Zahirində də daxilindəki həyatı yaşayan dahi
Bəlkə də səhv edirəm, amma bunu oxuduğum tədqiqat əsərlərinə,
xatirələrə və eşitdiklərimə əsaslanaraq söyləyirəm ki, 20-ci yüzilliyin əvvəllərində
yazıb-yaradan dahilərimiz arasında
milli-mənəvi dəyərlərimizə (xüsusən ana dilimizə) daha çox sayğı ilə
yanaşan Mirzə Cəlil və Üzeyir bəy Hacıbəyli olub. Həsən bəy Zərdabi də ana
dilində qəzet çap etməyə başlayarkən fars dilini öz ana dilindən üstün tutan
"elm dünyası”ndan olan gizli, bəzən isə açıq bədxahlarla mübarizə aparmalı oldu
və bu mübarizəni həyatı bahasına davam etdirməkdən belə çəkinmədi...
"3 dekabr 1900-cü
il. Hazırlıq sinif şagirdi Üzeyir Hacıbəyov tatar dilində (Azərbaycan) danışır.
Bunun üçün ona töhmət verilmişdi”. Bu töhmət Üzeyir bəyi inadından döndərə
bilmədi. Əksinə, 1901-ci ilin oktyabrında ana dilində danışdığına və kitablar
oxuduğuna görə, ona yenidən töhmət verilir. Həmin tarixdə Qori Müəllimlər Seminariyasından
ona verilən xasiyyətnamədən: "Tatar dilində olan kitabları oxumaq həvəsi daha
da möhkəmlənmişdir. Hətta o dərəcəyə çatmışdır ki, oxuduğu əsərləri təqlid
edərkən, əsər yazmağa çalışır. Sinifdə şagirdlərin arasında "Tatar şairi” adı
ilə məşhur olmuşdur. Tərcümə etməsi və əsər yazması elmi inkişafına mane olur.
Hacıbəyovun şənliyi ciddiliyə çevrilir. O, daha çox adamayovuşmaz və qaraqabaq
olur”. Seminariya rəhbərliyi Üzeyir bəyi ana dilinə hörmət və sevgi ilə
yanaşdığı üçün hər vəchlə ittiham edir, günahlandırırdı. Əslində həmin vaxt
Üzeyir bəyin qaraqabaq olmasına səbəb atası Əbdülhüseyn bəyin vəfat etməsi idi
ki, o bir müddət bu itki ilə barışa bilməmişdir. Dilinə, millətinə, xalqına, vətəninə,
torpağına olan sevgini, sayğını Üzeyir bəyi ömrünün sonuna kimi əməlində,
amalında yaşatdı. Bunun üçün nə qədər incidilsə də, inadından dönmədi.
Əksər fənlərdən əla qiymətlər alan Üzeyir bəyin təhsil haqqında
verilmiş şəhadətnaməsində yazılıb: "Rus dili - 4, Tatar dili - 5”. Qori
Müəllimlər Seminariyasında belə bir qayda var imiş ki, seminariyanın tələbələri
gələcəkdə nə işlə məşğul olmaları haqqında məlumat verməli idilər. Bu haqda
Üzeyir bəy yazırdı: "Mən seminariyanın ikinci klasında idim ki, il yarımdan
sonra müəllim olacaqdım. Yazı imtahanı olmaq üzrə "Mən gələcəkdə nə iş
görəcəyəm” sərlövhəsi altında bir məqalə yazmağı bizə əmr etdilər. Mən yazdım
ki, məktəblərimiz üçün ana dilində tədris olmaqdan ötəri dərs kitabları tərtib
edəcəyəm. Bunun üçün osmanlı və rus kitablarından istifadə edib, hesab,
coğrafiya və sair elmləri öz dilimizə tərcümə edəcəyəm. Mənim bu fikrim direktorun
xoşuna gəlməmişdi. Məni çağırıb dedi: "Müəllimlər sənin yazdığına "üç” nömrəsi
qoyublar. Amma mən "iki yarım” qoyuram”.
Üzeyir bəyin yazısının sonunda belə aydın olur ki, bundan sonra
məktəb rəhbərliyinin "qara siyahısına” düşür: "Seminariyanı qurtararkən cəza
olaraq məni bir erməni kəndinə müəllim təyin etdilər”. Amma seminariya
rəhbərliyi bununla da kifayətlənmir. Üzeyir bəyi incitmək üçün onun sənədlərini
vaxtında təyin edilən ünvana göndərmir. Baxmayaraq ki, bu haqda həm Üzeyir
bəyin təyinat aldığı müəssisənin rəhbərliyi və özü bir necə dəfə seminariya
rəhbərliyinə məktubla müraciət etmişdir.
Zaqafqaziya müəllimlər seminariyası
direktoru cənablarına: "Sizin ixtiyarınızda olan seminariyanı bu il qurtarmış
Üzeyir bəy Hacıbəyovun sənədlərini mənim idarəmə göndərməyinizi xahiş edirəm!”
Gəncə quberniyası
xalq məktəbləri direktoru.
Bu məktub 1 iyun
1904-cü ildə yazılıb. Məktuba cavab gecikdiyi üçün iyulun 10-da Üzeyir bəy özü
seminariyaya məktub yazır:
"Unudulmaz Mixail Alekseyeviç!
Sizdən çox xahiş edirəm ki, mənim sənədlərimi Yelizavetpol direksiyasına
göndərəsiniz. Çünki onları məndən təkidlə tələb edirlər. Mən hazırda Gəncədə
xəstə qardaşımın yanındayam, 10-15 gün burada qalacağam.
Sizə dərin hörmət bəsləyən şagirdiniz Üzeyir Hacıbəyov”.
Sənədlərdən belə
aydın olur ki, Üzeyir bəyin məktubu da cavabsız qalır. Qocaman tədqiqatçı Qulam
Məmmədli yazırdı: "Üzeyir bəy əksər məqalələrində Qori seminariyasında
azərbaycanlı tələbələrə pis münasibətdən, ögey-doğmalıqdan, özünün məruz
qaldığı haqsızlıqlardan bəhs edib”.
Xalqına, dilinə, Vətəninə
sadiqliyi bütün ömrü boyu Üzeyir bəyə sədlər qoysa da, o, sonacan bu sevdanı
yaşadır. "İrşad” qəzetinin 15 fevral 1907-ci il tarixli, 27-ci sayında belə bir
elan verilib: "Dünən gecə saat 12-də Krasilnikovun evində "İrşad”ın mühərriri
Üzeyir bəy Hacıbəyovun otağını qəflətən polis axtarıbdır. Lakin bir şey
tapmayıb "İrşad”a göndərilən köhnə məqalələri yığıb aparıblar”.
Təpədən-dırnağa qədər vətənpərvər, millətsevər olan Üzeyir bəyi
cəmiyyətdən uzaqlaşdırmaq üçün hökumət hər vasitəyə əl atıb. Gah açıq, gah
gizlin. "Baku” qəzetinin 1 oktyabr 1911-ci il tarixli, 220-ci sayından
oxuyuruq: "Dünən şəhər rus-tatar məktəblərində müəllimlik yeri almaq istəyənlərin
rus dilindən imtahanları keçirilirdi. Bu imtahan, verilmiş ərizələrin
vakansiyalı yerlərindən daha çox olduğu üçün keçirilirdi. Məktəb komissiyası
sədri cənab Aryutunov müsəlman məktəbi komissiyası üzvlərinin qabağında
Puşkinin "Böyük Petronun ərəbi” və "İbrahimin Parij həyatı” povestlərindən
birinci fəsl oxunmuş və imtahan olunanlara təklif edilmişdir ki, eşitdiklərini
öz sözləri ilə yazsınlar. İmtahan olunan on nəfərdən biri də, bir necə il
"İrşad” və "Həqiqət” qəzetlərində redaktor olmuş Üzeyir Hacıbəyovdur.
Tərcümələr içərisində Üzeyirbəy Hacıbəyov "5” qiymət almış və müəllimliyə
intibax edilmişdir”.
Bu fakt özü bir daha
sübut edir ki, Üzeyir bəy rus dilini çox gözəl bilib. Amma buna baxmayaraq, ana
dilini hər zaman uca tutaraq sevib, sevdirib. "Bir az da öz işimizdən, daha
doğrusu, öz içimizdən danışaq” deyən Üzeyir bəy hər kəsdən dilimizə sayğı ilə
yanaşmağı tələb edir. "Əli aşı və Vəli aşı” məqaləsində ürək ağrısı ilə
yazırdı: "Qafqaz maarif popeçiteli yerli camaat məktəblərindən ötürü təzə
proqram göndərib və bu proqrama görə, haman məktəblərdə ana dili həftədə 6
dərs, rus dili də həftədə 12 dərs olacaqdır. Popeçitel cənablarının bunu belə
etməkdən mənzuru budur: "Yerli ibtidai məktəblərin məqsədi yerlərin mənəvi və
əqli tərəqqilərinə kömək etmək və habelə onların zindəgahanlığını
yaxşılaşdırmaq üçün yol açmaqdır. O biri tərəfdən də onların arasında rus
dilini yaymaq və ümumi vətənpərəstlik yolunda rus milləti ilə
yaxınlaşdırmaqdır”. Bu "yaxınlaşmada” yuxarıdan aşağı baxma siyasətini
açıq-aydın duyan Üzeyir bəyin yenidən "tatara çevrilmə” qorxusu hökuməti
narahat edirdi.
Şura hökuməti Üzeyir bəyin
vətənpərvərliyini ona çox baha başa gətirdi. Ömrünün sonuna kimi qardaşı
Ceyhunun üzünə, səsinə həsrət qaldı, yol gözlədi (Deyilənə görə, Üzeyir bəy
Ceyhun bəyi yalnız sonbeşik qardaşı kimi deyil, həm də öz balası, (Üzeyir bəyin
övladı olmayıb) amal, məslək dostu kimi də sevirmiş). Sovetlərin gəlişi onu
illərlə susmağa vadar edib. Bir ilin içində iki opera yazan, hər il səhnəyə
yeni əsər təqdim edən Üzeyir bəy susub. Qəzet-jurnallarda da məqalələri çox
seyrək görünüb. Əslində Üzeyir bəy həbsdən, sürgündən qorxub susmamışdır
(İçindəki Vətən, millət sevgisi onu Lenin-Stalin "babalara” əsərlər vəsf etməyə
mane olurdu). Ədəbiyyatda, mətbuatda, musiqidə düşmən axtarışına çıxan ədəbiyyat
səmələrinin xərifləmələrinin, tənqid pəltəklərinin kəkələmələrinin, qələm
əqrəblərinin neştərlərinin, yeni yazacağı istənilən əsərin tərs yozumunun qurbanı
olmaq istəmirdi. Bir gün "içindəki və çölündəki səksəkəni unudub”, "Koroğlu”
kimi şedevri ortalığa çıxardı. Bununla da ədəbiyyatımızı, musiqimizi bolşevikləşdirən
"dahilərin” gözünə ox olub batdı. Əslində Üzeyir bəy təkcə yaradıcılığı ilə
deyil, varlığı, təmiz mənəviyyat, əyilməz şəxsiyyəti ilə böyük Üzeyir bəy idi.
Bu böyüklük Oktyabrın "kiçik qardaşı” Apreli vəsf edənlərin, menşevizm əleyhinə
axtarışa çıxanların gözlərini çoxdan kör etmişdi. "Koroğlu”nun ilk premyerasında
Üzeyir bəyin əlini sıxıb "təbrik edirəm, çox məmnun olduq” deyən, arxada isə
"gör 10-15 il susmalı olmasaydı, nələr yarada bilərdi” deyə paxılıq hissini
gizlədə bilməyən "qələm yoldaş”larının bu ikili siyasətini həzm edə bilmirdi
Üzeyir bəy. Çünki Üzeyir bəy zahirində də daxilində yaşadığı gerçək həyatı
yaşayırdı. Bəylik, zadəganlıq onun qanında, canında idi. Odur ki, həqiqətən
məğrur bir ömrü yaşadı. Nə özünü "rəhbərin qapısında süpürgəçi”yə bənzətdi, nə
"Oktyab övladı”, nə də "Lenini dahilərin, dahisinə” bənzədib vəsf edən "söz
pəhləvanı” oldu.
Sonda eşitdiyim bir əhvalatı
da nəql edim. Deyirlər bir gün Müşfiq pinəçidə ayaqqabısını yamadırmış. Bu vaxt
Cavid əfəndi gəlib keçir, Müşfiq onu görüb utana-utana deyir: "Ayaqqabımı
yamadıram”. Cavid əfəndi ona yaxınlaşıb şəstlə deyir: "Canın sağ olsun. Adın
yamaqlı olmasın, ayaqqabının fikrini çəkmə. Onu təzəsi ilə əvəz etmək olar, adı
yox!”.
Qərənfil Dünyaminqızı
Əməkdar
jurnalist