• cümə axşamı, 28 mart, 15:56
  • Baku Bakı 16°C

«Zaman bir də geri dönməyəcək» - Tərcümə

22.07.14 11:12 1517
«Zaman bir də geri dönməyəcək» - Tərcümə
Aleksandr Şirvindtin 80 yaşı tamam olur. Prezident Putin də onu təbrik edib. Teatr dairələrində aktyora “Maska” ləqəbini veriblər. Onu nə iləsə təəccübləndirmək çətindir. O, həmişə obrazları ilə öz pərəstişkarlarını heyran edir. Aktyorun bioqrafiyasında saysız-hesabsız baş rolları ilə bərabər epizodik rolları da var. Onun qəhrəmanları bütün hallarda yadda qalandır. Eldar Ryazanovun «Həmişə təmizlikdə və ya qəribə təsadüf» filmindən sonra o yuxudan ümumittifaq şöhrətli ulduz kimi ayıldı. Xalq məhəbbəti onu «Sabah gəlin», «12 stul», «Qaçaq qocalar» və s. filmlərdə də izlədi. Ancaq o həyatının daha böyük hissəsini teatra həsr edib. Eyni zamanda, o özünü rejissurada sınayır.
Şirvindt öz yubileyini çox ciddi qeyd edir – Moskva yaxınlığındakı göldə balıq tutur. Deyir ki, bu, onun bayramı üçün ən yaxşı ssenaridir.
Satira Teatrının rəhbəri yubileyi ərəfəsində Rusiya mətbuatına müsahibə verib.
Repertuar davam edir
- Yubileyinizi harada qeyd edəcəksiniz?
- Şükür Allaha ki, yaydır – ölü mövsümdür. Həmişə olduğu kimi, hardasa Moskva yaxınlığında gizlənəcəyəm.
- Demək, sizin ad gününüzü ilk təbrik edən sudan çıxardığınız qızıl balıq olacaq. O sizə nə arzulaya bilər?
- Yəqin ki, arzularımın həyata keçməsini arzulayar.
- Balıq tutmağa bu qədər marağınız haradandır?
- Mən küt balıqçıyam, hansı ki, səhər saat 4-dən 10-a qədər bir yerdə oturub çaya baxıram. Adamlar var ki, hər 10 dəqiqədən bir qırmağı yoxlayırlar. Əgər ov yoxdursa, dərhal başqa yerə keçirlər. Mənsə harada oturmuşamsa, orada da qalıram. Mənə deyirlər ki, burada niyə oturmusan, axı bu tərəfdə balıq yoxdur? Ancaq sonunda tutduğum balığı görüncə hamı təəccüblənir.
- Deyirlər, gülüş ən yaxşı dərmandır.
- Hə, belə bir deyim var – hansısa dozada gülüş ömrü yaxşılaşdırır. Mən belə hesab etmirəm, amma belə deyirlər.
- Siz həmişə belə hazırcavab, istehza edənsiniz, yoxsa sizdə hansısa komplekslər var?
- İş ondadır ki, aktyor əhatəsindən çıxan uşaqlar həmişə komplekslərlə üzləşirlər. Mən öz uşaqlarımı necə bu dairədən uzaqlaşdırmağa çalışmışamsa, vaxtilə valideynlərim də mənə qarşı belə ediblər. Mən hətta onlara Hüquq İnstitutuna getmək istədiyimi desəm də, Teatr İnstitutuna üz tutdum. Çünki bütün aktyor uşaqlarının əhatəsində komplekslər real olaraq mövcud idi. Görünür, zamanla bu komplekslər bizə də sirayət edib.
- Siz görkəmli aktyor və eyni zamanda, teatrın bədii rəhbərisiniz. Bu qədər işləri bir yerdə icra etmək asandırmı?
- Bir aktyor kimi mən sözə qulaq asanam, müxtəlif rejissorlarla yaxşı işləyirəm. Amma rəhbər və ya məmur kimi öz truppamın qayğısına qalmalıyam. Göz dəyməsin, bizim teatrda ab-hava işgüzar və sakitdir. Şükür Allaha, indi səhnədə əvvəllər olduğu kimi alkoqol qoxusu yoxdur. Aktyorlar başa düşürlər ki, bura onların iş yeridir. Buna görə də repertuar davam edir və tamaşalar qoyulur.
- İstənilən teatrda zəif tamaşalar var. Siz nə vaxtsa hansısa rola və ya belə tamaşada oynadığınıza görə utanmısınızmı?
- Hər bir aktyorda yaranışdan müdafiə immuniteti olur. Nə vaxtsa nəsə alınmırsa, ilk növbədə ona görə belə olur ki, sənə paxıllıq edirlər. Sən isə dahiyanə oynamısan. İkincisi, rejissor öz öhdəsinə düşən işin öhdəsindən gəlməyib və ya material tamamilə cəfəngiyyatdır və bunu oynamaq mümkün deyil - bunlar hamısı şərtdir. Ümumilikdə, “təki mən olmayım”- deyə həmişə kimisə günahkar hesab etmək olar.
20 yaşlıya evlənmək, siqareti atmaq, içkini tərgitmək...

- Siz nə üçün kinoda az-az çəkilirsiniz?
- Bu, zamanın dəyişkənliyidir. Vaxtilə dəqiq aktyor bölgüsü olanda tipaj seçimi mövcud idi: sosial qəhrəman, nevrostenik qəhrəman, fiziki və lirik və ya cəsus və ya mənəviyyatı pozğun qəhrəmanlar vardı. Hər kəs öz yerini bilirdi. Aktyoru rola uyğun seçmək lazımdır. Bu rejissorlardan çox asılıdır. Heç kəsin tanımadı bir aktyorun bəzən bir rolla bütün istedadı üzə çıxa bilər. Ancaq ən dahi aktyor bəzən Kral Liri oynaya bilməz. Aktyor sənətinin sirri və möhtəşəmliyi də bundadır.
- Müxtəlif yaşda olan qadın aktrisalar ekranda seksual, kişi aktyorlar isə daha çox cəsarətli görünməyə çalışır. Bunların aktyorluqla hansı əlaqəsi var?
- Heç bir əlaqəsi yoxdur. Ekrandan necə görünməyindən asılı olmayaraq ortada olan aktyorun təqdim etdiyi roldur. Əsas odur ki, həmin rol tamaşaçının ürəyinə yaxın olsun. Aktyorun ekranda necə görünməsindən asılı olmayaraq tamaşaçı onu sevə də bilər, sevməyə də. Tamaşaçı yeganə qüvvədir ki, bu mövzuda onun qəlbinə hökm etmək olmaz.
- Mən oxumuşam ki, siz siqaretə əlvida demisiniz. Amma əlinizdə tənbəki çubuğu görürəm.
- Mən yarım ildır ki, çəkmirdim. Dərhal da 8 kilo kökəldim. Ona görə atmadım ki, bu vərdişin ziyanını başa düşdüm. Sadəcə, mən bəzən səhnəyə qaqqıldamaq üçün çıxıram və birdən öskürək başlayır. Dərman içirəm. Birinci hissədə səsim itir. Mənə dedilər ki, bu, siqaret çəkənlərin azarıdır. Mən dərhal elektron trubkanı atdım. Sonra bir tanışım mənə dedi ki, sən nə üçün siqareti tərgitmisən, 80 yaşa qədər heç bir halda atmaq olmaz. Bu yaşa qədər necə yaşamısansa, eləcə də yaşa. Bu, çox öldürücü cəhddir – 20 yaşlıya evlənmək, siqareti atmaq, içkini tərgitmək...
- «Mənim illərim - mənim sərvətimdir». Mahnıdakı bu sözlər sizdə hansı assosiasiyanı yaradır?
- Bu, böyük inflyasiya ilə assosiasiya olunur.
- Özünüz haqda deyə bilərsinizmi – ən yaxşı yaşdayam, axmaqlıq keçib getdi, düşkünlük isə yeni başlayır.
- Sizə necə deyim, yaş əhəmiyyətlidir, axmaqlıq isə geri çəkilmir. Təəssüf ki, daha da böyüyür...
- Fikirlər var ki, uzunömürlülüyün sirri yaxşı ailə mühitində axmaq vərdişlərdən imtina etməkdir.
- Mənim indiki yaşımda səfeh vərdişlərdən imtina etmək, bu, əlbəttə, ümidvericidir.
- Siz arxitektor Nataliya Belausova ilə evlisiniz. Arxitektorla yaşamaq çətindirmi?
- O, həmişə nəsə tikir. Ancaq o, öz ixtisasından çox tez soyudu. İndi isə o, təkcə mənə baxır. Əvvəllər o, məsələn Omskda teatr və idman sarayını tikib.
Bərədə insanları daşıyan
- Əgər yadplanetlilər sizə səyahət, başqa dünyaya, planetlərə, sivilizasiyalara baxmağı təklif etsələr razılaşarsınız?
- Heç bir halda.
- Siz eldə əminliklə cavab verirsiniz ki, sanki bir neçə dəfə bu sual üzərində düşünmüsünüz?
- Yox, sadəcə bu sualın cavabı aydındır – mən xəyallarla yaşamıram. Mənim axı 80 yaşım var – həyat bir anda uçub getdi. O, çox qısa oldu. İnsanlar mox unutqandır. Elə mən özüm də. Ancaq ilk dəfə «Pobeda» maşınında getməyimi yaxşı xatırlayıram. Sanki dünən olub. Ancaq bu, dünən deyildi, 40 il bundan əvvəl idi. Ona görə əgər səni başqa sivilizasiyaya daşımaq istəsələr, nəyə çata bilərsən? Əvvəllər boşqablar uçurdular, biz onları “gözə görünməz” adlandırırdıq. İndisə onları daşa basmağa hazırıq. Mənə elə gəlir ki, onları görməkdən bezmişik.
- Siz insanlarda hansı qüsurları asanlıqla bağışlayırsınız?
- Pis niyyətlilik, simiclik və antisemitizmdən başqa hər şeyi.
- Təsəvvür edək ki, yer üzündə xeyir şərə qalib gəlib və xoşbəxt həyat başlayıb. Siz bu cəmiyyətdə kim olmaq istərdiniz?
- Yəqin ki, bərədə insanları daşıyan... Bax, o xoşbəxt, təmiz insanları qayıqla bu sahildən başqa sahilə aparardım.
Arzuların ifadəsi üçün
- Sizin muşketyor gəncliyiniz haqqında eşitmək istərdim.
- 1950-ci ildə, mən 9-cu sinifdə oxuyanda atamla voleybol oynamağa gedirdik. Mənim atam şair, vətəndaş, gözəl ailə başçısı olmaqla bərabər, həmçinin idmançı idi. Ancaq bunu az adam bilir. O, gözəl voleybol oynayırdı. Həmçinin basketbol da oynayırdıq. İndi desəm heç kəs inanmaz ki, mənim gənclər arasında basketbol üzrə ikinci dərəcəm vardı. Atam isə idmanın göstəricilərinə görə məndən üstün idi. O, çox həvəslə oynayırdı. Biz həm də gözəl dost idik. İndi o cür münasibətlər azalıb. Görünür, o cür tələblər yoxdur. Sanki şəxsiyyətlərin cazibəsi itib. Yevtuşenkonun donjuanlıq siyahısını, Şirvindtin muşketyor gəncliyini, Rojdetstvenskinin tərcümeyi halını xatırladıqca, hər dəfə düşünürəm: zaman bir də geri dönməyəcək. Mən indi öz tələbələrimə baxıb fikirləşirəm, onların əlləri də, qolları da, dişləri də eynidir – bu onların bioloji görkəmidir, ancaq beyinləri başqadır. Əvvəllər imtahana gələn uşaqlar çox fərqli idilər. Gözlərindəki heyrət, maraq adamı çaşdırırdı. İndikilər tamam başqadır.
- Maraqlıdır, sizdə sovet dövrünün nostaljisi var.
- Mənim nostalgiyam qıtlığa görədir. Axı, bu, inkişafın ən yaxşı təkanverici qüvvəsidir. Bizim hamımızın hansısa arzularımız olub – velosiped, motosikl, avtomobil, bağ evi... Hərdən bu arzularımıza çatmamışıq. Ancaq arzuların ifadəsi üçün qıtlıqla və müxtəlif qadağalarla mübarizə aparmaq lazım idi. Axı, vaxt var idi ki, hətta onda bağ sahələri da qadağan idi. Sonra meyvə-tərəvəzli bağ hissələri yarandı. Amma orada yaşamaq da olmazdı. Yalnız şüyüd yetişqdirirdilər. Sonra adamlar başlayıb orada guya özlərinin lopatkaları üçün balaca sığırçın yuvaları tikdilər. Daha sonra yavaş-yavaş bu yuvalara raskladuşka gətirdilər. Bax, bu, arzuların ifadəsidir. Avtomobilə gəldikdə isə… Bakunin küçəsində avto-mağaza vardı. Onu açanda, Luvr muzeyində olduğu kimi qırmızı xalının üzərində gözəl eksponatlar göründü: «ZİM», «Pobeda», «Moskviç-401». Biz ora ekskursiya kimi gedirdik və fikirləşirdik ki, doğurdanmı bu ölkədə 40 min rubla «ZİM» maşını alan olar? Ancaq belə adamlar vardı. Biz o mağazanın qapısından təzə «ZİM»lə İqor Vladimiroviç İlyinskinin çıxdığını gördük. Biz onu alqışladıq. Bir neçə ildən sonra - 1959-cu ildə mən aktyor Staniskinin köhnə «Pobeda»sını aldım. Bu isə mənə «O sizi sevir» filmindəki qonorarım hesabına başa gəldi.
- İndi maşınınızın markası nədir?
- İndi «Volva»dır. Əgər düzünü desəm, mən «QAZ-69» arzulayıram. Mən bu maşına pərəstiş edirəm. Onunla dəfələrlə balıq tutmağa getmişəm. Mən bütün ömrüm boyu belə maşın almaq istəmişəm, ancaq qadağaları keçə bilməmişəm. Mənim arzum bu yaşımda sakit mühitdə yaşamaqdır. Volqa üzərində istirahət, çayın sahillərində saatlarla balıq tutmaq üçün keçirdiyim vaxt - bu anları heç nəyə dəyişmərəm.
- Əgər “QAZ-69” almaq istəyirsinizsə, sizə mane olan nədir?
- Məqam gözləyirəm. Elə bilirəm dəmir pərdə qalxacaq və biz öz yerli maşınlarımızda gəzəcəyik. Kubada olduğu kimi. Onda mən də utanmayacağam, öz sevdiyim avtomobili sürəcəyəm. Bax, dəmir pərdə ilə bağlı mənim nostalji hekayəm budur.
Tərcümə etdi:
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər