• cümə, 19 Aprel, 20:37
  • Baku Bakı 24°C

Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

15.04.14 12:07 3058
Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi ilə görüşüb.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli hərbi əməkdaşlıq, eləcə də regional təhlükəsizlik və sabitlik məsələləri əsas müzakirə mövzusu olub.
H.Firuzabadi bildirib ki, İran öz xarici siyasətində müsəlman və qonşu ölkələrlə hərtərəfli və dostluq əlaqələri qurmağa böyük üstünlük verir: “Azərbaycan prezidenti İlham Əliyev ölkədən xaricdə keçirilmiş bir konfrans çərçivəsində İrana səfərə dəvət edildi və Həsən Ruhanini də öz ölkəsinə səfərə dəvət etdi. Azərbaycan prezidentinin İrana səfəri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha tez inkişaf etdirilməsi üçün imkan yaratdı. Bizim hələ mərhum prezident Heydər Əliyevin dövründən əlaqələrimiz dərin və dostcasına olub”.
Onun sözlərinə görə, son on il ərzində dəfələrlə iki ölkənin müdafiə nazirlərinin görüşləri olub və əməkdaşlıq proqramları həyata keçirilib: “Azərbaycan hərbi sahədə ehtiyaclarının bir hissəsini İran müdafiə sənayesinin istehsalı olan məhsullarla təmin edir. Bugünkü görüşdə də hərbçilərin təlimi, dostluq görüşlərinin təşkili, Azərbaycan Ordusu üçün texnika və silahların təmini kimi məsələləri müzakirə etdik”.
H.Firuzabadi deyib ki, Azərbaycanın müdafiə naziri və rəhbərlik etdiyi nümayəndə heyəti İran istehsalı olan silah-sursatlarla və digər texnikalarla yaxından tanış olub və müəyyən razılıqlar əldə edilib: “Biz qonşu, müsəlman və eyni məzhəbdən olan Azərbaycanla əməkdaşlığa hazırıq. İranla Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq iki ölkənin rifah və sabitliyinə xidmət edir”.
Qeyd edək ki, Z.Həsənov İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın dəvəti ilə aprelin 14-dən qonşu ölkədə səfərdədir. Ötən gün Azərbaycanın müdafiə nazirinin şərəfinə rəsmi qəbul mərasimi keçirilib. Z.Həsənov daha sonra İran-İraq müharibəsində şəhid düşənlərin məzarını ziyarət edib. Bundan sonra İran Müdafiə Nazirliyində Azərbaycan və İran müdafiə nazirləri arasında görüş keçirilib. Eyni zamanda Azərbaycanın müdafiə nazirinin İranın siyasi rəhbərliyi ilə görüşlərinin keçirilməsi də planlaşdırılır.
banner

Oxşar Xəbərlər