• cümə, 29 Mart, 01:05
  • Baku Bakı 7°C

“Zabitlər”in müharibə uşağı - Fotolar

02.02.19 12:30 1338
“Zabitlər”in müharibə uşağı - Fotolar
"Bakı bayram əhval-ruhiyyəli bir şəhərdir. Əsl möcüzədir. Buraya sonuncu gəlişimdən cəmi 5-6 il keçib, lakin Bakının siması tanınmayacaq dərəcədə dəyişib" deyən, bir neçə il bundan əvvəl paytaxtımızda da qastrol səfərində olan CCRİ Xalq artisti Vasiliy Lanovoy 85 illiyini qeyd edir.Kinosevərlərin "Zabitlər”, "Baharın on yeddi anı”, "Zolaqlıların səfəri”, "Kamal attestatı”, "Ağ yelkənlər”, ”Üç muşketyor”, "Salam, doktor” və s. filmlərdən tanıdığımız məşhur aktyor Rusiya mətbuatına verdiyi müsahibədə daha çox uşaqlığından danışıb.

- Vasili Semyonoviç, siz müharibə dövrünün uşağı olubsunuz. Yəqin ki, dəhşətli günlər həmişə yaddaşınızdadır...
- Mən 3 yaşım olana qədər Ukraynada yaşamışam. Valideynlərim bizi hər yay Moskvada yaşayan nənə-babamızın yanına dincəlməyə göndərərdi. İki bacımla mən 1941-ci il iyunun 20-də Moskvadan ayrıldıq. İki həftədən sonra valideynlərimiz yanımıza gəlməli idilər. İyunun 22-də səhər saat 5-də biz Abamelikova stansiyasında qatardan düşdük. Başımızın üzərində Odessanı bombalamaq istəyən yüzlərlə təyyarə uçurdu. Müharibə başladı. Mənim 7, kiçik bacımın 4, böyük bacımın isə 10 yaşı vardı. Valideynlərimiz nə bir ildən, nə də iki-üç ildən sonra yanımıza gələ bildilər. 1944-cü il aprelin 10-da Odessa düşməndən azad olundu. Həmin təyyarələr yenidən başımızın üzərindən Bessarabiyaya uçdular. Anam 1944-cü ilin may ayının sonlarında yanımıza qayıda bildi. Mən bacılarımın hər ikisini keçərək anamı stansiyada qarşılamağa qaçdım. Öküz arabasının üstündə iri gözlü, çox arıq bir qadın oturmuşdu. Mən onu tanımayıb yanından qaçıb getdim. Arabanın sahibi Dmitri arxamca qışçqırıb "Vasilka, bu ki sənin anandır, hara qaçırsan?” deyəndən sonra qayıtdım. O mənə, mən də ona baxdım... Anamın o baxışı heç yadımdan çıxmır.Valideynlərim müharibə vaxtı zavodda işləyirdilər. Onların hazırladığı "Molotov” kokteyli insanın əsəb sisteminə zərərli idi, həmçinin əl-ayağın işləməməsinə səbəb olurdu. Buna görə də, valideynlərimiz ömürləri boyu əlil olaraq qaldılar.Müharibə ilə bağlı olan hər hadisə xırdalıqları ilə xatirimdədir. Müharibə bizi formalaşdırdı. Bu, mənim həyatımın mühüm hissəsi olaraq qalıb. Ona görə də, mənim üçün gözəl poeziya – hərbi poeziyadır, yaxşı mahnılar da müharibəyə həsr olunanlarıdır. Ən gözəl ziyarətgah əsgərlərin məzarlarıdır. Hərbi nəsil ulu nəsildir. «Belarus vağzalı» filmində bir mahnı var: «Biz şöhrət arxasınca qaçmadıq”. Bax, o nəsil də qaçmadı. Onlar dəhşətli müharibəyə üstün gələrək qələbə qazandılar və vətəni xilas etdilər. Mən ona görə də, valideynlərimin portretlərini «Ölməz polk»da gəzdirirəm. Gücüm çatdıqca da gəzdirəcəyəm.Bir il sonra "kartoçka”ları da ləğv etdilər. İstehsalatı işə saldılar. Misli görünməmiş hadisə idi… O zamanlar hamı vətənpərvər, dövlətpərəst idi. Onlar üçün şəxsi maraqlardan əvvəl dövlət gəlirdi. Biz hərbi nəslə, dövlətçiliyimiz, xilasımız, vətənin azadlığı üçün daim minnətdarıq. Burada ikitirəlik ola bilməz. Əlbəttə ki, alçaqlardan başqa… Əfsus ki, bu gün də belələri tapılır. Amma belələri rus nəslindən deyil.

- Müharibəni yaşayanların hamısı dəhşətli aclıqdan danışır…
- Təbii ki, həm aclıq, həm də çox soyuq idi. Ukraynada elə qış olur ki, qar iki metrə qədər yağır. 1942-ci ilin qışında da belə idi. Biz uşaqlar tualetə getmək üçün ayaqyalın həyətə qaçır və tez də evə qayıdırdıq. Axı ayağımıza geyinməyə heç nə yox idi. Amma biz bir dəfə də olsun xəstələnmədik – nə qışda, nə payızda, nə də ki, yazda. Bunların hamısı ona görə idi ki, Natalya nənə və İvan baba bizi həmişə qarğıdalı sıyığı ilə saxlayırdı. Yeməyə başqa heç nə yox idi. Sıyığın içinə sarımsaq qatardılar. O zaman bu, bütün xəstəliklərə qarşı yeganə dərman idi.

- Müharibədən sonrakı ən gözəl xatirəniz hansıdır?
- Belə xatirələr çoxdur… Odessanın xilasından sonra oğlan uşaqlarının yığışıb hərbi eşalonun damına dırmaşmağımız... Bir də anamla görüşümü xatırlayıram. Bu, möhtəşəm hiss idi. Radioda Levitanın «Təslim aktı imzalandı!» sözləri böyük qələbədən xəbər verirdi. O zaman mənim 11 yaşım vardı. İyunun 24-də mən və Kojuxovdan olan başqa oğlan uşaqları Qırmızı Meydana qaçdıq – orada Azadlığın nümayişi gedirdi. Alman bayraqları küçələrə döşənmişdi. Kartoçkalar ləğv olunanda biz necə də xoşbəxt idik. Artıq çörək istədiyin qədər idi… Düzdür, müharibədən sonrakı illər onsuz da çətin idi – fırıldaqçılıq, quldurluq baş alıb gedirdi… Hətta «Soyğunçu Peterburq» da o vaxtlarla müqayisə oluna bilməzdi!

- Boynunuzdakı çapıq yeri o vaxtdan qalıb?
- Çapıq müharibədən əvvəlin yadigarıdır. 3 yaşım olanda velosipedin valı ilə oynayırdım, onun kürəciyini uddum. Xoşbəxtlikdən yaxınlıqda həkim vardı. O, tez boynumda dəlik açıb məni xilas etdi. Demək olar ki, məni o dünyadan qaytardı. Oğlan uşaqları «elmi təcrübə” aparan olurlar. Hərdən də Alah bilir nə edirlər… Ancaq müharibədən sonrakı quldur zəmanədən məni, özfəaliyyətlə məşğul olmağım xilas etdi. Kojuxovda ZİL adlı mədəniyyət sarayı vardı. Dostumla bir dəfə ora getmişdik. Mark Tvenin "Tom Soyer” nağıl-tamaşası göstərilirdi. Tamaşa çox xoşumuza gəldi. Dram dərnəyinin rəhbəri Sergey Lvoviç Şteynin yanına gəlib «Bizi də yazın» dedik. O vaxt 12-13 yaşımız vardı. Mən bu dərnəkdə 10-cu sinfi bitirənə kimi məşğul oldum.

- Siz gözəl fiziki formadasınız. Bunun üçün xüsusi reseptiniz var?
- Hər səhər 20 dəqiqə idman edirəm. Formanı saxlamaq peşəkarlıqdır. Hər gün geriyə salto edirəm, hovuzda üzürəm və siqaret çəkmirəm. Əgər aktyor piylənmiş qabana dönmək istəmirsə, o, mütəmadi olaraq, idmanla məşğul olmalıdır. Bilirsinizmi, aktyor və aktrisalar kökəldiklərini görəndə necə əziyyət çəkirlər? Onlar başa düşürlər ki, belə vaxtlarda özlərini gözəl rollar almaqdan məhrum edirlər. Bunun üçün bəziləri qüvvə sərf edərək arıqlayırlar. Hətta hərdən sadəcə, qəhrəmanlıq göstərirlər ki, köklüyə müqavimət göstərsinlər. Belə insanlara təzim etmək lazımdır. Xoşbəxtlikdən mən özüm kökəlməyə meyilli deyiləm. Bundan başqa, hər səhər səsimə qulaq asıram – axı aktyorun səsi onun əsas alətidir. Əgər bununla hər gün məşğul olmasan, nəticədə elə tələffüzə malik ola bilərsən ki, doğma anan da danışığını başa düşməz!

- Yeri gəlmişkən, tələffüz barəsində... hansısa yaş həddinə qədər siz pəltək olubsunuz…
- Hə... bu, məndə müharibə vaxtı yarandı. Evakuasiya dörd il çəkdi. Almanların necə hücum etməsi yaxşı yadımdadır – onlar qar uçqunu kimi dığırlanır, üfüqə qədər boşluğu doldururdular. 1944-cü ildə geri çəkildiklərini də xatırlayıram – kimisi maşında, kimisi qaçaraq... Aprel ayı idi. Hər tərəf palçıq idi, maşınlar batırdı. Amma almanlar maşınları atıb qaçmırdılar, onları yandırırdılar… O səhnə gözümün qabağındadır. Mən həmin aprel gecəsini həmişə xatırlayıram. Kəndimizdə salınan düşərgədəki almanlardan biri, mənə üzərində nömrəsi olan bir kəmər bağışlamışdı. Bir neçə vaxtdan sonra başqa bir alman kəməri məndən almaq istədi. Mən vermək istəmirdim, demək istəyirdim ki, bu, hədiyyədir. Bu zaman o, avtomat silahdan başımın üzərindən atəş açmağa başladı. Məncə zarafat etmək istəyirdi, çünki bərkdən gülürdü. Mənim 7 yaşım var idi. Bu hadisədən sonra kəkələməyə başladım. Sonra bizim yerləri almanlar rumınlara verib getdilər. Elə o vaxtdan məktəb yaşım çatdı, ancaq yerli məktəbi rumın dilinə keçirdilər. Mən 3 il rumın dilində oxudum. Nəticədə rusca yazmağı bacarmadım. Təxliyədən sonra Moskvada məktəbə getməyə başladığım vaxtlarda bizə imla yazdırdılar. Mən «çörək» sözünü yazarkən 3 səhv etmişdim – ona görə də məni təzədən birinci sinfə oxumağa göndərdilər. Sonralar həmyaşıdlarıma çatmaqdan ötrü bir neçə dəfə bir sinifdən başqa sinfə adlamalı oldum. Amma məktəbi qızıl medalla bitirdim.

- Kəkələməkdən canınızı necə qurtardınız?
- 1944-cü ildə Moskvaya qayıtdım və anam məni həkim yanına apardı. Həkim bütün günü ucadan Ukrayna mahnıları oxumağımı tapşırdı. Mən də oxumağa başladım və bir ildən sonra kəkələməyim keçib getdi.
- Hazırda kinoya çəkilirsiniz?
- Bu günlərdə bir serialın çəkilişləri bitib. Əslində bu, mənlik deyil – mən heç vaxt seriala çəkilməyə razı olmuram. Amma biləndə ki, serial mühasirə haqqındadır, imtina edə bilmədim. Filmin süjeti heyranedicidir: «Sevgili olan oğlan və qız 12-13 yaşlarında - mühasirə zamanı bir-birini itirirlər. Budur, 30-40 il keçsə də, onlar bir-birini axtarırlar. Ancaq ahıl vaxtlarında görüşə bilirlər...

- Ailəniz haqqında nə deyə bilərsiniz?
- Xoşbəxt yaşayırıq - yoldaşım, iki oğlum, nəvələrim və itimiz. Yoldaşım İri­na Kup­çen­ko ilə 40 il­dən çoxdur ki, bir yer­də ya­şayırıq. Nəvəm Anyanın artıq 9 yaşı var. O, Arxangelskdə yaşayır, tətillərdə bizə qonaq gəlir. Onu teatra aparırıq, bu, elə zövqvericidir ki! Bir də evimizdə kiçik, sevimli itimiz var. Bir dəfə onu gəzməyə apardım. Qarşıdan sinəsi orden və medallarla dolu yaşlı bir kişi gəlirdi. Bizə baxıb sərt şəkildə «Nə üçün itin ağızlığı yoxdur?» dedi. Mən də bərkdən güldüm. Eşitdi m ki, arxamca «Allaha çox şükür, Lanovoyu güldürə bildim…» deyir.

- Yəqin ki, nəvəniz «Üç Muşketyor»a baxır?
- Nəvəm çəkildiyim bütün filmlərə baxır. Bu yaxınlarda mənə zəng vurub «Baba, televizorda yenə də «Zabitlər»i göstərirdilər dedi. "Mən baxırdım, nənəm isə ağlayırdı. Nə üçün nənəm ağlayırdı axı, baba?» soruşdu. Burada nə başa sala bilərsən axı. «Sonra başa düşərsən…» cavabını verə bildim.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər