• çərşənbə, 24 Aprel, 15:17
  • Baku Bakı 27°C

Zakir Qaralov Türkiyə qəzetindəki məlumatın araşdırılmasına göstəriş verdi

28.02.14 16:36 1128
Zakir Qaralov Türkiyə qəzetindəki məlumatın araşdırılmasına göstəriş verdi
Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini haqqında Türkiyənin "Zaman" qəzetindəki məlumatın araşdırılması barədə rəsmi göstəriş verilib.
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilir ki, fevralın 28-də Türkiyənin "Zaman" qəzetində Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini, general Əli Nağıyev barədə həqiqətə uyğun olmayan məlumat dərc edilib.
Daha sonra digər Türkiyə xəbər saytlarında təkrar dərc edilən həmin məqalədə Türkiyədə həbs edilmiş iş adamı Rza Zərrab adlı şəxsin guya Azərbaycanda bir sıra vəzifəli şəxslərlə gizli əlaqədə olduğu və həmin şəxslərdən birinin də Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini, general Ə.Nağıyev olduğu vurğulanıb. "Zaman" qəzetində dərc edilən həmin məqalənin müəllifi heç bir ciddi mənbəyə əsaslanmadan, general Ə.Nağıyev barədə açıq böhtan və iftiradan istifadə etmiş və bununla da Baş Prokurorluğun işgüzar nüfuzuna xələl gətirmişdir.
Məlumatda deyilir ki, Türkiyənin "Zaman" qəzetində dərc edilən həmin məqalə ilə bağlı Azərbaycanın Baş prokuroru yanında iclas keçirilib və məsələnin araşdırılması ilə bağlı müvafiq göstərişlər verilib: "Baş Prokurorluq olaraq, bir daha bildiririk ki, qeyri-ənənəvi dini dairələrin təsiri altında olan bir mətbu orqanın Azərbaycana yönəlik təxribat xarakterli fəaliyyəti heç bir effekt verməyəcək və bu meyillərin Azərbaycanın vəzifəli şəxslərini gözdən salmaq cəhdləri boşa çıxacaq. Baş Prokurorluq bir daha xatırladır ki, yalan və böhtan xarakterli məlumatların yayılmasına görə KİV orqanı rəhbəri cinayət və digər məsuliyyət daşıyır".
banner

Oxşar Xəbərlər