaradıcılığında dünya fəlsəfi, ictimai-siyasi fikirlərin yer almasıdır. "Nəsimi dövrünün əksər elmlərini - astronomiya, fəlsəfə, fiqhi bilib. Hətta musiqiyə də çox yaxından bələd olub. Bir qəzəlində bizim muğam şöbələrinin bir-bir adları çəkilib. Nəsiminin gizli elmlərə bələd olduğu da deyilir. Bu haqda müəyyən məlumatlar var. Nücum, insan taleyini görmək, gələcəyi görmək və gələcəkdən xəbər vermək kimi də biliklərə sahiblənib.”
Nəsimidən bəhrələnən klassiklər
"Nəsimi Ərəb dünyasında, indiki Türkiyə ərazisində, Azərbaycanda ondan sonra yazıb-yaradan bir çox şairlər tərəfindən böyük hörmətlə xatırlanıb. 15-16-cı əsrlərdə Əhmədi, Şeyxi kimi yazıb-yaradan şairlər onun əsərlərinə bənzətmələr, nəzirələr yazıblar. Hətta Orta Asiyada çox böyük şair, hökmdarın vəziri kimi səlahiyyətli şəxs, nüfuz sahibi olan Əlişir Nəvai Nəsimiyə böyük hörmət bəsləyib. Şah İsmayıl Xətai kimi hökmdar, şair Füzuli kimi dahi sənətkar Nəsimidən bəhrələniblər. Dövrünün bir çox hökmdar şairləri - II Sultan Səlim, Sultan Süleyman Qanuni, Cahan Şah Həqiqi Nəsimini hörmətlə yad ediblər, əsərlərinə nəzirələr yazıblar. Qaraqoyunlu hökmdarı Cahan Şah "Həqiqi” təxəllüsü ilə şeirlər yazıb. Onun bir xeyli şeir nümunələri var. Cahan Şah Nəsimiyə o qədər böyük hörmətlə yanaşıb ki, hətta onun xətrinə hürufilik təlimini qəbul edib”, - deyə müsahibim fikrini tamamladı.
Ümumbəşəri ideyalar
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva söylədi ki, Nəsimi ideyasını birdən-birə qavramaq çətindir. "Nəsimi bu gün də, araşdırmaların çoxluğuna baxmayaraq, şəxsiyyətinin bütün cəhətləri ilə görünmür. Mürəkkəb dünyagörüşü ilə o, heç öz çağına da sığmayıb. Onun şəxsiyyəti tam anlamı ilə nə dini, nə irfani, nə bədii anlayışına sığır. Nəsimi bunların hamısıdır və həm də bunların fövqündədir. Erudisiyası, maraq dairəsi, mütaliəsi çox geniş olduğundan görüşləri öz çağının insanına belə aydın olmayıb”.
Müsahibim qeyd etdi ki, Nəsimidən təsirlənən şairlərin bir qismi onun adını da şeirlərinə gətirərək xatırladırlar. "Nəsiminin adı çəkilən şeirləri araşdırarkən hər şeydən öncə onu haqq aşiqi, övliya, kəramət sahibi kimi dəyərləndirdiklərini gördüm. Onun şəhidliyini də Allaha aşiqliyi ilə əlaqələndiriblər”.
Haqq aşiqi
"Nəsiminin yaradıcılığında ön plana onun haqq aşiqi olması çıxır. Şair bütün yaradıcılığı boyu – əvvəlindən sonuna qədər Allaha məhəbbət aşılayır. Bununla o, insanlara mənəvi-əxlaqi dəyərləri də təlqin edir. Bir tərəfdən, ənənələrdən, təsəvvüf ədəbiyyatından müəyyən mənəvi-əxlaqi dəyərləri alaraq, öz şeirlərində bu dəyərlərə bədiiyyat verməklə onları insanlara təlqin edirsə, digər tərəfdən, bir çox məsələləri özünün fərdi baxış bucaqlarından dəyərləndirmələrinə rast gəlirik. O, insandan nəfsinə qalib gəlməyi, düzgünlüyü, ruzi üçün digərlərinin qarşısında əyilməməyi, mərdanəliyi, cəsurluğu, təkəbbürlü olmamağı tələb edirdi. Onun özü də bu keyfiyyətlərə malik idi və çox sayda insanlar üçün bu mənəvi cəhətləri ilə bir örnək olub”, - Səadət xanım dedi.
İnsanı kainatla bağlayan fikirləri
Müsahibim dedi ki, Nəsimi yaradıcılığında ön planda olan bir üçlük var: can, cahan və canan. "Can deyərkən insanın ruhu ilə cisminin vəhdətindən yaranan varlıq və onun kainatla əlaqəsi nəzərdə tutulur. Nəsimiyə görə, insanın cismi kainatda baş verən dəyişiklikləri özündə əks etdirir. Elə ona görə də, "hər nə yerdə, göydə var, adəmdə var”, - deyir. Yəni onun nəzərində təsəvvüf fəlsəfəsinə uyğun olaraq insan mikrokosm, kainat makrokosmdur. O makrokosmda, yəni aləmi-kübrada baş verənlər kiçik aləmdə (aləmi-suğra) də öz inikasını tapır. Nəsiminin nəzərində insan həm cismani varlığı, həm də cisimdə baş verən dəyişikliklər etibarilə kainatın bir parçasıdır. Eyni zamanda, insan ruhu ilə Allaha bağlıdır. "Can” və "canan” ifadələri də buradandır. Əgər insan cismi ilə, maddi varlığı ilə kainatın bir parçasını özündə daşıyırsa, canandan gələn ruhu da Allaha aiddir, ona qayıdacaq. Nəsimi yaradıcılığının aparıcı ana xətti budur.”
Səadət xanım söylədi ki, Nəsimidə Allah anlayışı tamamilə islami və irfanidir. O, şeirlərində Allahı hiss edir. "Bir gözəllik qarşısında ilhamlanıb ona xitabən şeirini söyləyir, həmin şeirin təhlilini edəndə onun müsahibinin hər hansı bir insan olmadığı üzə çıxır. Yəni o gözəl qız, sevgili, ümumiyyətlə, insan deyil, birmənalı şəkildə Allahdır. O, şeirlərində əsas məqsədinin anlaşılması üçün müəyyən ip ucları da verir.”
İnsan kosmosa yüksəlir, lakin Nəsimiyə çata bilmir...
"Çünki o dövrün mütaliəsindən uzağıq, - müsahibim dedi. - O dövrdə xüsusi təlimlər vardı. İnsanın ruhu xüsusi təlim vasitəsilə kamilləşdirilirdi. Biz indi o halları yaşaya bilmirik. Sufilərə, o cümlədən Nəsimiyə görə, insan öz nəfsinə qalib gəlməlidir. Bu anlayışı biz adətən, ancaq maddiyyatla əlaqələndiririk, yəni nələrdənsə imtina etmək, nəfsini çəkmək, özünü məhrumiyyətə məruz qoymaq kimi qavrayırıq. Amma nəfsi tərbiyə etmək tamam başqa bir şeydir. Nəfsi tərbiyədə bu gün müasir insana çox çətin görünən məqamlar var. Məsələn, qüruru öldürmək. Müasir insan qürurunu öldürə, deyək ki, özündən kiçiyin qarşısında əyilə bilmir. O dövrdə şeyxlərin, müridlərin yaşadığı hallara nəzər salanda insan çox heyrət edir. O halları yaşamadan həmin ruh halına çatmaq mümkün deyil. Orta əsrlər insanının nəfsini tərbiyəsi məsələsi, mütaliəsi, Allah və ona gedən yollar haqqındakı baxışları müasir insanın görüşlərindən çox fərqlidir. Müasir insan maddiyyata, cismani tələblərinə bağlıdır. Hazırda bu ideyaları kütləviləşdirmək mümkün deyil. O dövrdə şeyx, onun xəlifəsi, müridləri var idi və çox sayda insan mürid vasitəsilə ruhlarını, nəfislərini tərbiyə edib kamilləşə bilirdi. Nəsiminin fikir dünyası da bu mühitdə yetişib. O, əvvəlcə bir din alimi kimi islamın əsaslarını öyrənib, Quranı əzbər bilib. Bir Quran hafizi olduğunu özü belə ifadə edir: "Sebexanəm, hafizəm, təfsirdə ustad olmuşam”. Üstəlik, Nəsimi geniş mütaliə sahibi olaraq, dövrünün fəlsəfi və irfani biliklərinə yiyələnib.”
Səadət xanım qeyd etdi ki, Nəsimi cismani varlığından çox ruhunun qayğısına qalıb. Ruhunu tərbiyələndirmək onun əsas məqsədi olub. "İnsan əqli imkanlarını inkişaf etdirib formalaşdırmaqla yanaşı, ruhunun da qayğısına qalmalı, onu paklaşdırmalıdır. İlahi həqiqətin yolu bu vasitələrlə açılır. Əqli tərbiyə, onun ardınca ruhi tərbiyə və nəhayət, hər ikisinin fövqündə dayanmaq. Nəsimi fəlsəfəsinin mahiyyəti budur”.
Müsahibim son olaraq dedi ki, Nəsiminin şəxsiyyətinin çoxcəhətliliyi, mənəviyyatının kamilliyi Balkanlardan tutmuş Hindistana və ərəb ölkələrinə qədər çox geniş ərazidə diqqəti cəlb edib, sözü, sənəti, şeiri öyrənilib. Digər ölkələrdə daha çox türkcə şeiri örnək olaraq götürülsə də, Hindistan coğrafiyasında farsdilli şairlər Nəsiminin daha çox farsca fikir dünyasına müraciət edib və onun təsiri ilə yazıb-yaradıblar. "Yəni bu mənada onun bədii təsir dairəsini dar bir coğrafiya və hüdudlu zamana bağlamaq olmur. Ədəbi məktəbi isə indiyədək yaradılan təsəvvürlərdən çox genişdir,” – Səadət xanım fikrini yekunlaşdırdı.
Nəsimi Zamansız və Məkansızdır. Xalq yazıçısı Anarın Nəsimiyə həsr etdiyi "Şairin hünəri” adlı yazısında dediyi kimi: "O, nə öz diyarına, nə öz dininə, nə də öz əsrinə sığdı. Hürufi ideyaları uğrunda canını fəda etsə belə, bu ideyaların çərçivəsinə də sığmadı. Ölümünə də sığmadı, son şeirinin, son misralarının dönməzliyi inadıyla ölümünü belə adlayıb keçdi. Doğrudan da, Nəsimi laməkandır. Və biz əlavə edə bilərik; həm də lazamandır. Zamana, zamanlara sığmayan bir dahidir.”
Zeynəb Əliqızı
Yazı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün hazırlanıb
banner

Oxşar Xəbərlər