• cümə axşamı, 25 aprel, 12:04
  • Baku Bakı 23°C

Zabit, tələbə və çempion - Portret

15.12.18 09:30 3304
Zabit, tələbə və çempion - Portret
Barselona olimpiadasının çempionu Nazim Hüseynov: "O, məndən də iradəli idmançıdır".

Pekin olimpiadasının qalibi Elnur Məmmədli: "Oyunlara qatılsaydı, çox güman ki, Pekində bir yox, iki qızıl medalımız olacaqdı".

İkiqat paralimpiya çempionu İlham Zəkiyev: "Əminəm ki, dara düşüb, zəng etsəm, nə olduğunu soruşmadan özünü yetirər".

Karyerasının pik dövründə dörd il arenalardan uzaq düşüb, bir gün də olsun, ayrılıq haqqında fikirləşməyən, usanmadan məşqlərini davam etdirmiş bir idmançı düşünün. Adətən belə qəhrəmanları uzaqlarda axtarırıq. Lakin yuxarıda qeyd olunan fikirlərdən də göründüyü kimi, o, aramızdadır. Cüdo üzrə Azərbaycan yığmasının kapitanı Nicat Şıxəlizadə əsl xarakter nümunəsi, gənclərə örnək olacaq biridir. Heç şübhəsiz ki, cüdonun bugünkü populyarlığında onun böyük xidmətləri var.

"Dostlaşa” bilmədiyi gimnastika
Nicat Hüseyn oğlu Şıxəlizadə 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulub. Orta təhsilinin ilk iki ilini Maxta kənd orta məktəbində alan Nicat, sonradan ailəsi ilə Bakıya köçüb. Dördüncü sinifdən isə təhsilini Respublika Olimpiya İdman Liseyində davam etdirib. Maraqlıdır ki, seçim nə cüdo, nə də ona yaxın olan döyüş növləri olub. O, iki il idmanın gimnastika növündə özünü sınayıb. Deyir ki, nə qədər çalışsa da, bu idman növü ilə "dostlaş"a bilməyib. Davakar xarakterinə görə, döyüş növlərini özünə daha yaxın hesab edən Nicat, altıncı sinifdən cüdoya keçib. Naxçıvandan gələn uşaqların çoxunun cüdo ilə məşğul olması da, seçimində az rol oynamayıb. Bununla belə, uğurlarında gimnastika təcrübəsinin əhəmiyyətini dönə-dönə vurğulayır. O baxımdan ki, burada qazandığı elastiklik, çeviklik kimi xüsusiyyətlər tatamidə çox köməyinə çatıb.

Yaşıdlarına nisbətdə xeyli gec başlasa da, tezliklə hamını kölgədə qoyub. Əvvəlcə liseydaxili yarışlarda fərqlənən Nicat, ardınca, Bakı şəhər birinciliyinin qalibi olub.

Heyrətamiz nəticələr
2003-cü ildə Azərbaycan birinciliyinin baş mükafatına sahib çıxan Şıxəlizadə, Polşa, Türkiyə və Rusiyada keçirilən beynəlxalq turnirlərdə sınaqdan keçirilir. O, hər üç yarışda rəqiblərinə göz açmağa imkan vermir. Beləliklə, Bakıda təşkil olunan Avropa çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır. Yalnız finalda büdrəyən Nicat, Fransada baş tutan Avropa Olimpiya Festivalında da fəxri kürsünün ikinci pilləsində qərarlaşır. 2004-cü ildə keçirilən qitə birinciliyində isə heç bir rəqib, qarşısında duruş gətirə bilmir. Bu arada o, tez-tez gənclərin yarışında da özünü sınayaraq, mükafatçılar sırasında yer alır. 2005-ci ildə böyüklərin respublika çempionatına qatılan vunderkind, burada əliboş qalır. Lakin Sankt-Peterburqda baş tutan nüfuzlu yarışdakı qələbə ilə yığma komandanın çalışdırıcısı Ağayar Axundzadənin diqqətini yenidən üzərinə çəkir. Ardınca, Tbilisidə keçirilən dünya kubokuna qatılan Şıxəlizadə, vətənə gümüş medalla dönür. İş elə gətirir ki, respublika çempionatının mükafatçılarından heç biri beynəlxalq sınaqlardan üzüağ çıxa bilmir. Belədə, təcrübəli mütəxəssis məhz onu Hollandiyanın ev sahibliyi etdiyi böyüklər arasında Avropa çempionatına aparmaq qərarına gəlir. Yeniyetmə Şıxəlizadə, beşinci olmaqla, etimadın əbəs olmadığını isbatlayır. Sadalan nəticələrə əsasən, Axundzadə, Nicatı Qahirədə təşkil olunan böyüklərin dünya çempionatına da aparır. Tale elə gətirir ki, heyətində Elçin İsmayılov, Elxan Rəcəbli, Mövlud Mirəliyev kimi təcrübəli və titullu tatami ustaları yer alan komandamız, son günə qədər medalsız qalır. Reqlamentə görə, sonda mübarizəyə qoşulan qəhrəmanımız, ilk görüşdə qazaxıstanlı rəqibinə yenilsə də, təsəlliverici mərhələdə bütün rəqiblərini yolundan uzaqlaşdırır. On yeddi yaşını tamamlamayan Şıxəlizadə, həlledici görüşdə yunanıstanlı Avropa vitse-çempionu Revazi Zintiridisi də "ippon"a qonaq edib, mundialın bürünc medalını boynundan asır. Bu, tarixdə nadir rast gəlinən, heyrətamiz göstəricidir!

Heç bir ay keçmir ki, gənclərin Avropa çempionatına qatılaraq, qızıl medalı boynundan asır.

Növbəti il daha parlaq, o cümlədən tarixi nailiyyətlə yadda qalır. Belə ki, Dominikanda baş tutan dünya birinciliyində qazandığı baş mükafatla Nicat, Azərbaycan cüdosu tarixinə ilk dünya çempionu kimi düşür. Ardınca, Parisdə keçirilən Superdünya kubokunda (indiki Paris "Böyük dəbilqə"si) da rəqib tanımır. Bu uğur da tarixi məqamla əlamətdardır. O baxımdan ki, cüdoçular arasında "kiçik dünya çempionatı" adlandırılan bu yarışda nə ona qədər, nə də sonra heç bir təmsilçimiz baş mükafata sahib çıxmayıb. Keçmiş komanda yoldaşı Elnur Məmmədli hər iki yarışı belə xatırlayır: "Məni ən çox sevindirən, hər iki finalda yaponiyalıları məğlub etməsi olmuşdu. Onlara əsl "master-klass" keçdi. Ümumiyyətlə, o, sadəcə güləşmirdi, sanki tatamidə rəqs edirdi. Həmin anları ifadə etmək üçün başqa söz tapmıram".

Təcrübəsizliyin qurbanı
2007-ci ildə dünya kuboku yarışlarında fərqlənən Nicat, Pekin olimpiadasına lisenziyanı vaxtından əvvəl təmin edir. Lakin o, cüdo üzrə hər iki olimpiya çempionumuzun təbirincə desək, potensial çempion olduğu bu zirvə yarışını buraxmaq məcburiyyətində qalır. Belə ki, Belarusda keçirilən təlim-məşq toplanışı zamanı götürülən dopinq-test müsbət nəticə verir. Qanında furosemid (çəki salmaq üçün istifadə olunan preparat) maddəsi tapılan Şıxəlizadə, dörd il müddətinə bütün yarışlardan uzaqlaşdırılır. Nəticədə, nəinki Pekin, 2012-ci ildə Londonda baş tutan Yay Olimpiya Oyunları da əlçatmaz olur. Nicat bu hadisəni belə şərh edir: "Təcrübəsizliyin qurbanı oldum. Böyük səhv idi. Amma bu, mənə əsl həyat dərsi oldu. O arada çox söz-söhbət gəzirdi. Deyirdilər ki, mən uğurlarımı dopinqə görə qazanmışam. Anlamırdılar ki, bu preparatın fiziki cəhətdən heç bir müsbət təsiri yoxdur, əksinə, bədəni zəiflədir. Təvazökarlıqdan uzaq olmasın, yerimdə kim olsaydı, sınar, idmanı buraxardı. Amma mən qarşıma məqsəd qoydum ki, dönəcəyəm və o dedi-qodulara tutarlı cavab verəcəyəm. Allaha min şükür, buna böyük ölçüdə nail olmuşam".
Haqlıdır...
Şıxəlizadə, diskvalifikasiya müddətinin bitdiyi 2011-ci ildən bu yana, 12 dəfə Beynəlxalq Cüdo Federasiyasının əsas kateqoriyalı "Dünya Turu" seriyasından olan turnirlərdə fərqlənib. Mükafatlardan dördünün əyarı isə qızıldır. I Avropa Oyunlarında mükafatın bir addımlığında qalan Nicat, 2016-cı ildə komanda yarışında, bir il sonra isə fərdi mübarizədə qitə çempionatının bürünc medalına sahib çıxıb. 2017-ci ildə həm fərdi proqramda, həm də komanda yarışında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Bu arada o, Rio Yay Olimpiya Oyunlarında da ölkəmizi təmsil edib. Onu da vurğulayaq ki, sadalanan bütün uğurları yeni çəki dərəcəsində - 66 kiloqramda qazanıb.

Ümid sonda ölür...
Nicatın əsas arzusu şübhəsiz ki, olimpiya medalıdır. İki il əvvəlki hazırlıq forması ilə buna yaxın olsa da, sürpriz şəkildə italiyalı rəqibinə uduzmuşdu. Şıxəlizadənin üç ay əvvəl "Word Masters" turnirində məğlub etdiyi Fabio Bazile, sonradan çempion olmaqla nəinki bizləri, bütün cüdo ictimaiyyətini təəccübləndirmişdi. Sözügedən italiyalını tarixin ən sürpriz olimpiya çempionlarından biri adlandırsaq, yanılmarıq. Nicat hesab edir ki, olimpiya çempionluğunda şans amili də önəmli faktordur. Deyir ki, gərək gün, sənin günün olsun: "O gün, sadəcə, onun günü idi. O boyda rəqabətdə Bazilenin çempion olmasına başqa söz tapmıram".
Bununla belə, o, qətiyyən ruhdan düşməyib. Cari olimpiya tsiklində də iddiasını ortaya qoyan Şıxəlizadə, ona inanmayanlara - "qocalıb, artıq gecdir" deyənlərə özünü sübut etmək istəyi ilə alışıb-yanır. Ötən ay Daşkənddə təşkil olunan "Qran pri" yarışında qazandığı üçüncülüklə, özünəinamını xeyli yüksəldib. Lakin Tokioda baş tutacaq zirvə yarışına qatılmaq üçün həm də daxili rəqabətdə qalib gəlməlidir. Bu an üçün əsas rəqibi isə dəfələrlə dünya və Avropa mükafatçısı Orxan Səfərovdur. Maraqlıdır ki, onları komanda yoldaşı olmaqdan savayı, çox yaxın dostluq münasibətləri bağlayır. Səfərovun fikirlərini öyrənmək yerinə düşər: "Biz Nicatın videolarını izləyə-izləyə böyümüşük. Ondan çox şey öyrənmişəm. Yığma komandaya düşəndən sonra da mənə çox köməyi dəyib. Onun iradəsinə heyrət edirəm. Şəxsən mən dörd il aradan sonra tatamiyə qayıdıb, nəticə verən cüdoçu tanımıram. Çox əfsus ki, belə bir hal yaşadı. Yoxsa o, olimpiya çempionu idi. Rəqabət məsələsinə gəldikdə, açığı, mən bunu hiss etmirəm. Bizdə vəziyyət belədir ki, olimpiadadan başqa, bütün yarışlarda iki nəfərlə təmsil olunmaq imkanı var. Olimpiya Oyunları ərəfəsində də kim güclü olacaqsa, o da Tokioya gedəcək. İşdir mən getməsəm, çox da təəssüflənmərəm. Çünki özüm də Nicatı ən yüksək yerlərdə görməyi çox istəyirəm".
Dillər əzbəri texnika
Nicatı dünyanın ən texnikalı cüdoçularından biri adlandırsaq, qətiyyən mübaliğəyə yol vermərik. Sürəti, zəngin fənd "çeşid"i ilə seçilən Şıxəlizadə, bu keyfiyyətlərinə görə, dəfələrlə yaponiyalı rəqiblərini məğlub etməyi bacarıb. Təsadüfi deyil ki, onun tətbiq etdiyi hər hansı fənd, adətən yarışın ən yaxşı "ippon"ları sırasına düşür.
Kumiri tarixin yeganə üçqat olimpiya çempionu, yaponiyalı Tadahiro Nomuradır. Azərbaycanlı tatami ustalarından isə Elçin İsmayılova pərəstiş edib.

Həm zabit, həm tələbə
Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan qəhrəmanımız, hazırda Dövlət Sərhəd Xidmətində çalışır. Bununla yanaşı, ikinci ali təhsilini alır. O, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsidir.
Portret

Azərbaycan cüdosunun əfsanəvi simalarının qeyd etdiyi fikirlər, Nicatın portretini formalaşdırmaq üçün kifayət edir. Əlavə olaraq qeyd edək ki, o, heç vaxt sadəliyini itirməyən biri kimi ad çıxarıb. Təkəbbürü heç bir idmançıya yaraşdırmayan Şıxəlizadə, hər şeyə rəğmən, tatamidən üzüağ getməyin tərəfdarıdır: "Formada olandan sonra, yaş önəmli deyil. Nə vaxt hiss etsəm ki, çatdırmıram, sakitcə kimonomu təhvil verəcəyəm".

Sahib

banner

Oxşar Xəbərlər