AZE | RUS | ENG |


Zabit, tələbə və çempion Fəridə - Portret

Zabit, tələbə və çempion Fəridə - Portret
İslamiadanın “qızılını” onun boynundan Prezident asdı


 
Artıq bir neçə gündür bütün ölkə idmansevərlərinin diqqəti Bakıda təşkil edilən 4-cü İslam Həmrəyliyi Oyunlarına yönəlib. İdmançılarımız paytaxtımızda keçirilən mötəbər yarışda medalları sıralayaraq azarkeşlərin ümidlərini tam doğruldurlar. Ən sevindirici məqam isə uğur qazanan idmançılar arasında gənclərin də kifayət qədər olmasıdır. Bu cür idmançılardan biri də, gənc karateçimiz Fəridə Abıyevadır. Karatenin kumite növündə 61 kq çəki dərəcəsində bütün rəqiblərini sıradan çıxaran Fəridə, ölkəmizin hesabına növbəti "qızıl”ı əlavə etdi. 
 
Oğlanları üstələyən 6 yaşlı qızcığaz
 
Fəridə Abıyeva 1995-ci il, martın 20-də Bakıda dünyaya gəlib. Bütün uşaqlar kimi, o da 7 yaşından məktəbə gedib. Lakin o, yazıb-oxumağı öyrənməyə başlamazdan 2 il öncə başqa bir məktəbə, karateyə yazılmışdı.
Fəridənin ailəsində heç kim idmanla məşğul olmayıb. Ona idmana olan maraq daxildən gəlirdi. 2000-ci ildə millət vəkili, karate üzrə dünya və Avropa çempionu Ülvi Quliyev Bakıda karate məktəbi yaradır. Quliyevin dostu olan Fəridənin atası dalaşmağı, başqa qızlar kimi gəlinciklə deyil, tapança, avtomat oyuncaqla oynamağı sevən, futbol oynayan, cəmi 5 yaşlı qızının bu məktəbə yazılmaq istəyini ürəyində qoymur. Brus Linin, Ceki Çanın filmlərinə baxaraq, bu idman növünə hədsiz marağı yaranmış gələcəyin çempionu üçün bu, göydəndüşmə olur. Ancaq bir problem var idi. Karate məktəbində Fəridənin yaşında qızlardan ibarət qrup yox idi. Buna görə o, oğlanlarla birlikdə məşq etməli olur. Hətta 6 yaşında olan zaman Xırdalanda təşkil edilən oğlanların klublararası respublika çempionatını birinci kimi başa vurur. Bu, onun karatedə ilk uğuru olur. Əsl uğurlar isə irəlidə idi. Təxminən 5 il ancaq oğlanlarla yarışan Fəridə, 10 yaşından öz həmcinsləriylə məşqlərə başlayır. Elə həmin ildə qızlar arasında təşkil edilən ölkə birinciliyini çempion kimi başa vurur.
Onun beynəlxalq miqyasdakı uğurları da özünü çox gözlətmir. 14 yaşında yeniyetmələrdən ibarət Azərbaycan millisinə dəvət alan Abıyeva, əvvəlcə dünya kubokunda bürünc, daha sonra isə qızıl medal qazanır.   
Fəridə həmişə karatenin kumite növü ilə məşğul olmayıb. O, ilk illərdə bu idman növünün kata növü ilə də məşğul olub. 12 yaşına kimi hər iki növdə yarışan Abıyeva, bundan sonra məşqçilərin qərarı ilə ancaq kumitedə yarışmağa başlayır. Ancaq onda kata da pis alınmırdı. Fəridə karatenin bu növündə ölkə daxilində bir neçə dəfə medal qazanıb. Beynəlxalq yarışlarda isə dünya kubokunun "bürünc”ünə yiyələnib. 
 
Bir illik fasilə
 
Hər idmançının karyerasında eniş və yüksəliş dövrləri olur. Bəzi idmançılar çətin dövrlərdə getməyi üstün tutursa, bəziləri əzmkarlıq nümayiş etdirərək, qalmağa, mübarizə aparmağa üstünlük verir. Yeniyetmə yaşlarında yerli və beynəlxalq yarışlarda bir neçə uğur əldə etmiş Abıyevanın da karyerasında eniş dövrü olub. Məhz bu dövrdə onda idmana qarşı müəyyən küskünlük yaranır və karatedən getmək qərarına gəlir. 2013-cü ildə o, ali təhsil xəyalının ardınca gedərək, sevimli idman növünü buraxır. Karatedən uzaqlaşaraq ali məktəbə hazırlaşan Abıyeva, 2013-cü ildə qəbul imtahanına girir. O, xəyalını qurduğu Bakı Dövlət Universitetinin hüquq fakültəsinə olmasa da, filologiya fakültəsinə qəbul olur. Lakin Fəridənin karatesiz günləri çox çəkmir. Karatedən ayrılarkən birdəfəlik getdiyini deyən gənc idmançı, cəmi bir il sonra sevimli idman növünə qayıdır.
Ancaq karatedən kənarda qaldığı dövrdə çəkisi artan, vərdişdən qalan Fəridənin əvvəlki formasını bərpa etmək üçün müəyyən vaxta ehtiyac olur. Buna baxmayaraq, gənc idmançı bu çətinliyin də öhdəsindən gəlir. O, karateyə qayıtdıqdan qısa müddət sonra, 2015-ci ildə Bakıda təşkil edilən ilk Avropa Oyunlarının iştirakçısı olur. Ancaq burda elə də uğurlu çıxış edə bilmir. O, Avropanın mötəbər idman yarışına fiziki cəhətdən hazır olsa da, psixoloji cəhətdən tam hazır deyildi. Türkiyəli rəqibi Merve Çobana uduzan Abıyeva, qrup mərhələsini keçə bilmir. Avropa Oyunlarındakı məğlubiyyət Fəridəni çox kədərləndirir, lakin o, bu dəfə getmək yox, öz üzərində daha çox çalışmaq, qarşıdakı yarışlarda bu uğursuzluğu unutdurmaq üçün savaşır. 
 
Özünüsübut fürsəti və əziyyətin mükafatı
 
Paytaxtımızda təşkil edilən İslam Həmrəyliyi Oyunlardan öncə ölkə idmansevərləri və yerli idman federasiyalarının  rəhbərləri  medal üçün daha çox əvvəlki mötəbər yarışlarda fəxri kürsüyə yüksəlmiş idmançılara ümid edirdilər. Karatedə də həmçinin. Karate federasiyasının rəhbərliyinin Fəridədən gözləntisi ən yaxşı halda bürünc medal idi. Abıyeva isə fərqli fikirdə idi. Avropa Oyunlarındakı məğlubiyyəti unutmayan gənc idmançı üçün İslam Həmrəyliyi Oyunları özünüsübut üçün əsl fürsət idi. O, bu fürsətdən məharətlə yararlanır. Sırayla Çad, Fil Dişi Sahili və Özbəkistan idmançısını yolundan kənarlaşdıran Abıyeva, həlledici görüşdə iranlı Rozita Alipurkeşkalesaadı məğlub edərək, yarışı qızıl medalla başa vurur. Final Fərdiə üçün xüsusilə əhəmiyyətli olur. Belə ki, onun iranlı rəqiblə həlledici qarşılaşmasını ölkə prezidenti İlham Əliyev də arenadan izləyir. Mükafatlandırılma mərasimində isə gənc karateçimizin boynundan qızıl medalı məhz ölkə prezidenti asır. Fəridə həmin anları belə xatırlayır:        
"Avropa Oyunlarında çox az idmançımız medalsız qaldı ki, onlardan biri də mən olmuşdum. İslam Oyunlarında isə gümüş, bürünc medal barədə düşünmürdüm. Yalnız "qızıl”ı hədəfləmişdim. Məqsədim ancaq bayrağımızı dalğalandırıb, himnimizi səsləndirmək idi. Ölkə prezidenti cənab İlham Əliyevin finalı izləməsi mənim üçün xoş sürpriz oldu. O məni medalla təltif etməyə gələndə, ümumiyyətlə, özümü itirmişdim. Çox qürur duyuram ki, boynumdan medalı məhz cənab prezident asdı”.
Avropa Oyunlarındakı uğursuzluqdan sonra öz üzərində səylə çalışan Fərid, nəhayət gərgin məşqlərin, çəkilmiş əziyyətin bəhrəsini İslam Həmrəyliyi Oyunlarda "qızıl” şəklində aldı. 
 
 
Çempion, tələbə, zabit Abıyeva
 
 
Fəridə hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. O, sərhəd ordusunun leytenantı, Sərhədçi İdman Mərkəzinin zabit məşqçisidir. Fəridə Avropa Oyunlarında medalsız qalsa da, bu yarışdan dərhal sonra sevindirici xəbər alır. Belə ki, Dövlət Sərhəd Xidmətinin rəhbəri, general-polkovnik Elçin Quliyev yarışdan sonra burda çıxış etmiş bütün karateçiləri qəbul edir. Gənc Fəridəyə isə kiçik leytenant rütbəsi verilir. Ötən ilin mayında komanda yarışında Azərbaycan millisinin heyətində Avropa çempionu olan Abıyevanın rütbəsi oktyabrda leytenantlığa yüksəldilir. Bununla yanaşı o, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin 4-cü kurs tələbəsidir.
Sıravi idmansevərlər üçün isə Fəridə ölkəmizin bayrağını dalğalandırıb, himnini səsləndirən çempiondur.  
 
 
Futbolu sevsə də...
 
Uşaq vaxtı məhəllədə top qovmağı sevən Fəridənin karatedən başqa maraq göstərdiyi idman növü də məhz idmanın şahıdır. O, hələ kiçik vaxtlarından Madrid "Real”ının azarkeşi olub. Sevimli futbolçusu isə "kral klubu”nun "vuran ayağı” Kriştiano Ronaldodur. Fəridə gələn ay baş tutacaq "Yuventus” - "Real” oyununu səbirsizliklə gözləyir və "mən çempion oldum, "Real” da olmalıdır” deyir. Futbola marağı olsa da, heç vaxt bu idman növü ilə məşğul olmaq barədə ciddi düşünməyib.
Sevdiyi digər idman növü isə tennisdir. Hətta karyerasını bitirdikdən sonra həvəskar şəkildə bu idman növü ilə məşğul olmağı da düşünür.
Ffilm izləməyi, musiqi dinləməyi sevən Fəridənin sevimli film janrı komediyadır. Asudə vaxtlarını isə daha çox dostları ilə  keçirməyi sevir.  
 
Ailənin dəstəyi
 
Azərbaycanda qızların idmana yazılması onların ailələrində çox vaxt problemə çevrilir. Bəzi valideynlər "qız hara, idman hara” prinsipi ilə bəlkə də, gələcəyin çempion olacaq idmançısının karyerasının üzərindən düşünmədən xətt çəkirlər. Fəridənin ailəsində isə belə olmayıb. Onun valideynləri öz qızlarına nəinki bu idman növü ilə məşğul olmağa icazə veriblər, hətta onun bu sahədə uğur qazanması üçün tam dəstək olublar. Məhz bunun nəticəsində Azərbaycan Fəridənin timsalında daha bir çempion xanım idmançı qazanıb. 
 
Gələcək hədəflər
 
Fəridə uğur cəhətdən korluq çəkmir. O, dünya çempionatının bürünc, dünya kubokunun isə qızıl medalını qazanıb. Ötən il komanda ilə Avropa çempionu olan, bu il isə fərdi yarışlarda ən böyük uğura imza ataraq, İslam Oyunlarını qızıl medalla başa vuran Abıyevanın məqsədləri bu uğurlarla məhdudlaşmır. O, qarşıdakı dünya və Avropa çempionatlarında da yalnız çempionluğu hədəfləyib. Əsas məqsəd isə 2020-ci ildə karatenin vətəni Tokioda təşkil ediləcək Olimpiya Oyunlarıdır. Bu yarışda iştirak etmək üçün Fəridə hazırkı uğurları ilə kifayətlənməməli, Yaponiya paytaxtında təşkil ediləcək mötəbər yarışa vəsiqə qazanmaq üçün lisenziya turnirlərdən maksimum yararlanmalıdır. Hazırda Bakı Dövlət Universitetinin dördüncü kurs tələbəsi olan Abıyevanın planlarına təkcə idmandakı uğurlar daxil deyil. Belə ki, o, təhsildə əsas hədəfini - hüquq fakültəsini bitirmək vəzifəsini də gələcək planlarına daxil edib.
 
Portret
Gülərüz, səmimi, müsbət enerjili - bunları bir insan kimi Fəridənin əsas xüsusiyyətləri saymaq olar. Tatami üzərində isə o, tam başqa birinə, əsl çempiona çevrilir. İdman üçün az olmayan 1 il müddətində karatedən kənarda qalan Abıyeva, buna baxmayaraq, nəinki əvvəlki formasını bərpa etdi, hətta bir xeyli inkişaf etməyi də bacardı. Onun bu inkişafı əzmkarlığının nəticəsi idi. İslam Oyunlarındakı qələbə isə onun üçün zirvə yox, gələcək uğurlara açılan qapının açarı olmalıdır.    




 
 
 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002