Zakir Fəxrinin 70 illik yubileyi ilə bağlı toplantı keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə
şair-publisist, yazıçı və jurnalist Zakir Fəxrinin 70 illik yubileyi münasibəti
ilə toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin
deputatı Əflatun Amaşov yubilyarın keçdiyi ömür yolundan bəhs edib. O bildirib
ki, Z.Fəxrinin şerə, poeziyaya marağı hələ gənc yaşlarında özünü gözəl
yaradıcılıq nümunələrində göstərib. Buna görə də Azərbaycan Dövlət Politexnik
İnstitutunu bitirməsinə baxmayaraq, 1972-ci ildə məhz mətbuatda, o dövrün
populyar nəşrlərindən olan «Azərbaycan gəncləri» qəzeti redaksiyasında
çalışmağa başlayıb. Sonrakı illərdə «Ulduz» jurnalı redaksiyasında işləyib.
1989-1992-ci illərdə Azərbaycan Tərcümə Mərkəzinin sədr müavini, şöbə müdiri
olub. Yubilyar həmçinin 11 il «Xəzər» dünya ədəbiyyatı dərgisində baş redaktor
kimi fəaliyyət göstərib. Onun «Qalmaz belə, qalmaz dünya» kitabı Mədəniyyət
Nazirliyinin «Qızıl kəlmə» mükafatına layiq görülüb.
Ə.Amaşov Z.Fəxrinin hazırda da Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin «Xəzər» dünya ədəbiyyatı
dərgisində məsul vəzifə tutduğunu xatırladaraq bildirib ki, «Xatirə çiçəyi»,
«Bir ömrün tarixi», «Yaza və yoza bilmədiyim yuxu», «Qara Məlik, Qara Qəzənfər
və mən», «Rekviyem», «Qaranlıqdan aydınlığa», «Bəşəri poeziya» kitablarının da
müəllifi olan yubilyar hər zaman həqiqət carçısı kimi tanınıb, bəşəri
yaradıcılıq ruhu ilə örnək olub. Z.Fəxrinin bu gün də dəst-xəttinə sadiq
qaldığını vurğulayan MŞ sədri ona rəhbərlik etdiyi qurumun diplomunu təqdim
edib.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun
rəhbəri Umud Rəhimoğlu yubilyarın yaradıcılığı üçün dərdi ictimailəşdirmək
motivinin güclü olduğunu dilə gətirib. O, eyni zamanla Z.Fəxrini fəal vətəndaş
mövqeyi ilə seçilən ziyalı olaraq qiymətləndirib.
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin
professoru Cahangir Məmmədli Z.Fəxri yaradıcılığından bəhs edən xarakterik
xüsusiyyətlər barədə söz açaraq bildirib ki, yubilyarın poeziyası üçün insanı
düşündürən kədər xarakterikdir və bu kədər insanı özünə qaytarır, onu həyata
səsləyir.
MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru
Rəşad Məcid Z.Fəxrinin Azərbaycanın müasir poeziyasında məxsusi yer tutduğunu
bildirib. O, fikrini konkret faktlarla isbatlayıb, habelə şairlə bağlı
xatirələrini bölüşüb.
MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil
Abbas Z.Fəxri yaradıcılığı üçün müxtəlif xarakterik xüsusiyyətlərdən soz açaraq
yubilyar şairin şerlərindəki insanlara sevgi aşılamaq üstünlüyü üzərində
dayanıb.
MŞ İdarə Heyətinin üzvü, «Yeni Azərbaycan» qəzetinin baş
redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Z.Fəxri
poeziyasında Qarabağ niskili dolğunluğu ilə ifadəsini tapır. Baş redaktor
həmçinin vurğulayıb ki, yubilyarın şerlərinə hakim kəsilmiş özünü fəda xətti
məxsusi yanaşma etalonu kimi diqqət çəkməkdədir.
MŞ İdarə Heyətinin üzvü, «Xalq cəbhəsi» qəzetinin baş
redaktoru Elçin Mirzəbəyli çıxışında bildirib ki, Z.Fəxrinin şerləri hər zaman
canlıdır və buna görə də yenidir, müasirdir. Bu cəhət şairin yaradıcılığı üçün
vacib məqamdır.
«Ulduz» jurnalının baş redaktoru Qulu Ağsəs Z.Fəxrinin hər
zaman yaradıcı gənclərə dəstək olduğunu bildirib, fikrini konkret nümunələrlə
əsaslandırıb.
Çıxış edənlərdən MŞ sədrinin müavini Müşfiq Ələsgərli,
Şuranın İdarə Heyətinin üzvlərindən - Demokratik Jurnalistlər Liqasının sədri
Yadigar Məmmədli, «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev,
Azadinform İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev, «Cümhuriyyət»
qəzetinin baş redaktoru Rəfail Becanov, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev,
həmçinin «İranlı Mühacirlər Cəmiyyəti» İB-nin sədri Rəhim Hüseynzadə, «Paralel»
qəzetinin baş redaktoru Tapdıq Abbas və başqaları Z.Fəxri yaradıcılığı ilə
tanış olduqları dövrlərə qısa ekskurs edərək, şairlə şəxsi təmaslarındakı
spesifik epizodları bölüşüb, onun poeziyasının, ümumilikdə yaradıcılığının
bəşəriliyini göstərən cəhətlərə diqqəti yönəldiblər. Onlar yubilyarı həmçinin qayğıkeş
dost, sadə və səmimi keyfiyyətlərə malik vətənpərvər ziyalı kimi xarakterizə
edərək təbriklərini çatdırıb, xoş duyğu və arzularını bölüşüblər.
Sonda çıxış edən Z.Fəxri yaradıcılığına verilən dəyərə
görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.